İlin axır çərşənbəsi: Torpaq
Boz aya daxil olan ilin sonuncu Torpaq çərşənbəsi xalq arasında “Axır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə-suri” və s. adlarla təmtəraqlı şəkildə keçirilir. “Torpaq” ümumtürk mənəvi-əxlaqi dəyərlər sistemində vətən, el-oba, yurd anlayışlarını ehtiva etməklə yanaşı, həm də mifik semantik sakrallığını əks etdirir. Bu çərşənbə Torpağın oyanmasını, dirilməsini şərtləndirir. Erkən təsəvvürlərə görə, dörd mühüm ünsürdən sonuncusunun oyanması nəticəsində Su, Atəş, Yel, Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir.
Xalq arasında mifik düşüncəni əks etdirən belə nümunələrdən birində deyilir ki, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər” deyə yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq xatun əl-ələ verib: “Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi” deyə-deyə işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün ilin əziz günü olan Axır çərşənbə idi.
Məlumdur ki, Torpaq insanın yaradılışında bilavasitə iştirak edən dörd müqəddəs ünsürdən biridir. Böyük Yaradanın nazil etdiyi müqəddəs kitabların ən fəzilətlisi Qurani-Kərimdə “Fatir (“Yaradan”) surəsinin 11-ci ayəsində belə buyurulur: “Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir”. Əc-Səcdə (“Səcdə”) surəsinin 7-ci ayəsində buyrulur: “Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş”, Ər-Rum (“Rumlular”) surəsinin 20-ci ayəsində isə belə deyilir: “Allahın sizi torpaqdan xəlq etməsi Onun dəlillərindəndir”. Maraq doğuran məsələlərdən biri də İslam dinində torpağın müqəddəsliyini göstərən təyəmmümlə bağlıdır. Təyəmmüm - su olmadıqda, su tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz almaq deməkdir. Bu barədə Qurani-Kərimdə “Ən-Nisa” (“Qadınlar”) surəsinin 43-cü ayəsində Böyük Yaradan belə buyurur: “Ey iman gətirənlər!.. Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün!” Deməli, torpaq insanın yaradılışında iştirakdan əlavə, həm də suyu əvəz edir, safdır, müqəddəsdir, insanı pak edə biləcək qüvvəyə malikdir, yaradılış torpaqla bağlıdır. Teoloji düzümdə ilk insanın yaranmasında torpaq ilkin faktor kimi çıxış edir, yəni Ulu Tanrı insanı əvvəlcə torpaqdan, daha sonra istilik və sudan, ən sonda öz nəfəsini üfürməklə yaratmışdır. Novruzun yaranmasında, mərasim folklorunda isə bu düzüm bir qədər fərqlənir, yəni Su, Od, Yel birləşib Torpağı dirildir, oyadır, artıq əkin-biçinə, şumlamaya hazır edir. Rəvayətə görə, bir kişi hər il torpağı şumlar, əkib-biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün o, oğlunu yanına çağırıb deyir ki, bala, şum vaxtıdır. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o, “yaxşı” deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri görmür, haradan biləcək mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam...
Oğlan torpağı əkib-becərir.
Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı
buğdanı biçib dərzləyir. Bu vaxt ata oğluna deyir ki,
bala, məni tarlaya apar. Oğlan atasının əlindən tutub
dərzlərin yanına gətirir. Ata əlindəki
əsasını qarşıya uzadır. Əsa
dərzə dəyir, sol tərəfə uzadır, yenə də
dərzə dəyir. Əsa sağda da dərzə
toxunur. Kişi əsası ilə
arxasını nə qədər axtarsa da, görür ki,
boşdur. Deyir ki, ay oğul, nə
üçün torpağı dörd yox, üç dəfə
şumlamısan? Əgər bu işi
dörd dəfə görsəydin, indi dərzlərin də
sayı üç yox, dörd olardı”.
Göründüyü kimi,
torpağı qaydasında əkib-becərmək, şumlamaq
çox əhəmiyyətlidir. Torpaq bolluq, bərəkət,
bir sözlə, əmin-amanlıq, xoşbəxtlik,
firavanlıq gətirir.
Rəvayətə görə,
Axır çərşənbədə Xızırın
qardaşı, dağ-təpə, yer sahibi Zinda
öküzünü itirir, meşəyə onu axtarmağa
gedir. Öküzü tapa bilmir, elə meşədə
yatır, qar yağdığına görə qarın
altında qalır. Elə həmin gecə
Bozatlı Xızır göyün doqquzuncu qatından yerə
enib qardaşını axtarmağa başlayır. Qardaşını qarın altından tapır, onu nəfəsilə
qızdırır. Zinda qarın
altından çıxır, öküzünü axtarıb
tapır, hamı Zindanın evinə gəlir. Axşam Xızır qızıldan
tökülmüş kotan və boyunduruğu qardaşına
verir, çərşənbələşdikdən sonra
Xızırzinda adı ilə bayram keçirib torpağı
oyatmağa çalışırlar.
İnanca görə,
Axır çərşənbədə Xızırzinda
insanlara bərəkət paylayır. Ona görə də bütün evlərdə
un çuvallarının ağzını
açardılar ki, paylanan bərəkətdən onlara da pay
düşsün. Çərşənbə
gününün özünəməxsus adətləri
vardır. Ev sahibləri heç kimlə kəlmə kəsmədən
əllərini una vurub evin divarlarına, həyətdəki
meyvə ağaclarının kötüyünə yavaşca
balta ilə toxunar və deyərdilər: “Nə yatmısan,
oyan, bərəkət payını götür”.
Bağçadakı bar verməyən ağaca isə “kəsəcəyəm”
deyərək hədə-qorxu gəlirdilər, bu zaman bir
başqa adam sanki Xızırzindanın
dilindən belə deyirdi ki, “kəsmə, bu ağac təzə
ildə bar verəcək, buna mən zamin...”
Səməni Novruzun əsas
atributlarından biridir. Səməni bolluq-bərəkət, ruzi,
yaşıllıq və yazın gəlişinin rəmzidir.
Erkən dövrlərdən evlərdə səməni
qoymaq adəti olmuşdur. Bu adətə görə,
buğda, arpa, mərci, noxud və s. islağa qoyulub cücərəndən
sonra sini və ya boşqaba sərib üzərini tənziflə
örtərək, su çiləyərdi. Müasir
dövrümüzdə də səməni qoymaq adəti nənələrimiz,
analarımız tərəfindən davam etdirilir.
Yunan filosofu Plutarx (miladın
təqribən 46-127-ci illəri) Midiyada - qədim Azərbaycanda
taxılı müqəddəs bitki saymaq adətinin
olduğunu göstərmişdir. Bu adət hər ilin əvvəlində,
yəni yazda icra edilərdi. Çox
maraqlıdır ki, bu adət səməni göyərtmək
şəklində bizim günlərə qədər gəlib
çıxmışdır. Səməni insanların
arzu-istəklərini həyata keçirən bir nemət kimi
xalq təfəkkürünə daxil olmuşdur:
Səməni, ay səməni,
Göyərdərəm mən
səni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur.
Səməni cücərdib qohum-əqrəbaya,
qonum-qonşuya paylamaq adəti olmuşdur, hətta inanca
görə, əgər səməni sıx, düz bitərsə,
təzə il bolluq-bərəkət ili olar, əksinə, bir
az seyrək bitərsə, bu, həmin ildə çətinliklərin
olacağına işarə kimi qəbul edilirdi.
Torpaq çərşənbəsində
həmçinin buğdadan “səməni mayası” da
hazırlanardı. Buna səməni həlimi, yaxud maya səməni
də deyərdilər ki, məhəllə üzvləri olan
qadınlar onu birlikdə hazırlayardılar. Bu həlim çəmənlikdə, yaxud müqəddəs
ocaq, pir və məscidlərin yanında bişirilərdi.
Mənbələrə görə, bu çərşənbə
axşamı gecədən sübhə qədər insanlar cəmlənər,
“səməni toyu” keçirərdilər.
Ağbirçək qadınlar səməni mayası bişən
qablara yaxınlaşıb pul, nəmər, yumurta qoyub təzim
edər, sağ əllərini üç dəfə qazanlara,
sonra dodaq və alınlarına çəkərdilər ki,
bu adətə “qazan ziyarəti” deyilərdi. İnanca
görə, Xızırzinda gəlib səməni
mayasını qəbul edəcək. Ona görə də
qazanların üstünə sinidə un
qoyardılar ki, Xızırzindanın əlinin izi üzərində
görünsün. Səməni mayası
sübh tezdən yeyilərdi. Səməni
mayası əvvəlcə övladı olmayan gəlinlərə
və xəstə uşaqlara verilərdi. İnanca
görə, səməni mayası şirin, dadlı olurdusa,
Xızırzinda tərəfindən qəbul edilmiş, əksinə,
dadsız olurdusa, niyyətin qəbul olunmadığını
güman edirdilər. Torpağın və
Xızırzindanın insanlara ərməğan etdiyi səməni
mayası ömrü uzadan, sağlamlığı möhkəmləndirən
əhəmiyyətli təam olduğu üçün ona
“Xızırzinda çiçəyi” də deyilirdi.
Novruz və Axır çərşənbə
süfrəsinin digər bir atributu isə yumurtadır. Hələ
erkən mifik düşüncədə yumurta
yaradılış, həyat funksiyası ilə bağlıdır.
Şərq xalqlarının, o cümlədən
türk mifoloji təsəvvüründə dünyanın
yaranması yumurtadan çıxmış quşla əlaqələndirilir.
Bu quş Altay xalqlarında müqəddəs
hesab olunub qaz adlandırılır. Türkdilli
xalqlar arasında qartal quşların xaqanı
sayılırdı. Yakutlar isə hesab
edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona
görə də qartalı tanrı hesab edirlər.
Zərdüştilərin
müqəddəs hesab etdikləri “Avesta”da “dünya
yumurtası” anlayışı mövcuddur. Yumurta, onun
quruluşu dörd müqəddəs ünsürü
özündə daşıyır, ilkin təsəvvürləri
əks etdirir. Yumurtanın forması və
qabığı Torpağın, qabığın
altındakı nazik pərdəsi - Havanın, ağı -
Suyun, nəhayət sarısı isə Odun başlıca
göstəricisidir. Demək, Novruz süfrəsini
bəzəyən boyanmış yumurtalar da hər biri
müvafiq mənanı ifadə edir, qırmızı rəng
günəşin, göy-yaşıl rəng yazın,
baharın, sarı rəng payızın rəmzini bildirir.
Bütün bunlar göstərir ki, Novruz
ilkinlik, başlanğıc bayramıdır, dünyanın
yaranması ilə bağlı ayin, etiqad və mərasimləri
bütün dünyada tanıtmağa imkan verir. Təsadüfi
deyildir ki, keçən əsrin 80-ci illərində antropoloq
alim Tur Heyerdal Azərbaycana səfər edərkən ona
Qobustanda Novruz xonçası təqdim ediləndə o öz
heyrətini gizlədə bilməmiş və
xonçanın önündə diz çöküb bu
sözləri söyləmişdir: “Əcəba, bu,
dünyanın bəzədilmiş simvoludur, siz nə qədim
xalqsınız!”
İnanca görə, Torpaq çərşənbəsində
yerin altından “çilif”, yaxud “çilləxana” adlı iki
tərəfi açıq və dərin olan dar yol
açılır, səhər tezdən
“ağırlığımı yer götürsün, mətləbimi
Allah versin” deyərək həmin yeraltı yoldan keçəndən
sonra üç ədəd alma, yaxud başqa meyvə yeyilməliydi.
Bu inancla insanlar öz
müşküllərini sanki torpağa tapşırıb
“ölüb, yenidən dirilirdilər”. Bu adət
sonralar da böyüklər tərəfindən icra
olunardı, xüsusən el arasında yanlışlıqlara
yol verənləri, yolunu azanları torpaqdan halallıq almaq və
islah olunmaq məqsədilə həmin çilləxanalardan
keçirərdilər.
Vaxtilə Torpaq çərşənbəsində
“Cütçü şumu”, yaxud “Əkin toyu”, “Səpin toyu”,
“Torpaqbasdı”, “Xış-kotan bayramı” adlanan böyük
bir mərasim keçirilərdi. Mərasimin
baş qəhrəmanı Cütçü baba, yaxud “Gilbaba”,
“Turab baba” olmuşdur. Rəvayətə görə,
Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi
öyrətmiş övliya, müqəddəs adam
hesab olunmuşdur. Bu mərasimdə
Cütçü baba vəzifəsini icra etmək
üçün elin hörmətli, uzunömürlü
ağsaqqalı seçilərdi. Səhər-səhər
“Cütçü baba” mərasimi başlamazdan əvvəl
hamı el şənliyinə hazırlaşardı. Adətə
görə, bir mismarın işlənmədiyi,
iydə, ərik ağacından düzəldilən bir
cütü, qarakotanı günün altında qoyurdular və
onu güzgü qırıntıları, qırmızı
parça və s. ilə bəzəyirdilər. Mərasimdə “Cüt gözəlləməsi”
oxunardı ki, burada şum aləti vəsf olunardı. Sonra meydana bir cüt Ağ öküz gətirilərdi,
onların ayaqlarını qırmızı parçalarla bəzəyib
kotana qoşardılar. Bundan sonra meydana
Cütçü baba, yaxud Xızırzinda gəlir, bu zaman
“Budur gəldi Yer sahibi, Baba, xoş gördük, xoş
gördük” deyərək onu salamlayırdılar.
Torpağın
oyanmasını əks etdirən Axır çərşənbə
Azərbaycanın bəzi bölgələrində Novruz
bayramı ilə eyni təmtəraqla keçirilir, yəni
İlaxır çərşənbə zəngin mərasim,
oyun, tamaşa sistemi daxilində icra edilir. Axır
çərşənbə axşamı digər çərşənbələrdən
daha çox ayin, etiqad, adət və ənənələr
keçirilir, tonqallar qalanır, kütləvi şənlik məclisləri
qurulur. Ən əsası, Axır çərşənbə
süfrəsi və çərşənbə
xonçası bəzədilir. Məlumdur ki, Novruzun əsas
şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi
və s.-dir. Novruz şirniyyatlarının hər birinin öz
mənası var, şəkərbura - Ay, qoğal - Günəş,
paxlava ulduz rəmzidir. Bunlar arasında ən çox
növü olan paxlavadır: Bakı paxlavası, Quba
paxlavası, Şəki paxlavası, Gəncə paxlavası,
riştə paxlavası və s. İlaxır çərşənbə
və Novruz süfrəsində mütləq bayram plovu
bişməlidir.
Axır çərşənbədə
bir çox adətlər, rituallar icra edilərdi ki,
bunların bir qismi bu gün də xalq arasında sevə-sevə
qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq, şal
sallamaq və s. belə adətlərdəndir. Axır
çərşənbə axşamı küsülülər
barışar. Axır çərşənbə
gecəsində təbiətdə nə varsa, hamısı təzələnir.
Axır çərşənbə günündə bir yerə yumurta, bir yerə cövhər, bir yerə kömür basdırar və niyyət edərlər. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları yerdən çıxarıb ərik ağacının dibində basdırarlar. Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndü”, “viran qalsın” və bu kimi sözlər eşidəndə pis tərəfə yozulur. Axır çərşənbə axşamı gec yatırlar. Yatmazdan qabaq duzlu kökə yeyir, su içmirlər. Gecə yuxuda kökə yeyənə su verirlər. Həmin su verən adam yuxu görənin qismətidir. Axır çərşənbə otuzluq lampanın altına qıfıl bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətə görə yozurlar. Novruzda axırıncı çərşənbə günü “iynə süzdürüb”, “çillə çıxarırlar”. Hamı deyib-gülür, şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb ayıldırlar... və s.
Novruz bayramı həm də təmizlik, səliqə-sahman, paklıq, aydınlıq bayramıdır. Bu bayram öz gəlişi ilə ürəklərə istilik, sevinc, sevgi, mərhəmətlə yanaşı, bütün evlərə yeni nəfəs, təravət gətirir, evlər, həyət-bacalar təmizlənir, yuyulur, sanki insanlar yeni həyata qədəm qoymağı, yeni arzu-istəklərə nail olmağı, səadətə, xoşbəxtliyə qovuşmağı niyyət edirlər.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin
Azərbaycan
şifahi xalq ədəbiyyatı kafedrasının dosenti,
filologiya elmləri
doktoru
Azərbaycan.-
2017.- 14 mart.- S.6.