Milli Məclisin sədri: postsovet məkanında
mövcud olan
münaqişələrin həlli məsələsini ön plana
çıxarmaq lazımdır
Martın 27-də Rusiyanın
Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası
Assambleyasının (PA) yaz sessiyasının
açılışı olub.
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.
Oqtay Əsədov MDB PA-nın 25 illik yubileyi münasibətilə təşkilatın medalına layiq görülüb.
Yaz sessiyası çərçivəsində MDB PA Şurasının iclası keçirilib. İclas iştirakçıları Beynəlxalq Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri, habelə MDB ölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələlərini müzakirə ediblər.
MDB ölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası Assambleyanın 25 illik yubileyi münasibətilə bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki, MDB PA həm üzv ölkələr arasında ikitərəfli, həm də beynəlxalq təşkilatlarla çoxtərəfli qarşılıqlı fəaliyyət meydanı kimi beynəlxalq parlament əməkdaşlığının genişləndirilməsi sahəsində böyük potensiala malikdir. Sənəddə MDB PA-nın fəaliyyətinin başlıca istiqaməti kimi insan hüquqları və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının formalaşmasına dair seçki kampaniyalarının monitorinqi və digər sahələr göstərilib.
İclas iştirakçıları Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər.
Elə həmin gün Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 46-cı plenar iclası keçirilib.
İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Birlik çərçivəsində qarşılıqlı fəaliyyət üzv ölkələrin parlamentləri arasında əlaqələrin möhkəmlənməsində, iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rol oynayır.
Oqtay Əsədov mədəniyyət, humanitar, elm, ticarət və digər sahələrdə çoxtərəfli əməkdaşlığın perspektivlərindən də danışıb. Eyni zamanda, Milli Məclisin sədri vurğulayıb ki, təşkilatın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.
İclasda MDB PA Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova MDB PA-nın 25 illik yubileyi medalını təqdim edib.
Tədbir çərçivəsində, həmçinin “Poçta Rossii” şirkətinin buraxdığı MDB PA-nın yubiley poçt markası təqdim olunub.
Sonda MDB ölkələri səhnə ustalarının iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın Xalq Artisti Murad Hüseynov, Əməkdar Artist Afaq Abbasova, tarzən, beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanov çıxış ediblər.
AZƏRTAC
Azərbaycan.-
2017.- 28 mart.- S. 3.