Azərbaycan bağlar
diyarına çevrilir
Bağları az qala il
boyu bar gətirən Azərbaycan kimi ikinci bir diyar
varmı, görəsən?
Hərçənd ki indi süni üsullarla bunu istənilən yerdə etmək mümkündür. Amma kökü
torpaqdan güc alıb qol-budaq atan ağaclardan bar götürmək, geni dəyişdirilmiş deyil,
məhz saf meyvə dərib yemək və yaxındakı-uzaqdakı insanlara
da bu ləzzətli
nemətləri bəxş
etmək özgə xoşbəxtlikdir.
Yazda alça, ərik, çiyələk yetişdirən
torpağımız ilin
bütün fəsillərində
nemətlərini insanlardan
əsirgəmir. Yayda şaftalı, gavalı, alma ilə bol
olan bağlarda payızda xurma və heyva “közərir”. Havalar soyuyub alma-armud
bağlarından əl-ayaq
yığışandan sonra
süfrələri naringi,
portağal bəzəyir.
Başqalarına, Azərbaycan təbiətinə
bələd olmayanlara
nə qədər qəribə görünsə
də, burada ağacdan üstünə
qar dənəcikləri
qonmuş meyvə də dərib yemək olar. Bu, qışda yetişən
əzgildir... Lənkərandan
Qubaya, İsmayıllıdan
Zaqatalaya, Salyandan Qazaxa, Qarabağ ellərindən Naxçıvan
diyarınadək Azərbaycan
torpağının hər
yanında il boyu yetişən daha neçə-neçə
ləziz meyvənin adını çəkmək
olar.
Hazırda Azərbaycan özünü
meyvə və giləmeyvə ilə 122 faiz təmin edir. Lakin ayrı-ayrı
növlər üzrə
təminatın göstəricisi
arasında böyük
təzad var. Təəssüf
doğuran hal odur ki, bir
sıra qiymətli və xeyirli, həm özümüzə
gərək olan, həm də ixracı valyuta gətirə bilən meyvə növlərinin bəziləri unudulub, bəzilərinə isə
az diqqət yetirilir.
Qeyri-neft sektorunun inkişafının
prioritet təşkil etdiyi və aqrar sektorun bu sahədə ön yeri tutduğu
indiki dövrdə meyvəçiliyə, eləcə
də onun ayrı növlərinə
diqqətin artırılması
vacibdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında dövlətimiz
bunu əsas məqsədlərdən biri
kimi hədəfləyir.
Vaxtilə düzgün olmayan iqtisadi siyasət nəticəsində üzüm
bağlarının məhv
edilməsi Azərbaycana
böyük zərbə
vurdu. Həm süfrəmizdə bal qətrəli kəhrəba
salxımlar azaldı,
həm də ölkə şərabçılıq
kimi gəlirli bir sahədən az qala məhrum
oldu. İndi bu sahənin köhnə şöhrətinin
özünə qaytarılması
istiqamətində çoxşaxəli
iş aparılır və qarşıda ilk növbədə, əlbəttə
ki, yeni üzüm bağlarının
salınması vəzifəsi
dayanır.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında bu barədə belə demişdir: “Bu, böyük gəlir gətirə biləcək
bir sahədir. Vaxtilə ulu öndərin dövründə, 1970-ci illərdə
2 milyon ton üzüm
yığılırdı. Kəndlilər böyük vəsait
əldə etmişdilər.
Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin
xoşuna gəlmək
istəyən yerli rəhbərlər üzüm
bağlarının bir
hissəsini qırmışlar.
Ancaq biz indi bərpa edirik”.
Təəssüf ki, diqqətdən kənarda qalan təkcə üzümçülük
deyildi. Baramaçılıq kimi gəlirli
bir sahə tamamilə yaddan çıxmışdı. Tut ağaclarının çoxu
kəsilmiş, bağların
böyük hissəsi
məhv edilmişdi. İndi bu sahə də
bərpa edilir. İki il
əvvəl cəmi
200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdisə, 2016-cı ildə
görülmüş tədbirlər
nəticəsində bu
rəqəm 70 tona çatıb. Bir-iki il əvvəl
baramaçılıq deyəndə
təkcə Şəki
rayonu yada düşürdüsə, hazırda
bu sahə ölkənin 37 bölgəsində
inkişaf edir. Baramaçılığa bir çox
yerlərdə böyük
maraq oyanıb.
Cari ildə barama tədarükünün
keçən ilə nisbətən ən azı iki dəfə
artırılması nəzərdə
tutulur və bu proses gələcəkdə
də davam edəcək. Bunun üçün də ilk növbədə
tut bağlarının genişləndirilməsi
gərəkdir. Keçən
il 1 milyon
700 min tut tingi əkilib.
Əlbəttə, getdikcə coğrafiya
da genişlənəcək.
Salınan yeni bağlar
sayəsində 2019-cu ildə
1300 ton barama istehsalı
mümkün olacaq.
Bu isə ötən
əsrdə şöhrəti
bütün keçmiş
sovet məkanına yayılmış Şəki
İpək Kombinatının
tam gücü ilə
işləməsini təmin
edəcək. Başqa sözlə,
Azərbaycan xaricə
ipək də ixrac edə biləcək.
Ölkədə yeni-yeni fındıq bağları salmaq potensialı da böyükdür. Fındıqçılığın inkişafı üçün,
bu sahədən indikindən dəfələrlə
çox qazanc götürmək üçün
geniş imkanlar mövcuddur.
Fındıqçılıqla əsasən Azərbaycanın
şimal-qərb bölgəsində
məşğul olsalar
da, digər rayonlarda da geniş
fındıq bağları
var və onların sahəsini genişləndirmək vacibdir. Həmin rayonlarda
bir çox ailələr dolanışıq
xərclərinin xeyli
hissəsini fındıqçılıqdan
əldə etdikləri
qazanc hesabına ödəyirlər. Xüsusilə
Zaqatala, Qax və Balakən rayonlarında fındıqçılıq
əhalinin məşğulluğunun
bir hissəsini təşkil edir. Ümumiyyətlə, Azərbaycanın istənilən rayonunda fındıq bağlarına
və onların məhsulundan faydalanan ailələrə rast gəlmək mümkündür.
Bu faktın özü
də fındıqçılığın
ölkədə geniş
inkişafı üçün
şəraitin mövcudluğunu
təsdiqləyir.
Fındıq həm də bərəkətli bitkidir. Əvvəla, fındıq ağacının
özü çox böyük olmasa da, bol məhsul
gətirir. Bir də, fındıq o qədər də ucuz qiymətə satılmır axı... Sadəcə,
sahənin inkişafına,
dövlət başçısının
da dediyi kimi, dəstək vermək, diqqət və qayğı göstərmək, zəhmət
yönəltmək lazımdır.
İndi fındıqçılıq 13 rayonda inkişaf etdirilir, fındıq bağlarının sahəsi
30-35 min hektardır. Bu sahənin bir neçə dəfə genişləndirilməsi nəzərdə
tutulur. Fındıqçılığın inkişafına dövlət
dəstəyi nəticəsində
kifayət qədər
fındıq pöhrələri
tədarük edilib.
Əlverişli torpaq-iqlim şəraitinə
malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb.
Bu, mövcud bağların
bir il
ərzində 37 faizdən
çox genişləndirilməsi
deməkdir.
Nazirlər Kabinetinin
adıçəkilən iclasında
Prezident
İlham Əliyev
kənd təsərrüfatının
inkişafından danışarkən
valyuta gətirən bitkilərdən birinin də badam olduğunu
demişdir: “Badam Azərbaycanda, əfsuslar ki, çox az istehsal edilir.
Biz hətta özümüzü
bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam
bağlarımız var. Onların
da böyük əksəriyyəti Naxçıvan
Muxtar Respublikasındadır.
Halbuki Abşeron yarımadasında,
Bakıətrafı qəsəbələrdə
və digər bölgələrdə badamçılıq
üçün çox
münbit təbii iqlim var. Ona görə bu istiqamətdə də işlər görülməlidir,
lazımi tədbirlər
görülür, göstərişlər
verilib, bax, bu sahə də
inkişaf edəcək”.
Maraqlıdır ki, badam ağacı
heç də hər yeri özünə
məskən seçmir. Azərbaycan onun
bitdiyi azsaylı regionlardan biridir. Bu imkandan lazımınca istifadə edilmədiyi, yəni ölkəmizdə
badam bağlarının
az olduğu
isə yalnız təəssüf doğuran
faktdır ki, dövlət başçısı
da diqqəti məhz həmin vacib məsələyə
yönəltmişdir.
Badamın qayalıqda, daşlıqda,
qumsal yerdə, hətta gilli torpaqda yetişməsi təbiətin yurdumuza bir töhfəsidir. Deməli, onu
Azərbaycanın çox
yerlərində yetişdirmək
və badam bağlarının ərazilərini
genişləndirmək mümkündür.
Bu imkanı qətiyyən
əldən vermək
olmaz. Coğrafi şəraitin münasib
olduğu bütün
yerlərdə badam ağaclarının əkilməsi
ölkəyə xeyli
gəlir gətirə
bilər.
Azərbaycanın əksər bölgələrində
bitən, bəzi yerlərdə xirnik adlandırılıan xurmanın
da istər sevilən, orqanizm üçün faydalı
olan, istərsə də xarici bazara çıxarılması
ilə gəlir gətirə bilən meyvə kimi dəyərləndirilməsi təsadüfi
deyil. Azərbaycanda xurmanın (xirnikin)
müxtəlif növləri
becərilir. Əsas növ
Şərq xurmasıdır
ki, ona müxtəlif
bölgələrimizdə rast gəlmək mümkündür. Elə
Şərq xurmasının
özü də dadına, həcminə, bərkliyinə-yumşaqlığına, tərkibindəki maddələrə,
rənginə, formasına
və s. görə fərqlənən ayrı-ayrı
növlərdən ibarətdir.
Prezident İlham Əliyevin aqrar sahənin inkişaf perspektivlərinə toxunduğu bir çox çıxışlarında xurmaya da diqqət yönəltməsi bu meyvədən lazımınca istifadənin vacibliyini gündəmə gətirib. Bu sahəyə də ciddi dövlət dəstəyi göstərilməsinin vacibliyi qeyd edilib, aidiyyəti qurumlara müvafiq göstərişlər verilib. Ümumiyyətlə, meyvəçiliyin inkişafı, yeni bağların salınması məsələsi barədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da geniş bəhs edilib.
Hazırda yeni zeytun massivlərinin, nar bağlarının salınmasına da diqqət artırılıb. Ölkəmizin ərazisində yetişdirilən istənilən bitkinin qeyri-neft sektorunun inkişafına təkan verəcəyi şübhəsizdir. Adicə qızılgül kolunu götürək. Qızılgül hər kəndimizdə və şəhərimizdə bitir. Yeni qızılgül plantasiyalarının salınması həm ekologiyaya, həm də ətriyyat, yeyinti, yüngül sənaye sahələrinə, təbabətə bir töhfə olmazmı?
Bütün bunların nəticəsində Azərbaycan başdan-başa ucu-bucağı görünməyən bir çəmənzara, bar verən bağa çevriləcək. Adı çəkilən və çəkilməyən yeni-yeni meyvə ağaclarının əkilməsi yurdumuza gözəllik, süfrəmizə bərəkət, dövlətimizə gəlir gətirəcək. Prezident İlham Əliyev düşünülmüş şəkildə meyvə bağlarının salınmasının vacibliyini bir daha qeyd edərək demişdir: “Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş vüsət almışdır. Bu il də bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni bar verən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır”.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 12 mart.- S.8.