Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir

 

Martın 13-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi. Bildirdi ki, siyasi əlaqələrin inkişafında dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük rol oynayır. “Avropa İttifaqı ilə əlaqələrimiz yüksək səviyyədədir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək. Eyni zamanda, Fransanın bir çox şəhərlərində, o cümlədən Parisdə mədəniyyət tədbirləri keçiririk, ölkəmizi tanıdırıq”, - deyə sədr vurğulayıb. Milli Məclisin sədri ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr qeyd edib ki, 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri hələ də Ermənistan tərəfindən icra olunmayıb. Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına əsasən sülh yolu ilə həllinə tərəfdardır.

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm islahatların aparıldığını qeyd edən Oqtay Əsədov qonaqlara regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr barədə məlumat verdi.

Senator Andre Reyşar regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirdi. O, regionda təhlükəsizliyin tam təmin olunması baxımından Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğuladı. Bildirilib ki, səfər çərçivəsində onlar aprel döyüşləri zamanı azad olmuş ərazilərə baş çəkib, oradakı vəziyyət barədə geniş məlumat alıblar.

Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

 

X X X

 

Milli Məclis sədri ilə görüşdən sonra fransalı qonaqlar parlamentin binasında kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında onlar ölkəmizə səfərin məqsədi və burada keçirdikləri görüşlər barədə geniş məlumat verib, jurnalistləri maraqlandıran sualları ətraflı cavablandırıblar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 14 mart.- S.3.