Sülh, tərəqqi və əməkdaşlıq
paytaxtı
V Qlobal
Bakı Forumu Azərbaycanla bağlı
həqiqətlərin dünyaya
çatdırılması baxımından əlverişli
platforma oldu
Azərbaycanın Cənubi Qafqaz regionunda sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulub.
Prezident İlham Əliyevin ötən 14 ildə apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin dünyadakı mövqeləri xeyli güclənib. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakıda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirir. Bu günlərdə Azərbaycan paytaxtında V Qlobal Bakı Forumunun keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini və iqtisadi potensialının gücləndiyini sübuta yetirdi.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq beşinci dəfədir ki, baş tutur. İki gün davam edən V Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdilər.
Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var idi. Forumun Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rolu var. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan budəfəki forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə olundu.
Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan V Qlobal Bakı Forumuna da uğurla evsahibliyi etdi. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır. İki gün davam edən forumda qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparıldı.
Prezident İlham Əliyev V Qlobal Bakı Forumunun açılış mərasimində bildirib: “Azərbaycan artıq bir çox mühüm beynəlxalq tədbirlərə evsahibliyi edib. Bu tədbirlər beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan müstəqil ölkə olaraq nisbətən gənc dövlətdir. Biz ötən il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik. Bizim beynəlxalq və regional fəaliyyətimiz, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğumuz müxtəlif layihələr ölkəmizin dünyaya təqdim edilməsi üsullarından biridir. Əlbəttə, Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlər də həmin fəaliyyətimizin bir hissəsidir.
Təəssüf ki, Bakıda sonuncu görüşümüzdən bəri dünya heç də daha təhlükəsiz olmayıb. Hələ də regionumuzda həll olunmamış münaqişə, qarşıdurma və müharibələr var. Bu isə olduqca təhlükəli tendensiyadır.
Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib. Lakin biz adada yaşamırıq və sərhədlərimizdən kənarda, bilavasitə qonşuluğumuzda mövcud olan vəziyyət bizdə narahatlıq doğurur. Qeyd etdiyim kimi, biz hələ də çox ciddi çağırışlar, müharibə, münaqişə və miqrant böhranı ilə üzləşirik. Bu, böyük bir humanitar fəlakətdir. Eyni zamanda miqrant böhranı, mən deyərdim ki, dünyanın müxtəlif regionları arasında anlaşmanın azalmasına səbəb olur. Çünki o, miqrantların üz tutduğu ölkələrin əhalisi üçün müəyyən narahatçılıq yaradır. Ancaq bu, yalnız baş verən hadisələrin nəticəsidir. Həmin miqrant böhranının əsas səbəbi ölkələrin daxili işlərinə kənardan siyasi və hərbi müdaxilədir”.
Dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlərin qabarıq şəkildə özünü büruzə verdiyi bir vaxtda Qlobal Bakı Forumunun keçirilməsi mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, İraq və Suriyada son vaxtlar İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatların genişlənməsi böyük humanitar fəlakətə - miqrant axınına gətirib çıxarıb. Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti ilə üzləşib. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutublar. Avropada sığınacaq alan qaçqın və köçkünlər ağır sosial şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri bir araya toplayan Qlobal Bakı Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Forumun bağlanış mərasimində çıxış edən Albaniya Respublikasının Prezidenti Buyar Nişani diqqətə çatdırdı ki, forum artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrilib. Tədbirin uğurlarından məmnunluğunu bildirən Albaniya Prezidenti V Qlobal Bakı Forumunun gələcəkdə daha geniş coğrafiyanı əhatə edəcəyinə əminliyini ifadə edib. Dünyada səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda bir çox yerlərdə humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır. Bu məsələlərin həlli baxımından Bakıda keçirilən nüfuzlu tədbir qlobal münaqişələrin həllinə öz müsbət təsirini göstərəcək. Çünki Azərbaycan digər ölkələrlə müqayisədə sülhməramlı missiyanı həyata keçirir.
Latviya Respublikasının Prezidenti Raymonds Veyonis belə mötəbər forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb. Latviya Prezidenti qeyd edib ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün belə forumlar ən yaxşı vasitədir, belə tədbirlər insanları birliyə, sülhə səsləyir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin forumda aparılan müzakirələrin nəticələrindən danışaraq deyib ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər: “Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar”.
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan olunması da qlobal məkanda ciddi kataklizmlərin yaşandığı bir vaxtda zamanın çağırışlarına cavab verən addımdır. İslam həmrəyliyi təşəbbüsünün irəli sürülməsi çox mütərəqqi addım oldu. İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Dövlət başçısı isə tarixdə ilk dəfə İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. İslam ölkələri arasında ədavəti qızışdırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də xüsusi fəallıq göstərirlər. Şübhəsiz ki, 2017-ci ilin respublikamızda “İslam həmrəyliyi ili”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək.
Bakıda növbəti mötəbər forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb etdi. Şübhəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər. Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıtmışdır. İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər sahələrdə həlledici uğurlar qazanmış müstəqil respublikamız dünya miqyasında davamlı inkişaf edən ölkə kimi qəbul edilir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.-28 mart.- S. 1, 4.