Əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarının uğurlu icrası nəticəsində əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir.
Əhalisinin sayı 579 min nəfərdən çox olan 28
şəhər və rayon mərkəzində içməli
su təchizatı sistemi yenidən qurulmuş, 24 rayonun 620 min nəfərdən
çox əhalisi olan 384 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğular
quraşdırılmış, 49 rayonun 360 min nəfərdən
çox əhalisi olan 343 yaşayış məntəqəsində
içməli su təchizatı sistemi qurulmuşdur.
Hazırda 790 min nəfər əhalisi
olan 16 şəhər və rayon mərkəzində içməli
su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77
min nəfərdən çox əhalisi olan 100
yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğuların quraşdırılması işləri
aparılır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, əhalinin içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində
görülən tədbirlərin davam etdirilməsi məqsədi
ilə qərara alıram:
1. Əhalinin içməli su ilə
təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən
çox əhalisi olan 170 yaşayış məntəqəsində
(siyahı əlavə olunur) içməli su təchizatı
sisteminin qurulması üçün “Azərbaycan
Respublikasının 2017-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.53-cü bəndində nəzərdə
tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 mart 2017-ci il.
Azərbaycan.-
2017.- 19 mart.- S. 4.