Turizm qeyri-neft sektorunun ən gəlirli sahəsidir

 

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan dünyanın yeni turizm mərkəzinə çevrilir

 

Ölkəmizin iqtisadi inkişafını təmin etmək üçün müxtəlif istiqamətlər üzrə böyük imkanlar mövcuddur. Belə sahələrdən biridə turizmdir. Qeyri-neft sektorunda bu sahənin payı yüksəkdir. Prezident İlham Əliyev turizm sektorunun inkişafının sürətləndirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verməklə kifayətlənməyərək bu istiqamətdə şəxsi dəstəyini də əsirgəmir. Elə 2011-ci ilin ölkəmizdə “Turizm ilielan edilməsi və bu çərçivədə çoxsaylı tədbirlərin keçirilməsi həmin dəstəyin nəticəsi idi.

Bu gün Azərbaycanda geniş turizm infrastrukturu mövcuddur. Ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrdə də nəhəng turizm obyektləri, hotellər fəaliyyət göstərir. Özüindi əvvəlki illərdən fərqli olaraq turizm obyektləri ilin bütün fəsillərində qonaq qəbul edir. İsti ölkə olan Azərbaycanda qış turizm infrastrukturunun yaradılması isə xüsusən təqdirəlayiq haldır. Dövlətin maliyyə dəstəyi ilə tikilən Qusardakı “ŞahdağTurizm Kompleksi indi dünyanın ən böyük turizm mərkəzlərindən sayılır.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda turizm sektorunun ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Turizmlə bağlı görülən işlər, - burada rəqəmlər səsləndi, - Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə vizalarla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə, Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - hotellər, istirahət zonaları. 2004-cü ildən bugünə qədər 300-dən çox mehmanxana tikilmişdir. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı hotellər şəbəkələrinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər varviza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq, biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”.

Hazırda ölkəmizdə 150-dən çox turizm şirkəti və 100-dən çox mehmanxana kompleksi fəaliyyət göstərir. Bakıda və bölgələrdə yerləşən bu obyektlər ilin bütün fəsillərində yaxın-uzaq ölkələrdən gələn qonaq-qara ilə dolu olur. Bundan əlavə, son illər Azərbaycanda kənd turizmigeniş inkişaf edib. Həm turizm sektorunda çalışan adamları, həm də yerli əhali bu sahənin çox gəlir gətirdiyini gördüyü üçün belə fəaliyyət növünə getdikcə daha da üstünlük verir. Kənd turizminin digər üstün cəhəti isə turistlərə kiçik büdcə ilə mənalı və ekoloji cəhətdən təmiz məkanda istirahət etmək imkanı verir.

Ölkəmizdə turizm sahəsinin inkişafı üçün dövlət başçısının təşəbbüsü ilə vizaların sadələşdirilmiş qaydada rəsmiləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Bunun sayəsində turistlərin Azərbaycana səfər etməsi xeyli sadələşib. Elə ötən il Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, MalayziyaSinqapurdan ölkəmizə turizm axınının artmasının əsas səbəbi də budur. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2, Küveytdən 3,2, Qətərdən 5,5, Səudiyyə Ərəbistanından və Omandan 10, Birləşmiş Ərəb Əmirliklərindən 22, İraqdan 30 dəfə çox turist gəlib.

Prezident İlham Əliyevin ölkəmizdə turizm sahəsində aparılan köklü islahatların davamı olaraq keçən il imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamını da xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Turizm Şurasının yaradılması, “Shoping festivalı”nın keçirilməsi, turizm üzrə ilk peşə-ixtisas təhsil müəssisələrinin, yeni turizmrekreasiya zonalarının təşkili, çimərlik turizminin inkişafı, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi, Turizm Reyestrinin və digər mühüm məsələlərin həlli məhz bu sərəncam hesabına reallaşır.

Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlər də turistlərin cəlb edilməsində müstəsna rol oynayır. Ölkəmizdə keçirilmiş “Eurovision-2012”, qızlar arasında futbol üzrə U-17 dünya çempionatı, beynəlxalq Caz festivalı, I Avropa Oyunları, “Formula-1” və digər beynəlxalq səviyyəli tədbirlər məhz bu məqsədə xidmət edib. Həmin tədbirlər Azərbaycanın dünyada müsbət imicinin formalaşmasına böyük töhfə verib. Belə beynəlxalq tədbirlər zamanı ölkəmizə gələn turistlər Azərbaycanın tarixi, mədəniyyəti, qonaqpərvərliyi, mətbəxi və digər xüsusiyyətləri ilə tanış olurlar. Bu da ölkəmizin daha çox tanınması və təbliği deməkdir.

Turizm sektorunun inkişafında böyük işlər görülsə də, bu prosesin başa çatdığını demək hələ tezdir. Odur ki, dövlət tərəfindən bu sahəyə verilən dəstək sayəsində yaxın illərdə ölkəmizdə yeni turizm obyektlərinin istifadəyə veriləcəyi şübhəsizdir. Bu isə həm ölkənin ümumi, xüsusən qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, həm də əhalinin məşğulluq probleminin həllinə sanballı töhfə verəcək.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2017.- 28 mart.- S.8.