Milli-mənəvi dəyərlərin möhtəşəm təcəssümü

 

Novruz Azərbaycan xalqının zəngin tarixi  ənənələrini və müasirliyini tam əks etdirir

 

Milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqımızın müqəddəs etiqadına söykənməklə özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm  hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. “Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bahar bayramı kimi qeyd olunur.

Novruz dünyanın və insanın yaradılış bayramıdır. Onun epoxaları, xalqları, dinləri, qitələri əhatə edən kulturoloji-fəlsəfi əzəmətinin, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında ilkin mifoloji-kosmoqonik konsepsiya durur. Novruz bayramı milli fəlsəfəsinə, kosmik mahiyyətinə görə insanonun dünyasının yaradılış mexanizmidir. Cəmiyyətin dialektik hadisə kimi mövcudluğunun, inkişaf və təkamülünün üsuludur.

Novruz neçə əsrlər və min illərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmişdir. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.

Novruzun milli taleyimizdəki yerini, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklükyaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.

Ulu öndər Novruz bayramını “sevinc”, “həvəs” və “birləşmə” formulu kimi səciyyələndirmişdir. Müasir Azərbaycanın qlobal dünyanın siyasi labirintlərində etibarlı milli yol xəritəsini cızmış ümummilli liderin bu sözləri milli ideologiyamızın təməl daşlarını, Azərbaycan insanının canı və qanı bahasına qurduğu dövləti necə qoruyub saxlaması haqqında fəaliyyət proqramının başlıca qayəsini təşkil edir. Bu anlamda Novruz bayramının bizi sevindirməsi Azərbaycan xalqının milli dəyərlərlə yaşaması, həvəsləndirməsi milli dəyərlərdən güc alması, birləşdirməsi bir xalq kimi məhz milli dəyərlər əsasında təşkil olunması deməkdir.

Novruz sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri dolayı şəkildə önə çəkilmişdir. 1970-ci illərdə isə Novruz bayramı ilk dəfə məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, milli özünüdərki gücləndirir.

1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək əhvali- ruhiyyədə keçirilməsinə imkan vermirdi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra müsibətlər, faciələr aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu. Maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhvali-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzulamışdır. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram günü hesab edilmir.

Azərbaycan Prezidenti İlham Əliyev də bu bayramı müqəddəs milli irs hesab edərək demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq”.

Prezident İlham Əliyev Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sayəsində 2003-cü ildə Azərbaycan muğamının UNESCO tərəfindən “Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş beynəlxalq fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğrureal siyasət olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.

Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il fevralın 23-də 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin “Sülh mədəniyyəti” adlı 49-cu bəndinə müvafiq olaraq Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat vermişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruzla bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.

Biz Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki mənəvi mədəniyyətimizin, etnik-mifoloji keyfiyyətimizin müəyyənləşdirilməsində, xalqımızın qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Həmişə olduğu kimi, bu ilNovruz bayramı ümumxalq səviyyəsində qeyd olunur. Ona da inanırıq və əminik ki, bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlıdan yandırılan bayram tonqalları tezliklə  bütün Qarabağ torpaqlarında da qalanacaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-19 mart.- S.1, 8.