Kolumbiya Senatı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə
qəbul edib
Kolumbiya Senatı Xocalı
soyqırımının 25-ci ildönümü ilə
bağlı qərarnamə qəbul edib
Azərbaycanın Kolumbiyadakı səfirliyinin
mətbuat xidmətindən APA-ya verilən məlumatda
bildirilir ki, Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr
və milli müdafiə komissiyasının prezidenti, eləcə
də senatorların imzaladığı bu qərarnamə
senat tərəfindən Azərbaycan Respublikasının
Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəhbəri
Ramil Fərzəliyevə təqdim edilib.
Sənəddə
qeyd olunur ki, Senat üzvləri Xocalı
soyqırımının 25-ci ildönümü ilə
bağlı bu faciəvi günün yüzlərlə
qurbanlarının xatirəsini anaraq Azərbaycan xalqı ilə
həmrəyliyini bildirir.
Qərarnamədə
25 il əvvəl, 1992-ci ilin 26 fevralında Ermənistan
Respublikasının qoşunları və Dağlıq
Qarabağdakı separatçılar tərəfindən
yüzlərlə azərbaycanlı qadınların,
uşaqların və yaşlıların məhv edilməsi
ilə bağlı şiddətli faktların dünya tarixinin
heç bir fəslində bir daha yer tutmamasının vacibliyi
qeyd olunur.
Kolumbiya xalqının da mənasız
müharibədən uzun illər əziyyət çəkdiyi
qeyd olunaraq, Azərbaycan və Ermənistan xalqlarının da
münaqişəni sülh razılaşması ilə həll
etmələrinə dair Kolumbiyanın arzusu ifadə edilir.
Qərarnamədə
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874,
884 saylı qətnamələrini yerinə yetirərək Ermənistan
qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla
işğal olunmuş Azərbaycan ərazilərindən
çəkilməsi ilə bağlı Ermənistana
çağırış edilir.
Azərbaycan
xalqının daim beynəlxalq instansiyalara müraciət edərək
insan haqları, beynəlxalq humanitar haqlar və ərazi
bütövlüyü hüququnun qorunması zəmanəti
ilə sülhə nail olmaq üçün Ermənistan
xalqı ilə danışıqların aparılması
üçün göstərdiyi
səylərinin alqışlandığı qərarnamədə
bildirilir.
Bu qərarnamə
ilə Azərbaycan xalqına Kolumbiya Senatının dəstəyinin
ifadə edildiyi göstərilir.
Ramil
Fərzəliyev öz növbəsində ədalətin
yanında bir daha durduğuna, Xocalı soyqırımı
qurbanlarının xatirəsinə göstərdiyi ehtirama və
münaqişədən əzab çəkən Azərbaycan
xalqına göstərilən dəstəyə görə Azərbaycan
xalqı və hökuməti adından Kolumbiya Senatına təşəkkür
edib.
Qeyd edək ki, Kolumbiya Senatında
2012-ci ildə də “Azərbaycan Respublikası ərazisinin
qanunsuz işğal edilməsi” barədə qərar qəbul
edilib.
Azərbaycan.-
2017.- 19 mart.- S.10.