Böyük şəxsiyyət

 

Həsən Əliyev - 110

 

...Ötən əsrin yetmişinci illərinin sonu, səksəninci illərinin əvvəlləri idi. Ucqar bir dağ kəndində altı il idi ki, müəllim işləyirdim. Bir gün qəzetdə Elmlər Akademiyasının aspiranturasına qəbul elanını oxudum. Qərara gəldim ki, aspiranturaya daxil olum.

Həyəcanla Coğrafiya İnstitutuna gəldim. Sənədlərimi qəbul etdilər. Qəbul komissiyasının sədri Həsən müəllim olmaqla, səkkiz nəfərin qarşısında imtahan verməli oldum. Planda bizim ixtisasa bir yer ayrılmışdı, lakin üç nəfər sənəd vermişdi. İmtahandan iki nəfər əla, mən dörd qiymət almışdım. Təbii ki, çox pərt olmuşdum. İmtahan qurtardı, komissiya üzvləri çıxıb getdilər və sonda Həsən müəllim kabinetindən çıxdı. Hamımız onun kabinetinin qarşısında dayanmışdıq. O, bir-bir bizə göz gəzdirdi və xeyli aralanıb nə fikirləşdisə, geri döndü. Elə zənn etdik ki, nəyi isə unudub. Gözləmədiyim halda mənə yaxınlaşıb dedi: “Oğlum, sən bikef olma, o biri imtahanlarını davam etdir. Əgər onlardan yüksək qiymət alsan, əlavə sənə də yer alacağam”. Belə də oldu, o biri imtahanları uğurla verdim və Həsən müəllim instituta əlavə iki yer aldı. Beləliklə, aspiranturaya daxil oldum.

Sonralar Həsən Əliyev elmi rəhbərim oldu. Onunla daha yaxından təmasda olmaqonu tanımaq imkanı qazandım. Həsən müəllimin yüksək keyfiyyətlərindən biri onun təşkilatçılıq qabiliyyəti və hadisələrə ədalətli yanaşması idi. Həsən müəllimin instituta rəhbərlik etdiyi illərdə dəyərli monoqrafiyalar yazıldı, atlas və xəritələr tərtib edildi, dərin elmi-tədqiqat işləri yerinə yetirildi, bir çox əsərlər Dövlət mükafatına təqdim olundu.

O illərdə direktorun gənc kadrlara olan diqqət və qayğısını da gördüm. Görkəmli alim institutun əməkdaşlarının, o cümlədən aspirantlarının elmi işlə bağlı problemləri ilə yanaşı, mənzil-məişət qayğılarına qədər məsələlərini də həll etməyə çalışırdı.

Həsən müəllim şöbənin bütün əməkdaşlarına eyni qayğı ilə yanaşar, onlara düzgün yol göstərərdi. Ona görə də istər institut miqyasında, istərsə də özünün birbaşa rəhbərlik etdiyi şöbədə heç kimin artıq-əskik hərəkətlər etməsinə imkan verməzdi. Son dərəcə sadə adam idi. Elə onun böyüklüyü də sadəliyində idi. Hər bayramqabağı ömür-gün yoldaşı Zərqələm xanımla birlikdə şöbəyə gələr (şöbə, indiki kimi, institutdan kənarda yerləşirdi) və axıra qədər də işçilərilə birgə olar, problemləri ilə maraqlanardı.

Dissertasiyamın mövzusu aktual olsa da, çoxlu çətinliklər vardı. Mövzu Zəngəzur filizsaflaşdırıcı kombinatlarının ətraf mühitə təsir məsələsi idi. Çirklənmə mənbəyi Ermənistan, çirklənməyə məruz qalan ərazilər Azərbaycan, qismən də İran İslam Respublikasının əraziləri idi. Ermənistan və İranda bu istiqamətdə aparmaq, su, torpaqbitki nümunələri götürmək çox çətin idi. Bütövlükdə bunların öhdəsindən gəlməkdə Həsən müəllimin qayğısı və nüfuzu mənə kömək etdi.

Həsən müəllimin tərcümeyi-halı ilə yaxından tanış olanda bildim ki, onun ömür yolu çox çətinliklərdən, məşəqqətlərdən keçib. Çətin sınaqlardan həmişə ləyaqətlə çıxıb. İstər uşaqlıq, istər müharibə illəri, istərsə də sonrakı illərdə ən çətin imtahanlardan keçib. Oxumaq, təhsil almaq, böyük bir ailənin qayğılarını çəkmək, - bunların hamısı bir insanın tale yazıları idi. O, bu çətinliklərdən şərəflə çıxa bilmiş və xalqın yaddaşında silinməz izlər qoymuşdur. Həsən Əliyev ömrünün ixtiyar çağlarında belə ötən illəri xatırlayar və hər dəfə də kövrələrdi.

Akademikin Azərbaycan təbiətinin qorunması, zənginləşməsi yolunda göstərdiyi xidmətləri saymaqla qurtarmır. Həmişə bu böyük insanın təbiətə olan təmənnasız qayğısı haqqında düşünəndə yadıma Həsən bəy Zərdabi düşür. Həsən bəy Zərdabinin həyatı, fəaliyyəti ilə yaxından tanış olanda bu iki şəxsiyyətin yaşam tərzi, yaradıcılığı, şəxsi keyfiyyətləri arasında çox yaxınlıq gördüm.

Bu il akademik Həsən Əliyevin anadan olmasından 110, Həsən bəy Zərdabinin doğum günündən 175 il keçir. 1907-ci ilin axırlarında Azərbaycan xalqı öz böyük oğlu Həsən bəyi son mənzilə yola salanda heç kəs bilmirdi ki, qədim Zəngəzur torpağının Comərdli kəndində yenicə dünyaya göz açan bir körpə gələcəkdə o böyük insanın layiqli davamçısına çevriləcək. Çətin, məşəqqətli ömür yolu, son dərəcə sadəlik, xalqın maariflənməsi, elmin inkişafı yolunda göstərdikləri böyük xidmətlər, sözün həqiqi mənasında Azərbaycan təbiətinə olan xidmətlər onları birləşdirən oxşarlıqlardır.

Həsən bəy Zərdabi Bakını yaşıllığa qərq olmuş bir şəhər kimi görmək istəmiş və bu yolda illərlə mübarizə aparmışdır. Həsən bəy məqalələrinin birində Bakıda yaşıllığın yaradılmasının olduqca çətin olmasından söhbət açır. O, qeyd edirdi ki, təzə əkilmiş ağaclar Bakı küləyi qarşısında heç cür tab gətirə bilmir. Ona görə də ağaclar xəndək içində əkilir. Sonra Həsən bəy Zərdabi Badi-kubə uyezdində yaşıllığın yaradılması üçün daha səmərəli təkliflərini vermişdi. Sonralar bu Həsən Əliyev tərəfindən davam etdirilmişdir. XX əsrdə Azərbaycan təbiətinin qorunması və zənginləşməsi yolunda akademik Həsən Əliyev qədər xidmət göstərən ikinci bir ziyalı tapmaq çətindir. Həsən müəllim ömrünün ixtiyar çağlarında belə yorulmaq bilmədən böyük həvəslə təbiətimizin qorunması və zənginləşməsi üçün çalışırdı. O, bəzən istirahət günlərini belə Abşeronun, Dəvəçinin, Siyəzənin yamaclarında keçirər, yaşıllığın vəziyyəti ilə maraqlanardı. Onun respublika ərazisində dövlət qoruqlarının təşkilində, nəsli kəsilməkdə olan flora və faunanın zənginləşməsində böyük əməyi olmuşdur.

Həsən müəllimi tez-tez tələbə və şagirdlər qarşısında da görmək olardı. Dünyanın bütün qitələrini bir səyyah, həssas müşahidəçi, alim kimi gəzən Həsən müəllim müxtəlif ölkələrdə insanların təbiətə münasibətindən söhbət açaryorulmaq bilmədən şövqlə danışardı. Dünyanın bir çox məşhur milli parklarında olan bu cəfakeş alim respublikamızda da belə milli parkların yaradılmasına zəruri ehtiyac olduğunu yazırdı. Onun bu arzuları sonralar həyata keçirilmişdir.

Aylar, illər bir-birini əvəz edib, nəsillər dəyişsə də, yaddaşlarda xalqına, millətinə xidmət edənlər həmişə qalır. Həmin insanlardan biri akademik Həsən Əliyevdir.

 

İsmayıl QULİYEV,

AMEA-nın Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun

Torpaq coğrafiyası şöbəsinin müdiri

 

Azərbaycan.- 2017.- 28 mart.- S.7.