Bakıda Beynəlxalq Su Həftəsi
çərçivəsində Dünya Su Şurasının sessiyası keçirilir
“Su nəinki həyat mənbəyidir,
hətta həyatın özüdür” devizi altında
keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində
martın 14-də Bakı şəhərində Dünya Su
Şurası (DSŞ) İdarə Heyətinin 61-ci
Toplantısı öz işinə başlayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin
müavini, Prezidentin köməkçisi Əli
Əsədov Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Dünya Su Şurası İdarə Heyətinin
61-ci Toplantısının iştirakçılarına müraciətini
oxuyub. Müraciətdə
qeyd olunub ki, Dünya Su Şurası İdarə Heyətinin növbəti toplantısının, eləcə
də VIII Dünya Su Forumunun Aparıcı Komitəsinin 4-cü iclasının
regionda ilk dəfə
Bakı şəhərində
təşkili təqdirəlayiq
hadisə olub, beynəlxalq aləmdə Azərbaycana göstərilən
yüksək etimadın
nümunəsidir: “Hazırda
dünyada qlobal su çatışmazlığı
probleminin kəskinləşməsi
su resurslarından səmərəli istifadə,
su ehtiyatlarının
inteqrasiyalı idarə
olunması, transsərhəd
su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlığı zəruri edir. Ölkəmiz bu sahədə
qanunvericiliyin beynəlxalq
standartlara uyğunlaşdırılması,
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində
mühüm addımlar
atmışdır.
Azərbaycanda əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, insanlara göstərilən sanitariya
xidmətlərinin yaxşılaşdırılması
məqsədilə icra
olunan içməli su və kanalizasiya
layihələri əhalinin
sağlamlığının qorunmasına, həmçinin
ekoloji təhlükəsizliyin
təmin edilməsinə
xidmət edir. Ölkəmizin dünya su sektorunda
nüfuzlu təşkilatlardan
sayılan Dünya Su Şurasında təmsil olunması bu sahədə əlaqələrin
genişləndirilməsi və
qarşıya çıxa
biləcək problemlərin
birgə səylərlə
aradan qaldırılması
baxımından mühüm
əhəmiyyət kəsb
edir.
Ümidvaram ki, toplantı beynəlxalq miqyasda su ehtiyatlarından, transsərhəd su mənbələrindən səmərəli
və inteqrasiyalı istifadə ilə bağlı aktual məsələlərin birgə
həllinə, qarşılıqlı
faydalı əməkdaşlığa
və perspektiv fəaliyyət istiqamətlərinin
müəyyənləşməsinə öz töhfəsini verəcəkdir”.
DSŞ İdarə
Heyətinin üzvü
, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, su ilə
əlaqəli qlobal məsələləri beynəlxalq
müstəvidə qaldıran
və onların həlli istiqamətində
mühüm addımlar
atan Dünya Su Şurasının İdarə
Heyətinin bugünkü
toplantısının perspektiv
fəaliyyət üçün
böyük imkanlar yaradacaq. 2013-cü ildən DSŞ-nın üzvü olan “Azərsu” ASC 2015-ci ildən
İdarə Heyətində
təmsil olunur. Bu status bizə su
ilə əlaqəli müxtəlif məsələlərin
araşdırılması və
həll yollarının
müəyyənləşdirilməsi sahəsində geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyev bizim bu təşkilatda təmsil olunmağımıza,
ölkəmizin su ehtiyatlarının inteqrasiyalı
idarəedilməsi, transərhəd
su hövzələri
ilə bağlı məsələlərin beynəlxalq
miqyasda müzakirəsinə
dəstək verir.
Eyni zamanda, ölkə başçısının tapşırığı
ilə son illər su sektorunun inkişafı
ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Onun sözlərinə
görə, DSŞ və
Dünya Su Forumunun səyləri nəticəsində
“Təmiz su və sanitariya” məsələsi Birləşmiş Millətlər Təşkilatının
“Davamlı İnkişaf
Məqsədləri-2030” çağırışının
əsas hədəflərindən
biri kimi qəbul olunub. Su Həftəsi çərçivəsində
qəbul olunmuş Bakı Bəyannaməsində
bu məsələ prioritetlərdən biri kimi göstərilib.
Q.Hüseynov Beynəlxalq
Su Resursları Assosiasiyasının
(İWRA) 18-ci Dünya Su Konqresinin,
DSŞ Dünya Su Forumunun
növbəti toplantılarından
birinin Azərbaycanda keçirilməsi üçün
ölkəmizin namizədliyinin
irəli sürüləcəyini
toplantı iştirakçılarının
diqqətinə çatdırıb.
Dünya Su Şurasının Prezidenti
Benedito Braqa Şuranın növbəti
toplantısının Bakı
şəhərində keçirilməsinə
göstərilən dəstəyə,
həmçinin toplantı
iştirakçılarına ünvanlanmış müraciətə
görə DSŞ İdarə
Heyəti üzvləri
adından Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
təşəkkür edib. B.Braqa
61-ci toplantının su
ilə bağlı problemlərin müzakirə
edilməsi və birgə həll yollarının tapılması,
bu sahədə əməkdaşlığın genişləndirilməsi baxımından
əhəmiyyətli hadisə
adlandırıb: “Dünya
su ehtiyatlarının
ədalətlə istifadəsi,
inteqrasiyalı idarəetmə
prinsiplərinin işlənilməsi,
əhalinin fasiləsiz,
dayanıqlı və
keyfiyyətli içməli
su ilə təmin edilməsi, ərzaq təhlükəsizliyinin
təmin olunması, su ehtiyatlarının çirklənməsinin qarşısının
alınması sahəsində
Dünya Su Şurası
məqsədyönlü fəaliyyət
göstərir. DSŞ-na üzvlük və qurumun İdarə Heyətində
təmsilçilik qlobal
su problemlərinin, strateji hədəflərin
müəyyən edilməsi,
qərarların qəbul
olunmasında iştirak
baxımından əhəmiyyətlidir.
Bu status inkişaf etmiş ölkələrin
və qabaqcıl şirkətlərin təcrübəsindən
yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir”.
Daha sonra “Azərsu” ASC və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun
(KİVDF) birgə təşkil
etdiyi “Şollar-Bakı
su qurğuları kompleksi - 100 il:
əbədi həyat mənbəyi” mövzusunda
fərdi jurnalist yazıları müsabiqəsinin
nəticələri açıqlanıb.
AZƏRTAC-ın regional inkişaf və bölgə xəbərləri
redaksiyasının müdiri
Ceyhun Rüstəmov müsabiqədə birinci
yerə layiq görülüb.
Qeyd edək ki, DSŞ İdarə Heyətinin üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksinə
səfəri təşkil
olunacaq.
DSŞ İdarə
Heyətinin 61-ci Toplantısı
martın 18-də yekunlaşacaq.
Azərbaycan.- 2017.- 18 mart.- S.4.