Fransalı senatorlar məcburi
köçkünlərin həyat şəraiti ilə
tanış olublar
Ölkəmizdə səfərdə olan Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti martın 12-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaradılan şəraitlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir qaçqın və məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın həyat şəraiti ilə tanış olduqlarına görə qonaqlara təşəkkürünü bildirib.
Məlumat verilib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan hökuməti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Proqramı və ona əlavələr təsdiq edilib. Azərbaycan hökuməti tərəfindən indiyədək məcburi köçkünlər üçün bütün sosial-texniki infrastruktura malik 95 yaşayış kompleksi salınıb, 50 min ailənin və ya 250 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə təxminən 6 milyard ABŞ dollarından çox vəsait sərf olunub.
F.Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində münaqişə həll olunmadığından bu gün on millərlə soydaşımız hələ də yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda ağır şəraitdə yaşayırlar. Onların mənzil problemlərinin həlli istiqamətində Azərbaycan dövləti mərhələli şəkildə tədbirlər həyata keçirir.
Fransalı senatorlar 540 yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına və 280 yerlik uşaq bağçasında təhsil alan balacaların əl işlərinə baxıblar.
Senatorlar məhəllədə məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə də maraqlanıblar. Zəngilandan olan məcburi köçkün Vəli Quliyevin mənzilində çay süfrəsi ətrafında söhbət zamanı qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bütün bunlara baxmayaraq, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar. Onlar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu arzuları tezliklə reallaşacaq.
Məcburi
köçkünlər üçün
yaradılmış şəraitlə tanış olan fransalı qonaqlar
münaqişənin sülh yolu ilə həllinə ümid
etdiklərini bildiriblər.
Azərbaycan.-
2017.- 14 mart.- S.4.