Qara dəniz-Baltik dənizi təhlükəsizlik icmasının yaradılması mühüm əhəmiyyətə malikdir
“Beynəlxalq münasibətlərin
gələcəyi: güc və maraqlar” devizi altında
keçirilən V Qlobal Bakı Forumu çərçivəsində
“Qara dəniz-Baltik dənizi təhlükəsizlik
icmasının yaradılması: Fəaliyyət planına
doğru” adlı panel iclasında mövzu ətrafında
geniş müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, iclasın moderatoru – Rusiya Federasiyasının sabiq dövlət katibi, Baş nazirin keçmiş müavini Gennadi Burbulis Bakı Forumunun dünyanı düşündürən mühüm məsələləri müzakirə etmək və gələcəyə baxış üçün əlverişli platforma olduğunu deyib. Bildirib ki, Forumda müzakirə edilən mövzular bu gün dünyanın qarşılaşdığı ən mühüm problemləri və baş verən prosesləri əhatə edir.
Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov qeyd edib ki, Qara dəniz-Baltik dənizi ətrafı ölkələrdə hazırda müəyyən problemlər qarşıya çıxır və bu regionda təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə də həmin regionda təhlükəsizlik icmasının yaradılması aktualdır və bu prosesdə müəyyən irəliləyişlər müşahidə olunur.
Moldovanın sabiq Prezidenti Petru Luçinski deyib ki, Avropanın müəyyən regionlarında təhlükəsizlik icmalarının yaradılması nəinki qitə ölkələri üçün, ümumilikdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Çünki bu, çox aktual və vacib məsələdir.
Latviyanın sabiq Prezidenti Valdis Zatlers qeyd edib ki, Bakı Forumunda belə bir məsələnin müzakirəsi təqdirəlayiqdir. Çünki Forumda Qara dəniz-Baltik dənizi regionu ölkələri daha çox təmsil olunur. “Düşünürəm ki, həmin ölkələr regionda təhlükəsizlik icmasının yaradılması və fəaliyyət planının inkişaf etdirilməsi üzrə səylərini artıracaqlar”, – deyə Valdis Zatlers qeyd edib.
Paneldə mövzu
ilə bağlı fikir mübadiləsi
aparılıb, suallar
cavablandırılıb.
Azərbaycan.-
2017.- 18 mart.- S. 8.