Sürgün həyatı yaşayan ziyalı

 

Repressiya qurbanları

  

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən süquta uğradıqdan sonra istər dövlət, istər hökumət, istərsə də müxtəlif siyasi partiyalara məxsus şəxslərin əksəriyyəti həbs edildi, güllələndi, ya da sürgündə, qarlı-şaxtalı Sibir çöllərində vətənsiz, millətsiz dünyalarını dəyişdilər... Onlardan biri də XX əsrin əvvəllərində ictimai-siyasi fəallığı ilə seçilən, “İttihad” partiyasının rəhbəri, Xalq Cümhuriyyəti Parlamentinin üzvü, xeyriyyəçi-həkim, publisist, dilçi-lüğətçi, naşir Qarabəy Qarabəyovdur.

Q.Qarabəyov 1874-cü il yanvarın 14-də Yelizavetpol qəzasının Şəmkir mahalı, Zəyəm nahiyəsinin Yuxarı Ayıblı (indi Şiştəpə) kəndində İsmayıl bəyin ailəsində dünyaya göz açıb. Beş uşaq olublar, iki qardaşı - Əli ağa və Cəfər ağa, iki bacısı - Nabat və Gövhər xanım. Atası İsmayıl bəy bolşeviklər Azərbaycanı işğal edənə kimi Aşağı Ayıblı kəndinin bəyi olmuşdur. Eldə-obada İsmayıl bəyə hamı Böyük ağa deyə müraciət edirdi. Bölgənin nüfuzlu bəylərindən olan Böyük ağa 1920-ci il Gəncə üsyanında qəhrəmancasına şəhid olub. Qarabəyin anası Şeyda xanım o zaman Azərbaycanda ən çox torpaq sahəsi olan Allahyar bəy Zülqədərovun bacısı idi.

İlk təhsilini Yuxarı Ayıblıdan təxminən 9 km aralı Aninno (Şəmkir) alman-rus liseyində alan Qarabəy dərslərinə ciddi hazırlaşır, rusalman dillərində sərbəst danışırdı. Atası Böyük ağa, anası Şeyda xanım övladlarının gələcəyinə böyük ümid bəsləyirdilər. Ailədə hamı balaca Qarabəyin böyüyəndə həkim olması istəyində idi.

Liseyi əla qiymətlərlə bitirən oğlundan qürurlanan Böyük ağa 1886-cı ildə on iki yaşlı Qarabəyi təhsilini davam etdirmək üçün Tiflisə aparır, tibb təhsili verən klassik gimnaziyaya qoyur. Qarabəy dərslərinə yaxşı hazırlaşmaqla yanaşı, Qafqazın qədim mədəniyyət mərkəzi kimi tanınan Tiflisin şəhər həyatına, xüsusilə də ictimai-siyasi hadisələrə böyük maraq göstərir. Anası ilə ayda bir dəfə oğluna baş çəkməyə gələn atasının hər dəfə görüşün sonunda: “Bura şəhər yeridir, oğul, özünü yaxşı apar, hər deyilənə qulaq asma, bütün fikrin-zikrin dərslərində olsun” - deməsi onun hər hansı bir hadisəyə bir az çox maraq göstərəndə qulağında səslənirdi. Dərhal əlini kitaba uzadıb sabaha hazırlaşdığı dərslərini təkrarlamağa başlayırdı...

Qarabəy gimnaziyanın son sinfində olanda ailə Bakıya köçür - Marinski (Rəsul Rza) küçəsi ilə kəsişən yerdə, Malakan (Xaqani) küçəsi 1 ünvanda məskunlaşır. Odur ki, 1892-ci ildə gimnaziyanı əla qiymətlərlə bitirən Qarabəy Bakıya ailəsinin yanına qayıdır. O, ali tibb təhsili almaq arzusu ilə lazımi kitablar oxuyur, əlavə ədəbiyyatlar mütaliə edir. 1893-cü ildə 19 yaşlı Qarabəy bu dəfə Rusiyaya gedir, Moskva Universitetinin tibb fakültəsinə daxil olur. Dörd il təhsil aldıqdan sonra 1896-cı ildə inqilabi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilir.

1897-ci ildə həbsdən azad olunduqdan sonra yaxınlarının tövsiyəsi ilə Estoniyaya gedir, Derpt (Tartu) Yuriyev Universitetinin alman dilli tibb fakültəsinə daxil olur. 1900-cü ildə universitetin əczaçı-həkim ixtisasını uğurla bitirərək Bakıya gəlir və rus-müsəlman məktəbində həkim işləyir.

1901-ci ilin yayında Qarabəy Qarabəyov Bakının məşhur milyonçularından olan Hacı Rzaqulu bəy Aşurbəyovun qızı Məsumə xanımla evlənir. Çox keçmir ki, gənc doktor yeni qohumlarının köməyi ilə Malakan bağının (sovet dönəmində 9 Yanvar bağı, indi Xəqani parkı) yaxınlığındakı binada şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklər üzrə kabinet açır, yeri gəldikcə kasıb və imkansızları pulsuz müalicə edir. O, burada həm də müsəlman-rus məktəbinin şagirdlərini təmənnasız müayinə edir, onlarla tibbə aid profilaktik söhbətlər aparır.

1905-ci il avqustun 15-də Nijni-Novqorodda müxtəlif bölgələri təmsil edən 150 nəfərin iştirakı ilə Oka çayında “Qustav Struve” gəmisində gizli keçirilən Rusiya müsəlmanlarının ilk qurultayında Qarabəy Qarabəyov da iştirak edir. Milli azadlıq ideyasının formalaşması məsələsinin həyata keçirilməsi Azərbaycanın da ictimai-siyasi həyatında yeni bir mərhələ idi. Qarabəyov bu qurultaydan irəli gələn vəzifələri özünün amalına çevirir və fəal siyasətə qoşulur. Lakin təşkilatın ömrü qısa olur, gizli fəaliyyətinə xitam verilir. Buna baxmayaraq doktor Qarabəyov mübarizəni davam etdirir, milli oyanışın daha açıq formada güclənməsinə, tərəfdaşlarının çoxalmasına çalışır.

1905-ci ilin sentyabrında Q.Qarabəyov Rusiyada iranlı fəhlələrin yaratdıqları sosial-demokrat yönümlüMücahid” (İctimaiyyune-amiyun”) partiyasının xətti ilə şah istibdadına, feodal özbaşınalığına, müstəmləkəçiliyə qarşı nümayişlərin alovlandığı İrana üz tutur. Lakin bir ay sonra geri qayıtmalı, mübarizəni Azərbaycanda davam etdirməli olur. Filologiya elmləri doktotu, professor Aydın Dadaşovun tədqiqatlarından məlum olur ki, həmin vaxt Q.Qarabəyovun siyasi fəallığı böyük mütəfəkkir Üzeyir bəy Hacıbəylinin də diqqətindən yayınmır. Üzeyir bəy “Həyat” qəzetinin 1905-ci il 23 noyabr tarixli nömrəsində “Bakıda müsəlman icması” adlı məqaləsində beş gün əvvəl “...cümə günü Qarabəy Qarabəyovun sədrliyi ilə Nəcəf bəy Vəzirovun, Əhməd bəy Ağayevin, Məhəmməd Həsən bəy Hacınskinin, Həsən bəy Ağayevin iştirakı ilə mitinq” keçirilməsini gündəmə gətirir.

1906-cı il 13-23 yanvar günlərində Peterburqda (indiki Sankt-Peterburq) 100 nəfərin iştirakı ilə keçirilən Rusiya müsəlmanlarının ikinci qurultayında (rəsmi dairələr qurultayın keçirilməsinə icazə verməmişdilər) Qarabəy Qarabəyov da iştirak edir, Dövlət Dumasına seçkilərin taktikası ilə yanaşı, vahid islam partiyasının nizamnaməsinin hazırlanmasına təkliflərini verir.

Çarizmin Bakı xəfiyyəçiləri və məmurları tərəfindən daim təqiblərə məruz qalan Qarabəy Qarabəyov çıxış yolunu mühacirətdə görür. 1908-ci ilin yayında İstanbula gedir, orada xüsusi mülk alır. Bakıya qayıdıb həyat yoldaşı Məsumə xanımı, fransız dilində sərbəst danışan qızları Tamara və Reyhanatı da özüylə götürüb İstanbula aparır. Dörd ilə yaxın orada həkim işləyir. 1910-cu ilin oktyabr-noyabr aylarında ailəsini İstanbulda qoyub gizli, xüsusi tapşırıqla, missiya rəhbəri kimi İrana gedir, islam inqilabının genişlənməsinə dəstək olur.

1911-ci ilin sentyabrında doktor Qarabəyov ailəsi ilə yenidən Bakıya dönür. Qayınatası Hacı Rzaqulu bəy Aşurbəyov kürəkəni Qarabəyov ailəsi üçün Vorontsov (sovetlər dönəmində Əzizbəyov, indi İslam Səfərli) küçəsi 17-də birmərtəbəli mülk alır. Qarabəyovun həyat yoldaşı Məsumə xanımın dayısı - inşaatçı mühəndis, şəhər dumasının üzvü, Bakı milyonerlər dumasının sədri Abbasqulu Rzayevin podratçılığı ilə birinci mərtəbə əsaslı təmir olunur, bu mülkə iki mərtəbə də əlavə olaraq tikilir. Ailə mülkün üçüncü mərtəbəsində yerləşir, ikinci mərtəbə kirayə verilir, birinci mərtəbə isə doktor Qarabəyovun yeri kimi müalicəxanaya çevrilir.

Qaynaqların verdiyi məlumata görə, mədəni-kütləvi tədbirlərdə fəallığı və zəngin biliyi ilə diqqət çəkən doktor Qarabəyov 1911-ci ildə “Nicat” cəmiyyətinin xətti ilə keçirilən M.F.Axundzadənin 100 illik yubiley komissiyasının sədri seçilir. Təntənəli mərasimdə məzmunlu nitq söyləyir. Bir neçə gün sonra jandarm idarəsinin orderi əsasında doktor Qarabəyovun mənzilində və müalicəxanasında axtarış aparılır. Yubiley tədbiri üçün hazırlanmış nitqin mətni müsadirə olunur.

1912-ci ildə Qarabəy Qarabəyov uzun illər üzərində işlədiyi “Türkcədən ruscaya mükəmməl lüğət” kitabını İsa bəy Aşurbəylinin mətbəəsində bir ildə iki dəfə nəşr etdirir. Az sonra elmi məqsədlər üçün ailəsi ilə birlikdə Almaniyaya köçür. İki il Berlində yaşayır. Birinci Dünya müharibəsi başlanan zaman ailəsini də götürüb Azərbaycana qayıdır. Bakı milyonçuları və müsəlman ruhanilərin təşkil etdiyiDikaya diviziya”nın tərkibində həkim kimi cəbhəyə getməyi qərara alır. O zaman Türkiyədə anlaşılmazlıq səbəbindən həbs edilərək Rusiyanın Arxangelsk vilayətindəki Solovki sürgün düşərgəsinə göndərilən və müəyyən müddətdən sonra doğma vətənə həddindən artıq xəstə və üzgün qayıdan şair Məhəmməd Hadini müalicə edib, ayağa qaldırır. Az sonra şair xeyirxahının tövsiyəsi ilə onunla cəbhəyə getməyə razılıq verir. Şiştəpə kəndinin sayılıb-seçilən ziyalılarından Şahbaz Qarayev deyir ki, ağsaqqallardan eşitmişəm: “...o zaman Böyük ağanın oğlu Qarabəy Qarabəyovun təhriki ilə kəndimizdən 12 nəfər say-seçmə cavan da könüllü olaraq “Vəhşi diviziyaya qatılıb”.

Həyat yoldaşı Məsumə xanımı və üç yaşlı oğlu Müzəffəri Bakıda qoyub cəbhəyə yollanan Qarabəy Qarabəyov üç ilə yaxın “Dikaya diviziya” adlı qoşun birləşmələrində baş həkim, şair Məhəmməd Hadi isə “alay axundukimi çalışır. Qarabəy 1917-ci il dekabr ayının əvvəllərində cəbhədən geri dönəndə oğlu Müzəffərin yeddi yaşında “Sibir xorası” xəstəliyindən ölməsi xəbərindən ağır stress keçirir. Buna baxmayaraq o, ictimai-siyasi fəaliyyətindən qalmır. Məramı Qafqazda islami dəyərlərə önəm verməklə yanaşı, dünyəvi dəyərlərə sahib çıxan çoxmillətli, lakin müstəqil dövlət yaratmaq olanRusiyada müsəlmançılıq” partiyası ilə sıx əlaqə saxlayır, bu partiyanın tələb və tövsiyələri əsasında rəhbərlik etdiyiİttihad” firqəsinin fəaliyyətini genişləndirir.

1918-ci il yanvarın ilk günlərində daşnak-bolşevik lideri Stepan Şaumyanın təhriki ilə 400 nəfərlik dəstə Şəmkirdə Qarabəy Qarabəyovun ata mülkünü, dayısı Allahyar bəy, Mehralı bəy, Rəhim bəy və Səlim bəy Zülqədarovların malikanələrini mühasirəyə alaraq atəşə tuturlar və axırda od vurub yandırırlar... Qarabəyovlardan 21 nəfər, dayısı Zülqədərovlardan isə 20 nəfəri qətlə yetirirlər. Qocalara, qadınlara, uşaqlara rəhm etmədən meyitləri yandırırlar...

1918-ci ilin may ayında Nuru paşanın rəhbərliyi altında Azərbaycana varid olan türk ordusu bolşeviklərin və ingilislərin Bakını işğal etmək istəklərini gözlərində qoyur. Bakıda şəhərdaxili asayişin keşiyində duran ingilis hərbi qüvvələri Nuru paşanın tələbi ilə gəmilərə minib Bakını tərk edirlər. Türkİslam Azadlq Ordusunun birgə səyi nəticəsində işğaldan azad olan ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti yaradılır. Bunu həzm edə bilməyən bolşevik-erməni birləşmələri, daşnak silahlı dəstələri ölkənin daxilində gizli fəaliyyətə keçirlər.

Nuru paşa 1918-ci il may ayının 25-də turançılıq ideyası ilə siyasi fəaliyyətdə olan Qarabəy Qarabəyovu özünə müşavir təyin edir. Q.Qarabəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İttihad” partiyasının rəhbəri kimi parlamentin üzvü seçilir. Bu zaman milli dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin kənd və şəhərlərini başına götürən bolşevik-erməni iğtişaşlarının qarşısının alınması üçün var qüvvəsi ilə çalışır. O, milli dövlətçilik mövqeyini nəinki parlamentdə, eləcə də dövri mətbuatda (“İttihad” qəzeti, 29 yanvar 1920-ci il, N 20) dəfələrlə bildirir.

Çarizmin min illik müstəmləkəçiliyindən can qurtarmış Azərbaycanı Milli hökumət zamanında rahat buraxmayan Rusiya bolşeviklərinin lideri Lenin bolşevik-daşnak təqiblərinə və terrora məruz qoyduğu ölkəmizə sahib çıxmaqdan əl çəkmək istəmirdi. Ona görə də milli dövlətçilik təəssübkeşlərini hansı yolla olursa-olsun aradan götürmək bolşeviklərin gündəlik işinə çevrilmişdi. Hələ çar dönəmindən xəfiyyəçilərin nəzarətində olan Qarabəy Qarabəyov XI ordunun Xüsusi İdarəsinin təhriki ilə yerli İnqilab Komitəsi tərəfindən 4 sentyabr 1920-ci ildə gecəynən Az.ÇK sədri Baba Əliyevin rəhbərliyi altında həbs edilir, ona qarşı saxta ittihamlar irəli sürülür. İstintaq zamanı doktor Qarabəyov təsadüfən həbsxanaya gəlmiş Nəriman Nərimanovun qəbuluna düşə bilir, İran inqilabında onunla birgə iştirakını və digər mətləbləri yada salır, sonra gündə 200 əsgər və sovet məmuru qəbul edən şəxsi xəstəxanasının milliləşdirilməsini təklif edərək həbsdən azad olmağa çalışır. Nərimanovdan “Düşünürəm ki, sizi həbs etmək olmaz” sözləri yazılmış kağız aldıqdan sonra 52 saylı dustaq doktor Qarabəyov azadlığa buraxılır. Bundan beş-altı ay sonra Qarabəyovun rəhbərlik etdiyiİttihad” və bir neçə partiyanın fəaliyyətinə qadağa qoyulur. Öz müalicəxanasını sovetlərə təhvil verib müdir vəzifəsində qalmış Qarabəy Qarabəyovla bərabər 155 nəfər əqidə yoldaşı həbs olunur. Qarabəyovun əmlakı müsadirə edilməklə Arxangelsk vilayətindəki Solovki düşərgəsinə sürgünə göndərilir. O, burada ağır və dözülməz şəraitdə həkimlik fəaliyyəti ilə məşğul olur. Nəhayət, üç ay sonra Nəriman Nərimanovun min bir əziyyətlə repressiyadan xilas etdiyi Q.Qarabəyovla yanaşı, onun qayını Nəsurulla bəy Aşurbəyli də azadlığa buraxılır.

Doktor Qarabəy Qarabəyov sürgündən qayıdandan sonra 1921-ci ilin avqustunda ailəsini də götürüb Moskvaya köçür. Buradakı dostlarının köməyi ilə yenə də həkim kimi çalışır. NKVD-çilərin nəzarətindən yayınmayan Q.Qarabəyov hüquqşünas, vəkilliklə məşğul olan əmisi oğlu, həm də yeznəsi ilə dəyişik salınır və ilin sonunda yenidən həbs edilir, Solovki ölüm düşərgəsinə göndərilir.

1922-ci ilin dekabrında Nəriman Nərimanovun xahişindən sonra Leninin müdaxiləsi nəticəsində Solovki həbs düşərgəsindən azad edilən 110 nəfər azərbaycanlı ziyalı arasında Qarabəy Qarabəyov da var idi. O, Rusiyanın istənilən şəhərində yaşamaq hüququ verən, Arxangelsk quberniyası və şəhər fəhlə-kəndli milis idarəsinin təsdiqlədiyi vəsiqə ilə Moskvaya üz tutur.

15 iyun 1923-cü ildən Nəriman Nərimanovun rəsmi göndərişi və Rusiya Fövqəladə Komissarlığının icazəsi ilə Moskvada Kreml xəstəxanasında və Dövlət Siyasi İdarəsinin müalicə müəssisəsində həkim kimi fəaliyyətə başlayır. Tibb İnstitutunda pataloji anatomiyadan dərs deyir, daha sonra Kreml xəstəxanasının baş həkimi olur. Bu zaman Qarabəy Qarabəyov dostu və həmkarı Nəriman Nərimanovla birgə şəhər ətrafındakı Qorki sovxoz ərazisindəki malikanədə xəstə yatan Lenini də müayinə və müalicə edir. Həmin ərəfədə tapdığı ürək ağrılarından əziyyət çəkən Nəriman Nərimanovun şəxsi həkimi olur. Rus, alman, ərəb və gürcü dillərini ana dili qədər mükəmməl bilən Qarabəy Qarabəyov eyni zamanda Xalq Komissarları Şurasının İşlər İdarəsində tərcüməçi kimi çalışır. 1925-ci ildə Xanlarov soyadlı bir nəfərin Bakıdan göndərdiyi şikayət məktubu əsasında Qarabəyov barədə uzun-uzadı yoxlamalara başlanılır. Nəticə etibarı ilə günahsızlığını sübuta yetirsə də, yoxlamalardan, get-gəllərdən, arayışlar toplamaqdan zinhara gələn Qarabəy Qarabəyov ona qarşı yönələn haqsızlıqlardan və yaranan gərginlikdən baş götürüb ailəsi ilə bərabər Azərbaycana gəlməyi qərara alır. Lakin bu zaman Azərbaycanda qolçomaqların həbsinin və repressiyanın qızğın vaxtı olduğundan “birdən yenə sürgünə göndərərlər” fikrindən ehtiyatlanaraq İrana yol almağı daha məqbul hesab edirİrana gedir. Lakin Qarabəyovlar ailəsi burada çox qala bilmir, varını-dövlətini bağışladığı bolşeviklərin Bakıda da ona rahatlıq verməyəcəklərini düşünərək İrandan birbaşa Şəmkirə gəlir.

Qarabəyovlar ailəsi Şəmkirdə ürəkaçan heç nə ilə ovuna bilmirlər. Şəhərin Roza Lüksemburq (indiki Həzi Aslanov) küçəsində, alman kilsəsinin yaxınlığında, 25 saylı evdə məskunlaşan doktor Qarabəyov işləmək istəyir, verən olmur, müraciət etdiyi kommunist məmurların saymazlığından, tanıyıb-bilənlərin biganəliyindən, xüsusən də NKVD-nin erməni əsilli müstəntiqlərinin təqibindən cana doyur. 1929-cu ilin avqustunda ailəsi ilə birgə doğma elini-obasını həmişəlik tərk edərək Qırğızıstana gedir. Bu zaman Qırğızıstanda yatalaq, vəba, taun kimi xəstəliklər geniş yayılmışdı. Qarabəyov Qırğızıstana çatan gündən bu epidemiyaların qarşısını almaq üçün böyük səy göstərir. Onun təşəbbüsü ilə Tokmokda dəri-zöhrəvi xəstəxana, Bişkekdə isə tibbi-pedaqoji kurslar fəaliyyətə başlayır. 80 nəfərlik akuşer kursundakı dinləyicilərin sayını az vaxtda 400 nəfərə çatdırır, yeni ixtisasyönümlü şöbələr açaraq buranı texnikuma çevirir, özü də həmin tədris müəssisəsində histalogiya, dəri-zöhrəvi və uroloji xəstəliklər üzrə mühazirələr oxuyur. 1932-ci ildə o dövr üçün çox müasir hesab edilən rentgen kabineti yaradır. Bundan başqa, Qarabəyov tabeliyində olan tibb işçilərindən ibarət səyyar briqada təşkil edir, həftənin müəyyən günləri ən ucqar əyalətlərə gedərək xəstəliklərlə mübarizə aparır.

Məşhur həkim 1933-cü ildə Özbəkistanın qədim Səmərqənd şəhərinə köçür, Tibb İnstitutunun əsas tədris bazası sayılan şəhər xəstəxanasında çalışır, tezliklə baş həkimin müavini vəzifəsinə qədər yüksəlir. Nə doktor Qarabəyov, nə də həyat yoldaşı Məsumə xanım Bakısız qala bilmirlər. Hərdən gizlin Bakıya gəlir, doğmalarını yoluxurdular. 1934-cü ildə Bakıda olan Qarabəy Qarabəyov Azərbaycan Dövlət İqtisad Universiteti ilə üzbəüz bərbərxanada vaxtilə müştərisi olduğu bərbər Ağacəfərə saçını düzəltdirirmiş. Onu tanıyan erməni dəllək Vartan guya təsadüfən Qarabəy Qarabəyovun masanın üstündəki qaragül papağını vurub yerə salır. Buna dözməyərək oturduğu yerdən durub qulağının dibinə möhkəm bir şapalaq ilişdirdiyi Vartan Qarabəy Qarabəyovu xəbərə gəlmiş milis işçilərinə təhvil verməyincə ayağa qalxmır. Bir müddət həbsxanada saxlanan Qarabəyov çox çək-çevirdən sonra milisin əli ilə geri göndərilir.

1936-cı ilin fevralından Səmərqənddəki “Namazgah” vərəm sanatoriyasının baş həkimi işləyən doktor Q.Qarabəyov 1937-ci ilin 20 yanvar günü Abdullayev soyadlı bir həkimin şikayət məktubu əsasında Nəriman Nərimanovun silahdaşı olan pantürkist kimi həbs edilir. NKVD zirzəmisində beş ay davam edən işgəncə və istintaqdan sonra 17 iyun 1937-ci il tarixli məhkəmə iclasında Özbəkistan SSR cinayət məcəlləsinin 66 b. 1 və 69-cu maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilərək Maqadan vilayətindəki Kolumaya düşərgəsinə göndərilir. Bu sürgün düşərgəsində onun yeganə dadına çatan, köməyində duran həkimlik peşəsi olur. Çox keçmir ki, Qarabəyov çoxmillətli siyasi dustaqlar arasında böyük nüfuz sahibinə çevrilir.

10 illik sürgün həyatından sonra doktor Qarabəy Qarabəyov 1947-ci ildə Bakıya qayıdır, sənədləri qaydasında olsa da, onu qeydiyyata götürmürlər. Həmin il oktyabrın 3-də İosif Stalinin imzaladığı qərarla azərbaycanlıların öz dədə-baba yurdları olan İrəvanın dağlıq ərazilərindən deportasiya edilməsi xəbərindən böyük sarsıntı keçirir, ağır günlər yaşayır. O vaxt ADU-nun hüquq fakültəsinin tələbəsi Şəmkirin Qaracəmirli kəndindən olan Yunis Abdullayevuniversitetin tarix fakültəsinin tələbəsi zəyəmli İsfəndiyar İsayev xalqının işıqlı gələcəyi üçün həmişə canından keçməyə hazır olan bu adama baş çəkir, ona mənəvi dəstək olurlar.

Q.Qarabəyov yaşının ahıl, səhhətinin ağır vaxtında məcburiyyət qarşısında qalaraq 1947-ci il Bakını, Azərbaycanı birdəfəlik tərk edərək Səmərqəndə qayıdır və ömrünün sonuna kimi orada yaşayır.

Zamanın yaddaşında və tarixə şahidlik edən arxiv materiallarında ictimai-siyasi xadim, həkim, publisist, dilçi-lüğətçi, naşir, ən nəhayət, mühacirrepressiya qurbanı kimi qalan doktor Qarabəy Qarabəyov 1953-cü il sentyabrın 27-də dünyasını dəyişir. Bundan 13 il sonra Özbəkistan SSR Ali Məhkəməsi kollegiyasının 130 saylı qərarı ilə Qarabəyov Qarabəy İsmayıl bəy oğluna ölümündən sonra bəraət verilir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 16 mart.- S.7.