Azərbaycanda qaçqınlara və məcburi
köçkünlərə göstərilən qayğı
beynəlxalq təşkilatlar tərəfindən çox
yüksək qiymətləndirilir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın sədrliyi ilə müşavirə
keçirilib
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirədə çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli müşavirə
iştirakçıları.
Sizin hər birinizi
salamlayıram.
Bugünkü görüşümüz
qaçqınların və məcburi köçkünlərin
probleminin həllinə həsr olunub.
Doğma torpaqlarından didərgin
düşmüş soydaşlarımızın üzləşdiyi
ağır problemlərin həlli artıq 20 ildən
çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cənab
İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından
biri 2004-cü ildə qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması üzrə Dövlət Proqramı ilə
bağlı olmuşdur. 2007-ci və 2011-ci
illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir.
Dövlət Proqramına uyğun olaraq,
qaçqın və məcburi köçkün
soydaşlarımızın sosial, təhsil, məşğulluq,
yaşayış və tibbi təminatına uyğun olan
lazımi tədbirlər mərhələlərlə həyata
keçirilir.
Bildiyiniz kimi, bölgələrdə
məcburi köçkünlər üçün 100-ə
yaxın müasir yaşayış kompleksi
salınmış, 250 min köçkün yeni mənzillə
təmin olunmuşdur. Salınan müasir qəsəbələrdə
150 məktəb, 60 tibb mərkəzi və uşaq
bağçası inşa olunmuşdur.
Soydaşlarımızın
işlə təmin olunması istiqamətində də
lazımi addımlar atılmışdır. Son 13 ildə
400 min qaçqın və məcburi köçkün
işlə təmin olunmuşdur. Ölkə
ərazisindəki bütün çadır düşərgələri
artıq ləğv olunub və orada məskunlaşan məcburi
köçkün ailələri yeni salınmış qəsəbələrə
köçürülmüşdür. Dövlət
Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin
icrası üçün bütövlükdə 6 milyard
manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq
təşkilatları, o cümlədən BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda
qaçqınlara və məcburi köçkünlərə
göstərilən qayğını çox yüksək
qiymətləndirir və bir çox hallarda ölkəmizi bu
sahədə nümunəvi ölkə adlandırırlar.
Görülən işlərlə
yanaşı, hələ də ağır vəziyyətdə,
qəzalı və yararsız binalarda kifayət qədər
çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi
ilə hər il Dövlət Neft Fondundan
yeni qəsəbələrin salınması üçün
vəsait ayrılır. Bu il də bu məqsədlərə
vəsait ayrılıb. Lakin bu sahədə
işlərin sürətləndirilməsi üçün əlavə
və təxirəsalınmaz addımlar atılmalıdır.
Bakı və Sumqayıt şəhərlərində
yararsız, qəzalı binalarda yaşayan bütün
köçkün ailələri tezliklə yeni mənzillərə
köçürülməlidir. Bu məqsədlə
əlavə vəsait ayrılmalıdır, binaların
inşası üçün ərazi müəyyənləşdirilməlidir
və tezliklə binaların inşası
başlamalıdır.
Bununla yanaşı, Bakı
və Sumqayıt şəhərlərində tikilmiş yeni
binalarda köçkün ailələrini yerləşdirmək
üçün mənzillər alınmalıdır. Qarşımızda duran məqsəd
qəzalı binalarda yaşayan bütün
köçkünləri bu il və gələn
il ərzində yeni mənzillərlə təmin etməkdir. İndi sizin diqqətinizə bu sahədə
görülən işlər barədə qısa bir təqdimat
çatdırırıq.
X X X
Müşavirədə indiyə
qədər qaçqın və məcburi
köçkünlərlə bağlı görülən
işlər barədə qısa təqdimat oldu. Təqdimatdan
da göründüyü kimi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib.
Ümummilli lider Heydər Əliyevin
apardığı siyasət nəticəsində
münaqişə haqqında həqiqətlər dünya
ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin
gücləndirilməsi, yaşayış şəraitinin
yaxşılaşdırılması ilə bağlı
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirən Prezident İlham Əliyev tərəfindən
2003-2017-ci illərdə 55 fərman və sərəncam
verilib. 2001-2016-cı illərdə 95 qəsəbə
salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi,
59 səhiyyə ocağı və digər infrastruktur obyektləri
tikilib. Məcburi köçkünlər
arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
X X X
Birinci vitse-prezident Mehriban
ƏLİYEVA dedi:
-Gördüyümüz bu təqdimat
bir daha sübut edir ki, qaçqınlara və məcburi
köçkünlərə qayğı Azərbaycan dövlətinin
fəaliyyətinin ən prioritet istiqamətlərindən
biridir. Müstəqilliyimiz bərpa olunandan sonra
ən ağır dövrlərdə, ölkəmizin
inkişafının bütün mərhələlərində
bu sahəyə dövlət tərəfindən böyük
qayğı göstərilib. Amma, eyni zamanda, əfsuslar
olsun ki, bu sahədə hələ də problemlər var. Ona
görə bizim qarşımızda məqsəd durur ki,
çox qısa zamanda bu problemləri aradan qaldıraq və
yararsız vəziyyətdə olan bütün təhlükəli
binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə
təmin edək.
X X X
Azərbaycan Respublikası Baş
nazirinin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV
çıxış edərək dedi:
-Çox hörmətli xanım
Birinci vitse-prezident.
Hörmətli müşavirə
iştirakçıları.
Əvvəlcə, icazə verin, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin Sərəncamına əsasən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti təyin edilməyiniz
münasibətilə bütün qaçqın və məcburi
köçkünlərin bu Sərəncama dəstək
duyğularını, xoş məramlarını böyük
məmnuniyyətlə Sizə çatdırım. Onların adından və öz adımdan Sizi səmimi
qəlbdən təbrik edirəm.
Hesab edirik ki, istər ölkə,
istərsə də beynəlxalq ictimaiyyət tərəfindən
məmnunluqla qarşılanan bu təyinat ən uğurlu, ən
ədalətli, alternativsiz tarixi qərardır.
İlk müşavirəni məcburi
köçkünlərin sosial problemlərinə həsr
etdiyiniz üçün bütün qaçqın və məcburi
köçkünlərin dərin hörmət və
ehtiramını Sizə yetirirəm. Azərbaycan xalqı kimi,
bütün qaçqın və məcburi
köçkünlər də tam əmindirlər ki, digər
sahələrdə dünyəvi uğurlara nail olduğunuz
kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən
əziyyət çəkən insanlara da öz layiqli töhfənizi
verəcəksiniz.
Ölkənin ən həssas təbəqəsi
olan qaçqın və məcburi köçkünlərlə
bağlı ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan və möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən hərtərəfli dövlət siyasəti,
müvafiq dövlət proqramlarının qəbulu və
onların icrası nəticəsində əldə olunan bəzi
məsələləri və mövcud problemləri diqqətinizə
çatdırmaq istərdim.
Münaqişə ilə
üzləşən digər ölkələrdən fərqli
olaraq, Azərbaycanda problemin vahid mərkəzdən, sistemli
şəkildə idarə olunması mexanizmi işlənib həyata
keçirilir.
Bu gün dünyada qaçqın və məcburi
köçkün probleminin dövlət tərəfindən
idarə olunmasından söz düşəndə, ilk
növbədə, Azərbaycan nümunə göstərilir.
Azərbaycanın BMT-nin Qaçqınların
İşləri üzrə Ali Komissarlığının
İcraiyyə Komitəsinin üzvü seçilməsi də
bunun əyani ifadəsidir.
Ötən müddətdə
problemin əsl mahiyyətinin dünyaya
çatdırılması məqsədi ilə iki beynəlxalq
konfrans və iki geniş müşavirə keçirilib. Sahə ilə
bağlı iki Dövlət Proqramı və ona iki əlavə
təsdiq edilib. Dövlət Neft Fondunun vəsaiti
hesabına müasir standartlara cavab verən, 3,2 milyon kvadratmetr
sahəsi olan 95 yaşayış kompleksi tikilib, 50 min ailə
və ya 250 min nəfərdən çox qaçqın və
məcburi köçkün yeni mənzillərlə təmin
olunub. Bu da iki Mingəçevir şəhəri
deməkdir. Həmin qəsəbələrin 3,2 milyon kvadratmetr mənzil fondu Komitənin balansındadır
və Komitə tərəfindən xidmət göstərilir.
Yeni yaşayış məntəqələrində
bütün texniki infrastrukturla yanaşı, 150 məktəb,
58 mədəniyyət mərkəzi, 59 uşaq
bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman
kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri
çəkilib.
Bakı şəhərində və
Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə
salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə
köçürülüb. Heydər Əliyev
Fondunun bilavasitə təşəbbüsü və dəstəyi
ilə Xırdalan şəhərində 600 məcburi
köçkün üçün yeni yaşayış
binası inşa edilib.
Ölkəmizdə olan 12
çadır düşərgəsinin və dəmir yolu
üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin
ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi
2016-cı ildə başa çatdırılıb və məcburi
köçkün ailələrinin yeni salınmış qəsəbələrə
köçürülməsi təmin edilib.
Son 13 ildə məcburi
köçkünlərə aylıq yemək xərci
üçün verilən müavinətin məbləği
4 dəfə, kommunal xidmətlərə görə vəsaitin
miqdarı 4,5 dəfə
artırılıb.
Komitə tərəfindən məcburi
köçkünlərə sosial müavinət və
kommunal xidmət xərclərinə görə ödənişlərin
təkmilləşdirilməsi, vahid elektron hökumət
portalının yaradılması nəticəsində son 5 ildə,
statusları saxlanılmaqla, bəzi təmin olunmuş məcburi
köçkünlərə imtiyazların tətbiqi
dayandırılıb. 2010-cu illə müqayisədə
aylıq yemək xərci müavinəti alan
məcburi köçkünlərin sayı 34 min nəfərədək
azaldılıb. Yəni, söhbət təmin
olunmuşlardan gedir.
Dünyada maliyyə problemlərinin
hökm sürdüyü bir zamanda, Prezidentin
tapşırığına əsasən, 2016-cı ildə
Dünya Bankı ilə məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması, gəlir
imkanlarının dəstəklənməsi komponentlərini
özündə əks etdirən 78,5 milyon ABŞ dolları dəyərində
yeni Saziş imzalanıb. Məcburi köçkünlərin
məşğulluğunun artırılması məqsədi
ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
2 min nəfər məcburi köçkün sahibkara 40 milyon
manat güzəştli kredit verilib, 3600 yeni iş yeri
yaradılıb.
Münaqişənin davam
etdiyi bir dövrdə hərbi vətənpərvərlik tərbiyəsi
xüsusi önəm kəsb edir. Üç il əvvəl
apardığımız təhlil nəticəsində müəyyən
olundu ki, əraziləri işğal edilmiş rayonlardan ali hərbi
məktəblərdə cəmi 30 nəfər təhsil
alır. Prezidentə mövcud vəziyyət məruzə
olundu və tapşırığına əsasən həyata
keçirilmiş tədbirlər nəticəsində bu
gün bu rəqəm 10 dəfə artaraq 300 nəfərə
çatıb.
Orta məktəb məzunları arasında
ali məktəblərə qəbul da ilbəil
artır. Təkcə keçən il orta
təhsili başa vuran və sənəd verən məcburi
köçkünlərdən 3600 nəfəri, yaxud 35 faizi tələbə
adını qazanıb. Bu da ümumrespublika
göstəricisi ilə müqayisədə yaxşı nəticədir.
Həyata keçirilmiş tədbirlər
nəticəsində məcburi köçkünlər
arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək
azalıb. 2016-cı ildə hər bir məcburi
köçkünə 750 manat vəsait sərf olunub ki, bu da
münaqişə ilə üzləşən digər
ölkələrlə müqayisədə xeyli çoxdur.
Ümumilikdə, qaçqınların
və məcburi köçkünlərin problemlərinin həllinə
6,2 milyard manatdan çox vəsait sərf
olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2
milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə
beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət
göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir.
Görülmüş
bütün işlərin və sərf olunmuş vəsaitlərin
90 faizi Prezidentin son 13 ildəki prezidentlik fəaliyyəti
dövründə icra edilib.
Hörmətli Mehriban
xanım.
Görülən işlərlə
bərabər, mövcud problemlər barədə də məlumat
vermək istərdim.
Hazırda respublika üzrə
80 min ailə və ya 340 min məcburi köçkünün
mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyac var.
Hazırda respublika üzrə 636 min
məcburi köçkündən 217 min nəfəri, yaxud
bütün məcburi köçkünlərin 35 faizi
Bakı şəhərində müvəqqəti məskunlaşıb.
Paytaxtımızda kompakt məskunlaşma obyektlərində
41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5
min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat,
turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq
binalarda, 2 min ailə təhsil müəssisələri və
uşaq bağçalarında yaşayır. Bura
texniki peşə məktəbləri də daxildir.
Həmçinin istismar
müddətini başa vurduğundan tam yararsız, qəzalı
vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə
və ya 35 min nəfər məcburi köçkün
yaşayır.
Fövqəladə Hallar Nazirliyi tərəfindən
aparılmış müayinə və tərtib olunmuş
arayışlarda həmin obyektlərdən 44-də təxirəsalınmaz
tədbirlərin görülməsinin və orada yaşayan 4
min ailənin, 16 min məcburi köçkünün
köçürülməsinin zəruriliyi bildirilib.
Respublika üzrə 4000 ailə
və ya 18 min məcburi köçkün uzun illər yerli
sakinlərə məxsus mənzillərdə yaşayır. Ağır
şəraitdə yaşayan məcburi köçkün ailələrinin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədi ilə bəzi
tədbirlər görülür. Bu il
Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir.
Bakı şəhəri və ətraf ərazilərdə
mövcud qəsəbələrdəki boş torpaq sahələrində
260 ailəlik 4 yaşayış binasının tikintisi
üçün maliyyə məsələləri həll
olunub, inşaat işlərinə başlanılıb və
oraya 2 qəzalı binada yaşayan məcburi
köçkünlərin köçürülməsi təmin
olunacaq.
Bakı şəhərində və
ətraf qəsəbələrdə - Sabunçu rayonu,
Kürdəxanı qəsəbəsi
yaxınlığında 800, Pirallahı rayonu ərazisində
330, habelə Sumqayıt şəhərində 2900 məcburi
köçkün ailəsindən birinci mərhələdə
1000 ailə üçün yeni yaşayış komplekslərinin
tikintisi məqsədilə müvafiq torpaq sahələri
ayrılıb və layihələndirmə işləri həyata
keçirilir. Təbii ki, bunlar kifayət deyil.
Son 13 ildə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində
380 min əmək qabiliyyətli məcburi köçkündən
200 min nəfəri büdcə təşkilatlarında və
digər sahələrdə daimi işlə təmin olunsa da,
hələ 161 min nəfərin daimi işlə təmin edilməsinə
ehtiyac var. Mövsümi işlərlə birlikdə 400 min nəfərə
qədər işlə təmin olunub.
Bu məqsədlə məcburi
köçkünlər üçün yeni
salınmış qəsəbələrdə yeni iş yerlərinin
yaradılması, kənd təsərrüfatı məhsullarının,
meyvə-tərəvəzin ilkin emalı, meyvə şirələrinin
istehsalı, kiçik sexlərin yaradılması, yun tədarükü,
satışı müəssisələrinin təşkil
olunması, üzümçülük, toxuculuq,
heyvandarlığın inkişafına diqqətin
artırılması prioritet məsələ olaraq qalır.
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına əsasən, Cəbrayıl rayonunun
işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində
birinci mərhələdə 50 fərdi yaşayış
evinin, məktəb binasının və müvafiq
infrastrukturun tikintisi nəzərdə tutulur.
Böyük
Qayıdışın başlanğıcı hesab edilən
Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi
işləri başa çatdırılıb. Kəndin bərpası
ilə bağlı layihələndirmə işləri
yekunlaşıb, yaşayış evlərinin, orta məktəb
binasının tikintisinə başlanılıb. Eyni zamanda, Cocuq Mərcanlı kəndinə gedən,
ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi həyata
keçirilir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində
ölkəmizdə yaranmış 1 milyondan çox
qaçqın və məcburi köçkün probleminin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım,
şəxsən Sizin gördüyünüz işlər əvəzolunmazdır.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik
etdiyi “Xocalıya ədalət!” kampaniyasının problemin
beynəlxalq ictimaiyyətə çatdırılması,
çoxsaylı ölkələr tərəfindən
Xocalı soyqırımı barədə qətnamələrin
qəbul edilməsi istiqamətində fəaliyyəti bu faciə
barədə son 25 ildə görülən işlərdən
qat-qat çoxdur.
Hörmətli Mehriban
xanım.
Azərbaycan Prezidenti
İlham Əliyevin və şəxsən Sizin həyata
keçirdiyiniz tədbirlər nəticəsində Ermənistanın
işğalçılıq siyasətinə son qoyulacaq,
bütün məcburi köçkünlər doğma
ata-baba yurdlarına ləyaqətlə qayıdacaqlar.
Sizi tam əmin edirəm ki,
bu sahədə qəbul edilmiş bütün fərman və
sərəncamlar, qərarlar, verilən tapşırıqlar
bundan sonra da vaxtında və keyfiyyətlə icra ediləcək.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV
çıxış edərək dedi:
-Azərbaycan
Respublikasının Birinci vitse–prezidenti hörmətli Mehriban
xanım Əliyeva.
Hörmətli toplantı
iştirakçıları.
Torpaqlarımızın
düşmən təcavüzü nəticəsində
işğal edilməsi səbəbindən doğma
yurd-yuvalarından məcburi köçkün vəziyyətinə
düşərək müvəqqəti olaraq Bakı şəhərində
məskunlaşmış bacı və
qardaşlarımızın vəziyyəti, onların
yaşayış şəraitinin
yaxşılaşdırılması yollarının müəyyən
edilməsi ilə əlaqədar keçirdiyiniz bu
müşavirəyə görə Sizə dərin təşəkkürümü
bildirirəm.
Məlumat üçün
bildirmək istəyirəm ki, torpaqlarımızın
işğalı nəticəsində öz doğma
yurd-yuvasından didərgin düşərək paytaxta pənah
gətirmiş və Bakı şəhərində məcburi
köçkün statusunda məskunlaşmış
soydaşlarımızın sayı qeydiyyatda olanlar və
olmayanlarla birlikdə 217 min 118 nəfərdir. Onlar uşaq
bağçalarında, təhsil müəssisələrində,
yataqxanalarda, sanatoriya və digər sosial obyektlərdə,
vaqonlarda, 1992-ci illərdə tikintisi tamamlanmamış,
istismara qəbul olunmamış, hətta tikintisi başa
çataraq istismara verilmiş və Bakı sakinlərinə
orderləri paylanmış binalarda yerləşmişlər.
Bütün bunlar isə paytaxtda müəyyən
infrastruktur çətinliklərinin yaranmasına səbəb
olur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Bakı
şəhəri ərazisində təhsil və təlim-tərbiyə
müəssisələrində məskunlaşmış məcburi
köçkünlərin sayı 8666 nəfərdir ki,
onların da 3345 nəfəri uşaq bağçalarında
yerləşmişlər. Əgər onların
hazır mənzillərə köçürülməsi təmin
edilərsə, yaranan əlavə yerlər hesabına 8320
uşağın bağçaya qəbulunu təmin etmək
mümkün olar. Hazırda Bakı şəhərində
37 min 462 uşaq bağçada təlim-tərbiyə alır
ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi
deməkdir. Xatırladım ki, 2012-ci ildə Sizin
təşəbbüsünüzlə uşaq
bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin
tabeliyinə verilərkən bu rəqəm yalnız 18 faiz
idi.
Son illər həyata
keçirilən uğurlu islahatlar nəticəsində
ölkəmizdə bütün sahələrdə nəzərəçarpacaq
irəliləyişlər müşahidə olunmaqdadır. Respublikamızda
neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində
həyata keçirilən davamlı inkişaf konsepsiyası
geniş vüsət alaraq, öz ilkin məntiqi nəticələrini
büruzə verməkdədir. Belə ki, neft gəlirlərindən
səmərəli istifadəni təmin etmək məqsədilə
ölkəmizdə qeyri-neft sektorunun inkişafı, o cümlədən
sosial infrastruktur obyektlərinin yenidən qurulması və əsaslı
təmiri sahəsində mühüm addımlar atılıb,
hazırkı və gələcək nəsillərin
müasir standartlara uyğun təlim-tərbiyəsinin, təhsilinin
və digər sosial-mədəni xidmətlərin göstərilməsinin
təmin edilməsi, onların sağlamlığının
qorunması və sağlam təbii mühitdə
yaşamaları üçün əlverişli şərait
yaradılıb. Bu sahədə tədbirlər dövlətimizin
sosial siyasətinin ana xəttini təşkil edir və son illər
“Bakı şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın tədbirlər planı, həmçinin
şəxsən Sizin, Mehriban xanım, rəhbərlik etdiyiniz
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı
ilə həyata keçirilən layihələr çərçivəsində
Bakı şəhərində mövcud olan uşaq
bağçalarının və uşaq evlərinin
böyük əksəriyyətində əsaslı təmir
və yenidənqurma işləri görülüb. Eyni
zamanda, Sizin birbaşa nəzarətiniz, diqqətiniz,
qayğınız, köməyiniz nəticəsində və
Heydər Əliyev Fondu tərəfindən tikilmiş uşaq
bağçalarında və həmçinin Bakı şəhərində
yerləşən dövlətə məxsus bütün digər
məktəbəqədər tərbiyə müəssisələrində,
uşaq evlərində təlim-tərbiyə alan
uşaqların standartlara uyğun qidalandırılması məqsədilə
müəssisələrin yüksəkkeyfiyyətli və bol
çeşidli ərzaq məhsulları ilə təchizatı
təmin edilib. Bağçaların və
uşaq evlərinin zəruri avadanlıqlar və mal-materiallar,
maddi-texniki vasitələrlə təminatında gözəçarpacaq
irəliləyişlər əldə olunub, müəssisələrin
idarə edilməsi mexanizminin təkmilləşdirilməsi ilə
bağlı bir sıra islahatlar həyata keçirilib.
Həmçinin hazırda Bakı
şəhərində Heydər Əliyev Fondu tərəfindən
yeni tikilmiş 3 tədris korpusu və dövlət tərəfindən
həyata keçirilmiş əsaslı təmir və yenidənqurma
işləri sayəsində 67 məktəbəqədər təhsil
müəssisəsinin yeni tikilmiş bağçalar və tədris
korpusları daxil olmaqla fəaliyyətə başlaması
üçün standartlara uyğun lazımi şərait
yaradılıb. Lakin hələlik maliyyə vəsaitinin
ayrılmaması ilə əlaqədar olaraq yeni tikilmiş
bağçaların və tədris korpuslarının, eləcə
də 8320 uşaq qəbul edəcək qrupların fəaliyyətə
başlaması mümkün olmayıb. Əgər
hazırda təmir edilmiş uşaq
bağçalarındakı boş qrupları və
köçürüləcək məcburi
köçkünlər hesabına yaranmış boş yerləri
nəzərə alsaq, bu gün uşaq bağçalarına
əlavə 11 min 570 uşaq qəbul oluna bilər. Bu isə
bağça yaşına çatan uşaqların 45,4 faizi deməkdir. Bununla belə, hazırda yeni
inşa edilmiş, eləcə də son illərdə əsaslı
təmir və yenidənqurma işləri aparılmış
məktəbəqədər təhsil müəssisələrində
və tədris korpuslarında standartlara tam cavab verən və
lazımi şəraiti olan qruplarda tədris və təlim-tərbiyə
prosesində heç bir maneçilik törətmədən
20 əvəzinə 25 uşağın təlim-tərbiyəsi
üçün tam imkanlar yaradılıb.
Möhtərəm Mehriban xanım,
Sizin dəstəyinizlə Heydər Əliyev Fondu və
dövlət tərəfindən tikilmiş, yüksək səviyyədə
təmir olunmuş, genişləndirilmiş və hər
cür imkanlara malik uşaq bağçalarında qrupları
genişləndirməklə, əlavə olaraq 9915
uşağın təlim-tərbiyə almasına qəbuluna
şərait yaratmış olarıq ki, bu da ümumi tələbatın
49,5 faizini ödəyə bilər. Əgər məcburi
köçkünlərin köçürülməsi
hesabına boşalmış yerləri də 25 nəfərlik
qruplar standartına uyğunlaşdırsaq, hazırkı tələbat
34,64 faiz əvəzinə 55,3 faizi təmin
olunar. Çox da böyük əlavə vəsait
sərf olunmadan qənaət hesabına məsələnin bu
yolla həlli həm də bağçalarda qayda-qanunun daha
yüksək səviyyəyə çatdırılması,
eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin
həlli istiqamətində irəliləyişə nail
olunması deməkdir.
Aparılmış təhlillər nəticəsində
məlum olub ki, Bakı şəhərində mövcud dövlət
məktəbəqədər təhsil müəssisələrində
qruplar üzrə uşaq sıxlığı
normalarının 5 nəfər həddinə
qaldırılması, o cümlədən yeni inşa
edilmiş uşaq bağçalarının və tədris
korpuslarının, eləcə də məktəbəqədər
təhsil müəssisələrində həyata
keçirilmiş əsaslı təmir və yenidənqurma
işləri ilə bağlı standartlara uyğun tam şərait
yaradılmış əlavə qrupların fəaliyyətə
başlaması nəticəsində təxmini hesablamalara
görə, Bakı şəhərində məktəbəqədər
təhsil müəssisələrinə əlavə 18 min nəfərə
yaxın uşağın qəbul edilməsi mümkün
olacaq. Bu isə, öz növbəsində, mövcud problemin
operativ və effektiv həllinə imkan yaratmaqla yanaşı,
bağçalarda təlim-tərbiyə alan uşaqların
gündə dörd dəfə yüksəkkeyfiyyətli yeməklə
təmin edilməsinə, Bakı şəhərində
yaşayan 18 min aztəminatlı ailənin sosial vəziyyətinin
yaxşılaşmasına səbəb olacaq. Eyni
zamanda, məsələnin bu formada həlli dövlət tərəfindən
əlavə olaraq 141 uşaq bağçasının tikilməsi
və yaxud 210 milyon manat dövlət vəsaitinə qənaət
olunması deməkdir.
Qeyd edilənləri və Bakı
şəhərində vətəndaşların məktəbəqədər
təhsil müəssisələrinin xidmətlərinə
duyulan zəruri ehtiyacları nəzərə alaraq, gələcəyimiz
olan uşaqların intellektual və fiziki inkişafını,
onların zəruri bilik və bacarıqlara yiyələnməsini
təmin etmək üçün Bakı şəhərində
uşaqların məktəbəqədər təhsil müəssisələrinə
cəlb olunmasının sürətləndirilməsi məqsədilə
əlavə qrupların fəaliyyətə başlamasına
kömək göstərməyinizi Sizdən xahiş edirik.
Ölkəmizin və vətəndaşlarımızın
sosial rifahi naminə göstərdiyiniz səylərə və
fədakar əməyinizə görə Sizə - yüksək
mədəniyyət və dərin zəka sahibi, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanıma bir
daha dərin təşəkkürümüzü və minnətdarlığımızı
bildirir, çətin və şərəfli fəaliyyətinizdə
uğurlar arzulayırıq.
Diqqətinizə görə
təşəkkür edirəm.
X X X
Birinci vitse-prezident Mehriban Əliyeva:
Çox sağ olun Hacıbala müəllim.
Siz qeyd etdiniz ki, Bakı şəhəri üzrə
217 min 118 nəfər qaçqın və məcburi
köçkün məskunlaşıb.
Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov: Qeydiyyatda olanlar 195 min 118 nəfər, qeydiyyatda
olmayanlar 22 min nəfərdir - bir yerdə 217 min 118 nəfər.
Birinci vitse-prezident Mehriban Əliyeva:
Dediniz ki, onlardan 8666-sı məktəb və uşaq bağçalarında
yerləşib. Bu gün neçə ailə,
neçə məcburi köçkün ən qəzalı,
ən təhlükəli binalarda yaşayır?
Baş nazirin müavini Əli Həsənov:
Bakı şəhəri üzrə qəzalı vəziyyətdə
olan 117 binada 7870 ailə məskunlaşıb. Sumqayıt
şəhərində qəzalı vəziyyətdə olan 5
binada isə 354 ailə yaşayır. Fövqəladə
Hallar Nazirliyinin rəyinə əsasən respublika üzrə
52 bina qəzalı vəziyyətdədir. Onlardan 44-ü Bakı şəhərindədir və
burada 4 min ailə məskunlaşıb. Yəni, 44 bina və
4 min ailə hər an təhlükə ilə
üzləşə bilər. Vəziyyət belədir.
Birinci vitse-prezident Mehriban Əliyeva:
Bu rəqəm 4 min köçkün ailəsi barədədir?
Baş nazirin müavini Əli Həsənov:
Bəli, 4 min ailə, 16 min nəfər. Biz
onları da növbəyə salmışıq. İlk növbədə nəzərə
almışıq ki, hansılar dözülməz vəziyyətdədir.
Bu siyahını Fonda təqdim etmişik.
Birinci vitse-prezident Mehriban Əliyeva:
Təşəkkür edirəm.
Baş nazirin müavini Əli Həsənov:
Sağ olun.
X X X
Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Zakir FƏRƏCOV
çıxış edərək dedi:
-Çox hörmətli Birinci
vitse-prezident Mehriban xanım.
İcazə verin, Sizi
sumqayıtlılar adından ölkənin Birinci vitse-prezidenti
təyin olunmağınız münasibətilə ürəkdən
təbrik edim, Sizə cansağlığı və işlərinizdə
uğurlar arzulayım.
Hörmətli Mehriban xanım, milli mədəniyyətimizin,
mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə
sağlam dəyərlərin aşılanmasında Sizin müstəsna xidmətləriniz var.
Heydər Əliyev Fonduna rəhbərlik
etdiyiniz, Milli Məclisə deputat seçildiyiniz vaxtdan ölkə
həyatının elə bir sahəsi olmayıb ki, burada olan
problemli məsələlər diqqətinizdən kənarda
qalsın. Sizin rəhbərliyinizlə həyata keçirilən
layihələr təhsil, səhiyyə, mədəniyyət və
sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə
edir. Bütün imkan və
bacarığınız insanların rifahı naminə
humanitar proqramların reallaşmasına, Azərbaycanın
dünyada sivil ölkə kimi tanınmasına yönəldilib.
Heydər Əliyev Fondunun rəhbəri kimi, köməyə
ehtiyacı olan insanlara hər an yardım
etməyə hazır olan doğma insan kimi
özünüzü cəmiyyətə sevdirə bilmisiniz.
Hörmətli Mehriban xanım, hər
bir sumqayıtlı yaxşı bilir ki, şəhərimizin
sosial-iqtisadi inkişafında, əhalinin
yaşayışının, güzəranının
yaxşılaşdırılmasında ulu öndər Heydər
Əliyevin misilsiz xidmətləri var. Azərbaycana rəhbərliyi
dövründə 16 dəfə şəhərimizdə
olmuş Ulu Öndərin xeyir-duası ilə iri sənaye
müəssisələri, elm, təhsil, mədəniyyət,
səhiyyə və digər sosial obyektlər istifadəyə
verilib, yeni yaşayış məhəllələri və
mikrorayonları salınıb. Sumqayıtın
müasir bir şəhər kimi formalaşması və
inkişafı məhz Ulu Öndərin adı ilə
bağlıdır.
Böyük razılıq
hissi ilə bildirmək istəyirəm ki, Ulu Öndərimizin
şəhərimizə olan bu münasibəti bu gün cənab
Prezidentimiz İlham Əliyev tərəfindən də
uğurla davam etdirilir. Cənab Prezident Sumqayıtın əvvəlki
şöhrətinin özünə qaytarılmasında və
sosial problemlərin həllində bizə yüksək
qayğı göstərir.
Qədirbilən Sumqayıt
sakinləri yaxşı dərk edirlər ki, şəhərdə
gedən quruculuq prosesləri məhz cənab Prezidentin köməyi
sayəsində həyata keçirilir. Ölkə
başçısının rəhbərliyi ilə müstəqil
Azərbaycanımızın bütün bölgələri
kimi, Sumqayıt şəhəri də bu gün öz dinamik
inkişaf dövrünü yaşayır və görülən
tədbirlər nəticəsində şəhərimizin həyatı
yüksək dərəcədə canlanır.
Hörmətli Mehriban
xanım, bu gün müzakirə olunan məsələ ən
aktual problemlərdən birinə - doğma yurdlarını,
el-obalarını məcburi tərk etmiş insanların sosial
yaşayış şəraitinin
yaxşılaşdırılmasına həsr olunub.
Məlum hadisələr nəticəsində
Sumqayıt şəhərində respublikamızın 10 şəhər
və rayonundan 13 min 330 ailə, 52 min 176 məcburi
köçkün müvəqqəti olaraq məskunlaşıb.
Ağdam rayonundan 3225, Qubadlı rayonundan 22 min 273, Kəlbəcər
rayonundan 507, Laçın rayonundan 5962, Zəngilan rayonundan
5144, Füzuli rayonundan 7165, Xocalı şəhərindən
463, Xocavənd rayonundan 483, Cəbrayıl rayonundan 5913,
Şuşa şəhərindən 763 məcburi
köçkün yaşayır. Hazırda məcburi
köçkünlər aşağıdakı sosial və
digər obyektlərdə məskunlaşıblar:
- ictimai binalarda -
2697 nəfər;
- yataqxanalarda -
4688 nəfər;
- təhsil müəssisələri
və uşaq bağçalarında - 5292 nəfər;
- hərbi hissələrə
məxsus binalarda - 1655 nəfər;
- qohum evində -
1270 nəfər;
- tikintisi
yarımçıq binalarda - 1334 nəfər;
- sanatoriya,
pansionat və istirahət evlərində - 3687 nəfər;
- digər vətəndaşlara
məxsus mənzillərdə - 3514 nəfər;
- şəhərətrafı
ərazilərdə tikilmiş gecəqondularda – 28 min 39 nəfər.
Məcburi köçkünlərin
məskunlaşdığı sosial və digər obyektlər,
yataqxanaların əksəriyyəti sanitar norma
və tələblərə cavab vermir. Ən
adi məişət şəraiti belə mövcud deyil.
Hazırda köçkünlərin yaşadığı on beş yataqxana binası qəzalı vəziyyətdədir.
Məktəblərdə əlavə
sinif otaqlarına və şəhərdə uşaq
bağçalarına tələbat 25 faiz ödənildiyi
üçün yenilərinin tikintisinə böyük ehtiyac
olduğu halda, əksər məktəblərdə və 56
uşaq bağçasının 50-də məcburi
köçkünlər yerləşdirilib.
Bütün bunlarla
yanaşı, şəhərdə məskunlaşmış
məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması məqsədilə yeni
şəhərciyin salınması məqsədəuyğun
olardı. Sumqayıt şəhərində hazırda torpaq sahəsinin
məhdudluğu nəzərə alınaraq, bu məqsəd
üçün iki variant təklif edilib. Birinci
variant Sumqayıt stansiyası yaşayış massivinin
yaxınlığında məcburi köçkünlərin
yerləşdirilməsi üçün ayrılmış
200 hektar torpaq sahəsində hündürmərtəbəli,
çoxmənzilli yaşayış binalarının tikilməsidir.
Artıq həmin 200 hektardan 50 hektar torpaq sahəsi 3-4 il bundan əvvəl Komitəyə
ayrılıb. Sərəncam da verilib, layihə
də hazırlanıb. Əlavə olaraq
150 hektar ehtiyat saxlanılıb ki, əlavə nə qədər
tikinti olsa, orada aparıla bilər.
İkinci variant, şəhərdəki
İnşaatçılar yaşayış sahəsində
ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar
müddəti ötmüş, qəzalı vəziyyətdə
olan taxta konstruksiyalı, kommunal xidmətləri olmayan,
ikibloklu, səkkizmənzilli binaların sökülərək
yerində hündürmərtəbəli, çoxmənzilli
yaşayış binalarının tikilməsidir. Burada inşa
olunacaq binalar üçün yeni kommunikasiya xətlərinin
çəkilməsinə ehtiyac qalmayacaq. Sumqayıtdan kənarda,
8-10 kilometrlik məsafədə yerləşən 200 hektar ərazidə
kommunikasiya xətləri olmadığı halda, təklif edilən
ikinci variantda - şəhərin köhnə hissəsində
bu imkan var. Yəni, kommunikasiya xətlərinin çəkilməsinə
ehtiyac duyulmur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində
qaçqın və məcburi köçkünlər
dövlət tərəfindən hərtərəfli
qayğı ilə əhatə olunmuşlar. Yerlərdə
onların sosial-məişət problemlərinin həlli
istiqamətində müvafiq işlər həyata
keçirilir və bu məsələ daim diqqətdə
saxlanılır.
Hörmətli Mehriban
xanım, məcburi köçkünlərin problemlərinin
həllində daim Sizə yardımçı olmağa
hazırıq.
Hər hansı tapşırıq olacaqsa, icra
etməyə hazırıq. Çox sağ
olun.
X X X
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban
Əliyeva müşavirəyə yekun vurdu.
Birinci
vitse-prezident Mehriban Əliyevanın yekun
çıxışı
-Mən
bir daha qeyd etmək istərdim, hamımıza aydındır
ki, bu məsələni qısa zamanda tam gücümüzlə
həll etmək üçün birgə
çalışmalıyıq. Bu məsələ
dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən
biridir. Baxmayaraq ki, bu günədək bir
çox işlər həyata keçirilib, hələ də
problemlər çoxdur. Bugünkü
çıxışlarda biz bu barədə yenidən
eşitdik.
Burada Hacıbala müəllim
bağçalarla bağlı bir mövzuya toxundu. Bizim
böyük toplantıdan sonra doğrudan da bu sahədə
böyük işlər aparıldı, Bakı şəhərində,
paytaxtın müxtəlif rayonlarında bir çox yeni
uşaq bağçaları inşa olundu. Mən açılışlarda iştirak edirəm,
lakin çox müasir, gözəl, rahat bağçalarda bəzi
hallarda uşaqların sayı azdır. Yəni,
daha çox uşaq qəbul etməyə imkan var, amma maliyyə
ilə bağlı olan problemlərə görə
bağçalar tam gücü ilə
çalışmırlar. Ona görə
bu məsələni tezliklə həll etmək
üçün Maliyyə Nazirliyi və Bakı Şəhər
İcra Hakimiyyəti arasında işçi qrup
yaradılmalı və bu məsələ qısa zamanda həllini
tapmalıdır. Bununla da biz həm qənaət
edəcəyik, yeni bağçalar tikməyə ehtiyac
olmayacaq, həm də tələbatın bir qismini ödəyə
biləcəyik.
Bu gün bizim
qarşımızda duran əsas məqsəd dörd min
köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət
Bakı və Sumqayıt şəhərlərində məskunlaşan
köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə
qurmalıyıq. Yeni mənzillər, yeni
binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət
standartlarına tam cavab verməlidir.
Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazilər ayırmalıdır. Bildiyimə görə, Sumqayıtda ərazi var. Lazımi infrastruktur və kommunikasiya xətləri dövlət dəstəyi ilə çəkilməlidir. Əlbəttə, bütün bu işlər əlavə vəsait tələb edir. Bu vəsait tezliklə ayrılmalıdır. Ən qəzalı, ən ağır vəziyyətdə olan binalarda yaşayan köçkün ailələri tezliklə yeni binalara köçürülməlidir. Bununla yanaşı, Bakıda və Sumqayıtda artıq inşa edilmiş və mənzilləri boş olan təzə binalar var. Bu binalarda köçkünlər üçün mənzillər alınmalıdır. Müvafiq dövlət orqanları - Prezident Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında koordinasiya yaradılmalıdır. Bu, bizim ümumi işimizdir və tezliklə lazımi addımlar atmalıyıq.
Qaçqınların və məcburi köçkünlərin işlə təminatı barədə. Dediyim kimi, son 13 il ərzində 400 minə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Amma yenə də bu sahədə problemlər var. Ona görə də rayon icra hakimiyyətləri bu barədə düşünsünlər, bəlkə kiçik biznes, ya kiçik müəssisələr barədə təkliflər hazırlasınlar. Bildiyiniz kimi, Prezidentin göstərişi ilə işsizlik problemini aradan qaldırmaq üçün böyük vəsait ayrılıb, iş yerləri yaradılıb. İş yerlərinə daha çox əhalinin bu təbəqəsindən insanları cəlb etmək lazımdır.
Biz
hamımız əminik ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi öz ədalətli
həllini tapacaq. Ölkəmizin ərazi
bütövlüyü bərpa olunacaq, bütün məcburi
köçkünlər və qaçqınlar öz
doğma yurdlarına qayıdacaqlar. Bu gün onları
yerləşdirmək üçün tikilən binalar,
salınan qəsəbələr, alınan mənzillər
onların müvəqqəti ünvanıdır. Reallıqlar
bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları
normal yaşayış yeri və işlə təmin etməkdir.
Mən bu işdə hər birinizə uğurlar
arzulayıram. Çox sağ olun.
Azərbaycan.-
2017.- 10 mart.- S. 1, 2, 3.