Azərbaycan
Fransanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır
Azərbaycanın dövlət
müstəqilliyini bərpa etdikdən sonra Avratlantik strukturlar
və aparıcı Qərb dövlətləri ilə
formalaşmış münasibətləri ildən-ilə
inkişaf edərək yeni keyfiyyət dəyişiklikləri
ilə müşayiət olunub.
İndi ikitərəfli əməkdaşlıq
baxımından diqqəti çəkən əsas məqamlardan
biri ondan ibarətdir ki, Azərbaycan diplomatiyasında Qərb istiqaməti
vacib yerlərdən birini tutduğu kimi, Avropa dövlətləri,
onların siyasi və iqtisadi dairələri də rəsmi
Bakı ilə əlaqələrin yüksək səviyyədə
olmasında maraqlıdırlar. Azərbaycan Prezidenti İlham
Əliyevin Fransaya rəsmi səfərinin yekunları bunu deməyə
əsas verir.
Əlaqələrin
təməli olan uğurlu siyasi dialoq
Prezident İlham Əliyevin Fransaya
bu səfəri iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 25-ci ildönümünə təsadüf
edib. Xatırladaq ki, Fransa Azərbaycanın dövlət
müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb,
diplomatik əlaqələr həmin ilin fevralında qurulub.
Fransa səfirliyi Azərbaycanda 1992-ci ilin martında fəaliyyətə
başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda
Prezident seçiləndən sonra əlaqələrin
inkişafı yeni mərhələyə daxil olub.
Ümummilli lider Prezident kimi xaricə ilk rəsmi səfərini
həmin ölkəyə edib.
Bu ölkə ilə əlaqələrə
önəm verən Prezident İlham Əliyev də 2004-cü
ildə ilk rəsmi səfərini Fransaya etmişdi.
Fransanın sabiq prezidentləri Jak Şirak, Nikolya Sarkozi və
indiki Prezident Fransua Olland Azərbaycana səfərlər ediblər.
Beləliklə, prezidentlərin qarşılıqlı səfərləri
ənənəyə çevrilib. Ayrı-ayrı vaxtlarda isə
dövlət başçıları hər iki ölkənin
ali orden və medalları ilə təltif olunublar. Bu isə
dünyanın və Avropanın siyasi səhnəsində
öz yeri olan Fransanın Azərbaycanla əlaqələrə
verdiyi önəmin və Azərbaycanla Fransa arasındakı
siyasi dialoqun, əlaqələrin yüksək səviyyədə
olması deməkdir.
Prezident İlham Əliyevin Fransaya
bu günlərdə etdiyi rəsmi səfər zamanı
Prezident Fransua Olland, Senatın sədri Jerar Larşe, Milli Assambleyanın sədri Klod
Bartolon ilə keçirdiyi görüşlər ondan xəbər verir ki, iki ölkə
arasında inkişafda olan siyasi dialoq yeni mərhələyə
qədəm qoyub. Ən əsası, hər iki tərəf bu
dialoqun daha da inkişafında maraqlıdır.
Təsadüfi deyil ki, Fransua Olland
Prezident İlham Əliyevin Parisə bu səfərini
uzunmüddətli münasibətlərdə yeni bir mərhələnin
başlanğıcı kimi dəyərləndirib. Mətbuata
bəyanatında Prezident İlham Əliyev əlaqələrin
daha da möhkəmlənəcəyindən əminliyini
bildirib: “Əminəm ki, Fransa-Azərbaycan əlaqələri
gələcəkdə daha da möhkəmlənəcək.
Bu gün apardığımız danışıqlar belə
deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr
daha da yüksək səviyyəyə qalxsın, beləliklə,
Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın
olsunlar”.
Bu səfər iki ölkə
arasındakı əlaqələrin bundan sonrakı
inkişafına, yeni əməkdaşlıq
formatlarının yaranmasına təkan verəcək.
Prezident İlham Əliyevin fransalı həmkarı ilə
keçirdiyi görüşlərdə bu məsələlərlə
bağlı geniş fikir mübadiləsi aparıldı. Səslənən
fikirlər təsdiq edir ki, Azərbaycan-Fransa əlaqələri
bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Qarşılıqlı
maraqlara uyğun iqtisadi əməkdaşlıq
Təbii ki, güclü siyasi əlaqələr
və məsləhətləşmələr bütün sahələrdə
əməkdaşlığın inkişafına müsbət
təsir edir. Bu da özünü iqtisadi sahədə daha
aydın göstərir. Bu mənada Azərbaycanla Fransa
arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq
məsələləri əsas yerlərdən birini tutur.
Xüsusi qeyd etmək
lazımdır ki, Azərbaycan Fransanın Cənubi
Qafqazdakı əsas ticarət tərəfdaşıdır.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi
2 milyard dollara yaxındır. Bu fakt həm də onu təsdiq
edir ki, Azərbaycan Cənubi Qafqazda iqtisadi inkişafına
görə liderdir. Azərbaycanda 50-dən çox Fransa
şirkəti fəaliyyət göstərir. Bu, ilk növbədə,
fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə
marağının göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda
yerli və əcnəbi biznes qruplarına iş görmək,
sərmayə yatırmaq və yaxşı podratçı
olmaq üçün əlverişli şəraitin
yaradıldığına dəlalət edir. İki ölkənin
iqtisadi əməkdaşlığı isə neft-qaz sahəsindən
başlayıb. Təsadüfi deyil ki, fransızlar ən
böyük sərmayələrini mədən sənayesinə
yatırıblar. Lakin son illər iqtisadi əməkdaşlıq
kifayət qədər müxtəlifdir və nəqliyyat, hava
nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos sahələrini
əhatə edir. Fransız şirkətləri Azərbaycanın
kosmos sənayesinin yaradılmasında da iştirak edib.
Prezident İlham Əliyevin
martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının
(MEDEF) biznes şurasının üzvləri ilə
görüşündə iki ölkənin iqtisadi əməkdaşlığının
perspektivləri müzakirə olunub. Xatırladaq ki, bu,
Prezident İlham Əliyevin MEDEF üzvləri ilə
keçirdiyi sayca doqquzuncu görüş idi. Hər dəfə
olduğu kimi, bu görüş də fransız şirkətlərinin
diqqətini çəkmişdi. Təsadüfi deyil, Fransa
iqtisadiyyatının əksər sektorlarını təmsil
edən 70-dən çox şirkət bu görüşdə
iştirak üçün müraciət edib. Bu, bir daha təsdiq
edir ki, Azərbaycan fransız şirkətləri
üçün cəlbedicidir. Eyni zamanda, bu ondan xəbər
verir ki, hər iki ölkə iqtisadi əməkdaşlağını
daha da inkişaf etdirmək istəyir. MEDEF-in vitse-prezidenti
xanım Mari-Anj Debon belə tədbirlərin Azərbaycan ilə
Fransa şirkətləri arasında əlaqələrin
inkişafında mühüm rol oynadığını
bildirdi. Görüşdə nüfuzlu şirkətin
nümayəndələrinin təmsil olunduğunu
vurğuladı, tədbirin səmərəli keçəcəyinə
əminliyini ifadə etdi.
Prezident İlham Əliyev yenidən
MEDEF-də olmaqdan məmnunluğunu ifadə etdi, bunun iqtisadi əlaqələrimizə
töhfə verdiyini bildirdi. İndiyədək bir çox
layihələrin uğurla həyata keçirildiyini deyən
dövlət başçısı bu əməkdaşlıq
çərçivəsində Azərbaycan iqtisadiyyatına
xeyli investisiyaların yatırıldığını diqqətə
çatdırdı. Görüşdə Azərbaycanda dəmir
yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə
texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı,
energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər
infrastrukturu layihələri, kənd təsərrüfatı,
irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpa olunan enerji
və digər sahələrdə Azərbaycan ilə çox
uğurlu əməkdaşlığın həyata
keçirildiyi bildirildi və bu sahədə əlaqələrin
inkişafına dair interaktiv fikir mübadiləsi
aparıldı.
Fransanın nüfuzlu şirkətlərini
Azərbaycana dəvət edən Prezident İlham Əliyev
dedi: “Qarşıdakı illərdə bizim əsas diqqət
yetirəcəyimiz sahə iqtisadiyyatımızın qeyri-neft
sektoru, əsasən də kənd təsərrüfatı olacaq.
Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana
gəlməyə - müasirləşmə və məhsuldarlığın
artırılması ilə bağlı layihələri həyata
keçirmək üçün Azərbaycan hökuməti
ilə işləməyə dəvət edirəm”.
Fransa şirkətlərinin Azərbaycana
böyük marağını təmin edən faktor təkcə
ölkəmizin malik olduğu yüksək iqtisadi potensial yox,
Azərbaycanın güvənilən tərəfdaş,
etibarlı iş ortağı olmasıdır. Azərbaycan
Prezidentinin Fransa Sahibkarlar Təşkilatının üzvləri
ilə görüşünün əsas nəticəsi də
bu həqiqəti bir daha təsdiq etdi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-
2017.- 17 mart.- S. 1, 13.