“Zaman və Teatr”
elmi-praktik konfransında səhnə sənətinin
inkişaf yoluna nəzər
salındı
Azərbaycan Teatr Xadimləri
İttifaqında Milli Peşəkar Teatrın
yaranmasının 144 illiyinə həsr olunmuş “Zaman və
Teatr” adlı elmi-praktik konfrans keçirildi.
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət tədbiri açaraq konfransın əhəmiyyətindən danışdı. Teatrımızın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq bildirdi ki, bu illər ərzində Azərbaycan milli peşəkar teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnərək vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb. Bunun sayəsində isə ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi formalaşıb.
Azərbaycan mədəniyyətinə, o cümlədən peşəkar teatra göstərilən dövlət qayğısından söz açan Azər Paşa Nemət natiq “Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında” ölkə rəhbərinin 9 mart 2017-ci il tarixli sərəncamının da mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Vurğulandı ki, son illər onlarla sənət adamına dövlət başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənətkar Prezident təqaüdünə layiq görülür, onların mənzil və digər sosial problemləri həll olunur. Bütün bunlar teatr xadimlərinə göstərilən diqqətin bariz nümunəsidir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan milli peşəkar teatrının qısa zaman kəsiyində keçdiyi professional inkişaf yolundan bəhs edərkən ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizə və incəsənətimizə daim böyük diqqət ayırdığından, bu sahədə əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən geniş bəhs etdi. Bildirdi ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəm daşıyan müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nı təsdiq edib.
Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilmiş səhnə sənətinin zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, onların maddi-texniki bazalarının modernləşdirilməsi, binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir: “Hazırda ölkəmizdə 28 teatr fəaliyyət göstərir. Son 10 ildə Azərbaycan teatrı 30 ölkəyə qastrol səfəri edib. 30-dək rejissorumuz beynəlxalq sənət mübadiləsinin iştirakçısı olub. O cümlədən, bu illər ərzində regionlarda və mərkəzdə islahat xarakterli yeniliklər sınaqdan keçirilib. Teatrlarımızda 1000-dək tamaşa nümayiş olunub ki, bunun 250-si dövlət sifarişi ilə, 750-si isə təsdiq olunmuş plan üzrə hazırlanıb. Eyni zamanda, teatr sahəsinə aid 40-dək kitab işıq üzü görüb”.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva rəhbəri olduğu ali təhsil ocağında teatr sənətinin tədrisinə göstərilən diqqətdən və bu sahədə görüləcək işlərin vacibliyindən danışaraq bildirdi ki, bugünkü bayramdan onların kollektivinə də böyük pay düşür: “Çünki, universitetin müəllimlərinin (peşəkar aktyor və rejissor olduqları üçün) və teatr sahəsində təhsil alan tələbələrin də nailiyyətləri az deyil”.
Əməkdar incəsənət xadimləri İlham Rəhimlinin “Zaman və Teatr”, Məryəm Əlizadənin “Teatr prosesi: Zamanın hərəkəti”, Aydın Talıbzadənin “Postdramatik teatrın zamanı teatr epoxasının sonu kimi”, sənətşünaslardan Vidadi Qafarovun “Teatrın zamanı, zamanın teatrı” və Aida Qafarovanın “Teatr Xadimləri İttifaqı zaman müstəvisində” mövzusuna həsr edilən məruzələri də maraqla dinlənildi.
Sonda Azərbaycan teatrında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə dövlət başçısının sərəncamı ilə təltif edilmiş bir qrup sənətkara “Əməkdar mədəniyyət işçisi” fəxri adının döş nişanı, Mədəniyyət və Turizm Nazirliyinin isə Fəxri fərmanı təqdim olundu.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2017.- 11 mart.- S. 7.