Heydər Əliyev həyatda olsaydı, bugünkü Azərbaycanla
qürur duyardı
Azərbaycan Prezidenti respublikamızı güclü
mövqeyi, özünü təmin edən və özünə
inanan, çoxlu dostları olan, dünyaya açıq və
gələcəyə nikbinliklə baxan ölkə kimi səciyyələndirdi
Xəbər verildiyi kimi, martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, həmçinin bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər də var idi.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq beşinci dəfədir keçirilir. İki gün davam edəcək builki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə olunur. Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra VİKE-FREYBERQA ziyafətdə çıxış edərək dedi:
-Axşamınız xeyir, Zati-aliləri İlham Əliyev.
Zati-aliləri Birinci
vitse-prezident xanım Mehriban Əliyeva.
Əziz dostlar, həmkarlar,
Qlobal Bakı Forumunu və Nizami Gəncəvi Mərkəzini
dəstəkləyənlər.
Hesab edirəm ki, bizi həqiqətən
çox böyük qonaqpərvərliklə qəbul etdiyinizə,
ürəklərinizi bizə geniş
açdığınıza və əvvəllər ölkənizi
tanımayanlara ölkənizi təqdim etdiyinizə görə
Azərbaycan Prezidentinə səmimi minnətdarlığımı
ifadə etməklə hamımızın adından
danışmış olaram. Artıq buraya müəyyən
müddətdir ki, gələnlər hər səfərdə
ölkədəki tərəqqinin, nəzərəçarpan
inkişafın şahidi olurlar. Yeni gözəl
memarlıq nümunələrini görürlər, Heydər
Əliyevin xatirəsinə ucaldılan bu muzey kimi dünya səviyyəli
tikililərin şahidi olurlar. Ölkənizin
tarixində dahi şəxsiyyət olan Nizami Gəncəvinin əldə
etdiyi nailiyyətləri təbliğ edən Mərkəzin təsis
olunması ilə bağlı ideyanıza və səylərinizə
görə Sizə minnətdarıq.
Beş məşhur
poemanın müəllifi Nizami Gəncəvi fikirlərini,
mövzularını saysız-hesabsız təqlid edənlər
və davamçıları üçün ilham mənbəyi
olmuşdur. Ən azı, məsələn, Şekspirin müəllifi
olduğu “Romeo və Cülyetta” əsərini qeyd etmək
olar. Bu əsərlər çox uzun və
keşməkeşli yollarla bir hekayət kimi İtaliyaya, sonra
isə İngiltərəyə və dünyanın başqa
yerlərinə gəlib çıxmışdır.
Bizə bir araya gəlmək
fürsəti yaratdığınıza görə Sizə həqiqətən
də minnətdarıq. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda
olmaqdan həzz aldığımızı söyləsəm
hamımızın adından danışmış olaram.
Sizin qonaqpərvərliyiniz bizim ürəyimizcədir.
Bu qonaqpərvərliyin öz çaları və
tərzi var. Biz bunu həqiqətən yüksək qiymətləndiririk.
Bu, çox böyük və səxavətli
bir addımdır. Buna görə biz Sizə
minnətdarıq. Artıq V Bakı Qlobal
Forumu keçirilir və buna görə Sizə minnətdarıq.
Hər bir forum əvvəlkindən yaxşı
olmuşdur. Beləliklə, biz, Sizin burada
gördüyünüz kimi bir çox müxtəlif və
uzaq yerlərdən olan insanları bir araya gətirən,
onlara dünyaya dair baxışını,
narahatlıqlarını və hamımızın bir yerdə
dünyanı necə daha da yaxşı etmək
üçün yaradıcı ideyalarını paylaşmaq
imkanını verən tədbirin beynəlxalq müstəvidə
davamlı olaraq inkişafını səbirsizliklə gözləyirik.
Hesab edirəm ki, qısa müddət ərzində Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi çox iş görə
bilmişdir. Beş il çox yaxşı
bir ildönümüdür, lakin tarix baxımından
çox qısa vaxtdır. Bizim Bakı Forumuna əlavə
olaraq çoxlu sayda ölkələrdə dəstək
proqramlarımız var və bu il biz ilk dəfə
Çinə gedəcəyik. Beləliklə,
biz dünyada baş verən hadisələr barədə məlumatlıyıq
və onlara açığıq.
Əziz dostum və qardaşım
doktor İsmail Serageldinin həmsədr olduğu Nizami Gəncəvi
Mərkəzinin beynəlxalq idarə heyəti adından
beşinci ildönümü münasibətilə bizim Sizə
kiçik hədiyyəmiz var. Bu hədiyyədə idarə
heyətinin üzvləri və Nizami Gəncəvi Mərkəzini
dəstəkləyən digər şəxslərin
keçmiş tarixinə və onların Azərbaycan ilə əlaqələrinə
nəzər salınır. Ümid edirəm ki, bu hədiyyə
Sizin xoşunuza gələcək.
Mən fəxr edirəm ki,
Azərbaycan ilə ilkin təmasım Azərbaycanın o
zamankı Prezidenti Heydər Əliyevin vasitəsilə
olmuşdur. Bu, Baltik dənizi və Qara dəniz ölkələri
arasında Yaltada keçirilən çox xüsusi bir
görüş idi. Bu
görüşü artıq bu gün keçirmək
mümkün deyil. Lakin Baltikyanı
üç ölkənin prezidentlərinə Stalinə
satıldığımız yeri öz gözləri ilə
görmək, Stalin, Ruzvelt və Çörçilin
oturduğu üç kreslonu görmək üçün
Levadiya qəsrinə səfər etmək imkanı
verilmişdi. Bu, rəsmi deyildi və təəssüf
ki, məndə o günün şəkilləri yoxdur. Çünki biz bunu sadəcə ona görə
etdik deyək ki, onlar bizi o realist siyasət dönəmində
düşmənlərə bax belə satdılar və
qisamüddətli maraqlar üçün zəruri olan siyasətlə
məşğul idilər. Ümid edirik
ki, bu realist siyasət keçmişdə qalacaq. Biz bunu bu gün müzakirə etdik ki, ölkələrə
beynəlxalq hüquqları, suverenliyi və ərazi
bütövlüyünə görə hörmət edilməlidir.
Biz bilirik ki, Azərbaycan ərazi
bütövlüyünə qarşı bu cür hörmətsizlikdən
əziyyət çəkən ölkələrdən
biridir. Qeyd etməliyəm ki, bütün
Avropa İttifaqi ölkələri, o cümlədən Latviya
belə bir ideyanı güclü surətdə dəstəkləyirlər
ki, hər bir ölkə öz ərazi
bütövlüyünü beynəlxalq hüquqa uyğun
şəkildə bərpa etmək hüququna malik olsun.
Böyük məmnuniyyətlə
bildirmək istəyirəm ki, bu albomda mənim Prezident Heydər
Əliyev ilə gözəl bir şəklim var. Mən bundan
qürur duyuram. Biz burada, bu salonda əyləşmiş
bir çox insanların inkişaf yolunu, onların Azərbaycan
və Sizinlə, Sizin sələfiniz olan görkəmli
atanızla əlaqələrini görürük. Beləliklə, xahiş edirik ki, bizim minnətdarlığımızı,
təşəkkürümüzü qəbul edin. Arzumuz budur ki, Siz Nizami Gəncəvi Mərkəzinə
dəstək olmaqda davam edəcəksiniz. Çünki
Nizami Gəncəvi artıq XII əsrdə bu regionu
bütün dünyaya tanıtmışdır və bu,
uzunmüddətli şöhrət olmuşdur, bunu hələ
də təkrar edən olmamışdır.
Latviyanın sabiq Prezidenti Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
ayrı-ayrı dövlət başçıları ilə
görüşlərini əks etdirən fotoşəkillərdən
ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim
etdi.
X X X
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Misirin İsgəndəriyyə
Kitabxanasının direktoru İsmail SERAGELDİN
çıxış edərək dedi:
-Təşəkkür edirəm,
xanım Freyberqa.
Hesab edirəm ki, mənim
söyləmək istədiyim bütün sözləri siz
dediniz. Sizin söylədiklərinizi bir daha təsdiq edərək
Prezident Əliyevə bizə verdiyi ilham mənbəyinə
görə minnətdarlığımızı və təşəkkürümüzü
bildirirəm.
Mən, həmçinin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələn,
Zati-aliləri xanım Mehriban Əliyevaya xüsusi
salamlarımı çatdırmaq istəyirəm.
Uzun illər bundan öncə
mənə Heydər Əliyev Fondunda Misir ilə Azərbaycan
arasında mədəni mübadilənin təşkili məsələlərini
xanım Mehriban Əliyeva ilə müzakirə etmək və
bunun davamı olaraq səfərləri təşkil etmək
şərəfi nəsib olmuşdur. Beləliklə,
ümidvaram ki, Azərbaycana gələn zaman Sizinlə daha
tez-tez görüşmək şərəfinə nail
olacağıq. Əminəm ki, siz
kiçik bir təşəbbüsü çox böyük
platformaya çevirdiyinə görə bizim minnətdar
olduğumuz və rəhbərliyindən
ruhlandığımız Zati-aliləri Prezident İlham
Əliyevin təməlini qoyduğu bu prosesə daha inamla
qatılacaqsınız.
Zati-aliləri, icazə verin qeyd edim
ki, biz bu tədbirin gələn il daha
möhtəşəm olacağına və bəlkə də
üç gün davam edəcəyinə ümidvarıq.
Çox sağ olun, cənab Prezident.
X X X
Sonra Azərbaycan Respublikasının
Prezidenti İlham ƏLİYEV çıxış edərək
dedi:
-Xanım Prezident Vike-Freyberqa, doktor
Serageldin, əziz dostlar və qonaqlar.
Əvvəlcə xanım
Prezidentə bu dəyərli xatirə üçün təşəkkürümü
bildirmək istəyirəm. Atamın dünya
liderləri ilə olan fotoşəkilləri. Onların böyük bir hissəsi bu gün
buradadır. Onlar 1997-ci ildən bəri
çox dəyişməyiblər. Bu hədiyyə
üçün çox təşəkkür edirəm.
Xanım Prezident, Siz Heydər
Əliyevlə olan görüşünüzü qeyd etdiniz.
Bunu bilirəm, çünki o, həmin görüşdən
qayıdanda mənə öz təəssüratları və
Sizin barədə
danışmışdı. Onu Sizin
baxışınız, ölkəniz üçün etdikləriniz
çox təsirləndirmişdi. Düşünürəm
ki, ölkələrimiz arasında bu gün çox yüksək
səviyyədə olan əlaqələr bu şəxsi əlaqə
vasitəsilə yaranmışdı.
Azərbaycan üçün
Heydər Əliyev xalqımızı burada baş verə biləcək
bir çox faciəvi hadisələrdən xilas etmiş bir
liderdir. O, Azərbaycanın
sovet dövründə lideri idi. Daha sonra o, Sovet
İttifaqının mərkəzi hakimiyyətində işləyən
ilk azərbaycanlı olaraq çox önəmli vəzifə sayılan
Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə yüksəlmişdi. Daha sonra o, təqaüdə çıxdı və
1990-cı ilin yanvarında sovet ordusu Bakıya hücum etdikdə
o, artıq təqaüdçü idi. O, səsini ilk dəfə
qaldıranlardan və sovet rəhbərliyini, sovet ordusunu
mülki azərbaycanlılara qarşı bu qəddar təcavüzə
görə pisləyənlərdən biri idi. Qara
Yanvar tariximizdə faciəvi bir hadisədir. Bu faciəvi hadisənin sabahısı biz birlikdə
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
getdik, o vaxtlar səfirlik yox idi.
Orada yüz nəfərdən
çox insanın, o cümlədən qadınların,
uşaqların sovet ordusu tərəfindən qəddarlıqla
öldürülməsinə, yüzlərlə insanın
yaralanmasına və bir çoxunun itkin düşməsinə
görə kədərini ifadə etmək, məyusluqlarını
və faciəvi anı bölüşmək üçün
gələn azərbaycanlılardan ibarət böyük bir
kütlə gördük.
O vaxt Heydər Əliyev iki ildən
artıq idi ki, təqaüdə çıxmışdı. Biz kütləyə yaxınlaşdıqda insanlar kənara
çəkilməyə və binaya daxil olması
üçün ona və onu müşayiət edən bizə
bir dəhliz açmağa başladılar. Bu, çox emosional bir an idi. Azərbaycanlıların
birliyinin rəmzi idi – bu faciə onları birləşdirmişdi.
Bu, onun heç vaxt şəxsən görmədiyi
və öz növbəsində onu da görməyən
insanların ona hörmətinin əlaməti idi.
Onlar ona hörmət göstərdilər,
onun heç bir vəzifəsi yox idi. Əksinə,
1990-cı illərin əvvəli idi, sovet ittifaqı hələ
də çox güclü idi və kommunist partiyası hər
yerdə təsir imkanlarına malik idi. O, təqaüddə
idi. Əgər, belə yüksək vəzifədən
təqaüdə çıxırdınızsa, siz nəinki
ictimai fəaliyyətdən uzaqlaşdırılırsınız,
siz həm də mənəvi və fiziki olaraq təcrid
edilirsiz. Biz binaya daxil olduq və o, mətbuat
konfransı təşkil etdi. Həmin mətbuat
konfransının videoları mövcuddur və dəfələrlə
göstərilib. O, sovet rəhbərliyini, bu terror hadisəsini
törədənləri pislədi. Bundan sonra o,
kommunist partiyasından – gənc yaşlarından
sıralarında olduğu partiyadan
çıxdığını bəyan etdi. Bu, onun insanlara yanaşması idi, onun çox cəsarətli
hərəkəti idi və o, bir daha nümayiş etdirdi ki, vəzifəsinin
olub-olmamasından asılı olmayaraq o, Azərbaycan
xalqının lideri idi.
Daha sonra biz, əlbəttə,
çətinliklərə düşdük. Ailəmizin
hamısı, o cümlədən mən işlərimizi
itirdik. Bu, bizim taleyimiz idi. Onun üçün Moskvada qalmaq çox təhlükəli
idi, çünki onu həbs etmək haqqında planlar var idi.
O, Bakıya qayıtdı. O vaxt Azərbaycanın kommunist rəhbərliyi
ona qarşı maneələr yaratmağa başladı. Bunun üçün də o, doğulduğu yerə,
Naxçıvana qayıtdı. Orada o,
özünü təhlükəsizlikdə hiss edirdi,
çünki insanlar dərhal onu qəbul etdilər və onu
Naxçıvan Muxtar Respublikasının lideri seçdilər.
Fikrimcə, bu, sovet dövründə bir
presedent idi, insanlar azad olduqlarını nümayiş etdirdilər.
Onlar göstərdilər ki, mərkəzi sovet
hökuməti artıq onların iradəsinə nəzarət
edə bilmir. Azərbaycanın kommunist rəhbərliyi
sadəcə olaraq heç nə edə bilmirdi. Onlar insanların iradəsi önündə
gücsüz idilər. Əslində, bu,
bizim müstəqilliyə aparan yolumuzun
başlanğıcı idi. O, Naxçıvan Muxtar
Respublikasının parlamentinin sədri seçildi. Eyni zamanda, Azərbaycan parlamentinə seçkilər
keçirildi, o, Azərbaycan parlamentinin üzvü
seçildi. Bu dövr çox çətin
idi. İqtisadi vəziyyət çox pis
idi. O, müstəqilliyə yol açan çox vacib
üç qərar qəbul etdi. Naxçıvan
Muxtar Respublikası o vaxt Naxçıvan Sovet Sosialist Muxtar
Respublikası adlanırdı. Parlamentin qərarı
ilə “sovet sosialist” sözləri muxtar respublikanın
adından çıxarıldı.
İkinci qərar,
yadınızdadırsa, sovet ittifaqının saxlanması
haqqında referendum keçirilirdi. Əfsuslar olsun ki,
Bakıdakı hökumət bu referendumu təşkil etdi və
nəticələr çox qəribə idi. İnsanların azad olmaq istəməsinə
baxmayaraq, guya əksəriyyəti sovet ittifaqının
saxlanılmasına səs vermişdi. Beləliklə,
Heydər Əliyev bu referendumun Naxçıvanda keçirilməsinə
icazə vermədi.
Üçüncü qərar
isə onun Naxçıvan Muxtar Respublikasının
parlamentinin sessiyasına 1918-ci ildə yaradılmış Azərbaycan
Demokratik Respublikasının bayrağını gətirərək
onu Naxçıvanın dövlət bayrağı elan etməsi
idi. Eyni zamanda, o, Azərbaycan parlamentinin üzvlərindən
eyni qərarın qəbul olunmasını xahiş edən bir
bəyanat qəbul etdi. Əfsuslar olsun ki,
onlar bu qərarı qəbul etmədilər və Sovet Azərbaycanının
bayrağı müstəqil Azərbaycanın bayrağına
ancaq sovet ittifaqı dağıldıqdan sonra dəyişdirilmişdir.
Bunlar tamamilə bütün həyatını
ancaq xalqına həsr etmiş bir liderin ata biləcəyi
addımlar idi. Biz bununla qürur duyuruq.
Tariximizlə qürur duyuruq. Mən atamla qürur duyuram. Düşünürəm
ki, indi həyatda olsaydı, o da bu ölkə ilə qürur
duyardı. Bu gün Azərbaycan
güclü mövqeyi, özünü təmin edən,
sözün əsl mənasında özünə inanan,
çoxlu dostları, dünyaya açıq olan və gələcəyə
nikbinliklə baxan, özünü artıq dünya xəritəsində
göstərmiş bir ölkədir.
Xanım Prezidentə, cənab
Serageldinə və bütün dostlarımıza bu gün
bizimlə birlikdə olduqlarına görə çox təşəkkür
edirəm. Bu səhər də dediyim kimi, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi artıq çox
mötəbər beynəlxalq bir instituta çevrilib. Nizami dünyada məşhur olan şəxsiyyətdir,
ancaq indi Mərkəzin fəaliyyəti onu dünyada daha da məşhurlaşdırır.
Mərkəz nə qədər böyük olsa, imkanları nə
qədər çox olsa, Nizami Gəncəvini tanımayan
insanlar belə bir böyük beynəlxalq Mərkəzin
adını daşıdığı şəxsiyyətin kim olduğunu bir o qədər də çox
öyrənməyə çalışacaqlar.
Əlbəttə, Nizami hər
bir azərbaycanlı üçün milli ləyaqət, milli
qürur rəmzidir. O, qədim Azərbaycan şəhəri Gəncədə
anadan olub və orada da vəfat edib. Onun türbəsi
Azərbaycan xalqının istedadının, insaniyyətinin rəmzidir.
Forumdakı fəaliyyətinizə
görə sizə bir daha təşəkkür edirəm. Sizin gündəlik
şəxsi öhdəlik və fəaliyyətiniz olmadan Forum
bu cür mötəbər beynəlxalq hadisəyə
çevrilə bilməzdi. Əlbəttə, ümid
edirik ki, gələn il daha çox ölkədən
daha çox qonağımız olacaq və biz tərəfdaşlığımıza
davam edəcəyik. Çox sağ olun və
sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm.
X X X
Beşinci Qlobal Bakı
Forumunun iştirakçılarının şərəfinə
verilən ziyafətdə Azərbaycanın incəsənət
ustalarının ifasında konsert proqramı təqdim olundu.
Azərbaycan.-
2017.- 18 mart.- S. 1, 2.