Azərbaycan regionda sabitləşdirici amildir, dünyada
isə güclü mövqeyə malikdir
Prezident İlham Əliyev möhkəm siyasi iradəni,
səfərbər olunmuş cəmiyyəti, iqtidar və xalq
arasında birliyi Azərbaycanın inkişaf formulunun əsasları
kimi elan etdi
Martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumun açılış mərasimində iştirak ediblər.
V Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.
Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Prezident İlham Əliyevə bu foruma evsahibliyi etdiyinə görə təşəkkürünü bildirərək dedi:
- Zati-aliləri, xanımlar və cənablar.
Bakıya xoş gəlmisiniz. Mənim adım İsmail Serageldindir. Mən zati-aliləri Prezident İlham Əliyevin rəhbərliyi
ilə, bizə onun verdiyi ilham mənbəyi, dəstəyi və
baxışının bir təcəssümü olaraq
keçirilən bu tədbirin təşkilatçısı
olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə
Heyətinin həmsədriyəm. İşimizə
başlamaq üçün bizə Prezident İlham
Əliyevin nitqini dinləmək şərəfi nəsib
olmuşdur. Cənab Prezident, buyurun.
Dövlət
başçısı V Qlobal Bakı Forumunun
açılışında nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Xanımlar və cənablar!
Hörmətli dostlar!
Əvvəlcə bu gün
bizimlə birlikdə olduqlarına görə forumun
bütün iştirakçılarına təşəkkürümü
bildirmək istəyirəm. V Bakı Beynəlxalq
Forumu artıq ənənəvi foruma çevrilmişdir.
Artıq beşinci dəfədir ki, biz bu
mühüm beynəlxalq tədbiri təşkil edirik.
Eyni zamanda, mən fürsətdən istifadə edərək,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun idarə heyəti
və həmsədrlərinə - xanım Freyberqaya və cənab Serageldinə
minnətdarlığımı ifadə edirəm. Onların əhəmiyyətli fəaliyyəti və
verdikləri töhfə nəticəsində Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi qlobal beynəlxalq təsisata
çevrilmişdir. O, olduqca fəal və səmərəli
fəaliyyət göstərir və bugünkü forum həmin
fəaliyyətin bir istiqamətidir.
Mən burada 50-dən
artıq ölkəni təmsil edən
iştirakçıları salamlayıram. Ümumi
qonaqlarımızın sayı isə 260 nəfərdir.
Hər bir beynəlxalq forumun əhəmiyyəti
və gələcəkdə qərarların qəbul edilməsi
prosesinə təsiri müzakirə olunan mövzularından,
daha çox isə kimlərin iştirak etməsindən
asılıdır. Burada
iştirakçılar arasında 40-dan çox fəaliyyətdə
olan və sabiq prezident, baş nazir və parlament sədrləri
var.
Bu, bizim toplantının
yüksək səviyyəsini və bu günlərdə
Bakıda keçirilən bu tədbirdə maraqlı
müzakirələr aparılmasını və dəyərli
fikirlərin səslənməsini əvvəlcədən
müəyyən edir.
Azərbaycan artıq bir
çox mühüm beynəlxalq tədbirlərə
evsahibliyi edib.
Bu tədbirlər beynəlxalq gündəlikdə
duran məsələlərin müzakirəsi baxımından
böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan müstəqil
ölkə olaraq nisbətən gənc dövlətdir.
Biz ötən il müstəqilliyimizin bərpasının
25 illiyini qeyd etmişik. Bizim beynəlxalq və
regional fəaliyyətimiz, bütün regiona müsbət təsir
göstərən təşəbbüskarı olduğumuz
müxtəlif layihələr ölkəmizin dünyaya təqdim
edilməsi üsullarından biridir. Əlbəttə,
Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlər
də həmin fəaliyyətimizin bir hissəsidir.
Təəssüf ki,
Bakıda sonuncu görüşümüzdən bəri
dünya heç də daha təhlükəsiz olmayıb. Hələ də
regionumuzda həll olunmamış münaqişə,
qarşıdurma və müharibələr var. Bu isə
olduqca təhlükəli tendensiyadır.
Azərbaycan yerləşdiyi
regionda sabitləşdirici amil rolunu oynayır. Bizim təşəbbüslərimiz
regional əməkdaşlıq, proqnozlaşdırılabilmə
və regionumuzda təhlükəsizlik tədbirlərinin
güclənməsinə yönəldilib. Lakin biz adada yaşamırıq və sərhədlərimizdən
kənarda, bilavasitə qonşuluğumuzda mövcud olan vəziyyət
bizdə narahatlıq doğurur.
Qeyd etdiyim kimi, biz hələ
də çox ciddi çağırışlar, müharibə,
münaqişə və miqrant böhranı ilə üzləşirik. Bu,
böyük bir humanitar fəlakətdir. Eyni
zamanda miqrant böhranı, mən deyərdim ki,
dünyanın müxtəlif regionları arasında
anlaşmanın azalmasına səbəb olur. Çünki o, miqrantların üz tutduğu
ölkələrin əhalisi üçün müəyyən
narahatlıq yaradır. Ancaq bu, yalnız
baş verən hadisələrin nəticəsidir. Həmin miqrant böhranının əsas səbəbi
ölkələrin daxili işlərinə kənardan siyasi və
hərbi müdaxilədir.
Beş-on il bundan əvvəl
miqrant böhranı baş vermirdi. Bu, yaxın
keçmişdə məhz qeyd etdiyim səbəblər
üzündən baş verməyə başladı. Hesab edirəm ki, bu, Yaxın Şərq dövlətləri
ilə bağlı düşünülməmiş siyasətin
nəticəsidir.
Bu isə, öz növbəsində,
miqrantların üz tutduğu ölkələrdə ilkin
olaraq cəmiyyətin, daha sonra isə siyasi elitanın
radikallaşması ilə nəticələnir. Beləliklə,
təəssüflər olsun ki, seçki kampaniyaları
zamanı ən cəlbedici siyasi şüarlar milliyyətçi
və antimiqrant ruhuna çox yaxındır.
Biz son aylar və illər ərzində
bunun şahidi oluruq və bu, artıq bir tendensiyaya
çevrilib ki, həmin tendensiya vəziyyətin
inkişafını əvvəlcədən müəyyən
edir.
Bu səbəbdən hesab
edirəm ki, qlobal gündəlikdə duran mühüm məsələlərdən
biri həmin tendensiyanın istiqamətini dəyişdirməkdir. Özgələşdirmə
və siyasi qarşıdurma, habelə sivilizasiyalararası
dialoqun inkar olunması əvəzinə daha çox əməkdaşlıq,
qarşılıqlı anlaşma və hörmətə
üstünlük verilməlidir.
Azərbaycanın yerləşdiyi
coğrafiya ölkəmizin regionda oynadığı rolu, bir
növ, əvvəlcədən müəyyən edir və
biz mədəniyyətlər və sivilizasiyalar arasında
dialoqa töhfəmizi veririk.
Azərbaycan özü də
erməni təcavüzü, ərazimizin işğalı nəticəsində
müharibə və humanitar fəlakətdən əziyyət
çəkir.
Bu işğal 20 ildən artıqdır ki, davam edir və Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərinin
20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni
işğalı altındadır.
Orada bütün infrastruktur
dağıdılmış, bütün tarixi və dini abidələrimiz
isə məhv edilmişdir. ATƏT oraya
faktaraşdırıcı iki missiya çərçivəsində
nümayəndə və müşahidəçi göndərmişdir.
Onların hesabatlarında aydın bildirilir ki,
orada bütün tikililər, Azərbaycanın tarixi irsi
tamamilə məhv edilmişdir.
Bu münaqişə Ermənistanın
öz qonşusuna qarşı təcavüzünün, habelə
separatçılığın və müharibənin nəticəsidir. Bir milyon azərbaycanlı
bundan əziyyət çəkir, qaçqın və məcburi
köçkünə çevrilmişdir. Bu rəqəm isə dünyada adambaşına
düşən qaçqın sayına görə ən
yüksək göstəricilərdəndir.
Bu gün Azərbaycan əhalisinin
sayı 10 milyona yaxındır. Münaqişə
başlayanda bu rəqəm 8 milyona bərabər idi. Yəni 8 milyonun 1 milyonu 1990-cı illərin əvvəlində
yurd-yuvasından məhrum edildi. Bu, gənc
bir dövlət üçün çox ciddi siyasi, iqtisadi və
sosial problem idi. Çünki həmin vaxt
Azərbaycan yoxsul ölkə idi, iqtisadi xaos hökm
sürürdü və gələcək iqtisadi inkişaf
üçün vasitələr mövcud deyildi. Bundan əlavə isə, işğal edilmiş ərazilərdən
gəlmiş 1 milyon insanın ehtiyaclarını təmin etmək
lazım idi.
Əlbəttə, o zamandan bəri
Azərbaycan inkişaf etmişdir və biz
soydaşlarımız üçün lazımi
yaşayış şəraiti yaratmaq iqtidarındayıq. Ancaq
münaqişə həll olunmamış qalır.
Bütün mötəbər
beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar
qəbul etmişlər ki, orada Ermənistan
qoşunlarının işğal edilmiş
torpaqlarımızdan dərhal və qeyd-şərtsiz
çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul etmişdir və burada
sitat gətirmək istəyirəm, “dərhal və qeyd-şərtsiz
olaraq Ermənistan qoşunlarının işğal edilmiş
ərazilərdən çıxarılması” tələb
olunur.
Lakin həmin qətnamələr
kağız üzərində qalır, Ermənistan onlara məhəl
qoymur və onların qəbul edilməsindən artıq 25 il keçib. Bütün bunlar
bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də
BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul
edilən qərarların icrası mexanizminin mövcud
olmamasını nümayiş etdirir. Digər
tərəfdən, bu, bir daha ardıcıl mövqeyin
olmamasını göstərir. Çünki
biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik
Şurasının qərarları bir neçə gün, hətta
bir neçə saat içərisində icra olunur. Bizə
gəldikdə isə, artıq 25 il
keçir və hələ də irəliləyiş yoxdur,
qaçqın və məcburi köçkünlərimiz hələ
də doğma torpaqlarına qayıda bilmirlər.
Biz bunu ikili standartlar siyasəti
hesab edirik. Təəssüflər olsun, ümumilikdə bu
gün dünyada baş verənlər onu nümayiş etdirir
ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə
standart bir yanaşmaya çevrilib. Beynəlxalq
hüquq və normalar müxtəlif dövlətlər tərəfindən
öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif
olunur.
Hesab edirəm ki, BMT çərçivəsində
islahatlar və ümumiyyətlə beynəlxalq təşkilatların
qərarlarının icrası barəsində danışarkən
məhz bu məsələyə diqqət yetirməyimiz
çox vacibdir.
Qərarlar qəbul olunub icra
edilmirsə, müəyyən çətin vəziyyətdə
olan və əziyyət çəkən ölkənin vəziyyəti
daha da pisləşir. Ancaq bu, həm də bütün dünya
üçün bir təhlükədir. Bu
o deməkdir ki, ərazi işğalı məqsədilə
istənilən ölkə real vəziyyəti zorla dəyişərək
milyonlarla insana əzab verə, nəticədə isə cəzasız
qala bilər.
Bu səbəbdən biz dəfələrlə
bu məsələni müxtəlif dövlətlər və
beynəlxalq təşkilatlar qarşısında
qaldırmışıq ki, bu təcavüz, işğal və
dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş
hərbi cinayətlərə görə Ermənistana
sanksiyalar tətbiq edilməlidir. Bax o zaman bu, ədalət
və vahid standartın göstəricisi olacaqdır.
Bəzi hallarda müəyyən
ölkələr sanksiyalara məruz qalır, digər hallarda
isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq
hüquqa əsaslanmalı, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməli və əhalimiz
doğma torpaqlarına qayıtmaq hüququna malik
olmalıdır.
Bu, region üçün təhlükədir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi
sülh və sabitliyə daimi təhlükədir. Biz münaqişənin sülh yolu ilə həllini
arzulayırıq. Ancaq biz onun real həllini
istəyirik. Ermənistan isə status-kvonun
saxlanılmasını istəyir və vasitəçilərin
- BMT Təhlükəsizlik Şurasının üç
daimi üzvü olan Fransa, Rusiya və ABŞ-ın
mühüm bəyanatlarına məhəl qoymur. Həmin dövlətlərin rəhbərləri dəfələrlə
status-kvonun qəbuledilməz və onun dəyişməli
olduğunu bəyan etmişlər. Status-kvonun
dəyişməsi isə işğal olunmuş Azərbaycan
torpaqlarının azad edilməsi prosesinə başlanılması
deməkdir.
Bu böyük çətinliyə
və qeyd etdiyim kimi, humanitar böhrana baxmayaraq, Azərbaycanın
inkişafı dinamik və dayanıqlı olmuşdur. Bizim ölkənin iqtisadi
transformasiya sahəsində böyük nailiyyətləri var
və 25 illik azadlıq və müstəqillik dövrü nümayiş
etdirir ki, Azərbaycan xalqı yalnız müstəqil olaraq
yaşamağı və gələcəyini qurmağı
deyil, müxtəlif sahələrdə uğur
qazanmağı da bacarır.
Azərbaycanın, xüsusilə də
son illər ərzindəki iqtisadi göstəricilərinə
nəzər salsanız görərsiniz ki, bizim iqtisadi sahədəki
nailiyyətlərimiz onu göstərir ki, güclü siyasi
iradə, səfərbər olunmuş cəmiyyət, iqtidar və
xalq arasında birlik mövcud olduğu halda hətta
münaqişə, işğal və o qədər də sadə
olmayan geosiyasi mühit şəraitində belə bir çox
nailiyyətlər əldə etmək mümkündür.
Bizim iqtisadiyyatımız
dayanıqlı inkişaf nümayiş etdirir. Xarici borcumuzun
səviyyəsi olduqca aşağıdır - ümumi daxili məhsulun
20 faizi qədərdir. Bu da bugünkü dünya
üçün bir az qeyri-adidir. Yəni
biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq
və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə
artıqdır.
Beləliklə, Azərbaycan
müxtəlif layihələr üçün böyük həcmdə
maliyyə vəsaiti cəlb edə bilir. Lakin biz xarici
borcun səviyyəsini artırmamaq üçün daxili
resurslarımızdan istifadə etməyə
çalışırıq. Xarici borcun səviyyəsinin
aşağı olmasına baxmayaraq, bizim hədəfimiz onu
daha da azaltmaqdır.
Regionların geniş inkişaf
proqramı sayəsində biz son 14 il ərzində
yoxsulluğun səviyyəsini 10 dəfə azaltmağa
müvəffəq olmuşuq. Bu gün bu
göstərici 6 faiz səviyyəsindədir. İşsizlik də təqribən 5 faiz səviyyəsindədir.
Azərbaycan
iqtisadiyyatının neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsindən əziyyət çəkməsinə
baxmayaraq, həmin vəziyyət bizi iqtisadi islahatların
icrası sahəsində daha fəal olmağa məcbur
etmişdir və biz qısa zaman ərzində bütün
çətinliklərin öhdəsindən gəlməyi
bacardıq.
Təsəvvür edin ki, gəlirləriniz
3-4 dəfə azalırsa, bu, istənilən dövlət, istənilən
ailə üçün böyük
çağırışdır. Çünki ölkələr
və insanlar müəyyən həyat tərzinə və
inkişaf səviyyəsinə öyrəşir və birdən-birə
gəlir kəskin şəkildə, 3-4 dəfə azalır.
Yəni bu, hökumətimiz üçün
ciddi bir çağırışdır. Lakin
hesab edirəm ki, çətinliklərə baxmayaraq, biz bunun
öhdəsindən gələ bildik, halbuki müəyyən
çətinliklər qalmaqdadır.
Düşünürəm ki, neftin
qiymətinin aşağı olması şəraitinə
uyğunlaşma artıq geridə qalıb və 2017-ci il iqtisadi artım ili olacaqdır. Hətta
ötən il, son 14 il ərzində ilk dəfə
üzləşdiyimiz iqtisadi tənəzzül zamanı
iqtisadiyyatımızın qeyri-neft göstəricilərinə
nəzər salsanız, artımın şahidi ola bilərsiniz.
Ötən il ərzində
qeyri-neft sektorumuz 5 faiz, kənd təsərrüfatımız
isə 2 faizdən çox artmışdır. Cari
ilin ilk 2 ayı ərzində yenə də qeyri-neft sektorunda 5
faiz, kənd təsərrüfatında isə 3 faiz artım
müşahidə edilir. Ümumi daxili məhsul
artmağa başlamışdır və bu ilin ilk 2 ayı ərzində
qeyri-neft ixracımız təqribən 50 faiz
artmışdır.
Beləliklə, uzun illər
həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi
siyasəti artıq öz bəhrəsini verir. Qarşıdan
gələn illər üçün hədəfimiz
ixracın şaxələndirilməsidir. Bizim
yeni bazarlara ehtiyacımız var. Əlbəttə, yeni
bazarlara çıxış əldə etmək
üçün biz ilk növbədə cəlbedici bazar hesab
etdiyimiz həmin dövlətlər ilə yaxşı siyasi əlaqələrə
malik olmalıyıq.
Xarici siyasət sahəsində
Azərbaycan regionda və dünyada güclü mövqeyə
malikdir. Beynəlxalq ictimaiyyət bizə hörmətlə
yanaşır. Çünki biz müstəqil
siyasət aparırıq və hər zaman vədlərimizə
sadiqik. Yəni biz etibarlı tərəfdaşıq
və bütün qonşular ilə yaxşı, eyni zamanda
praqmatik əlaqələr qura bilmişik. Bu
əlaqələr tarix, dostluq, qarşılıqlı maraq,
qarşılıqlı hörmət, habelə bir-birinin
işlərinə müdaxilə etməmək prinsiplərinə
söykənir.
Regional əməkdaşlıq
və bütün qonşularımız ilə münasibətlərimiz
bizim üçün mühüm əhəmiyyət kəsb
edir. Məncə, bunu hər bir ölkəyə şamil
etmək olar. Bir dövlətin qonşusu
ilə hər hansı bir problem varsa, burada hər iki tərəf
əziyyət çəkir.
Bu səbəbdən Ermənistan
istisna olmaqla, bizim bütün qonşularımız ilə
çox yaxşı əlaqələrimiz var. Biz çoxlu
sayda enerji, nəqliyyat, ticarət və mədəniyyət
layihələri həyata keçiririk ki, onlar
xalqlarımızı daha da yaxınlaşdırır.
Biz Avropa İttifaqına
üzv olan dövlətlərlə sıx əlaqələr
yaratmışıq. Onların 9-u, yəni üçdəbiri
ilə Azərbaycan arasında strateji tərəfdaşlıq
haqqında saziş imzalanıb və ya qəbul edilib. Hesab edirəm ki, bunun özü də böyük
nailiyyətdir. Bir çox Avropa ölkəsi
Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir.
Bu, yalnız enerji
ehtiyatlarına görə deyil. Bizim əməkdaşlığımız
daha geniş sahələri əhatə edir. Ötən ay biz Avropa Komissiyası ilə yeni
sazişin müzakirəsinə başlamışıq.
Bu, tərəfdaşlıq sazişi
olacaqdır və fəaliyyətimizin bir çox sahələrini
əhatə edəcəkdir.
Belə bir siyasət bəzən
tarazlaşdırılmış siyasət
adlandırılır. Bəlkə də bu, məqbul termindir.
Ancaq hesab edirəm ki, bu, dövlətimizin milli
maraqları üzərində qurulan siyasətdir. Milli maraqlarımız isə onu diktə edir ki, biz
münasibətlərimizi real yanaşma üzərində
qurmalıyıq və əlçatmaz hədəflər
müəyyən etməməliyik ki, sonradan məyus olmayaq.
Bunu Avropa İttifaqı ilə
əlaqələrimizə də şamil etmək olar. Biz olduqca real
hədəflər müəyyən etmişik və
müzakirələr zamanı görürük ki, həmkarlarımız
da artıq Azərbaycanla bağlı real yanaşma
nümayiş etdirirlər.
Yəni Avropa İttifaqı
ilə assosiasiya sazişini imzalamaq əvəzinə, -
hansı ki, səmimi danışsaq, heç bir real nəticə
verə biləcək müqavilə deyildi, - biz fərqli yol
ilə getməyə və tərəfdaşlıq
sazişinin işlənib hazırlanmasına
üstünlük verdik. Bunu həm də strateji tərəfdaşlıq
sazişi adlandırmaq olar ki, o, balanslı,
qarşılıqlı faydalı və praktik nəticə
verə bilən sənəd olacaqdır.
Çünki nəticəsiz
siyasət populizmdir. Bizim isə bu işlərə itirəcək
vaxtımız yoxdur. Biz siyasətimizi real
vəziyyətə uyğun qururuq. Bəzən
biz vəziyyəti dəyişməyə müvəffəq
oluruq. Azərbaycan həm də bəzi
dövlətlər arasında problemlərin olduğu vaxtda
kommunikasiya baxımından sabitləşdirici amil rolunu
oynayır.
Bu, çox yaxın
keçmişdə də baş vermişdir. Qonşularımız
arasında anlaşılmazlıq və müəyyən
toqquşma olduğu zaman biz həmişə öz töhfəmizi
verməyə çalışırıq. Azərbaycan isə öz siyasəti
baxımından, sözün əsl mənasında, müstəqil
dövlət hesab edildiyindən biz uğur qazana bilmişik.
Ötən ay burada -
Bakıda baş vermiş bir hadisəni də qeyd etmək istərdim. ABŞ-ın
yeni administrasiyasının hərbi komandanlığı, yəni
ABŞ ordusunun baş qərargah rəisi ilə Rusiyanın
baş qərargah rəisi ilk dəfə olaraq Bakıda
görüşdülər.
Azərbaycanın bu
görüş üçün məkan kimi seçilməsi
bir daha mənim sözlərimin təsdiqidir. Halbuki bu, bizim
təşəbbüsümüz deyildi və hər iki tərəf
bizə bununla bağlı müraciət etmişdir.
Azərbaycan etibarlı tərəfdaş
hesab olunur. Böyük dövlətlər ona hörmətlə
yanaşır və onun müstəqil siyasəti artıq bir
reallıqdır. Bu, yüksək qiymətləndirilir.
Çünki tərəfdaşın hər
zaman proqnozlaşdırılabilən olması satelit ölkə
olmasından yaxşıdır. Bizim
qonşuluğumuzda satelit ölkə var. Ancaq bu, müvəffəqiyyət
və hörmət gətirmir.
Gələcəkdə də
xarici siyasətə gəldikdə, bizim siyasətimiz
praqmatizm, milli maraqlar və təhlükəsizliyimiz üzərində
qurulacaq. Biz terrorçuluqla mübarizədə çox fəal
iştirak edirik. Azərbaycan 2001-ci ildən
Əfqanıstanda sülhməramlı əməliyyatlarda
iştirak edən etibarlı tərəfdaşdır. İlk gündən etibarən orada bizim hərbçilərimiz
xidmət edir.
Biz çox vacib olan
“Şimal Paylaşma Şəbəkəsi” adlanan nəqliyyat
şəbəkəsinin də fəaliyyətini təmin
edirik. Bu istiqamətdə NATO uçuşları
üçün hava məkanımızı təqdim
etmişik. Bu isə sülhməramlı əməliyyatlara
mühüm töhfədir. Azərbaycan
NATO-ya üzv olmayan bir neçə ölkədən biridir
ki, Əfqanıstan hökumətinə ciddi hərbi və
iqtisadi yardım göstərir.
Sizə nəqliyyat sahəsində
cərəyan edən son hadisələr haqqında məlumat
vermək istərdim. Bu, bizim daxili məsələmiz deyil.
Çünki bizim regionda təşəbbüskarı
olduğumuz bu layihələr artıq genişlənir və
qlobal layihələrə çevrilir.
Biz tərəfdaşlarımız
- Gürcüstan və Türkiyə ilə dəmir yolunun
inşasının təşəbbüskarı olduq. Bu dəmir
yolu üç ölkəni və qitələri birləşdirir.
Biz qarşılıqlı ticarət dövriyyəmizi
bu dəmir yolu xətti olmasa belə artıra bilərdik.
Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə
lazımdır. Bu, ən qısa nəqliyyat
marşrutudur. Ola bilsin ki, qiymət
baxımından bu, ən ucuz marşrut deyil və biz tariflərin
aşağı salınması üzərində
çalışırıq. Lakin bu, ən
qısa marşrutdur və yüklərinin qısa bir zamanda nəql
edilməsinə üstünlük verən şirkətlər
bu nəqliyyat şəbəkəsindən mütləq
istifadə edəcəklər.
“Şərq-Qərb nəqliyyat
dəhlizi” əməkdaşlıq və biznes dəhlizidir. Bu layihə artıq Azərbaycanda
və qonşu ölkələrdə minlərlə yeni
iş yeri yaratmaqdadır və ölkələrimizə
böyük mənfəət gətirəcəkdir. Əlbəttə, bizim tranzit ölkə kimi də
rolumuz artacaqdır.
Bu layihəni ilhamlandıran
enerji şaxələndirilməsinin təmin edilməsi idi. Bir daha qeyd
edim ki, biz bu layihəni gürcü və türk
qonşularımızla birlikdə icra etməyə
başladıq. Hazırda o, genişlənir
və artıq bir sıra neft və qaz kəmərlərinin
inşası nəticəsində çoxlu sayda ölkələr
bu prosesdə iştirak edirlər.
İlk layihə Azərbaycanı
Qara dəniz limanları ilə birləşdirən neft kəməri
idi. Növbəti kəmər bizi Aralıq dənizindəki
liman ilə birləşdirdi. Nəhayət,
növbə qazpaylayıcı infrastrukturun yaradılmasına
çatdı ki, bu da uğurla həyata keçirilir.
Artıq 7 ölkə - Azərbaycan,
Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan,
İtaliya və Albaniya “Cənub qaz dəhlizi”nin
üzvüdür. Daha üç Balkan ölkəsi
- Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin
növbəti mərhələsində bizim tərəfdaşlarımız
olacaq.
Bu, həqiqətən də
XXI əsrin layihəsidir və onun dəyəri 40 milyard
dollardır. Bu layihə Azərbaycan tərəfindən irəli
sürülüb və tərəfdaşlarımız, Avropa
Komissiyası tərəfindən dəstəklənib. Hətta
son iki il ərzində neftin qiymətlərinin
aşağı olduğu bir vaxtda bu layihə uğurla həyata
keçirilir və onun icrası ilə bağlı bizim maliyyə
öhdəliklərimizin ödənişi baxımından
heç bir gecikmə olmamışdır. Sərmayələr
Xəzər dənizində yerləşən nəhəng
qaz yatağı ilə bağlıdır və bu, Bakıdan
İtaliya sahillərinə qədər uzanan, bir-biri ilə əlaqəli
3 kəmərdən ibarət vahid bir sistem layihəsidir.
Bu, enerji təhlükəsizliyinə
töhfədir. Eyni zamanda bu, regional əməkdaşlığa
töhfədir. “Cənub qaz dəhlizi”
layihəsinə üzv olan ölkələr artıq təbii,
uzunmüddətli tərəfdaşlara çevrilmişlər.
Yəni biz burada Qafqazda və Türkiyədə
olan müsbət regional əməkdaşlığı
Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik.
Bu isə, öz növbəsində, bənzərsiz
bir əməkdaşlıq formatı yaradır.
Artıq
üçüncü dəfədir ki, hər ilin
fevralında Bakıda biz “Cənub qaz dəhlizi” Məşvərət
Şurasının iclasını təşkil edirik. Bu il də
belə bir toplantı keçirildi və şuranın
bütün üzvlərinin iştirakı ilə qəbul
edilmiş yekun bəyanatda Azərbaycanın aparıcı rolu
bir daha qeyd olundu.
Biz həmin layihələrin
təşəbbüskarı olduq. Biz qonşuları və
tərəfdaşları dəvət etdik və artıq
yaxşı nəticələrin şahidi oluruq. İstər nəqliyyat, istərsə də enerji
sektorunda təşəbbüskarı olduğumuz heç bir
layihə uğursuz olmamışdır. Çünki
onların hər biri real yanaşma üzərində
qurulmuşdur. Onların heç biri səs-küy
salmaq, özümüzü tərifləmək və ya
populist ideyalar vasitəsilə potensialımızı
nümayiş etdirmək naminə irəli sürülməmişdir.
Bizim potensialımız
nümayiş etdiriləndən daha genişdir. Biz imkan olan hər
yerdə Azərbaycanı göstərməyə
çalışmırıq. Biz ev
tapşırığımızı yerinə yetiririk və
zaman göstərir ki, biz düzgün seçim etmişik.
Bu gün qeyd etmək istədiyim
son məsələ bizim mədəniyyətlərarası
dialoqa olan töhfəmizdir. Bu gün burada, demək olar ki,
bütün qitələrin nümayəndələri var.
Burada 56 ölkənin nümayəndəsi var ki, bu da BMT-yə
üzv olan dövlətlərin dörddəbiri deməkdir.
İki aydan sonra Azərbaycan
IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna
evsahibliyi edəcəkdir. Bu da bir ənənəvi
tədbirə çevrilmişdir və onun həmtəşkilatçıları
UNESCO, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı
və BMT-nin Sivilizasiyalar Alyansı kimi beynəlxalq təşkilatlardır.
Yəni bu, bir qlobal tədbirdir, mən deyərdim
ki, dünyada mədəniyyətlərarası və dinlərarası
dialoq məsələlərinin müzakirəsinə həsr
edilmiş bənzərsiz bir tədbirdir.
Azərbaycanın seçilməsi
yalnız bizim bu tədbirin təşəbbüskarı
olmağımız ilə bağlı deyil. Bu, bizim
sivilizasiyalar və dinlər arasında
oynadığımız körpü rolu ilə
bağlıdır. Azərbaycanda dini
dözümlülük və multikulturalizm ənənəsi
artıq kifayət edir ki, biz belə bir müsbət tədbirin
mərkəzində olaq.
Biz həmin foruma və bu hərəkata
böyük əhəmiyyət veririk. Çünki
bu gün dünyanın məhz buna ehtiyacı var.
Çıxışımın əvvəlində dediyim
kimi, təəssüflər olsun ki, biz dialoq haqqında
danışırıq, ancaq əslində özgələşdirmənin
şahidi oluruq. Tolerantlıq haqqında
danışırıq, ancaq nifrətin şahidi oluruq. Bunlar artmaqdadır və bu, hamımız
üçün təhlükədir. İstər
bunun baş verdiyi ölkələr olsun, istərsə də
bundan əziyyət çəkənlər üçün.
Bu səbəbdən Azərbaycanın
mədəniyyət körpüsü rolu olduqca vacibdir. Eyni zamanda bu gün ölkəmizin
müsbət, dayanıqlı, təhlükəsiz və sabit
inkişafı onu nümayiş etdirir ki, yalnız
qarşılıqlı etimad və multikulturalizm, habelə
başqalarının ənənə, din və kökünə
hörmət ruhunda uğura imza atmaq olar.
Azərbaycan
çoxkonfessiyalı və çoxmillətli ölkədir və
bu, bizim böyük sərvətimizdir. Biz
nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək
olar. Özünütəcrid, nifrət
hislərinin bəslənilməsi və ya özünün
digərlərindən üstün tutulması bumeranq effekti
verəcək və nəticədə bu işlə məşğul
olanların özlərinə xələl gətirəcək.
Bu gün bizimlə birlikdə
olduğunuza görə sizə bir daha təşəkkür
edirəm və forumun işinə uğurlar arzu edirəm.
Azərbaycan Prezidenti İlham
Əliyevi, birinci xanım Mehriban Əliyevanı və forum
iştirakçılarını salamlayan Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq
prezidenti Vayra Vike-Freyberqa Bakıda keçirilən bu mötəbər
tədbirin bir sıra beynəlxalq aktual məsələlərin
açıq və dostluq mühitində müzakirəsinə
hərtərəfli imkan yaratdığını bildirərək
dedi:
- Forum ildən-ilə inkişaf etdikcə
biz onun təkcə genişləndiyini
deyil, həm də keyfiyyətcə daha da
yaxşılaşdığını görürük və
sizin hər birinizin iştirakı və səbirsizliklə
gözlədiyimiz töhfələriniz bizim üçün
şərəfdir. Bir qədər əvvəl
biz Azərbaycan Respublikası Prezidentinin ölkəsinin beynəlxalq
münasibətlərin gələcəyindəki rolu ilə
bağlı fikirlərini dinlədik. Deməliyəm ki,
xüsusilə mənim kimi doğma ölkəsi Latviyanı
qaçqın uşaq olaraq tərk etmiş
və on illərlə oraya gedə bilməyən, nadir hallarda
ciddi nəzarət altında turist kimi gedən və həmin
dövrdə Sovet İttifaqının hakimiyyəti altında
olan ölkələrin heç birinə gedə bilməyən
biri üçün bu nadir xüsusiyyətləri olan ölkə
ilə işləmək mənə xüsusi zövq verib.
İllər ərzində bu, həm mənim prezidentliyim
dövründə, həm də ondan sonra dünyanın bizə
tanış olmayan hissələri ilə
tanış olmaq üçün bir kəşf səyahəti
olub. Düşünürəm ki, Bakıya gələn
bir çox qonaqlar həqiqətən də təəccüblənirlər,
çünki onların da belə bir imkanı olmayıb.
Onlar burada, dənizin sahilində gözəl,
müasir şəhəri görəndə heyrətə gəlirlər.
Bugünkü mövzumuz beynəlxalq güclər
balansı, güc və maraqlar, dünyanın hər kəs
üçün daha yaxşı və təhlükəsiz
yerə çevrilməsi yollarıdır. Bu, bizim dəfələrlə bu və ya digər
formada qayıtdığımız mövzudur.
Beynəlxalq aləmdə
hazırkı vəziyyətlə bağlı fikirlərini
bölüşən Vayra Vike-Freyberqa mövcud problemlərin
həlli ilə bağlı qənaətini ətraflı
xarakterizə etdi. O, problemlər olan cəmiyyətlərdə yaşayan
bir qisim insanların fəaliyyətinin ekstremizmə, beynəlxalq
və daxili münaqişələrə, bütün ölkələr
üçün dəhşətli olan vətəndaş
müharibələrinə, qonşu ölkələrin
suverenliyi və ərazi bütövlüyünün
pozulmasına, həmçinin bir çox başqa bəlalara
səbəb olduğunu söylədi. O, dünyanın bir
sıra ölkələrinin, o cümlədən Azərbaycanın
beynəlxalq sabitliyə töhfələrini əsirgəmədiyini
vurğulayaraq dedi:
- Düşünürəm ki, Azərbaycan
bu regionda uğur nümunəsidir. Onun geosiyasi
strateji əhəmiyyəti var. O, xüsusilə enerji sahəsində
mühüm təbii ehtiyatlara malikdir, bu da həm iqtisadi, həm
də ümumi gücün mənbəyidir. O, Şərq
ilə Qərb arasında nəqliyyat qovşağıdır
və ümid edirəm ki, gələcəkdə Şimal ilə
Cənub arasında nəqliyyat qovşağı olacaq. Burada dinin dövlətdən ayrı olması hər
kəsin etiqad azadlığını və öz şəxsi
inancına etiqad etməsini təmin etməyə imkan verir.
Dövlət insanları heç bir inanca məcbur
etmir, bu, onların öz seçiminin, ənənələrinin
öhdəsinə buraxılır. Düşünürəm
ki, bunlar yaxşı idarə edilən dövlətin minimum
malik olmalı olduğu mühüm meyarlardır.
Vayra Vike-Freyberqa forum
zamanı faydalı fikir mübadiləsinin
aparılacağına əminliyini ifadə etdi.
* * *
İtaliyanın Azərbaycandakı səfiri
Ciampaolo Kutillo İtaliya Respublikasının Prezidenti Sergio
Mattarellanın müraciətini forum
iştirakçılarına çatdıraraq dedi:
- Cənab Prezident İlham
Əliyev, xanım Birinci vitse-prezident Mehriban Əliyeva,
zati-aliləri, həmsədrlər, xanımlar və cənablar. Mən Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin həmsədrlərinə
İtaliya Respublikasının Prezidenti Sergio Mattarella tərəfindən
ünvanlanmış müraciəti oxuyacağam.
Müraciətdə deyilir: “Hörmətli
həmsədrlər. V Qlobal Bakı Forumunda
iştirak etmək üçün məni dəvət
etdiyinizə görə sizə təşəkkürümü
bildirirəm. Əfsuslar olsun, İtaliyada
qalmağımı tələb edən uzunmüddətli
öhdəliklərə görə mən şəxsən
bu tədbirdə iştirak edə bilməyəcəyəm. Bu gün heç vaxt
olmadığı kimi beynəlxalq ictimaiyyətin üzləşdiyi
təxirəsalınmaz çağırışlar barədə
düşünmək mühüm əhəmiyyət kəsb
edir. Bunların arasında dinlər və
mədəniyyətlərarası dialoqun təşviqi
müstəsna və bəzən misilsiz əhəmiyyət
daşıyan prioritet təşkil edir. Beynəlxalq
ictimaiyyətin ümumi irsinin bir parçası olmalı olan
şaxələnməyə hörmət və əsas
azadlıqların müdafiəsi dözülməzlik və
ekstremizmi yayaraq öz baxışını zorla qəbul
etdirməyə çalışanlar tərəfindən daimi
və çox zaman zorakı təzyiq altındadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən
həyata keçirilən təşəbbüslər kimi bu
qəbildən olan təşəbbüslər millətlər
arasında sivil birgəyaşayışın əsasını
təşkil edən müxtəlif xalqlar, mədəniyyətlər
və konfessiyalar arasında dialoq və əməkdaşlığın
aparılmasının necə dəstəklənməsi barədə
dərin və aydın düşüncələri ifadə
etmək məqsədilə imkanların təşviqində
yerinə düşən və vaxtında keçirilən
bir təşəbbüsdür. Keçən il Romada sonuncu görüşümüzü
böyük məmnuniyyətlə xatırlayaraq, mən Sizə
dərin ehtiramımı bildirir və növbəti Qlobal
Bakı Forumunun işinə uğurlar arzu edirəm.
Sergio Mattarella,
İtaliya Respublikasının Prezidenti”.
* * *
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı
müvəqqəti işlər vəkili Stefan Makkornak Birləşmiş
Krallığın Baş naziri Tereza Meyin müraciətini
oxuyaraq dedi:
- Zati aliləri Prezident İlham
Əliyev, zati-aliləri Birinci vitse-prezident, hörmətli
liderlər və qonaqlar. Mən Böyük
Britaniyanın Baş naziri Tereza Meyin mesajını oxumaq istəyirəm.
Müraciətdə deyilir: “V Qlobal
Bakı Forumunun iştirakçılarına dəstək məktubunu
göndərmək imkanına malik olduğumdan böyük məmnunluq
hissi keçirirəm. Mən Azərbaycanı
bu tədbirə 5-ci ildir ki, evsahibliyi etdiyinə və cari və
sabiq dünya liderlərindən ibarət bu mötəbər
bir qrupu bir araya gətirdiyinə görə təbrik edirəm.
Bu il Birləşmiş Krallıq və Azərbaycan
arasında diplomatik münasibətlərin yaranmasının
25-ci ildönümüdür. Bu müddət ərzində
aramızda güclü və məhsuldar münasibətlər
qurulmuşdur. Biz birlikdə mühüm əhəmiyyət
kəsb edən çox geniş çeşidli məsələlər
üzərində çalışırıq və bu əməkdaşlığın
daha da gücləndirilməsi və dərinləşdirilməsi
istiqamətində səylərimizi davam etdirəcəyik.
Qlobal Bakı Forumu bu gün dünyanın
üzləşdiyi bəzi mühüm
çağırışlara ən yaxşı şəkildə
necə reaksiya göstərmək üçün beynəlxalq
ictimaiyyəti öz ekspert biliyi ilə paylaşmaq və
razılığa gəlmək üçün bir araya gətirir.
Mən sizə bu tədbirin keçirilməsində
uğurlar arzu edirəm”.
* * *
Sonra çıxış edən
İsmail Serageldin Prezident İlham Əliyevin nitqinin çox məzmunlu
olduğunu dedi. Bildirdi ki, Azərbaycan Prezidenti
çıxışında iqtisadiyyat və siyasət, mədəniyyət
və prinsiplər, beynəlxalq, yerli və regional münasibətlər
arasında tarazlığın nə olduğunu qeyd etdi. İsmail Serageldin dünyanın müxtəlif
ölkələrində baş verən siyasi, iqtisadi hadisələr,
maliyyə və sosial çətinliklər barədə
danışdı. O, ikili standartların problemlərin həllinə
ciddi maneə yaratmasını qeyd edərək dedi:
- Qaydalar və qanunlar sistemi, zati-aliləri
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikili standartların
mövcud olmamasını təmin etməlidir. Bundan
əlavə, bu sistem təkcə güclülərə xidmət
etməməlidir, eyni zamanda güclülər tərəfindən
dəstəklənməlidir. Bu sistem
hamıya əlçatan olmalıdır. Daxil
edilməsi mümkün olmayanları özünə daxil etməlidir
və xidmət olunmayanlara xidmət etməlidir. Ümidsizlərə ümid verməlidir və bu
gündən etibarən hələ də dünyaya gəlməyənlər
barədə düşünməlidir və hamımız
üçün daha yaxşı gələcək təmin
etməlidir. Sizcə bunu etmək bizim
imkanımız xaricindədir? Mən belə
hesab etmirəm. Düşünürəm,
bizi qəbul edən zati-aliləri cənab Prezident
qarşımızda bir çağırış qoydu və
biz buna müvafiq olaraq hərəkət etməliyik. Növbəti sessiyaya başlamadan öncə mən
bütün iştirakçılar adından bir daha zati-aliləri
Prezident İlham Əliyevə təşəkkürümü
bildirmək istəyirəm.
* * *
V Qlobal Bakı Forumu
işini martın 16-da iclaslar və plenar panellərlə davam
etdirdi.
Azərbaycan.- 2017.- 17 mart.- S.1, 2, 3.