Bakıda “İslam həmrəyliyi - zamanın
çağırışı” mövzusunda keçirilən
beynəlxalq konfransda mühüm məsələlər
müzakirə olunub
Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra “Azərbaycanda multikulturalizm dəyərləri” filmi nümayiş olundu.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Birinci bölmə iclasının moderatoru Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir.
Əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycanın bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biri olduğunu deyən A.Paşazadə bildirib ki, ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır.
“Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda, şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır”, - deyə A.Paşazadə əlavə edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin xalqımızın milli, dini və tarixi irsinə yüksək diqqət və qayğısı sayəsində ölkəmiz humanitar və mədəniyyətlərarası dialoq məkanına çevrilib.
“İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir”, - deyə Şeyxülislam vurğulayıb.
Şeyxülislam A.Paşazadə Azərbaycanda dini-mənəvi irsin elmlə dinin vəhdəti zəminində inkişaf etdiyini, ölkəmizdə İslami maarifləndirmə işlərinə böyük önəm verildiyini diqqət çatdırıb. Bildirib ki, İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən dövlətimizin başçısı İlham Əliyev müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində yorulmaz səy göstərir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi Azərbaycanın sərgisinin təşkili bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi də buna bariz nümunədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan QMİ sədri deyib ki, uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. “Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada bütün münaqişələrin ədalətli, sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması zəruridir”, - deyə A.Paşazadə bildirib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də səyləri ilə dünyaya nümunə göstərdiyini vurğulayaraq deyib: “Dinlərarası və mədəniyyətlərarası dialoq və əməkdaşlığa önəmli töhfələr vermiş Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik dönəmi də xalqımız və dövlətimiz üçün xeyirlərə vəsilə, dövlətimizin qlobal əhəmiyyətli məsələlərin həllinə töhfəsinin artmasına səbəb olacaqdır, İnşallah”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. (Məktub qəzetin bugünkü nömrəsində dərc olunur).
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “İslam həmrəyliyinin Azərbaycan modeli və onun elmi-praktiki inkişaf perspektivləri” mövzusunda çıxış edərək İslam dininin elmə, elm öyrənməyə yüksək münasibətindən danışıb. İslam dininin bəşəriyyətə verdiyi töhfələrdən, dünyəvi elm sahələrində əldə olunan uğurlardan söz açan A.Əlizadə qeyd edib ki, çağdaş Avropa elminin bünövrəsini məhz orta əsrlər İslam elmi təşkil edir. Akademik Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox müdrik qərar olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, beynəlxalq miqyasda sülhə, əmin-amanlığa nail olmaq, müxtəlif yönümlü münaqişələri aradan qaldırmaq, milli, dini, irqi zəmində nifrət və qarşıdurmalara son qoymaq, bəşəriyyətin üzləşdiyi sosial, iqtisadi, ekoloji, demoqrafik və s. problemləri həll etmək üçün bu çağırışlara vaxtında cavab olduqca vacibdir.
Komitə sədri qeyd edib ki, dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür.
M.Qurbanlı bildirib ki, bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müstəqil ölkəmizin müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Milli-mənəvi dəyərlərin qorunması, tolerant və multikultural dəyərlərin təbliği sahəsində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin də xüsusi rolu var.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı bir mesajdır. Nazir müasir dövrdə müsəlman dünyasında baş verən siyasi proseslərə, hərbi münaqişələrə, demoqrafik böhrana, Qərbdə artan islamofobiya meyillərinə toxunaraq vurğulayıb ki, bütün bunlar mədəniyyət amilinin əhəmiyyətini artırır. Bu problemlərin həlli yolları mədəniyyət vasitəsilə axtarılmalıdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək deyib ki, xalqımız hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla İslamın demokratiyanı heç də inkar etmədiyini göstərdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev İslam dəyərlərinin dirçəlməsinə hərtərəfli qayğı göstərib və bu siyasətin davamı kimi, Prezident İlham Əliyev bu sahəyə dəyərli töhfələr verir.
Nazir müavini, həmçinin ölkəmizdə müxtəlif dinlərin dəyərlərinin qorunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Bakı İslam tədbirlərinin tez-tez keçirildiyi məkana çevrilib. Roma Papasının Azərbaycana ötən il etdiyi səfər də ölkəmizin multikulturalizm dəyərlərinə verilən qiymətdir. İslam dininin humanizmi və böyük mənəvi dəyərləri özündə birləşdirdiyini deyən X.Xələfov Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın multikulturalizmə verdiyi xüsusi töhfələrdən danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan X.Xələfov bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə münasibətdə həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda İslam həmrəyliyinin nümayiş olunmasının əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin baş katibi Mahmud Erol Kılıç çıxış edərək bugünkü dünyada İslam dininin əsl mahiyyətinin dəyişdirildiyini, səhv cərəyanların meydana gəldiyini təəssüf hissi ilə qeyd etdi. Terrorizmə və ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi vacibdir. Biz ənənəvi İslam anlayışının bütün İslam dünyasına yenidən sirayət etməsini arzu edir, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyirik.
İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottəki vurğulayıb ki, İslam dini sülh dinidir, terrorizmdən çox uzaqdır. Hazırda dünya İslam adı altında bir sıra terror fəaliyyətləri ilə üzləşir. “Biz real, birgəyaşayışı təbliğ edən İslamı dünya birliyinə nümayiş etdirməliyik. İslam başqa dinləri birgəyaşayışa dəvət edir. Dinlərarası dialoq bütün dinlər üçün dəvətdir. Bu gün İslama real dəstək verənlərə böyük ehtiyac var”.
Bu gün dünyada dini, irqi, etnik, milli zəminlərdə münaqişələrin baş verdiyini deyən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva vurğulayıb ki, bu cür hadisələr və mövcud radikal meyillər multikulturalizmə, müxtəlif dinlərə və mədəniyyətlərə etiqad edən insanların tolerant və dinc yaşamaq prinsipinə qarşı təhdidə çevrilib. “Bu gün bizi narahat edən əsas vacib məqamlardan biri dünyada islamofobiya meyillərinin meydana gəlməsidir. Belə ki, İslam dini qeyri-tolerant, radikalizmin təbliğatçısı kimi iddia edilir, terrorla eyni müstəvidə tutulur, Qərb dünyasında müsəlmanlara qarşı düşmən münasibət sürətlə formalaşmaqdadır. Bu, özünü son illərdə həm siyasi, həm də sosial münasibətlərdə daha qabarıq şəkildə göstərməkdədir. Bu cür yanaşma çox yanlışdır, çünki İslam özlüyündə mərhəmət və tolerantlıq daşıyır, yüksək mənəvi dəyərləri təbliğ edir”, - deyə G.Əfəndiyeva əlavə edib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını fərqləndirən cəhətlərdən biri də digər mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant olmaqdır. Bu cür təfəkkürə, dünyagörüşünə, əxlaqa sahib olmağımızın şübhəsiz ki, yaşadığımız ərazinin Şərq ilə Qərb arasında mədəni və coğrafi baxımdan körpü rolu oynamasından irəli gəlir. Azərbaycan cəmiyyəti haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir və ölkə ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını, o cümlədən etnik, mədəni, dini dəyərlərinin qorunmasını əsas insan hüquq və azadlıqları kontekstində görür. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, irqindən asılı olmayaraq ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bu gün dünyada münaqişələrin, qarşıdurmaların, iqtisadi böhranın hökm sürdüyünün təəssüf doğurduğunu vurğuladı. Belə bir anda bu cür tədbirlərin keçirilməsinin həmrəyliyin təbliği istiqamətində mühüm addım olduğunu dedi. F.Heydərov, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışdı. O, konfransda iştirak edən ölkələrin nümayəndələrini Ermənistanın rəhbərliyinə təsir göstərməyə çağırdı.
Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasına çağırış olduğunu bildirib. İslam ölkələrinin həmrəyliyi insani münasibətlərin qurulması üçün çox mühüm amildir və bu, cəmiyyətdə multikulturalizmi və sabitliyi təmin edir. Hazırda İslam bəzi dairələrin əllərində alətə çevrilib və onlar dindən öz məkrli niyyətlərini yerinə yetirmək üçün istifadə edirlər. Müasir dünyada baş verən təhdidlərin qarşısının alınması qarşımızda duran əsas vəzifələrdən biridir.
Moskva Patriarxatının xarici kilsə əlaqələri şöbəsi sədrinin müavini Arximandrit Filaret çıxış edərək bildirib ki, ənənəvi dinlər ümumi çağırışlar və ekstremizmlə üzləşir. Bu ciddi çağırışları yalnız birgə səylərlə aradan götürmək olar. Heç bir din insanları öldürməyi təbliğ etmir. Dünyada müxtəlif dinlərin harmonik şəkildə yaşaması üçün Azərbaycan ən yaxşı nümunədir.
Sonra Novqorod və Starorus Mitropoliti Lev Moskva və Bütün Rusiya Patriarxı Kirillin, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndəsi Yepiskop Dmitriy Kapanadze isə Patriarx II İliyanın konfrans iştirakçılarına məktublarını oxudular.
Məktublarda deyilir ki, Azərbaycan müxtəlif dinlərin və millətlərin dinc şəraitdə birgə yaşadığı ölkədir. Əminik ki, dünyada sülh və əmin-amanlıq tezliklə bərqərar olunacaq.
İkinci bölmə iclası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın sədri Mübariz Qurbanlının moderatorluğu ilə keçib.
Konfransın əhəmiyyətindən danışan Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan İslamın türk ölkələri arasında yayıldığı ilk ərazilərdəndir.
Azərbaycan alimlərinin müsəlman intibahının formalaşmasında böyük rol oynadıqlarını vurğulayan Y.Mahmudov deyib: “Biz vaxtilə İslam dəyərlərini çox çətin vəziyyətdə qoruyub saxlamışıq. Müsəlman olduğumuzdan bizə qarşı dəhşətli soyqırımları həyata keçirilib. Biz bu gün qürur hissi keçiririk ki, müstəqilliyimizin 25 ilində İslami dəyərlərə sahib çıxıldı, abidələrimiz bərpa olundu. Bu işlərdə Prezident İlham Əliyevin böyük rolu var. Azərbaycan ərazisində bütün səmavi dinlərin qorunub saxlanılmasında Azərbaycan xalqı mühüm rol oynayır. Gəlin, Azərbaycan nümunəsini öyrənək və dünyada tətbiq edək”.
“Biz terrorun İslamla əlaqələndirilməsinin
əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları
var. Amma açıq-aşkar islamofobiya meyilləri yeridilir. Dünya bizim işğal
olunmuş ərazilərimizdə məhv edilən abidələr
və məscidlərin taleyi ilə maraqlanmır”,- deyən Tarix İnstitutunun direktoru
vurğulayıb ki, İslam dünyası, dünyanın
bütün səmavi dinlərinin nümayəndələri vəhşiliyə
qarşı birləşməlidir.
Qırğız
Respublikası Prezident Aparatının etnik, dini siyasət və
vətəndaş cəmiyyəti ilə əlaqələr
şöbəsinin eksperti Kubanıçbek Abakirov ölkəsində
İslami dəyərlərin qorunması istiqamətində
görülən işlərdən söz açıb. O, Qərb ilə Şərq
dünyası arasında ziddiyyətlərin kəskinləşdiyi
və İslama qarşı təhdidlərin
artdığı indiki qarışıq zamanda İslam həmrəyliyinin
aktuallıq kəsb etdiyini diqqətə çatdırıb və
konfransın yüksək səviyyədə təşkilinə
görə Azərbaycanın dövlət rəhbərliyinə
minnətdarlığını bildirib.
Qafqaz Müsəlmanları İdarəsi
Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev
isə bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin
nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman
ölkələri arasında vəhdət, İslam həmrəyliyi
proseslərində öndə getməyə qadirdir. Müasir Azərbaycan dövlətçiliyinin
banisi, İslam dəyərlərinə yüksək qiymət
verən ümummilli lider Heydər Əliyevin xilaskar azərbaycançılıq
məfkurəsinin təməlində də milli birlik, dünyəvilik,
müasirliklə yanaşı, dini dəyərlərə
sadiqlik, mənəvi vəhdət, İslami həmrəylik durur.
Akademik qeyd edib ki, dövlətimizin
başçısının elan etdiyi həm Multikulturalizm, həm
də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin
dünyada gedən proseslərə özəl, dəyərli
töhfəsidir. Multikulturalizm ümumbəşəri
sərvət, İslam həmrəyliyi isə onun tərkib
hissəsidir. Azərbaycanda dini-mənəvi
irsimiz elmlə dinin vəhdəti zəminində inkişaf
edir, İslami maarifləndirmə işlərinə
böyük önəm verilir.
AMEA Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə
bildirib ki, həmrəylik İslam ölkələrinə hava
və su kimi lazımdır. Dünya mediasında
İslamı gözdənsalma kampaniyasının getdiyini və
İslam dünyası, İslam dini haqqında
aşağılayıcı fikirlər səsləndirildiyini,
mənfi rəy formalaşdırıldığını deyən
G.Baxşəliyeva vurğulayıb ki, məhz bu kampaniyalara
qarşı həmrəylik nümayiş etdirilməlidir.
İslam dünyasının media rəhbərləri
daha səmərəli fəaliyyətlə bağlı vahid
platforma hazırlamalıdır.
Şərqşünaslıq
İnstitutunun direktoru qeyd edib ki, müasir dünyamızda ən
böyük problemlərdən biri terrorizmdir. Çox təəssüf
ki, müasir dünyanın siyasətçiləri, beyin mərkəzləri
bu məsələdə günahkar kimi İslamın
adını hallandırmağa çalışırlar.
Ancaq İslam əslində terrora qarşı
olan dindir.
Ukrayna Müsəlmanları
Ruhani İdarəsinin sədri Müfti Əhməd Təmim isə
İslami dəyərlərin düzgün təbliğ edilməsinin
vacibliyini, eləcə də dinin siyasiləşdirilməsinin
yolverilməz olduğunu bildirib. O, eyni zamanda, İslami dəyərlərə
sosial şəbəkələrin vurduğu ziyanlardan da
danışıb.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov
rəhbərlik etdiyi qurumun yaranma tarixindən və fəaliyyətindən
söz açıb. O, Azərbaycanda irqindən, dinindən, milli mənsubiyyətində,
sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların
dostluq və qardaşlıq şəraitində
yaşadıqlarını deyib. A.Məmmədov
vurğulayıb ki, multikulturalizm və tolerantlıq ölkəmizdə
həm dövlət siyasəti, həm də həyat tərzidir.
Azərbaycanda ənənə halı
almış tolerant və multikultural mühit bütün
dünyada ən müasir və mütərəqqi cəmiyyət
modeli kimi qəbul edilir.
Azərbaycandakı Alban-Udi
İcmasının rəhbəri Robert Mobili və Belarus
müsəlmanlarının baş müftisi Əbubəkir
Şabonoviç konfransın əhəmiyyətini
vurğulayaraq müsəlman ölkələri arasında elm,
mədəniyyət sahələri üzrə həmrəyliyin
daha da gücləndirilməsinin vacibliyini bildiriblər.
AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəylinin moderatoru olduğu
üçüncü bölmə iclasında Beynəlxalq
İslam Missiyası Dini Təşkilatının sədri
Şafiq Pşixaçev rəhbərlik etdiyi qurumun
multikulturalizmin inkişafı istiqamətində fəaliyyəti
barədə məlumat verdi. Qeyd etdi ki, dünya üzrə terrorizmin, vandalizmin
qarşısının alınması üçün
atılan addımlara ilk növbədə gənclərdən
başlamaq lazımdır. Gənclər
arasında bu istiqamətdə aparılan təbliğat
işləri böyük əhəmiyyət kəsb edir.
Bu konfransda iştirakından məmnun
qaldığını bildirən Ş.Pşixaçev Azərbaycanda
mövcud hökm sürən multikultural mühitdən
danışıb. Bildirib ki, Azərbaycanda
müxtəlif dinlərin nümayəndələri
qardaşlıq şəraitində yaşayırlar və bu
münasibətlər bütün dünya üçün
bir örnəkdir.
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu
Aleksandr tədbirin əhəmiyyətindən
danışıb. İslam həmrəyliyinin önəmindən
söhbət açan Arxiyepiskop bunun həm də müxtəlif
dinlərdən olan insanların öz aralarında əməkdaşlığı
demək olduğunu vurğulayıb. “Dini
ekstremizm”, “dini terrorizm” terminləri səhvdir. Bunu anlamaq üçün müxtəlif mənfi
qüvvələrin dindən öz çirkin əməllərində
istifadə etmələrinin səbəblərini
araşdırmaq vacibdir. İndi bəşəriyyət
yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə həmrəylik,
plüralizm, dialoq mühüm amillərdir.
Tacikistan Milli
Akademiyasının akademiki Karamatullo Olimov bildirib ki, İslam həmrəyliyi
yalnız İslam ölkələrinin həmrəyliyi demək
deyil. Bu, dinindən asılı olmayaraq bütün
dünya əhalisinin dostluq, qardaşlıq və multikultural
şəraitdə yaşamasına bir növ
çağırışdır. Müxtəlif
dinlərin nümayəndələrinin bir arada
qardaşlıq şəraitində yaşadığı Azərbaycanın
multikulturalizm modeli bunun bariz nümunəsidir. Bu yaşayış tərzinə bütün
dünyada uşaqların ailə ilə yanaşı, məktəbdə
də dini tərbiyəsinə geniş yer verilməsi ilə
başlamaq mümkündür. İnsanlar
uşaq yaşlarından öz dinlərinin qayda-qanunlarına
alışmalı, bu istiqamətdə hələ erkən
yaşlarından etibarən dərindən maarifləndirilməlidirlər.
Azərbaycandakı Katolik
İcmasının rəhbəri Vladimir Fekete bu konfransı
dünyada sülhün, əmin-amanlığın bərpası
istiqamətində atılan addım kimi qiymətləndirib. Bildirilib ki,
bunun üçün insanı ilk növbədə insan olaraq
görmək lazımdır. Bir insanla
münasibət qurarkən milli mənsubiyyət, din, irq əsas
rol oynamamalıdır. İnsanlar
arasında qarşılıqlı hörmət və əməkdaşlıq
vacibdir. Biz insanlar dünya
sivilizasiyasını qorumaq istiqamətində mühüm
addımlar atmalıyıq. Bəşəriyyətin
gələcəyi mədəniyyətlərin
qarşılıqlı dialoqundan asılıdır.
Azərbaycandakı Dağ Yəhudiləri
dini icmasının rəhbəri Milix Yevdayev bildirib ki, bu
gün bütün dünyada İslam dininə müxtəlif
şərlər atılır və dünyanı islamofobiya
ilə lərzəyə salırlar. Bu, çox səhv
yanaşmadır. Bütün səmavi dinlər
kimi, İslam da əmin-amanlıq, sülh, qardaşlıq və
mehribanlıq dinidir. Məhz bu səbəbə
görə bir çoxları İslam dininin sürətlə
inkişafından qorxurlar.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədr müavini
Gündüz İsmayılov deyib ki, İslam həmrəyliyi
irqindən, dinindən, milli mənsubiyyətindən
asılı olmayaraq insanları birliyə səsləyir. Bu birlik bir
növ terrorizmə, vandalizmə, cinayətlərə,
qadına qarşı şiddətə “yox” deməkdir. Bizim anlayışımıza görə cənnət
anaların, qadınların ayaqları altındadır. İslam həmrəyliyi bilikli, savadlı
insanların birliyidir. Bu, həm də elmin
və təhsilin birliyidir. İslam həmrəyliyinin
Azərbaycan modeli dedikdə ölkəmizdəki multikultural dəyərlərin
məcmusu nəzərdə tutulur. Azərbaycan
əhalisinin 96 faizi müsəlmandır. Lakin
əsrlər boyu bu məmləkətdə müxtəlif dinlərin
nümayəndələri dostluq, anlaşma şəraitində
yaşayıb, bu gün də yaşayır və bundan sonra
da yaşayacaqlar. Ölkəmizdə
heç zaman dini qarşıdurma baş verməyib. Multikulturalizmin Azərbaycan modeli budur. Bu, bizim gələcəyi işıqlı görmək
istiqamətində əsrlər boyu atdığımız
addım, yaratdığımız modeldir.
Bölmə iclasının
moderatoru akademik İsa Həbibbəyli konfransın əhəmiyyətini
vurğulayıb. Akademik deyib ki, bu konfransda dinlənilən məruzələr,
aparılan müzakirələr, müxtəlif ölkələrdən
olan nümayəndələrin dialoqu bir daha sübut etdi ki,
planetimizin həm dinlərarası, həm də beynəlxalq
münasibətlərdə həmrəyliyə sözün əsl
mənasında böyük ehtiyacı var. Dünyanı
İslam həmrəyliyinə səsləyən Azərbaycan
bu konfransın da yekun müddəası kimi
bütövlükdə planetimizi həmrəyliyə, birliyə
və mehribanlığa çağırır. Bu konfransda vurğulanan mühüm məsələlərdən
biri də o oldu ki, müxtəlif ölkələrin dövlət-din
məsələlərinin tənzimlənməsi
üçün Azərbaycan bir modeldir. Belə
ki, Azərbaycanda dövlət və din münasibətləri
yüksək səviyyədə tənzimlənir. Ölkəmizdə müxtəlif dinlərin dialoqu,
həmrəyliyi və harmoniyası sözün əsl mənasında
günümüzün reallığına çevrilib.
Sonra Qafqaz Müsəlmanları
İdarəsi sədrinin müavini Qəmərxanım Cavadova
beynəlxalq konfransın iştirakçılarının Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür
məktubunu oxudu.
Daha sonra beynəlxalq
konfransın dünya ictimaiyyətinə müraciəti qəbul
olundu.
Bununla da “İslam həmrəyliyi
- zamanın çağırışı” beynəlxalq
konfransı işini başa çatdırdı.
X X X
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin iqamətgahında beynəlxalq konfransda
iştirak edən qonaqların şərəfinə ziyafət
verilib.
Azərbaycan.- 2017.- 16 mart.- S. 5.