Fransua Olland: “İlham Əliyevin Azərbaycanın əməkdaşlıq
əlaqələrini şaxələndirmək, müstəqilliyini
möhkəmləndirmək kimi böyük məqsədi var”
Fransa Prezidenti azərbaycanlı həmkarının
səfərini uzunmüddətli münasibətlərdə
yeni mərhələnin başlanğıcı elan etdi
Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Dövlət başçıları şam yeməyində çıxış etdilər.
Prezident Fransua
Ollandın çıxışı
-Cənab Prezident.
Cənab Nazirlər.
Hörmətli deputatlar.
Hörmətli xanımlar və
cənablar.
Mən Sizi ölkələrimiz
arasında diplomatik münasibətlərin qurulmasının
25 illiyini qeyd etdiyimiz bir dönəmdə
qarşılayıram. Fransa 1992-ci il yanvarın 3-də Azərbaycanın
müstəqilliyini tanımışdır. Beləliklə,
həqiqətən də Fransa Azərbaycanın müstəqilliyini
tanıyan ilk dövlətlərdən biri olmuşdur. Əslində mən “bərpa olunmuş müstəqilliyini”
sözlərini söyləməli idim. Çünki
1918-ci il mayın 28-dən 1920-ci ilin aprelinə
kimi artıq Azərbaycan Demokratik Respublikası mövcud
olmuşdur və onun yaranması tarixi hər il Azərbaycanın
milli günü kimi qeyd olunur. Biz bir neçə
gün əvvəl Beynəlxalq Qadınlar Gününü
qeyd etdiyimizə görə onu da xatırlatmaq istərdim ki,
Azərbaycan Demokratik Respublikası dünyada qadınlara səsvermə
hüququnu verən ilk ölkələrdən olmuşdur.
Əslində
xalqlarımız arasındakı əlaqələrin tarixi 25
illik diplomatik münasibətlərdən daha qədimdir. Bizim ölkələri
birinci növbədə ticarət əlaqələri
yaxınlaşdırmışdır. Bu əlaqələrin
ilk izlərinə IX və X əsrlərdən başlayaraq Azərbaycandan
keçən tarixi İpək Yolunda rast gəlmək olar.
XIII əsrdən isə bu yolu fransız səyyahları
da keçməyə başlamışlar.
Daha sonra Fransanın qədim
tarixə malik olan şərqşünaslıq ənənəsi
bizi mədəniyyət sahəsində də
yaxınlaşdırmışdır. Bartelemi Derblo
1700-cü ildə işıq üzü görmüş məşhur
“Şərq kitabxanası” əsərində sizin ədəbiyyatınızı
ilk dəfə olaraq ölkəmizə
tanıtmışdır. Amma ölkənizi
fransızlara ən çox tanıdan 1858-1859-cu illərdə
Qafqaza səfər etmiş və öz əsərində
Bakını təsvir edən Aleksandr Düma olmuşdur.
Artıq o vaxtdan ölkələrimiz arasında
möhkəm əlaqələr qurulmuşdur və mən
münasibətlərimizin istisnasız hər bir mövzuya
toxunmağa imkan verən səmimiliyini və
açıqlığını çox qiymətləndirirəm.
Cənab Prezident, Sizin ölkənizin
əməkdaşlıq əlaqələrini şaxələndirmək,
müstəqilliyini möhkəmləndirmək kimi
böyük bir məqsədiniz var. Biz Azərbaycan və
Avropa İttifaqı arasında yeni müqavilə perspektivini məhz
bunu düşünərək dəstəklədik. Mən şadam ki, bununla bağlı
danışıqlar artıq bir ay əvvəl Brüsseldə
Sizin iştirakınızla başlamışdır. Arzu edirəm ki, bu danışıqlar tez bir zamanda
uğurla nəticələnsin. Fransa
karbohidrogenlər sahəsində sizin əsas müştərilərinizdən
biridir. Bu baxımdan mən Total və SOCAR arasında
Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən
bəri davam edən əməkdaşlığı
alqışlayıram.
Cənab Prezident, hörmətli
birinci xanım, Fransanın bir çox şirkətləri
Sizin ölkənin nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik,
şəhərsalma və kənd təsərrüfatı sahələrində
öz təcrübələri və bacarıqları ilə
bölüşməyə hazırdırlar. Bildiyimə
görə, Fransaya səfəriniz çərçivəsində
Siz onların bir çoxu ilə artıq
görüşmüsünüz və Sizin
iştirakınızla bir çox müqavilələr
imzalanmışdır.
Cənab Prezident, mən Sizin ölkənizə səfər etmişəm.
Biz 2016-cı ilin sentyabr ayında açılan
Azərbaycan-Fransız Universitetinin uğurundan qürur hissi
duyuruq. Universitetin artıq 150 tələbəsi
var. Mən Sizə bu layihənin reallaşmasına verdiyiniz
şəxsi dəstəyinizə görə təşəkkür
etmək istərdim. Bu, təhsilə və ölkənizdə
50 minə yaxın şagirdə tədris edilən və
3-cü xarici dil olan fransız dilinin geniş yayılmasına
Sizin verdiyiniz əhəmiyyəti bir daha
göstərir.
Mən, həmçinin
Fransanın və Azərbaycanın regionlarıarasında
sayı get-gedə artan əməkdaşlıq
proqramlarında iştirak edən rayon icra
başçılarını və deputatları da
alqışlamaq istərdim.
Mən nitqimi sülhün və
sabitliyin vacibliyini qeyd edərək bitirmək istərdim. Dağlıq
Qarabağ münaqişəsinin həlli yollarının
tapılmasında irəliləmək vaxtı çoxdan çatmışdır.
Danışıqlar artıq 23 ildir ki, davam edir
və tərəflər heç bir həlledici nəticəyə
gəlməmişlər. Status-kvodan pis bir
şey yoxdur. 2016-cı ilin aprelində və
bir neçə həftə bundan əvvəl baş verən
toqquşmalar aydın göstərir ki, bu münaqişə
heç vaxt tam dayanmamışdır.
Siz Fransanın ATƏT-in
Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri
ilə birlikdə çıxış yolunun
tapılmasına nə qədər səy göstərdiyini
bilirsiniz. Bir
neçə gün əvvəl Parisə səfər edən
prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm:
Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa
öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək.
Bu səylər hərbi yola əl atmamaq,
dövlətlərin ərazi bütövlüyünün
qorunması və öz müqəddəratını təyin
etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs
göstərməyə hazırdır.
Cənab Prezident, Sizin Parisə bu səfəriniz
bizim üçün uzunmüddətli münasibətlərimizdə
yeni bir mərhələnin başlanğıcıdır. Fransa Azərbaycan üçün hər zaman
mübadilələrimizi, xüsusilə də insan
hüquqları sahəsində mübadilələri
artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin
olması naminə birgə işləmək istəyən
açıq və səmimi bir tərəfdaş olaraq
qalacaqdır.
Prezident İlham
Əliyevin çıxışı
-Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Cənab Prezident, ilk növbədə
məni Fransaya rəsmi səfərə dəvət
etdiyinizə, eləcə də səfər
zamanı mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə görə Sizə
minnətdarlığımı bildirirəm.
Məmnunluqla qeyd etmək istəyirəm
ki, Azərbaycan ilə Fransa arasında siyasi əlaqələr
yüksək səviyyədədir. Qarşılıqlı
səfərlərimiz artıq ənənəyə
çevrilmişdir. Mən Azərbaycan
Respublikasının Prezidenti kimi Fransada dəfələrlə
səfərdə olmuşam. Siz, cənab
Prezident, iki dəfə Bakıda səfərdə olmusunuz.
Qarşılılıqlı səfərlər
onu göstərir ki, Fransa-Azərbaycan əlaqələri
yüksək səviyyədədir. Aramızda
çox fəal siyasi dialoq aparılır. Fransa Respublikasına bugünkü səfərimizin
diplomatik münasibətlərimizin qurulmasının 25 illiyinə
təsadüf etməsindən olduqca məmnunam.
Fransa regionun ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə
ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi
torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı
7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti
aparılmış və bir milyondan çox
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO,
Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların
müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına
uyğun və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır. Status-kvo qəbuledilməzdir.
Fransa digər həmsədrlər kimi, bu barədə
dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl
qoymur və öz işğalçı siyasətindən əl
çəkmir. Dağlıq Qarabağ əzəli
və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin
ərazi bütövlüyü danışıqlar mövzusu
ola bilməz.
Azərbaycan ilə Fransa
arasında iqtisadi əlaqələr sürətlə
inkişaf edir.
Fransa şirkətləri bu günədək Azərbaycanda
energetika, aviasiya, kosmik sənaye, nəqliyyat, su təchizatı,
kənd təsərrüfatı və digər sahələrdə
təxminən iki milyard ABŞ dolları dəyərində
27 layihədə podratçı kimi iştirak etmişlər.
Enerji sahəsində əməkdaşlıq
iqtisadi münasibətlərimizin əsas istiqamətlərindən
biridir. Fransa şirkətləri Azərbaycanın
neft-qaz sektorunda həyata keçirilən layihələrdə
iştirak edirlər. Azərbaycanın təşəbbüsü
ilə uğurla icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi
üçün böyük əhəmiyyət kəsb edir.
Humanitar sahədə də əməkdaşlığımız
çox genişdir. Fransız dili uzun illərdir Azərbaycanda
tədris olunur. Azərbaycanın 338 məktəbində
50 minə yaxın şagird fransız dilini öyrənir.
Azərbaycanın yeddi ali təhsil müəssisəsində
fransız dili tədris edilir. Bakı Slavyan Universitetində
Viktor Hüqo adına Fransız Dili və
Ədəbiyyatı Mərkəzi, Azərbaycan Dillər
Universitetində Fransa Mərkəzi
yaradılmışdır. Üç il əvvəl
biz Bakı Fransız Liseyini yaratdıq. Cənab Prezident, Sizinlə
bu liseyin açılışında iştirak etmişik.
Ötən il isə Azərbaycan-Fransız
Universiteti fəaliyyətə başladı. Artıq
bir neçə ildir ki, Fransada da Azərbaycan dili tədris
olunmağa başlayıb. Eyni zamanda, mədəniyyət
sahəsində də uğurlu əməkdaşlıq
aparılır.
Fransa ilə Azərbaycanın
regionları arasında da əməkdaşlıq inkişaf
edir. Azərbaycanın 14 şəhəri ilə
Fransanın 12 şəhəri və 1 vilayəti arasında
müvafiq sənədlər imzalanmışdır.
Hörmətli cənab
Prezident, dəvətə və göstərdiyiniz yüksək
qonaqpərvərliyə görə bir daha minnətdarlığımı
bildirir, Sizə cansağlığı, ölkənizə və
xalqınıza daim inkişaf və tərəqqi
arzulayıram.
Azərbaycan.-
2017.- 16 mart.- S.1, 2.