Azərbaycan və Gürcüstan əlaqələri
bölgədə və beynəlxalq səviyyədə
mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan
Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Gürcüstan Prezidenti qeyd etdi ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu dedi.
Prezident İlham
Əliyev ölkələrimiz arasında yaxın
qarşılıqlı fəaliyyətin mövcud
olduğunu vurğulayaraq,
münasibətlərimizin yüksək səviyyəsindən
məmnunluğunu ifadə etdi və əlaqələrimizin
bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə
mühüm rol
oynadığını dedi. Dövlətimizin başçısı münasibətlərimizin
bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin
vacibliyini vurğuladı. Prezident
İlham Əliyev ölkələrimizin həyata
keçirdiyi qlobal
layihələrin digər sahələrdə də əməkdaşlığın
gücləndirilməsi işinə xidmət etdiyini bildirdi.
Azərbaycan.-
2017.- 17 mart.- S. 4.