Caz-muğam sintezinin
yaradıcısı
Vaqif Mustafazadə
sənətinə həsr
edilən miniatür kitabda dünya cazmenlərinin fikirləri
də yer alıb
Vaqif Mustafazadənin adı yalnız caz musiqisini sevərlərin yox, həm də
muğam aləminin biliciləri tərəfindən
daim yüksək dəyərləndirilib. Vaqif sənətdə eksperimentlərə
həmişə hazır
olub, öz sözünü layiqincə
deyib. Bu xüsusiyyət,
əlbəttə, heç
də həmişə
birmənalı qəbul
edilməyib. Çünki
bütün sənətlərdə
belədir: yeniliklər,
adətən, çox
çətinliklərlə özünə yol açır.
Vaqif Mustafazadə sənətinə
həsr edilən miniatür kitabın Miniatür Kitab Muzeyində keçirilən
təqdimatı da yaddaqalan tədbirlərdən
biri oldu. Muzeyin təsisçisi Zərifə
Salahova təqdim olunan kitab haqqında
məlumat verərək
dedi ki, nəşrin ideyası Vaqif Mustafazadənin ev-muzeyinin direktoru, sənətkarın dayısı
qızı Afaq Əliyevaya məxsusdur: “Bir neçə il əvvəl Moskvada Rafiq Fərhadovun Vaqif Mustafazadə haqqında kitabı nəşr edilib. A.Əliyeva böyük formatda
olan bu kitabın
üzərində işləyib
və nəticədə
həmin materiallar əsasında miniatür kitaba Vaqif Mustafazadənin
yaradıcılığından bəhs edən məqalələr daxil edilib. Nəşrə “Ön söz”ü
xalq yazıçısı
Anar, epiloqu Afaq Əliyeva yazıb”. Rus dilində, 100 nüsxə
tirajla çapdan çıxan, 55x60 millimetr
formatda olan kitab 256 səhifədən
ibarətdir. Nəşrə rəngli və
ağ-qara 29 fotoşəkil
daxil edilib.
Təqdimat mərasimində
tanınmış cazmen
Cavan Zeynallı virtuoz sənətkar haqqında fikirlərini bildirərkən xatırlatdı
ki, Vaqif Mustafazadə Azərbaycanda
caz-muğam sintezinin əsasını qoyub: “Bu
janrı Qərbdə
tanıtmaq üçün
val yazdırıb.
Nyu York caz klubunun direktoru Bakıya gələndə
Vaqif Mustafazadəni onunla görüşməyə
qoymasalar da, o, valları Tbilisiyə aparıb və orada konsert verən
amerikalı cazmenlərə
təqdim edib. 1976-cı ildə ABŞ cazmeni və bəstəkarı Herbi Henkokun ifa etdiyi
kompozisiyada muğam elementləri də vardı. Çünki o, Vaqifin valına
qulaq asmışdı.
V.Mustafazadənin musiqisini hələ
bundan sonra da öyrənəcəklər”.
Görkəmli televiziya
və kino rejissoru, xalq artisti Vasif Babayev
dedi ki, muğama maraq Vaqifə anası Zivər xanımdan keçib. V.Mustafazadə sovet dövründə
yaşamağına baxmayaraq,
Qərb musiqisinə və üslubuna maraq göstərməsi ilə ətrafdakılardan
seçilirdi. Onu sevir
və hörmət bəsləyirdilər.
Tədbirdə xalq artisti Ramiz Quliyev,
əməkdar jurnalist
Elmira Əliyeva, ekspert
Cahangir Səlimxanov, saksofonçu Rafiq Seyidzadə, şair Maşallah Məftun və digər çıxış edənlər
Vaqif Mustafazadənin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən
söz açaraq, onunla bağlı xatirələrini bölüşdülər.
Böyük sənətkarın ev-muzeyinin
direktoru Afaq Əliyeva tədbir iştirakçılarına təşəkkür
edərək bildirdi ki, cazla muğamı
sintez etmək böyük hadisədir. Hər bir musiqiçi yenilik etmək üçün daim axtarışda olur: “Vaqif Mustafazadənin “76” adlanan bir kompozisiyası
var. Əsərdə 76 takt
olduğuna görə
belə adlanır. O, bu caz kompozisiyasını
ifa edərkən birdən-birə “Bayatı-Şiraz”
muğamına keçir.
Bununla da cazla muğamı
sintez edə biləcəyini anlayır.
Dünyanın məşhur caz ustalarının Vaqif Mustafazadə sənətinə
ölümündən sonra
verdiyi qiymət həm də xalqımızın ünvanına
yazıldı.
Virtuoz cazmenin ailəsində onun sənətini sevə-sevə yaşadanları
qaldı. Ömür-gün yoldaşı Elza
Mustafazadə “Sevil”
instrumental ansamblının solisti kimi tanındı.
Böyük qızı Lalə
Fransada opera sənətinə
yiyələnərək, Paris Konservatoriyasının məzunu
oldu. Bu gün
o, məşhur Qrand-operanın
solistidir. Kiçik qızı
Əzizə Mustafazadə
isə, dünyanın
məşhur caz ifaçısı və bəstəkarlarındandır.
Nübar İSAZADƏ
Azərbaycan.-
2017.- 18 mart.- S.11.