Dünyada ilk xalça muzeyinin yaranmasından 50 il
keçir
Bu il Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyi qeyd olunur. 1967-ci ilin martında Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə beynəlxalq miqyasda unikal olan bu muzeyin əsası qoyulmuşdur. Xalça sənəti Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb etdiyinə görə, dünyada bu sahə üzrə ilk ixtisaslaşmış müəssisə - Azərbaycan Xalça Muzeyi məhz respublikamızda təşkil edilmişdir. Unudulmaz sənətkar Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzey milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin və unudulmaqda olan xalça texnologiyalarının qorunub saxlanılmasını təmin edən, təbliği və tədqiqi ilə məşğul olan elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.
Muzey 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-cü ildən Azərbaycan Xalça Muzeyi adlanır.
50 il ərzində muzeyin ekspozisiyası müxtəlif təyinatlı binalarda fəaliyyət göstərmişdir. Belə ki, ilk ekspozisiya 1972-ci ildə İçərişəhərdə XIX əsr memarlıq abidəsi olan Cümə məscidində, müstəqillik illərində Neftçilər prospektindəki Muzey Mərkəzində, indi Dənizkənarı Milli Parkın gözəl guşəsində ucaldılan müasir üslublu möhtəşəm tikilidə yerləşmişdir. Yeni binadakı muzey ekspozisiyasında 7 kolleksiyaya (“Xovsuz xalçalar”, “Xovlu xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Çini, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları”) daxil olan sənət nümunələri - xüsusilə də əsrarəngiz xalçalarımız layiqli şəkildə nümayiş olunur.
Kolleksiyanın çox hissəsi ötən əsrin 70-80-ci illərində toplanmışdır. Bu məqsədlə hələ o zaman respublika rəhbərliyi tərəfindən böyük vəsaitlər ayrılmışdı. Həmin dövrdə ölkənin aparıcı xalçaçı-alimləri, sənətşünasları və etnoqraflarının daxil olduğu ekspedisiyalar respublikamızın müxtəlif guşələrinə ezam olunmuş və muzey əhəmiyyətinə malik dekorativ-tətbiqi sənət nümunələri aşkarlanmışdır. Görkəmli xalçaçı-rəssam Lətif Kərimovun rəhbərliyi ilə muzeyin ekspertləri tərəfindən toplanan əşyalar dünya incəsənət xəzinəsinin qiymətli nümunələri kimi qəbul olunur. Hazırda muzeyin fondları 10 mindən çox eksponatdan ibarət unikal kolleksiyaya malikdir. Onun böyük bir hissəsini xovsuz və xovlu xalçalar, xalça məmulatları təşkil edir. Bu, Azərbaycan xalçalarının bütün növ və qrup kompozisiyalarının təqdim olunduğu ən dolğun və zəngin kolleksiyadır.
Muzeyin maraqlı kolleksiyası elmi-tədqiqat işi üçün tükənməz mənbədir. Yaranma tarixindən başlayaraq muzey elmi-tədqiqat və tədris mərkəzi kimi ölkəmizin mədəni həyatında mühüm rol oynayır, beynəlxalq əlaqələr, fondların komplektləşdirilməsi və sosial sahələr üzrə işlər aparır.
Bu gözəl sənət məbədinə müxtəlif illərdə Əziz Əliyev (1967-1982) və Röya Tağıyeva (1983-2015) başçılıq etmişlər. 50 il ərzində muzey dünya səviyyəsində bir çox uğurlara imza atmış, həm ölkəmiz, həm keçmiş sovetlər birliyi, həm də beynəlxalq miqyasda Azərbaycan xalçasının tanıdılması və təbliğində böyük rol oynamışdır. Buna misal olaraq, ötən əsrin 70-ci illərində muzey kolleksiyasının bir qisminin Almaniyada və İtaliyada sərgilənməsini və bir sıra nüfuzlu nəşrlərdə işıqlandırılmasını göstərmək olar. Muzey müvəffəqiyyətlə 30-a yaxın beynəlxalq miqyaslı sərgi keçirmişdir. İldən-ilə Azərbaycan xalçasının nüfuzu artır, bu da Azərbaycan xalçasına həsr olunmuş böyük bir elmi simpoziumun təşkili üçün zəmin yaradırdı.
İlk simpozium Azərbaycan Xalça Muzeyinin təşəbbüsü və UNESCO-nun dəstəyi ilə 1983-cü ildə Bakıda təşkil olunmuşdur. Simpoziumun keçirilməsində ümummilli lider Heydər Əliyevin böyük dəstəyi və Azərbaycanın görkəmli xalça ustası Lətif Kərimovun səyi olmuşdur. Azərbaycan xalçasının tanıdılması ilə bağlı digər beynəlxalq simpoziumlar 1988 və 2003-cü illərdə Bakıda, 2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun təşkilatçılığı ilə UNESCO-nun Parisdəki Mənzil Qərargahında keçirilmişdir. Sonuncu Azərbaycan xalçası üzrə beynəlxalq simpozium Lətif Kərimovun 100 illik yubileyinə həsr edilmiş və bu da ölkəmizin xalça ustasına xüsusi hörmətin göstəricisidir.
Muzeyin yaradılmasında, xalçaçılıq haqqında elmdə, xalça sənətinin bədii-texniki inkişafında Lətif Kərimovun rolu danılmazdır. Görkəmli sənətkarın 110 illik yubileyi 2016-cı ilə təsadüf etmiş və muzey tərəfindən təşkil olunmuş böyük bir tədbir - MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə “Xalçaçılıq sənəti” mövzusunda “dəyirmi masa” keçirilmiş və burada MDB ölkələrindən dəvət olunmuş xalça mütəxəssisləri iştirak etmişlər. Tədbir çərçivəsində Ümumrusiya Dekorativ - Tətbiqi və Xalq İncəsənəti Muzeyi (Moskva) ilə birgə maraqlı sərgi keçirilmiş və görkəmli xalça ustadı Lətif Kərimova həsr edilmiş kitab nəşr olunmuşdur.
Son illərdə muzey bir çox beynəlxalq tədbirlərə də evsahibliyi etmişdir. 2016-cı ildə I Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium keçirilmişdir. Bu ilin may ayında isə ikinci belə bir simpoziumun keçirilməsi planlaşdırılıb.
Muzey sosial yönümlü ictimai layihələrdə də iştirak edir. Kolleksiya nümunələrinin, xalqımızın adət və ənənələrinin müxtəlif yaş qrupları arasında təbliği və yaxından öyrənilməsi üçün tədris proqramları reallaşdırılır. Kiçik yaşlı tamaşaçılar üçün əyləncəli oyun proqramlarından tutmuş, elmi-populyar mühazirələrə, ustad dərslərinə kimi elmi-maarifləndirici proqramlarda cəmiyyətimizin hər üzvünün tələbləri nəzərə alınır. “Ailə günu” adlı layihə geniş spektorlu proqramdır. Bundan başqa, muzeydə maraqlı kurator layihəsi olan “Bir eksponatın tarixi”, ölkəmizin müxtəlif elm sahələrində çalışan tanınmış alimlərin mühazirələri, unudulmaqda olan xalça və tikmə texnologiyalarının öyrənilməsi və tədrisi üzrə ustad dərsləri keçirilir.
2017-ci il
muzeyin həyatında
çox əlamətdar
bir tarixdir. Muzeyin 50 illik yubileyini geniş şəkildə
qeyd etməyə hazırlıq görülür.
Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası
simpoziumunun Bakı şəhərində keçirilməsi
haqqında” 14 noyabr
2016-cı il tarixli sərəncamına əsasən
təşkil olunacaq simpozium Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq
Səhmdar Cəmiyyətinin
birgə iştirakı
ilə 17-20 oktyabr tarixlərində həyata
keçiriləcək. Xalça muzeyi
tədbir çərçivəsində
bir neçə sərginin təşkilini,
UNESCO üzrə Azərbaycan
Respublikasının Milli
Komissiyası ilə birgə “Azərbaycan Xalça Muzeyi - 50 il” kitabının nəşrini nəzərdə
tutub.
Xalqımızın mədəni həyatında
əhəmiyyətli yer
tutan Azərbaycan Xalça Muzeyi bundan sonra da
öz fəaliyyətini
yüksək səviyyədə
davam etdirərək milli ruhumuzun əksi olan misilsiz sənət nümunələrini daim yaşadacaq.
Şirin MƏLİKOVA,
Azərbaycan Xalça
Muzeyinin direktoru,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Azərbaycan.
- 2017.-19 mart.- S.12.