Halallıqla qazanılan etimad

 

Azərbaycan diasporası

 

Heydər Əliyevin qurtuluş verdiyi, İlham Əliyevin isə inamla inkişaf etdirdiyi Azərbaycan Cənubi Qafqazin lideri olmaqla bərabər, dünyada söz sahibidir. Müstəqil dövlətimiz harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyidir. Müəyyən səbəblərə görə xarici ölkələrdə məskunlaşmış soydaşlarımız haqlı olaraq bu gün ana vətənimizin uğurları ilə fəxr edir, qürrələnir.

Təbii ki, Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspora təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Bu sahədə ulu öndərin müəyyən etdiyi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə diaspora təşkilatlarının fəaliyyətində yeni inkişaf mərhələsi başlayıb. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası Azərbaycan həqiqətlərinin indi dünyada qəbul edilməsidir.

Prezident İlham Əliyev diaspora quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq bu sahədə məqsədyönlü fəaliyyətin istiqamətlərini müəyyənləşdirib. Bu sırada Azərbaycan Prezidentinin diaspora təşkilatlarına və xaricdəki hər bir soydaşımıza tövsiyələrindən biri onların fəaliyyət göstərdikləri, yaşadıqları ölkələrin cəmiyyət həyatına daha yaxından inteqrasiya etmələridir. Ötən ilin iyun ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev demişdir: “Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”.

Cənab Prezidentin bu tövsiyəsinin əsasında çox mühüm səbəblər durur. Yəni bizim yaşadığımız ölkələrdəki yüksək mövqeyimiz həm də Azərbaycan dövlətinin və xalqının eşidilən səsidir. Xarici dövlətlərdəki fəallığımız tarixi vətənimizlə bağlı həqiqətlərin yaşadığımız cəmiyyətlərin ictimai rəyinə ən yaxşı çatdırılma vasitəsidir.

Xaricdə yaşayan azərbaycanlılar arasında yüksək nüfuz sahibi olan, hər addımda ana vətəninin adını ucaldan, vətəndaşı olduğu ölkənin siyasi-ictimaiiqtisadi həyatında uğur qazanan soydaşlarımız çoxdur. xüsusda Həştərxandakı Azərbaycan diasporasının fəal üzvlərindən olan, Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsinin sədr müavini İrahid Mirişovun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Vaxtilə ulu öndər Heydər Əliyevin Rusiyanın müxtəlif şəhərlərinə ali təhsil almaq üçün göndərdiyi gənclərdən biri olan İrahid Mirişov 1984-cü ildə Həştərxan Balıqçılıq Sənayesi və Təsərrüfatı Texniki İnstitutunu mühəndis-iqtisadçı ixtisası üzrə bitirib. Elə o vaxtdan Həştərxanda qalıb yaşayan soydaşımız təkcə öz sahəsində uğurlu fəaliyyəti ilə fərqlənməyib, həm də bu vilayətdə Azərbaycan diasporasının formalaşmasına böyük əmək sərf edib.

Son illərin reallıqları ondan ibarətdir ki, Azərbaycan diasporası Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələrək həm öz fəaliyyətini yeni mərhələyə yüksəldib, həm də fəaliyyət göstərdiyi xarici ölkələrin ictimai-siyasi həyatında fəallaşıb. Bu kontekstdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan regional bölməsinin fəaliyyəti xüsusi nəzərə çarpır. Rusiyanın Həştərxan vilayətində artıq aparıcı qüvvələrdən birinə çevrilmiş Azərbaycan diasporası İrahid Mİrişovun da səyləri ilə ötən dövr ərzində cəmiyyətə inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm işlər görmüşdür. Burada yaşayan 25 mindən çox azərbaycanlı diaspora sıralarında kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan reallıqlarının, genişmiqyaslı inkişafın həm Rusiya, həm də dünya ictimaiyyətinə çatdırılmasında mühüm bir missiyanı layiqincə yerinə yetirirlər.

Təsadüfi deyil ki, dəyərli təmsilçimiz İrahid Mirişov Həştərxan vilayətində 33 illik fəaliyyəti dövründə dəfələrlə vilayət və şəhər orqanları, ictimai təşkilatlar tərəfindən fəxri fərman, təşəkkür məktubları və mükafatlara layiq görülmüşdür. O, 2010-cu ildə “Həştərxan vilayəti qarşısında xidmətlərə görə” medalı, Həştərxan Qubernatorunun “Peşəkar fəaliyyətdə nailiyyətlərə görə” fəxri fərmanı, 2010 və 2011-ci illərdə Həştərxan Vilayəti Qubernatorunun təşəkkür məktubları ilə mükafatlandırılmışdır.

İrahid Mirişov daim vurğulayır ki, Azərbaycan diasporasının və onun fəallarının uğurlarının kökündə dayanan əsas səbəb Azərbaycan dövlətinin qayğısı, Prezident İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan şəhərində həyata keçirilən misilsiz layihələrdir. Şəhərin Bakı küçəsində yerləşən və hazırda Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin yenidən qurulması, Knyaz Vladimirin abidəsinin qoyulması və onun yerləşdiyi ərazidə yeni park salınması, Həştərxanın Nərimanov şəhərində Nəriman Nərimanovun abidəsinin yerləşdiyi parkın ərazisinin bərpa edilərək abadlaşdırılması, “Arzuuşaq əyləncə şəhərciyinin salınması, ən müasir səviyyədə uşaq bağçasının tikintisinin aparılması, “Azərbaycan-Rusiya Dostluq körpüsü” və həmçinin digər layihələr Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Həştərxan sakinlərinə töhfələridir.

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Həştərxanda həyata keçirdiyi layihələr vilayət və şəhər rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmişdir. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Həştərxan Şəhər Duması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan dostluğununstrateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiyadakı Azərbaycan diasporasının fəaliyyətini dəstəkləməsinə görə Prezident İlham Əliyevi “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına layiq görmüşdür. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” və III dərəcəli “Knyaginya Olqa” ordenləri ilə təltif olunması Həştərxanda həyata keçirilən layihələrə verilən böyük dəyərin göstəricisidir.

Bütün bunlardan irəli gələrək Həştərxan azərbaycanlıları, o cümlədən İrahid Mirişov güclü Azərbaycan dövlətinin dəstəyini hər zaman öz üzərində hiss edirlər. Bu kontekstdə doğma dilimizi, milli-əxlaqi dəyərlərimizi, azərbaycanlıların bir xalq, millət kimi formalaşdırdığı şanlı tarixi və vətənimizin şərəfini qorumaq kimi üzərimizə düşən müqəddəs vəzifəni layiqli şəkildə yerinə yetirməyə çalışırıq. Həmçinin Həştərxan icmasına sıx inteqrasiya fonunda vilayətlə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha intensiv şəkildə inkişafına nail olmaq fəaliyyətimizin prioritet istiqamətlərindəndir.

Digər tərəfdən, Azərbaycan diasporası Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən zümrə kimi qəbul olunur. Vətənimiz barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin ölkəmizə, xalqımıza, onun insanlarına vurğunluğunu daha da artıran ən mühüm məqam burada ümummilli lider Heydər Əliyevə ucaldılan abidə, o cümlədən onun adını daşıyan, gözəlliyi ilə riqqət doğuran parkdır. Təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanında böyük siyasi xadim kimi qəbul olunan Heydər Əliyevin abidəsinin Həştərxan vilayətində də ucaldılması təsadüfi deyil. Çünki ulu öndər istər sovetlər, istərsə də postsovet dövründə Rusiya, eləcə də onun vilayətləri, o cümlədən Həştərxanla Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına böyük töhfələr vermişdir. Elə ona görə də Heydər Əliyevin Həştərxandakı abidəsi həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzi kimi qiymətləndirilir.

İrahid Mirişov həm Azərbaycan diasporasının fəalı, həm də mühəndis kimi Heydər Əliyevin abidəsinin ucaldılmasında göstərdiyi xidmətlərə görə Həştərxan Vilayəti Qubernatorundan təşəkkür məktubu alıb. Bundan əlavə, onun Həştərxanda Heydər Əliyev Fondu tərəfindən ulu öndərin adını daşıyan 11 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərində, “Rusiya-Azərbaycan dostluq körpüsünün inşasında, Knyaz Vladimirin abidəsinin ucaldılmasında və yeni parkın salınmasında, Heydər Əliyev adına 11 nömrəli orta məktəbin nəzdində yeni uşaq bağçasının tikilməsində və digər müxtəlif layihələrin həyata keçirilməsində də əməyi keçib.

Həmyerlimiz 2017-ci ildən Həştərxan Vilayəti Qubernatorunun müşaviri vəzifəsinə təyin edilib. Onun bu təyinatının əsas səbəbi təbii ki, vilayətin inkişafındakı müstəsna xidmətləridir. Azərbaycan dövləti də onun xidmətlərini daim yüksək qiymətləndirib və ötən il Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporasının inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Həştərxan ictimaiyyəti İrahid Mirişovu həm də şəhərin həyatında yaxından iştirak edən adamı kimi tanıyır. Rəhbəri olduğu “Nərimanov Çörək Zavodu” MMC 2000-ci ildən bəri şəhəri çörəklə təmin edir. Çörək isə məlum olduğu kimi, xüsusən biz azərbaycanlıların müqəddəs saydığı nemətdir. Elə milli mental dəyərlərimizdən irəli gələn bir daxili genetik duyğudur ki, İrahid Mirişov çörək istehsalında və şəhərin çörəklə təminatında halallığı ilə seçilib. Həm də bir adamı olaraq yüzlərlə həştərxanlını işlə təmin edib. Bu cür əməlləri ilə də həm Həştərxan ictimaiyyətinin, həm də vilayət və şəhər rəhbərliyinin dərin rəğbətini qazanıb. Zavodun məhsullarının keyfiyyəti isə Rusiyanın müxtəlif fərman, nişan və diplomlarına layiq görülüb.

İrahid Mirişovun özünün işi barədə qeydləri maraqlıdır. O deyir: “Çörək bizim müqəddəs and yerlərimizdən biridir. Bunu ruslar da gözəl bilir. İş elə gətirib ki, mən biznes fəaliyyətimi bu sahədə qurmuşam. Biznesi halal idarə etməlisən ki, davamlı uğur qazanasan. Söhbət çörəkdən getdiyindən mən halallıq məsələsində daha məsuliyyətli olmalıyam. Digər tərəfdən, azərbaycanlı olmağım mənim məsuliyyətimi ikiqat artırır”.

Onu da qeyd edək ki, İrahid Mirişov özü bu sahədəki fəaliyyətinə görə “Rusiyanın 100 ən yaxşı məhsulu” proqramının təşkilatçıları şurası tərəfindən təsdiq edilmiş “Keyfiyyət sahəsində əldə edilmiş nailiyyətlər” fəxri nişanı ilə mükafatlandırılıb. Həmçinin onun adı 2010-cu ildə “Rusiyanın ən yaxşı adamları” ensiklopediyasına salınıb. İş adamı kimi xeyriyyə aksiyalarında da fəal iştirak edən soydaşımız əhalinin müxtəlif sosial qrupları üçün tədbirlərin keçirilməsinə görə Həştərxan vilayəti ictimaiyyətinin böyük ehtiramını qazanıb.

İrahid Mirişov ömrünün 60-cı ildönümünə qədəm qoyur. Diaspora fəalımızı ÜAK Həştərxan bölməsi adından təbrik edirik. Əminik ki, o, bundan sonra da Prezident İlham Əliyevin Azərbaycan diasporası qarşısında müəyyən etdiyi vəzifələrin həyata keçirilməsində layiqincə iştirak edəcək, həm də Rusiyanın Həştərxan vilayətindəki fəaliyyətini uğurla davam etdirəcək.

 

Ədalət HÜSEYNOV,

Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan bölməsinin sədri

 

Azərbaycan.- 2017.- 28 mart.- S. 6.