I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində elmi-praktik konfrans keçirilib

 

Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Dünya Su Şurası və “Azərsu” ASC-nin nümayəndə heyətləri martın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransdan əvvəl qonaqlar Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş foto və rəsm sərgilərinə baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, elmi-praktik konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Əli Əsədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmi-praktik konfransın iştirakçılarına müraciətini oxudu (müraciət qəzetin bugünkü nömrəsində dərc olunub).

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, tarixi ənənələrə malik Azərbaycanda ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri XVIII əsrdə yaradılıb. O dövrlər Bakı şəhərini içməli su ilə təmin etmək üçün bir neçə su kəməri çəkilib. 1898-ci ildə Bakıda məhsuldarlığı sutkada 1100 kubmetr olan dəniz suyunu duzsuzlaşdıran qurğu istifadəyə verilib, 1908-ci ildə isə Amerikanın Kuel firmasının su süzgəcləri quraşdırılıb. 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında Şollar mənbəyindən Bakıya ilk magistral su kəməri çəkilib. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dünyanın unikal qurğularından sayılan Şollar-Bakı su qurğuları kompleksi 100 il əvvəl, 1917-ci ilin bu günlərində istismara verilib. Bu qurğu Azərbaycanın su təsərrüfatı sektorunda ilk iri infrastruktur layihəsi kimi tarixə düşüb. Bu gün işinə başlayan “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans məhz həmin qurğuların 100 illik yubileyinə həsr olunub.

Q.Hüseynov qeyd edib ki, Azərbaycanda su təchizatı sahəsində ən böyük işlər böyük siyasi xadim, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı Ümummilli Liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su təchizatı sistemlərinin tikintisi sayəsində həll edilib. XX əsrin sonlarında Bakıda əhalinin artımı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün böyük bir hissəsinin paytaxta pənah gətirməsi su təchizatı məsələsinin aktuallığını artırıb.

“10 il əvvəl - 2007-ci ilin mart ayında Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı Su Kəmərinin təməli qoyulub, 262,5 kilometr uzunluğunda kəmərin tikintisi 2010-cu ildə başa çatdırılıb. Bu kəmər Azərbaycanın müstəqillik illərində həyata keçirilmiş ən böyük yerli infrastruktur layihəsi kimi tarixə düşüb. Paytaxt əhalisini keyfiyyətli içməli su ilə təmin etmək üçün məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi tikilib. Ən son texnologiya əsasında yaradılmış bu kompleks dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusudur. 2016-cı ildə Əbu-Dabidə keçirilmiş Qlobal Su Sammitində bu kompleks dünyanın ən önəmli su layihələrindən biri seçilib”, - deyə Q.Hüseynov vurğulayıb.

Dünya Su Şurası çərçivəsində yaradılmış Smart Qrupun üzvü olan “Azərsu” ASC-də yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laboratoriyası” adlandırdığımız tam modernləşdirilmiş startap sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir.

ASC sədri qeyd edib ki, “Aşağı axın” ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənmir və şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur. Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya Federasiyası ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İran İslam Respublikası ilə saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstan ilə ikitərəfli müqavilə üzərində iş aparılır.

Su resurslarının idarə edilməsi, ətraf mühit və ekologiya sahələrində Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan Kür-Araz çayları hövzəsində yerləşən ölkələr arasında transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişini də təsdiqləyib.

Ekologiya və ətraf mühitin qorunması sahəsində beynəlxalq təşkilatlar səviyyəsində görülən işlərə baxmayaraq təəssüf ki, Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur. Erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb və onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli “Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri” adlı Qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyulması kimi tələblər yer alıb. Həmin sənəddə 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına istinad olunaraq Ermənistanın hərəkətlərinin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratdığı vurğulanıb. Beynəlxalq təşkilatlar Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və Sərsəng su anbarının resurslarından siyasi təsir vasitəsi kimi istifadə olunmasına son qoyulmasını tələb edib. Bundan başqa Ermənistanın istismar müddətini başa vurmuş “Metsamor” Atom Elektrik Stansiyası regionda ekoloji sabitliyin qorunmasına ciddi təhlükə yaradır.

Q.Hüseynov hər kəsi siyasi, irqi, dini və sosial mülahizələrdən uzaq, bəşəriyyətin ümumi maraqlarına xidmət edən, planetimizi qorumaq naminə ətraf mühit, ekologiya, təmiz su və sanitariya sahələrində birgə səylərə səsləyən ASC sədri Bakı Bəyannaməsini imzalamağa dəvət edib.

Dünya Su Şurasının sərdi Benedito Braqa bildirib ki, əksər dövlətlər su sahəsinin yaxşılaşdırılmasına ümumi gəlirlərinin 3-4 faizini ayırır. Ancaq bu məbləğ minimum 6-7 faiz olmalıdır. Azərbaycan isə bu sahəyə 10 faiz maliyyə ayırır. Bu möhtəşəm və nümunə götürüləsi haldır. Azərbaycan hökuməti suyun keyfiyyət və təhlükəsizliyinə xüsusi diqqət ayırır. Ancaq Azərbaycan və onun kimi su sahəsinə diqqət edən ölkələrin az olması gələcəyimiz üçün təhlükə yaradır, su böhranını yaxınlaşdırır. Xoş haldır ki, bizim dünyaya Azərbaycan kimi nümunə göstərəcək ölkələrimiz var.

B.Braqa qeyd edib ki, su təchizatının yaxşılaşdırılması üçün hər ölkədə bununla bağlı qurumlar və onların çalışdığı mütəxəssislər olmalıdır. Burada bir sıra məsələlər var: Ətraf mühitin qorunması, əhalinin artımı və iqlim dəyişikliyinin nəzərə alınması. Bu cür məsələlərin müzakirəsi üçün Birinci Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən konfranslar və sessiyalar böyük əhəmiyyət kəsb edir.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Beynəlxalq Su Resursları Assosiasiyasının Prezidenti Patrik Lavard, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini Mixail Bolqov, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam etdirilib. “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında keçirilmiş bölmə iclaslarında məruzələr dinlənilib, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.- 2017.- 16 mart.- S.6.