Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə “Məktəb
bağları” layihəsinə başlanılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanılıb.
“Məktəb bağları” layihəsinə Xəzər rayonunun 234 nömrəli məktəbindən start verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan bu layihə ümumilikdə ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.
Layihənin ilk aksiyası zamanı Leyla Əliyevanın iştirakı ilə bu məktəbin həyətində 100 ədəd badam, nar və gavalı ağacı əkildi. IDEA İctimai Birliyi, FAO və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində 8 rayonun - Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatalanın orta məktəblərinin həyətlərində meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihə çərçivəsində Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə təşkil ediləcək ağacəkmə aksiyaları aprelin sonuna qədər davam edəcək. Rayonların iqliminə və torpaq örtüyünə uyğun olaraq 40-dan çox məktəbdə 5 minə yaxın alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva kimi meyvə ağaclarının əkilməsi planlaşdırılıb. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. Bu qurumun fəaliyyətində isə dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemlərinin yaradılması əsas istiqamətlərdəndir.
Sonra Leyla Əliyeva məktəbin müəllim kollektivi ilə görüşdü,
burada uşaqların əl işləri
ilə tanışlıq oldu. Məlumat verildi ki, məktəbdə
“Həyat bilgisi” dərslərində
uşaqların ekoloji biliklərini
artırmaq məqsədilə ətraflı məlumat verilir. Qeyd edək ki, ekoloji
təhsil və maarifləndirmə işlərini fəaliyyətində
prioritet edən IDEA İctimai
Birliyi gənc nəsli təbiətin
mühafizəsi üzrə səylərə cəlb etmək,
təhsil müəssisələrinin ekoloji
vəziyyətinə və təhsil alanların ətraf
mühitlə bağlı biliklərinin
artırılmasına müsbət təsir göstərmək
məqsədilə Təhsil Nazirliyi ilə
birgə artıq bir sıra layihələr
həyata keçirib.
Azərbaycan.
- 2017.- 18 mart.- S.10.