Bakı Forumu çərçivəsində “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusunda müzakirələr aparılıb

 

Martın 16-da V Qlobal Bakı Forumunun ikinci iclasında “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçirilən iclasda müzakirə olunan mövzunun aktuallığı qeyd edildi.

İclasda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev çıxış edərək bildirdi ki, onun fikirləri siyasi realizmə opponent mövqedədir. Çünki siyasi realizm maraqlara xidmət edir, diktatorlara yardım göstərir, müharibələr yaradır. İstərdim ki, siyasi realizm XX əsrdə qalsın və ona qayıtmayaq, siyasi realizmdən nəticələr çıxaraq. Əgər dünyada dayanıqlı sülh varsa, təkcə böyük güclər deyil, hamı nəzərə alınmalıdır, yəni, böyük güclər başqaları üçün qərarlar verməməlidir. Bu baxımdan Avropa İttifaqı gözəl təcrübədir və nadir sülh layihəsidir. Burada qərarların qəbulunda hamı iştirak edir. İstərdim ki, liderlər maraqları dəstəkləməsinlər, diplomatiyanı üstün tutsunlar, nəinki silahları. Hazırda Avropa İttifaqında 11 böhran var. İnsanlar siyasətçilərin bu böhranları həll etməsini gözləyirlər. Bolqarıstan mənim üçün o zaman güclü ola bilər ki, Avropa İttifaqı güclü olsun. Biz, eyni zamanda, transatlantik əlaqələri saxlamağa çalışmalıyıq. Bu baxımdan NATO-nun fəaliyyətini vurğulamaq olar. Biz bu təşkilatın gücünü dəstəkləyirik. Habelə sərbəst qlobal ticarət üçün şərait yaradılmalıdır. Yeni Amerika daha güclü balansa malik olacaq. ABŞ Prezidenti qanunları, qaydaları, güclü liderləri dəstəkləmir, güclü institutları dəstəkləyir. Növbəti 8-10 ildə yeni təsisatlar yaradılacaq. Bizi narahat edən məsələlərin müzakirə baxımından Qlobal Bakı Forumu çox gözəl platformadır. Biz bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə minnətdarıq.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç qeyd etdi ki, maraqlara əsaslanan siyasi realizmdə dəyərlər, prinsiplər nəzərə alınmır. Beynəlxalq arenada populizm, demokratik cəmiyyətlərdə problem və münaqişələr, bir çox ölkələrdə siyasi böhranlar mövcuddur. Bu cür vəziyyətdə əsl siyasət önə çıxmalıdır. Biz əgər siyasi relizmə qayıtsaq, çox böyük çətinliklərlə üzləşəcəyik. Bu gün bir çox insanlar siyasəti təqsirləndirir, siyasi təcrübələri olmadan arenalarda çıxış edirlər. Biz bu arenada öz imkanlarımızı, eləcə də dünyadakı münaqişələri həll etmək iqtidarında olduğumuzu göstərməliyik. Yeni dünyada asayişin bərpa olunması vaxtıdır. Biz, həmçinin miqrasiya, iqtisadi təhlükəsizlik məsələləri ilə, mədəniyyət sahəsində rast gəlinən çətinlikləri aradan qaldırmaqla məşğul olmalıyıq. Bu gün biz Azərbaycanın yaratdığı bu gözəl platformadan istifadə edərək dünyaya öz mesajımızı çatdırmalıyıq: “İnsanlara münaqişələr, problemlər lazım deyil, dünyamız sülh və barış içində yaşamalıdır”.

Ərəb Liqasının sabiq baş katibi Əmr Musa bildirib ki, siyasi realizmdə beynəlxalq standartlara hörmət yoxdur, şəxsi maraqlar var. Habelə super qüvvələr öz siyasətlərini müəyyənləşdirməyiblər. Müəyyən dəyişikliklər olsa da, bu, azdır. Dünyada yoxsulluq, korrupsiya problemləri narahatlıq doğurur. BMT-nin fəaliyyəti isə sanki medalın iki üzüdür. Məsələn, bu qurumun UNESCO, FAO kimi təşkilatlarının fəaliyyəti uğurludur, lakin təhlükəsizlik məsələsi medalın qara üzüdür. Ən pisi isə böyük qüvvələrin problemləri idarə etmək cəhdləridir. Təəssüf ki, köhnə ideologiya hələ də mövcuddur. Beşinci Qlobal Bakı Forumunda müasir dünya üçün çox əhəmiyyətli mövzunun müzakirəyə çıxarılmasını yüksək qiymətləndirirəm. Qlobal Bakı Forumunun gündəliyi ildən-ilə daha da zənginləşir. Mən belə bir əhəmiyyətli tədbiri təşkil etdiyinə görə ev sahibi Azərbaycana dərin minnətdarlığımı bildirirəm.

Argentinanın sabiq vitse-prezidenti Culio Cezar Cobos Azərbaycan kimi gözəl ölkənin ev sahibliyi etdiyi bu Forumda iştirak etməkdən qürur duyduğunu bildirdi. Qeyd etdi ki, dünyada baş verən münaqişələr həllini tapmayıb. Cəmiyyətin gələcəyini cari vəziyyətə qurban vermək olmaz. Daha təhlükəsiz və ədalətli dünyanın qurulmasına çalışmaq lazımdır. Bərabərliyin və azadlığın qarantı olaraq birlikdə işləməli, bütün qüvvəmizi münaqişələri aradan qaldırmağa, miqrant probleminin həllinə yönəltməli, bərabər dünya qurmalıyıq. Bunun üçün, həmçinin iqtisadi, mədəni baxımdan əlaqələr genişləndirilməlidir. Nəzərə almaq lazımdır ki, beynəlxalq vəziyyət çox dinamikdir və gözlənilməzdir. Argentina bu iclasda müzakirə edilən mövzulara öz töhfəsini verə bilər. Dünyaya nə müşahidəçi, nə də danışan lazımdır, dünyaya əməli görənlər lazımdır. Dünya dövlətlərinin xarici siyasəti bu prinsipə əsaslanmalıdır, çünki gələcək nəsillər bunu tələb edir.

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga bu paneldə xanım nümayəndələrin iştirak etməsindən məmnunluğunu ifadə etdi. Vurğuladı ki, bu gün hamı qlobal dünyada yaşayır. Eyni zamanda, dünyada müxtəlif proseslər gedir. Məsələn, Böyük Britaniya Avropa İttifaqından çıxır, beynəlxalq güclər öz iradələrini diktə edirlər. Dünyada baş verən proseslər lokal kontekstdən də təhlil oluna bilər. Məsələn, Çinin iqtisadiyyatında nəsə baş verərsə, bu, digər ölkələrə təsir edəcək, yaxud Avropada avronun dəyərdən düşməsi başqa ölkələrə təsirsiz ötüşməyəcək. Eləcə də texnologiyaların inkişafı ayrı-ayrı ölkələrə təsir edir. Qloballaşmanın təsiri xoşumuza gəlib-gəlməsə də böyükdür. Bunun üçün qlobal problemlərin həllini birgə aradan qaldırmağa çalışmalıyıq. Bu baxımdan Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir.

Ukrayna Üç MinFondunun prezidenti, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko Azərbaycanın ev sahibliyi etdiyi bu Foruma dəvətə görə təşəkkür etdiaktual mövzuların müzakirə olunduğu tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, dünyada iki-üç güclü dövlət digər ölkələrin taleyini müəyyənləşdirir, yerdə qalanlar isə onlarla hesablaşmalı olur. Lakin bu, düzgün deyil. Bu, nə mənəviyyata, nə də beynəlxalq standartlara uyğundur. Siyasi realizm uzun müddət davam edə bilməz. Eyni zamanda, Avropa İttifaqı və digər birliklər birgə müqavilələrə əməl etməlidirlər. Avropa İttifaqı vətəndaşlara üz tutmalı və bu qurumunüçün yaradıldığını onlara izah etməlidir. Vətəndaşlar korrupsiya və ayrı-ayrı ölkələrdə baş verən münaqişələrdən narahatdırlar. Qloballaşmanı dəyişə bilməsək də, qloballaşmada daha faydalı iştirak edə bilərik.

ABŞ hökumətində baş məsləhətçi Edvard Lutvok Donald Tramp Administrasiyasının öz fəaliyyətində prioritet hesab etdiyi məsələlərdən danışdı. Qeyd etdi ki, hazırda ABŞ dövlətində siyasətin əsasını infrastruktur layihələri təşkil edir. Bu, bir növ gəlirlərin yenidən bölüşdürülməsidir. ABŞ dövləti xarici siyasətində müttəfiq dövlətlərlə münasibətini davam etdirir. E.Lutvok Prezident Reyqanın dövründən hökumətdə fəaliyyət göstərdiyini diqqətə çatdıraraq müxtəlif illərdə dövlətin strategiyasının siyasiiqtisadi aspektləri, nəticələri haqqında məlumat verdi, fikirlərini müqayisələrlə əsaslandırdı. O, V Qlobal Bakı Forumunda müzakirə olunan mövzuların əhəmiyyətindən danışdı, burada maraqlı fikirlərin səsləndirildiyini bildirdi.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

 

Azərbaycan.- 2017.- 17 mart.- S. 11.