Milli geyimlərimiz
“Gözəllik
ondur, doqquzu dondur”
Atalar sözünə
çevrilib əsrlərdir ki, yol gələn “gözəllik
ondur, doqquzu dondur” xalq deyimi özündə təkcə məcazi
məna daşımır, həm də geyimə verilən
böyük dəyərdir. Deyə bilərik ki, hər
bir xalq özünün varlığını qoruyub saxlamaq və
sonrakı nəsillərə və əsrlərə
ötürməklə uzunömürlülük qazanmaq
üçün müxtəlif vasitələrdən istifadə
edir. Burada mənəviyyatla yanaşı,
maddi mədəniyyət nümunələrinin də rolu vacib
amil sayılır. Dil, məişət, adət-ənənə
kimi, milli geyimlər də xalqın özünütəqdiminin
mühüm vasitələrindəndir.
Azərbaycan XVII əsrdə
Yaxın Şərqin ən böyük ipəkçilik
ölkəsi kimi tanınırdı. Şirvan ən iri ipəkçilik
əyaləti idi. Şamaxı, Basqal, Gəncə, Şəki,
Şuşa rayonlarında da ipəkçilik
istehsalı inkişaf edirdi. Bu rayonlarda ipəkdən
çox qəşəng, bəzəkli, naxışlı, zərif
qadın baş örpəkləri istehsal olunurdu.
Milli qadın
geyimlərimiz: onlar həm də abır-həya simvolu idi...
“Gülüm” tikiş sexinin
modelyer-dizayneri Mətanət Nəcəfova ilə söhbətdən
məlum oldu ki, o zamanlar geyimin stili, adətən, onun yiyəsinin
ailə vəziyyətini və yaşını əks
etdirirdi: “Subay qızların geyimlərı
qadınlarınkından fərqlənirdi. Cavan
qızlar daha parlaq və qəşəng geyinərdilər.
Kişi və qadın geyimlərı Azərbaycanın
bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə,
kişi geyimlərı yiyəsinin mənsub
olduğu sinfi də əks etdirirdi. Öz
formasına görə böyüklərlə
uşaqların geyimi eyni olsa da, bəzi xüsusiyyətləri
və ölçüsü ilə fərqlənirdi”.
Həmsöhbətimizin fikrincə,
Azərbaycanın qədim tarixinin bir hissəsini təşkil
edən milli geyimlərdə xalq yaradıcılığının
bədii xüsusiyyətləri, bəzək əşyaları,
toxuculuq və s. əks olunur: “Təəssüflər olsun ki,
bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi
qarşısındadır. Ona görə də
bunları bərpa etməklə yeni nəslə sevdirib
unudulmaq təhlükəsindən qorumalıyıq”.
Mətanət Nəcəfova onu da
bildirdi ki, tirmə, məxmər və bir neçə növ
ipək parçadan tikilmiş qadın geyimləri bəzi
xüsusiyyətlərinə görə müxtəlif cür
adlanırdı: Güləcə - astarlı olmaqla
yanaşı, tirmədən, məxmərdən, baharı - ən
çox məxmərdən, kürdü - tirmə, məxmər
parçadan tikilərək xəz dəri və sıx
naxışlarla, tirmə və məxmərdən tikilən
eşməyin isə ətəyi və qolları xəz dəri
və qızılı şəbəkə torla bəzədilirdi”.
Milli geyim dəsti deyəndə
baş geyimləri və ayaqqabılar, zərgərlik məmulatları
nəzərdə tutulur. Cəlbedici, gözəl, rəngarəng olan qadın
baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək,
örpək, çadra və s. daxil idi.
Qadın geyiminin elementlərindən
biri də baş sarğısı - çutqu olub. O, qara, tünd göy sətin,
atlas, çitdən, hər iki tərəfi açıq,
ensiz örtük şəklində tikilirdi. Onu başa lent
şəklində bağlayardılar. Çutqu bağlamaq ev və çöl işləri görmək
üçün daha rahat sayılardı. Çutqu
həm də gigiyenik cəhətdən əhəmiyyətli
idi. Üstündən yaylıq və ya ipək,
pambıq örtüklər örtərdilər. Azərbaycanda çutqu əsasən ötən əsrin
40-cı illərinədək yaşadılıb.
Milli kişi geyimləri: əzəmət, qürur
və ciddilik rəmzi
Kişilərin milli geyimlərinə
gəlincə, onu deyə bilərik ki, zaman-zaman dəyişilən
üst köynək, arxalıq, qaba və çuxadan
(çiyinüstü) ibarət olub. Arxalıq ipək,
atlas, kişmir, mahud, sətin parçalardan, qaba isə
çiyinüstü üst geyim olmaqla, tirmədən tikilərdi.
Türban əmmamə
(çalma növü) deməkdir. Ölkəmizdə ağ
türban geniş yayılmışdı. Ali
ruhani təbəqəsi əsasən yaşıl əmmamə
geyinirdi. XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində
Azərbaycanda kişi və qadın
ayaqqabılarının bir neçə növü mövcud
olub. Azərbaycanlılar, xüsusən kəndlilər
arasında ən çox yayılmış ayaqqabı
növü - çarıqlar iribuynuzlu qaramalın dərisindən,
ya da daha mükəmməl üsulla emal olunmuş dəridən
- aşılanmış göndən tikilərdi.
Digər ayaqqabı
növü yüngül çust idi ki, onları çox vaxt
qara tumacdan tikərdilər. Hər iki cinsin
nümayəndələri üçün, xüsusən
şəhərlərdə ən çox yayılmış
ayaqqabı növü dabanlı (pollu başmaq, məxməri
başmaq), arxa hissəsi olmayan, dikburun dəri başmaqlar idi.
Onları tikdirmək üçün şəhərlərdə
çəkməçilərə sifariş verirdilər.
İrandan gətirilən tumac, məxmər və ya dəridən
tikilmiş başmaqları həm kişi
(mərdanə başmaq), həm də qadın (zənanə
başmaq) geyirdi.
Bakı və Abşeronda
kişilər, əsasən, dabansız yüngül yay
çustlarından istifadə edirdilər. Dübəndi
adlanan bu ayaqqabılar meşindən tikilirdi. Onlar iki iplə bağlanır və gündəlik
ayaqqabı hesab olunurdu. XX əsrin əvvəllərində
yerli ayaqqabı Avropadan gələn növlərlə
sıxışdırıldığından, çəkməçilərin
sayı da kəskin surətdə azaldı. Xrom çəkmələri son illərə qədər
həm hərbçilərin, həm də
aşıqların ayaqlarında görmək mümkün
idi. Həmin ayaq geyimi İkinci Dünya
müharibəsi dövründə daha çox dəbdə
olub. Təəssüf ki, həmin kişi
geyimlərini bu gün ancaq teatr səhnəsində görmək
mümkündür.
Milli ayaqqabının əsas
elementlərindən biri (həm kişilərdə, həm də
qadınlarda) naxışlı yun və pambıq corablar idi. Azərbaycanda
elə bölgə yox idi ki, orada əllə toxunan corab geyinməsinlər.
Corabları qadınlar toxuyurdu. Xammal kimi həm qoyun, həm də dəvə
yunundan istifadə edirdilər. Soyuq zonalarda
uzunboğaz, mülayim iqlimi olan yerlərdə isə
qısaboğaz corablar toxunurdu. Corablar həm
adi, həm də təntənəli günlər
üçün nəzərdə tutulurdu. Bəzəkli corablar satışa
çıxarılardı, onları kənd təsərrüfatı
məhsullarına da dəyişirdilər. Həmin corabları bu gün ya İçərişəhərdə
sərgi-satışlarda, ya da ayrı-ayrı ailələrdə
yaşlı nəslin ayaqlarında görmək
mümkündür.
Qarabağda xalça ornamenti ilə
toxunan “gəbə corabı”, adətən,
gəlinin cehizində olardı ki, onların gözəlliyinə
xüsusi diqqət yetirirdilər.
Azərbaycanın milli geyimləri
uzun sürən və çox mürəkkəb inkişaf
yolu keçmiş maddi və mənəvi mədəniyyət
nümunələrindəndir. Milli geyimlər bir
çox muzeylərdə qorunub saxlansa da, onların
restavrasiyası və tikilməsi ilə məşğul olan
sənətkarlar, demək olar ki, barmaqla sayılacaq qədər
azdır. 2009-cu ildən bu işlə məşğul
olan Bakı Milli Geyim Evi ölkəmizdə bəlkə də
yeganə ünvandır ki, burada hər yaş
üçün milli geyimlər tapmaq mümkündür.
Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin
bildirdiyinə görə, onlar bu işə 20 geyimlə
başlayıblar. Bu gün isə buradan hamı geyinə
bilər: “Bizim milli geyimlərimiz çox zəngindir. Milli geyimlərimizdə həm bölgəyə, həm
təbəqəyə, həm də zamana görə çox
fərqliliklər və qədimilik var. Buna görə də
qərara gəldik ki, milli geyim evi quraq. İlk
işlərimiz 7 bölgənin geyimini özündə əks
etdirdi. 2009-cu ildə həmin geyimlərin
Muğam Teatrında təqdimatı keçirildi”.
Bu layihə çərçivəsində
kollektiv Novruz bayramında milli geyim sərgisi keçirib. Dənizkənarı
Milli Parkda 70 geyim sərgiləyib. Azərbaycan
Dövlət Rəqs Ansamblı milli geyimlərin
nümayişində yaxından iştirak edir.
Hər il mart ayının 15-də milli geyimlərimiz
nümayiş etdirilir
Bu, artıq bir ənənəyə çevrilib. Maraqlısı odur ki, ayın tarixinə uyğun olaraq 15 nəfər gənc milli musiqi sədaları altında geyimləri təqdim edir. Dünyanın bir çox ölkəsində - qardaş Türkiyədə, eləcə də Amerika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avropa, Rusiya və d. dövlətlərdə sərgilənən milli geyimlərimiz insanları heyran qoyur: “Biz ilk dəfə fəaliyyətə başlayanda dünya qadınlarının Azərbaycanda konfransı keçirilirdi. Ərəb ölkələrinin xanımları da gəlmişdi və hamısı zər-zibalı idi. O zaman cəmi 20 geyimimiz var idi. Onlar geyimləri çox bəyəndilər, amma seçim istədilər. Bizdə isə seçim yox idi. Çox təəssüfləndik və o gün qarşımıza belə bir məqsəd qoyduq: hər nə olursa-olsun elə bir geyim evi quracağıq ki, bir xanım 100-ə yaxın çeşid arasından özünə, zövqünə xoş gələnini seçə bilsin”.
Hər bölgənin özünün geyimi olduğu kimi, fərqli kəsimi, bəzəyi də var. Məsələn, Qarabağ paltarlarının üst və alt parçası eyni olur. Bakıda tamamilə başqa cürdür. Qarabağ yaxalıqları, oyma yaxa, qönçə yaxa, buta yaxa çox gözəldir. Bunları gənclər geyinir. Bəzən köhnə kəsimləri saxlamaqla geyimlərə də yenilik gətirilir. Ən əsası odur ki, Bakı Milli Geyim Evində çalışanlar gənclərdir.
Həmsöhbətim K.Vəlibəyli fərəhlə bildirdi ki, bu gün keçmişə, etnogeyimlərə bir qayıdış var: “Buna görə də biz milli geyimləri yaşatmaqla bərabər, naxışları da gündəlik geyimlərimizə köçürə bilərik. Milli geyimi daşımaq üçün gözəllik, qamət, şuxluq lazımdır. Əsmər, yaxud sarışın insanlara nə geyindirmək lazım olduğunu bilirik. Yəni hər bir kəsin öz rəngi var. Qaraşın insana açıq yaşıl geyindirsən, çox eybəcər olar. Elə qızlar var ki, firuzəyi rəng onları boğur. Amma elələri də var ki, mükəmməl yaraşır. Buna görə hər rəng geyimlərimiz var. İlk olaraq həvəs, maraq, diqqət yaratmaq gərəkdir. Buna görə də biz milli geyim həvəskarı olan xanımlarımıza hədiyyə verməyi də unutmamışıq”.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2017.- 12 mart.- S.7.