GUAM-a üzv ölkələrin hökumət başçılarının Kiyev sammitində səmərəli müzakirələr aparılıb

 

Martın 27-də Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiyaİqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar quruma üzv ölkələrin hökumət başçılarının sammiti keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, sammitdə GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti və gələcək strategiyası geniş müzakirə olunub.

Tədbirdə Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov, Ukraynanın Baş naziri Vladimir Qroysman, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Moldovanın Baş naziri Pavel Filip çıxış edərək GUAM-ın təsis olunduğu 20 il müddətində beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıblar. GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılmasının, sabit inkişafın təmin edilməsinin, sosial-iqtisadi, nəqliyyat, energetika, elmi, texniki sahələrdə mövcud olan əlaqələrin intensivləşdirilməsinin və inteqrasiya proseslərinin gücləndirilməsinin önəmi vurğulanıb.

Azərbaycanın GUAM-a üzv dövlətlərlə hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirən Baş nazirin müavini İsmət Abasov bölgədəki mövcud münaqişələrin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin GUAM-a üzv ölkələrin inkişafına ciddi xələl gətirdiyini diqqətə çatdırıb.

Sammitdə GUAM-ın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması məsələləri geniş müzakirə edilib. GUAM-a üzv ölkələrin hökumət başçıları arasında Azad Ticarət Zonasının yaradılması, üzv ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər imzalanıb.

GUAM ölkələrinin hökumət başçıları qurumun gələcək strategiyası ilə bağlı mətbuat konfransı keçiriblər.

Sonra Ukraynanın Diplomatiya Akademiyasında GUAM - azad ticarət və tranzit zonası mövzusunda biznes forum keçirilib. Biznes forumda GUAM-a üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, biznes dairələrinin əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov son illər ölkəmizdə həyata keçirilən qlobal iqtisadi layihələr, müasir standartlara cavab verən modern istehsalat müəssisələri haqqında ətraflı məlumat verib. Baş nazirin müavini Azərbaycanda istehsal olunan məhsulların, xüsusilə kənd təsərrüfatı məhsullarının GUAM ölkələrinin bazarlarına çıxarılmasının önəmini vurğulayıb, ölkəmizin bu istiqamətdə istənilən işbirliyinə hazır olduğunu bildirib.

Sammit çərçivəsində GUAM ölkələrinin hökumət başçıları Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşüblər.

 

Azərbaycan.- 2017.- 28 mart.- S. 3.