Novruz şənlikləri
Quba
Baharda Quba sanki bayram xonçasını xatırladır. Bir yanda başı qarlı dağlar, göylərin yerlərə ərməğanı olan buludlar, bir tərəfdə də insanı valeh edən yer inciləri - bənövşə, nərgiz, yasəmən və digər çiçəklərin yaşıl boğçası. İnsanlar da bu boğçaya əlavə rəng qatır, öz adətinin, mətbəxinin naxışını qoyurlar. Qubada deyərlər ki, Novruz özünü yetirincə imkan tapıb yeddi dəfə çölün-düzün, bağın-bostanın yaşıl nemətinin göy qutabını yemədinsə... onda heç. Demək sənin bahardan xəbərin yoxdur. Səməni umacı, halvası çalıb qapı-qonşuya, qohuma-yada paylamadınsa, bu nə Novruz qarşılamaq oldu?
Qubada yaşayan 157 min əhalinin tərkibində azsaylı xalqların, etnik qrupların nümayəndələri də az deyil. Hazırda rayonda 20 minə yaxın tat və ləzgi, 2 mindən çox məhsəti türkü, 4 mindən çox xınalıqlı, 3500 buduqlu, 2000 qırızlı, 1000 rus, tatar, gürcü, ukraynalı, belarus, 4 mindən çox yəhudi yaşayır. Onlar da şənliklərdə canı-dildən iştirak edir, ocaq başına yığışmış mehriban ailəni xatırladırlar. Ocaq da ürək kimidir. Hər qəlbə ürək qızdırmaq olmadığı kimi, hər ocağın istisinə də qızınmaq olmur. Ocağın istisi isə sahibinin geniş ürəyindən, təmiz münasibətindən, bir də bu ocağa sığınanların xoş niyyətindən yaranır. Bir sözlə, Qubada Novruz şənliklərinin hərarəti meydanlarda, küçələrdə çatılan bayram tonqallarının hərarətinə qarışan geniş ürəklərin istisi ilə daha möhtəşəm olur.
Axır çərşənbədə sübhün gözü açılmamış qara sapla ağ sapın rəngi seçilənədək çay kənarına gedər, axar su üstündən keçər, əllərinə, üzlərinə su vurarlar. Evdəki bütün qab-qacağı çərşənbə suyu ilə doldurarlar. Həmin sudan çənlərə tökər, sonra onu əkin vaxtı bağa-bostana çiləyərlər ki, il ruzili, məhsul bol olsun. Sonra mütləq azar-bezardan, ağırlıqdan xilas olmaq niyyəti ilə kol altından keçib bu nəğməni deyərlər:
Ağırlığım, qəm yüküm,
Baş ağrımla diş ağrım,
Canımdakı dərd - sərim
Qalsın kolun telində.
Taleyim dönsün gülə,
Nəğməm yayılsın elə,
Arzularım gül açsın,
Dua gəlinsin dilə.
Sonra evə qayıdar, kişilər ailə üzvlərinin adına heyva budağı kəsər, qırmızı parçadan kəsib ağaca, dirəyə bənd edərlər ki, qara yazı çöhrələrinə qonmasın, sədaqət etibar ailədən əksilməsin.
Bayram axşamı az qala, hər məhəllədə çalıb-oynayan cavanlar, xoruz döyüşdürən uşaqlar, Keçəl-Kosa cütlüyü adamların sevincinə xoş ovqat qatırlar. Nügədi kəndində cavanlar yaxındakı Bəhyə dağına qalxar, əvvəlcədən hazırladıqları iri bayram şamlarını ən yüksəkdə yandırmaqda bəhsə girərlər. Axşama doğru şölələlən ocaqlar sanki işıqlı günlərə çağırış kimi səslənər. Hələ musiqi səslərini demirik; Keçəlin bəzənməsi, Kosanın deyimləri, bayatılar, el mahnıları ətrafa yayıldıqca üzlərdəki sevinc də artır.
Quba mətbəxinin ən ləziz yeməkləri, ən lətif şirniyyatı, qax-qoz, löyün-löyün çərəzlə dolu xonçalar düzülər süfrəyə... Axır çərşənbədə, Novruz axşamında papaqatdıya çıxan uşaqların payının tədarükü əvvəldən yerbəyer edilər. Qubanın adla deyilən paxlavası, bükməsi də öz yerində. El arasında Nügədi paxlavasına pitik paxlava, üçkünc paxlava da deyirlər.
Buduqda bayram axşamında qovurmalı, yaxud cücə-plovdan başqa, əriştəli plov da bişirərlər. Adətdir ki, bu xörək elə gecəykən paylana. Belə düşünürlər ki, həm ruzidir, həm də istəyirlər ki, hər kəsin evində bərəkət olsun. Buduqlular Novruzda şorqoğalı bişirmirlər, süfrəyə yalnız şirin nemətlər düzürlər.
Xınalıqda adətlər bir qədər fərqlidir. Xınalıqlılar axır çərşənbədə oğlan evindən nişanlı qız evinə yeddi pay göndərərlər. Buna Xınalıq dilində “yig tikə” deyirlər. Sevgi, sağlamlıq, ruzi, bərəkət, mehribançılıq, sədaqət və övlad rəmzlərini xatırladan bu yeddilik gələcək ailəyə dilənən arzulardır. Oğlan evinin adamları öz payları ilə birgə gecə yarıdan keçənədək qızın ailəsi ilə bir yerdə deyib-gülər, ocaq çatıb ətrafına toplaşarlar.
Qubanın Qırmızı qəsəbəsində yaşayan yəhudilər də Novruz bayramını eyni coşqu ilə qarşılayırlar. Bayram günü əhalinin böyük hissəsi bir-birinin yeni gününü təbrik edirlər. Axşam alovlanan tonqallar bu yaraşıqlı qəsəbəni nura bürüyər. Tonqal başına yığışan adamlara şəkərbura, paxlava, qoğal paylanar. Bu tonqalın başında etiqadından asılı olmayaraq hamı yanaşı dayanar, şənlik gecə yarıdan keçənədək davam edər.
Qubada Novruz şənliklərinin sonunda, bayramın 13-cü günündə səməniatma mərasimi də keçirilir. Bu adətin, deyilənə görə, təqribən yarım minillik tarixi var. Həmin gün əllərində səməni olan insanlar Qudyalçayın sahilinə gəlir, səmənini axar suya buraxır və niyyət edirlər. Niyyət edirlər ki, gələn Novruzadək arzusu çin olsun, gəlsin burada şirni paylasın.
Bayramda qocaların, kimsəsizlərin qapısını açmaq, könlünü xoş etmək, əzizlərinin ruhlarını yad etmək təkcə adət yox, həm də düşüncə tərzidir. Həmin gün hərə öz bişintisindən, asdığı qazandan qonşuya pay verər, bundan sonra özləri yeməyə oturarlar.
Qubada bir də şəhid məzarları mütləq ziyarət olunur. Əhali yığışıb şəhid qəbirlərini ziyarət edər, onların ailə üzvlərini öz evlərinə dəvət edərlər.
Qusar
Şəffaflığın, bütövlüyün, bərabərliyin, birliyin rəmzi olan Novruz bayramı ölkəmizin hər yerində təntənə ilə qeyd edilir.
Qusar rayonunda da əhali bu bayramı öz xüsusi ənənələri, əsrlərdən qoşalaşıb gələn adətlərlə keçirirlər.
Şimal qapımız olan Qusarda bayrama boz ay başlayandan hazırlıq görülür. Böyüklü-kiçikli odun yığmağa başlayırlar. İki-üç evin adamları odunu bir yerə yığır, onları bir nəfərə tapşırdıqdan sonra öz aralarında Keçəli və Kosanı müəyyənləşdirirlər. Novruza ləzgi dilində “Yaransuvar” (Yeni gün) deyirlər.
Hələ fevralın əvvəllərində -çərşənbə axşamlarından qabaq mis qaba su töküb saxlayırlar. İnanca görə ilin ruzi-bərəkəti ora topalanır, deyirlər. Çərşənbə günlərində həmin su dolu qabı 7 evə aparırlar. Hərə o sudan istədiyi qədər içir. İnanca görə əgər su 7 nəfərə çatarsa, arzularının qərarlaşacağına inanırlar. Həmin 7 nəfər bir yerə yığılar bir-birini təbrik edər, deyib-gülər, şənlənərlər.
Bayram axşamı tonqallar qalanar, millətindən asılı olmayaraq, hamı ocaq başına yığılar. Məşhur Ləzginkanın sədaları altında rəqs edər, bolluca lətifə danışarlar. Bayramda hər evdə mütləq plov bişirirlər. Həmin plovu qonşuluqda olanlarla paylaşarlar. Öncə kimsəsizlər, ailə başçısını itirənlər, övladı əsgərlikdə olanlar yad edilər.
Qusarda icra edilən adətlərdən biri də Novruz axşamı yeni evə daxil olma, elçilik etmək kimi ənənələr diqqəti cəlb edir. Kimin elçiliyi qəbul edilsə, demək, tezliklə toy olacaq. Hətta elə tonqal başında toyun gününü də müəyyənləşdirirlər. Məhz bayram axşamı doğulan uşaqlara Novruz və Bahar adını verirlər.
Bayram günlərində evlər daha çox qonaqlı-qaralı olar. Hətta işləmək üçün müxtəlif şəhərlərə gedən qusarlılar geri qayıdar, Novruzu evlərində keçirərlər. Öz aralarında belə deyirlər ki, evdə olaq, ruzimiz ardımızca gəlsin. Bu da bir toy-bayrama çevrilər.
Qusarlılar da Novruz bayramını olduqca şən, atəşfəşanlıqla qeyd edirlər. Onlar həmin günü xoş keçirməklə sanki bütün dərd-sərlərinə qalib gəlirlər. Küsülü olanlar belə həmin gün barışır, bir-birlərindən üzr də istəyirlər.
Akif ƏLİYEV,
Azərbaycan.-
2017.-19 mart.- S.11.