Aşıq poeziyasında baharın tərənnümü
Aşıq poeziyası və aşıq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin sahəsidir. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan bu sənət mahiyyəti etibarilə həmişə xalq həyatına yaxın olmuş, onun mübarizəsi və mənəviyyatı ilə bağlanmışdır. Zəmanənin tələblərinə uyğun inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, bəzən parlayıb çiçəklənmiş, bəzən süquta uğramış bu sənət sahəsindən hər zaman kamil ustad aşıqlar yetişmiş, onların sayəsində gözəl xalq dastanları meydana çıxmışdır.
Qurbani, Tufarqanlı Abbas, Hüseyn Şəmkirli, Sarı aşıq, Aşıq Ələsgər, Çoban Əfqan, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Şəmkir və digər qüdrətli saz-söz ustadlarının yaradıcılığı bu böyük sənətin yüksəliş dövrlərini ifadə edir. Onların arasında aşıq sənəti çərçivəsindən kənara çıxaraq Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran şəxsiyyətlər də vardır. Həmin sənətkarların yaradıcılığı ilk növbədə xalq ruhunun, milli düşüncə və təfəkkürümüzün parlaq ifadəsinə çevrilmişdir. Öz yaradıcılığında ən yaxşı şair, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini cəmləşdirən, şeirləri dillər əzbəri olan, ümumən türk dünyasında sevilən bu qüdrətli saz şairlərinin ədəbi irsinə dövlət səviyyəsində həmişə diqqət göstərilmişdir. Birinci vitse-prezident, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu fəaliyyət sayəsində Azərbaycanın aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edilmişdir. Həmin hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləmişdir. 2009-cu ildə ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer almışdır. Novruz mədəniyyətimizin, çoxəsrlik milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Ona görə də aşıq poeziyasını onsuz təsəvvür etmək qeyri-mümkündür. Baharın tərənnümü, Novruzun vəsfi aşıq yaradıcılığında xüsusi yer tutur. Aşıqlar ya bütövlükdə şeirini yaza, bahara həsr edir, ya da ayrı-ayrı şeirlərinin bəndlərində, misralarında ilin təbiəti canlandıran, yeniləşdirən fəslini xatırladır. Sırf baharın - Novruzun təsvir-tərənnümünə həsr olunan şeirlər “Novruznamə” adlanır.
XVI yüzilliyin qüdrətli sənətkarı, Şah İsmayıl Xətainin xüsusi ehtiram bəslədiyi Dirili Qurbani adı ilə tanınan saz-söz ustadının poeziyasında baharın tərənnümü xüsusi yer tutur. Onun “Bənövşəni” qoşması bu gün də dillər əzbəridir. Əsrarəngiz təbiətimizin göz oxşayan hüsnündən tutmuş el gözəllərinin vəsfi böyük ustadın ilk kəlmələrindən özünü göstərir:
Başına döndüyüm, ay qəşəng pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altına düz bənövşəni.
Abbas Tufarqanlı XVI yüzilliyin sonları, XVII yüzilliyin ortalarında yaşamış görkəmli şair-aşıqlardandır. Şeirləri “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüsləri ilə daha çox tanınır. Aşıqlar dilində səslənən “Aşıqlığın padşahı Abbas, vəziri Qurbanidir” deyimi saz-söz aləmində ona böyük dəyər verildiyini göstərir. Abbas Tufarqanlının adı ilə bağlı olan “Abbas-Gülgəz” dastanına 400-dən çox aşıq şeiri daxildir. Demək olar ki, bu janrın bütün rəngləri, şəkilləri dastanda öz əksini tapmışdır. Şair-aşığın əsərlərində bahar motivli nümunələr xüsusilə çoxluq təşkil edir:
Yenə gəlib bahar fəsli,
Süsən, sünbül, Məzə dağı.
Açılıb güllər, nərgizlər,
Bənövşələr, bəzə dağı.
XVIII yüzillikdə yaşayan Xəstə Qasım əsasən dərin məzmunlu ustadnamələr və təcnislər müəllifi kimi tanınır. Onun qıfılbənd və müəmmaları xüsusilə məşhurdur. Adına bağlı neçə dastan da vardır. Təbiətin təsviri, yazın, payızın tərənnümü bu ustadın da yaradıcılığında mühüm yer tutur:
Payız dərdim, qış möhnətim, yaz qəmim,
Hicran tapdaq etdi yayılan məni.
Götür qələm, sərxəttimi
yaz mənim,
Qoyma dərgahından
yayılan məni.
Aşıq Alının gəraylı
və qoşmalarında da bahar mövzusu xüsusi
vurğulanır:
Süsənli-sünbüllü, tər
bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz
abi-köfsər suyunu,
Bulaq, bizim bulaqlara bənzərsən.
Aşıq şeirinin müxtəlif
şəkillərində kamil sənət nümunələri
yaradan Aşıq Hüseynin bahar güllərini vəsf edən
“Sarı gül” rədifli şeiri xanəndələrimizin
repetuarında geniş yer almışdır:
Yarın bağçasında
üç gül açılıb,
Ağ gül,
qırmızı gül, illah sarı gül.
Hər üçü də
bir-birindən öyməli,
Ağ gül,
qırmızı gül, illah sarı gül.
O ağ
gülün qapısından baxmalı,
Qızılgülü ağ buxağa taxmalı.
Sarı gülü dəstə tutub
qoxmalı,
Ağ gül,
qırmızı gül, illah sarı gül.
Ağ gülü bənzətdim
göydə laçına,
Sarı gülü
düzdüm yarın saçına.
Hüseyn müştaq olub
gülün üçünə -
Ağ gül,
qırmızı gül, illah sarı gül.
Azərbaycanın
aşıq-şeir sənətinin zirvəsini fəth
etmiş Aşıq Ələsgərin əsərləri
arasında baharla, yazla, birbaşa Novruzla bağlı nümunələri
qədərincədir. Gözəlləmələrinin
çoxunu doğma yurdunun təbiəti ilə bağlayan el
ustadı yazın heyran qoyan gözəlliyini demək olar ki,
bütün qoşma və təcnislərində vəsf edib.
Aşıq Ələsgər Azərbaycanın təbiətini
- başı qarlı dağlarını, ala
yaylaqlarını, bahar fəsilli min rəngə boyanan çəmənlərini,
əkin-biçin yerlərini, tarla və zəmilərini min
bir dillə oxşayır, min bir çalarda tərənnüm
edirdi:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli-sünbüllü,
lallalı dağlar...
Yazın bir ayıdır çox
yaxşı çağın,
Kəsilməz çeşməndən
gözəl yığnağın.
Axtarma motalın, yağın,
qaymağın...
Zənbur çiçəyindən bal alıb dağlar!
Çox gəzib, çox
görüb, çox öyrənən Aşıq Ələsgərin
dövrünün şeir, sənət, eləcə də
Şərq fəlsəfəsi və İslam dini ilə
bağlı biliklərə dərindən yiyələnməsi
onun yaradıcılığında aydın görünür. Ətraflı məlumata və geniş təsəvvürə
malik olması sayəsində Tufarqanlı Abbas, Xəstə
Qasım kimi böyük sənətkarların yüz illər
boyu kilidli qalan bir çox qıfılbənd və
bağlamalarını məhz Aşıq Ələsgər
aça bilmişdir. Özünün düzüb
qoşduğu qıfılbəndlərdə, divan və müxəmməslərdə
əvəzsiz könül inciləri yaratmışdır. Ələsgər şeirində Azərbaycan
torpağı, Azərbaycan ruhu kimi Azərbaycan dilinin incəlikləri
də özünəməxsus gözəlliklə vəsf
edilir. Canlı el danışığının
bütün çalarları aşığın şeir
dilinə bal şirinliyi gətirir. Ana
dilinin incəlikləri hesabına ərsəyə gələn
təcnisin cığalı, dodaqdəyməz, dildönməz
kimi nadir incilərini Aşıq Ələsgər Azərbaycan
dilinin dərin qatlarına enərək yaratmışdır:
Qışda dağlar ağ
geyinər, yaz qara,
Sağ dəstinlə ağ
kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər
yaz qara,
Daşar çaylar, gələr
daşlar çataçat.
Ələsgər sazında əzəli
və əbədi bir vətən sevgisi öz əksini
tapıb:
İnsan payız ölə, yazda
dirilə,
Zimistanda boran-qarı çəkməyə.
Addadı zimistan, gəldi novbahar,
İnşallah, dağlarda ta lala
çıxar...
Novruzun, yazın, təbiətin tərənnümü
Aşıq Musa, Aşıq Rəcəb, Aşıq Şəmşir,
Bozalqanlı Aşıq Hüseyn, şair Vəli, Aşıq
Şakir, Aşıq Pənah və digər ustad el sənətkarlarının
yaradıcılığında da xüsusi yer tutur. Aşıq Şəmşirin “Dağların” rədifli
gəraylısı bütövlükdə bir bahar lövhəsidir.
Təbiətin nadir ətirli çiçəyi
olan bənövşə çox şairlərin ilham mənbəyi
olmuşdur. Aşıq Şəmşir də bu boynu
bükük çiçəyi öz şeirinin mövzusuna
çevirmişdir:
Bahar çatıb bəzəyirmi
dağları,
Açılırmı sizin
yerdə bənövşə?
Qımışırmı
dodaqları nərgizin,
Təzə-tərmi
güneylərdə bənövşə?
Aşıq Qurbanidən qalıb
nişanə,
Torpaqdı bizə də, ona
da ana.
Boynunu pərişan əyməsin yana,
Salmasın qəlbini dərdə
bənövşə.
İradə
ƏLİYEVA,
Azərbaycan.-
2017.-19 mart.- S.11.