25 illik
tarixə əsaslanan dostluq əlaqələri
Prezident İlham
Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın
uğurla inkişaf etdiyini təsdiqlədi
Azərbaycanın Avropanın
ən böyük və nüfuzlu dövlətlərindən biri
olan Fransa ilə əməkdaşlıq
əlaqələri qurmasından
25 il ötür.
Fransa ilə bütün strateji əhəmiyyətli
sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi
Azərbaycanın xarici
siyasətində mühüm
istiqamətlərdən birini
təşkil edir.
Ölkəmizlə Fransa arasında
tarixi hələ orta əsrlərə təsadüf edən əməkdaşlıq əlaqələri
mövcud olsa da, bu əlaqələr
yalnız respublikamızın
müstəqillik qazanmasından
sonra dinamik inkişaf etməyə başlamışdır.
Qədim tarixi, zəngin mədəniyyəti olan Fransa xalqı dünya sivilizasiyasına böyük töhfələr
vermiş, insan hüquq və azadlıqlarına dair ilk təkmil nəzəriyyələr,
cərəyanlar məhz
bu ölkədə formalaşmışdır. Ölkələrimiz arasında əlaqələrin
inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən
biri Fransanın Azərbaycanın müstəqilliyini
ilk tanıyan dövlətlərdən
olmasıdır. Rəsmi Parisin
1991-ci ilin dekabrında
belə bir qərar qəbul etməsi dövlət müstəqilliyini yenicə
bəyan etmiş Azərbaycan üçün
müstəsna əhəmiyyət
daşıyırdı. Bu qərar həm
də Azərbaycanın
Cənubi Qafqazdakı
yerini və rolunu, iqtisadi potensialını düzgün
qiymətləndirən Fransanın
perspektivdə ölkəmizlə
sıx əməkdaşlıq
etmək niyyətindən
xəbər verirdi.
1992-ci ildə Bakıda səfirliyini açan Fransa bu niyyətini bir daha qabarıq
şəkildə göstərdi.
Ulu öndər Heydər Əliyev Fransa ilə münasibətlərin
bütün sahələrdə
inkişaf etdirilməsini
xarici siyasətdə mühüm vəzifələrdən
biri kimi müəyyənləşdirmişdi. Bu ölkənin
Avropa siyasi arenasına təsir imkanlarını və orada güclü erməni diasporunun olduğunu nəzərə
alan ulu
öndərin ilk xarici
səfərini 1993-cü ilin
dekabrında məhz Fransaya etməsi ölkəmizlə bağlı
əsl həqiqətlərin
çatdırılması baxımından əhəmiyyətli
olmuşdur. Bu siyasi kursu inamla
davam etdirən Prezident İlham Əliyev ötən müddətdə Fransa ilə əlaqələrin
inkişafına xüsusi
diqqətlə yanaşmışdır.
Dövlət başçısının eynilə ulu öndər Heydər Əliyev kimi ilk xarici səfərə məhz Fransadan başlaması da bunun əyani təsdiqidir. Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentliyi dövründə Fransa-Azərbaycan
əlaqələri daha
da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı
inam və etimad güclənmişdir.
Fransa Azərbaycanın Avropanın
enerji təhlükəsizliyi
məsələsində oynayacağı
rolu müsbət qiymətləndirərək energetika
sahəsində əməkdaşlığı
genişləndirmək niyyətində
olduğunu bəyan edib. Qloballaşan dünyanın
mühüm güc və siyasət mərkəzlərindən biri
kimi çıxış
edən Fransa əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə
görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş
Azərbaycanla əməkdaşlığın
daha da dərinləşməsinə,
respublikamızın avrostrukturlara
daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi mühüm
geosiyasi əhəmiyyət
kəsb edən proses olaraq Fransa
üçün də
vacib önəm daşıyır.
Azərbaycan Fransanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır.
Əldə edilmiş razılaşmalar
və imzalananan müqavilələr nəticəsində
bu rəqəmin daha da artacağı
proqnozlaşdırılır. Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir
ki, həmin şirkətlər tərəfindən
icra edilmiş layihələr də ölkə iqtisadiyyatının
şaxələndirilməsinə xidmət edir. Fransanın “Total” və
“GDF-Suez” kimi şirkətləri
ilə uğurlu əməkdaşlıq buna
əyani misaldır.
Ölkə başçılarının qarşılıqlı
səfərləri bütün
sahələrdə münasibətlərin
inkişafına ciddi təkan verir. Fransa prezidentləri Nikola Sarkozi
və Fransua Ollandın Azərbaycana, Prezident
İlham Əliyevin isə adıçəkilən ölkəyə
rəsmi səfərləri
iki ölkə arasında əlaqələrin
uğurla inkişafına
müsbət təsir
göstərib. Prezident İlham Əliyevin
Fransaya davam edən rəsmi səfəri də iki ölkə arasında əlaqələrin
uğurla inkişaf etdiyini bir daha
sübuta yetirdi.
Bu səfər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə,
o cümlədən siyasi,
iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə
uğurla inkişafına
öz müsbət təsirini göstərəcək.
Prezident İlham Əliyev Fransaya rəsmi səfəri zamanı mühüm görüşlər
keçirib. “Vivaction” şirkətinin prezidenti Rişar Mari, “SUEZ” qrupun baş direktorunun müavini, həmçinin
MEDEF-in vitse-prezidenti xanım
Marie-Ange Debon, DCNS şirkətinin prezidenti Erve Qiyu ilə
görüş zamanı
ikitərəfli əməkdaşlığın
perspektivləri barədə
geniş fikir mübadiləsi aparılıb.
Ölkə başçısının “Credit Agricole SA” şirkətinin
baş direktoru Ksavye Musca ilə
görüşü də
maraqlı olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin
inkişafından məmnunluq
ifadə olunub. Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin
uğurla maliyyələşdirildiyi
qeyd edilib. Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin
“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı
Azərbaycan ilə
“Credit Agricole SA” şirkəti
arasında əməkdaşlığın
gələcəkdə də
davam etdiriləcəyi
bildirilib, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı
sahəsində müxtəlif
layihələrin reallaşdırılması,
iqtisadiyyatın şaxələndirilməsi
ilə bağlı əməkdaşlığın perspektivləri barədə
fikir mübadiləsi aparılıb.
Ölkə başçısı “Airbus” şirkətinin
müdafiə və kosmik sistemlər üzrə icraçı
vitse-prezidenti Nikolya Şamosi ilə görüşündə Azərbaycan
ilə “Airbus” şirkəti
arasında bir neçə ildir uğurlu əməkdaşlığın
həyata keçirildiyi,
yaxşı perspektivlərin
olduğu bildirilib. Kosmik sahədə,
xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr
əldə etməyə
imkan verən peyklərin hazırlanması
ilə bağlı əməkdaşlıq barədə
fikir mübadiləsi aparılıb.
Azərbaycan və Fransa arasında çoxsaylı
humanitar tədbirlər
də həyata keçirilir. Prezident İlham Əliyev
2012-ci ilin sentyabr ayında Luvr Muzeyində İslam incəsənəti bölməsinin
açılışında iştirak edib. Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi
ilə yaradılan Mədəniyyət Mərkəzi
ölkəmizin dünya
mədəniyyətinin paytaxtında
təbliğ olunması
istiqamətində atılan
ən mühüm addımlardan biridir.
Xüsusi əhəmiyyəti ilə
seçilən bu mədəniyyət hadisəsi
dünya gündəminə
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq platformasının
aparıcı qüvvəsi
kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına
xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair
eksponatların təqdim
edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı
ilə seçilən
Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin
rəsmiləşdirilməsinə böyük imkanlar açır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin
xaricdə tanıdılması
istiqamətində həyata
keçirdiyi tədbirlərin
mühüm hissəsi
Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət
ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə,
vahid mərkəzdən
idarə olunmasına və daha səmərəli
fəaliyyətin qurulmasına
geniş imkanlar yaradır.
Azərbaycan və Fransa arasında əməkdaşlıq
münasibətləri yeni
inkişaf mərhələsinə
qədəm qoyub. Dövlət və hökumət başçılarının qarşılıqlı
səfərləri ölkələrimiz
arasında əməkdaşlığın
ildən-ilə güclənməsinə
mühüm təsir göstərir. Prezident İlham
Əliyevin Fransaya budəfəki səfəri
də ikitərəfli
əlaqələrin inkişafında
yeni imkanlar açacaq.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 14 mart.- S.1.