Prezident İlham Əliyev və Prezident Fransua Olland mətbuata
bəyanatlarla çıxış ediblər
Martın 14-də Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər.
Fransa Prezidenti
Fransua Ollandın bəyanatı
- Xanımlar və cənablar.
Mən Prezident Əliyevi
böyük məmnuniyyətlə qəbul edirəm. O, artıq Parisə gəlib.
Biz münasibətlərimizin əsasını
qoymuşuq. Eyni zamanda biz digər kontekstdə
- Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu
tapmaq haqqında da danışdıq.
Bu gün Prezident Əliyev
Parisdədir və biz keçdiyimiz yollara, gələcəkdə
görməli olduğumuz işlərə nəzər
saldıq.
İlk növbədə deməliyəm
ki, Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə,
xüsusilə siyasi sahədə yaxşı əlaqələr
var. Azərbaycanın regiondakı və regionun
hüdudlarından kənardakı bütün tərəfdaşları
ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə
məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda qlobal səviyyədə
təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə
qarşı sülh axtarırıq.
İqtisadi kontekstdə isə
deyə bilərəm ki, bizim şirkətlər artıq Azərbaycanda
fəaliyyət göstərir. Çalışırıq
ki, bizim şirkətlər bu ölkədə sərmayə
yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla
təmin etsinlər. Çox şadam ki, cənab
Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar
müzakirələr aparılıb. Bir
çox kontraktların imzalanması barədə
danışılıb, xüsusilə də “Thales
lnternational” şirkəti ilə.
Biz ətraf mühit sahəsində
də əməkdaşlıq imkanlarından
danışdıq. Paris Sazişinin həyata keçirilməsi
üçün ekspertlərimizin mübadiləsini
aparmalıyıq və bir neçə ekoloji problemləri həll
etmək lazımdır - infrastruktur, bərpa olunan enerji və
ətraf mühit üçün faydalı olan bütün
vasitələrlə. Biz dövlət xidməti
sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin
olmasını istəyirik ki, bunun sayəsində bütün
sahələrdə innovasiyaları tətbiq edək. Azərbaycan ilə Fransa arasında belə bir
konsepsiya var ki, yeni texnologiyalar - rəqəmsal texnologiya
iqtisadi inkişafa xidmət etsin.
Mənim Bakıya səfərim
zamanı biz təhsil sahəsində də əlaqələri
genişləndirməyi müzakirə etmişdik. Bakıda
Fransız məhəlləsində Fransız Liseyinin əsasını
qoyduq. Bu layihə müvəffəqiyyətli
oldu. Bu gün artıq universitet səviyyəsində
əməkdaşlığı inkişaf etdiririk və
keçən ilin sentyabr ayında Azərbaycan-Fransız
Universiteti açılıb. Bu da müvəffəqiyyətli
olub, bir çox fransız universitetləri artıq əməkdaşlıq
edirlər.
İndi digər iki mövzu
barədə danışacağam. Birincisi Azərbaycan ilə
Avropa İttifaqı arasındakı danışıqların
başlanmasıdır. Biz istəyirik qarşıya
qoyulan məqsədlərə nail olunsun. Şərq
Tərəfdaşlığı çərçivəsində
Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə
ilk gündən dəstəkləyir.
Sonra Dağlıq Qarabağ
məsələsi var. Biz bu haqda danışdıq və
bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var
və biz bunu keçən ilin aprel ayında baş verən
insidentdən də gördük.
Biz danışıqların
yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri
kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və
Rusiya da bu prosesə töhfə versin. Düşünürük
ki, parametrlər bəllidir və uzun müddətdir davam edən
bu münaqişənin həlli yolunu tapmaq
mümkündür. Hesab edirik ki, hər dəfə
sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata
keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz
münasibətlərin məğzidir. Xüsusilə
də gərginliklər olanda və hazırda Avropa ilə
Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir
ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin
sabitləşməsi üçün də töhfəmizi
verməliyik. Digər mövzularda
olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq
etməliyik.
Azərbaycan
Prezidenti İlham Əliyevin bəyanatı
- İlk növbədə, cənab
Prezident, dəvətə, mənə və nümayəndə
heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə minnətdaram. Yenidən Fransada
olmaqdan çox məmnunam. Siz Azərbaycanda
iki dəfə səfərdə olmusunuz. Bu,
əslində, Fransa-Azərbaycan əlaqələrinin bir
göstəricisidir.
Aramızda inkişafda olan
siyasi dialoq çox fəal mərhələyə qədəm
qoyub. Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə
bağlı bizim mövqeyimiz üst-üstə
düşür. Əlbəttə ki,
güclü siyasi əlaqələr bütün sahələrdə
inkişafda olan əlaqələrə də müsbət təsir
göstərir.
Fransa Minsk qrupunun həmsədri
kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli yolunda öz səylərini
göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk.
Xüsusilə mən 2014-cü ilin sonlarında
Sizin təşəbbüsünüzlə bu Yelisey
sarayında Ermənistan prezidenti ilə keçirdiyim
görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir
görüş idi. Əfsuslar olsun ki, bu
görüşdən sonra danışıqlar prosesində
müəyyən durğunluq müşahidə olundu.
Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə
öz həllini tapsın. Ermənistan beynəlxalq
birlik tərəfindən tanınan Azərbaycan
torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında
yerləşən yeddi bölgəni işğal altında
saxlayır. O bölgələrdən bütün Azərbaycan
əhalisi, yüz minlərlə insan qovulubdur. Orada
bütün infrastruktur və binalar dağıdılıb.
ATƏT-in faktaraşdırıcı
missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər
edib və öz məruzələrində bunu ifadə ediblər.
BMT Təhlükəsizlik Şurası
münaqişə ilə bağlı dörd qətnamə qəbul
edib. Bu qətnamələrdə
açıq-aydın göstərilir ki, erməni qüvvələri
işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. O qətnamələr
1990-cı illərin əvvəllərində qəbul
edilmişdir. Ermənistan bu qətnamələrin
icrasına, görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ
üçün hazırda tezliklə danışıqlar bərpa
edilməlidir. Ermənistan
danışıqlardan boyun qaçırmamalıdır.
Cənab Prezident Ollandın qeyd etdiyi kimi,
status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr
olan ölkələrin prezidentləri - Fransa, Rusiya və
Amerika prezidentləri bir neçə dəfə deyiblər
ki, status-kvo qəbuledilməzdir. Biz də
bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin
və münaqişəyə son qoyulsun, bölgəmizdə
sülh təmin edilsin və Azərbaycan köçkünləri
öz doğma torpaqlarına qayıda bilsinlər.
Cənab Prezident qeyd etdi ki,
bizim ikitərəfli gündəliyimiz çox genişdir. Dünən
MEDEF-də olarkən bir daha böyük
qarşılıqlı marağı gördüm. İqtisadi əlaqələrimiz inkişaf edir.
Fransa şirkətləri Azərbaycan
iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar
və Azərbaycanda bir çox önəmli layihələrdə
iştirak edirlər. Azərbaycanın
kosmik sənayesinin inkişafında Fransa şirkətləri
bizə dəstək olurlar. Eyni zamanda
şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su,
içməli su layihələri, ekoloji layihələr və
digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan
çox məmnunuq. Fransa şirkətləri
ilə keçirdiyim görüşlərdə onları bir
daha inandırdım ki, Azərbaycanda xarici sərmayə
üçün çox gözəl iqlim var. Eyni zamanda Azərbaycanın
iqtisadi potensialı artır. Beləliklə,
daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu
podratçı kimi fəaliyyət göstərə bilərlər.
Humanitar sahədə də əməkdaşlıq
çox uğurludur. Cənab Prezident həm mədəniyyət
və təhsil sahələrində bunu qeyd etdi. Sadəcə bir məqamı vurğulamaq istəyirəm
ki, bizim Prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal
sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin
timsalında görürük. Qısa
müddət ərzində - qərar qəbul olunandan bir
neçə ay sonra artıq universitet öz
qapılarını tələbələrin üzünə
açdı. Bu universitetə çox
böyük maraq var.
Biz bütün başqa sahələrdə
də çox fəal əməkdaşlıq edirik. Prezident qeyd
etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri
böyük əhəmiyyət daşıyır.
Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq
sazişi ilə əlaqədar danışıqlara start
verildi. Avropa İttifaqı ölkələri
bizim əsas ticarət tərəfdaşlarımızdır.
Bizim məhsullarımızın böyük əksəriyyəti
Avropaya ixrac edilir və eyni zamanda Avropa İttifaqı Azərbaycanda
ən böyük investordur. Biz müxtəlif layihələr
icra edirik və onların arasında xüsusilə “Cənub
qaz dəhlizi”ni qeyd etmək istəyirəm.
Azərbaycanın təşəbbüsü ilə
icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə
öz töhfəsini verəcək. “Cənub
qaz dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard
dollardır və Azərbaycan da həm sərmayədar, həm
icraçı, həm də təşəbbüskar ölkə
kimi bu layihənin həyata keçirilməsində fəal
iştirak edir.
Əminəm ki, Fransa-Azərbaycan
əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün
apardığımız danışıqlar belə deməyə
əsas verir. Biz çox istəyirik ki, əlaqələr
daha da yüksək səviyyəyə qalxsın, beləliklə,
Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın
olsunlar.
Cənab Prezident, qonaqpərvərliyə
görə Sizə bir daha minnətdaram.
Azərbaycan.- 2017.- 15 mart.- S.3.