“Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına layiqli töhfədir
Martın 29-da Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanasında “Azərbaycan
ədəbiyyatı özbək
dilində” layihəsinin
təqdimatı olub.
AZƏRTAC xəbər
verir ki, tədbirdə ölkəmizin
Özbəkistandakı səfiri
Hüseyn Quliyev, Azərbaycan-Özbəkistan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvləri, ictimai-siyasi
xadimlər, şairlər,
yazıçılar və
media nümayəndələri iştirak ediblər.
Layihə haqqında məlumat verən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, bu layihə
Azərbaycan ilə Özbəkistan arasında
ictimai-siyasi və mədəni əlaqələrin
yüksək səviyyədə
olmasının parlaq təzahürüdür. Bu cür təşəbbüslərin
həyata keçirilməsi
əməkdaşlığımızın
tərəqqisinə böyük
təkan verir.
M.Əhmədov xüsusi vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr
mövcuddur. Bu əlaqələr
XX əsrin sonlarında
hər iki respublikanın dövlət
müstəqilliyinə yenidən
qovuşmalarından sonra
daha da inkişaf
edərək strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib. Azərbaycanın
haqq işinin müdafiəsində Özbəkistan
dövləti hər zaman dəstəyini hiss etdirib. Azərbaycanın Özbəkistandakı səfirliyi
və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi
tərəfindən ölkələrimiz
arasında münasibətlərin
möhkəmlənməsinə xidmət edən çoxlu sayda layihə və tədbirlər həyata keçirilir. Təqdim edilən “Azərbaycan
ədəbiyyatı özbək
dilində” layihəsi
də həmin silsilədəndir. Layihə çərçivəsində
Azərbaycan ədəbiyyatının
klassikləri, müasir
şair və yazıçılarımızın əsərləri, eləcə
də Azərbaycanın
tarixi və ictimai-siyasi həyatından
bəhs edən kitablar özbək dilinə tərcümə
olunub. 24 adda müxtəlif mövzulara dair Azərbaycan, türk, özbək və rus dillərində nəşr edilən bu kitablarla yanaşı,
bir neçə Azərbaycan filmi də dublyaj olunaraq özbəklərin
istifadəsinə verilib.
Azərbaycanın Özbəkistandakı səfiri
Hüseyn Quliyev ölkələrimiz arasındakı
münasibətlərin daha
da inkişaf etdirilməsi istiqamətində
görülən işlər
və perspektivlər haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki,
Azərbaycanın xarici
siyasətində, ölkəmizin
imicinin yüksəlməsində
böyük rol oynayan bu cür
təşəbbüslər mütəmadi həyata keçirilməlidir.
Daşkənddəki Azərbaycan Mədəniyyət
Mərkəzinın direktoru
Samir Abbasov məlumat verib ki, həyata keçirilən layihələr
çərçivəsində Özbəkistanın müxtəlif
mədəniyyət və
təhsil ocaqlarında
Azərbaycan guşələri
və otaqları yaradılıb. Mərkəzin təşəbbüsü ilə
Nizami Gəncəvi adına Daşkənd
Dövlət Pedaqoji Universitetində Azərbaycan
Mədəniyyəti və
Ədəbiyyatı Mərkəzi,
Özbəkistan Dövlət
Konservatoriyasında Üzeyir
Hacıbəyli adına
Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti
Mərkəzi fəaliyyətə
başlayıb. “Görkəmli
şəxsiyyətlərin həyatı” silsiləsindən
ümummilli lider Heydər Əliyevə həsr edilən, Viktor Adrianov və Hüseynbala Mirələmovun
həmmüəllifi olduqları
“Heydər Əliyev” kitabı özbək dilində çapdan çıxıb.
Milli mədəni irsimizin qardaş ölkədə
tanıdılması, təbliği
istiqamətində görülən
işlər barədə
də məlumat verən S.Abbasov bildirib ki, Azərbaycan
kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən
böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin
təbliğinə də
xüsusi diqqət yetirilib. Belə ki, “Bəxt
üzüyü” və
“Yol əhvalatı” kinokomediyaları, dörd cizgi filmi özbək
dilinə dublyaj olunub.
Özbəkistan mətbuatında
Azərbaycanın təbliği
və tanıdılması
istiqamətində görülən
işlərdən danışan
S.Abbasov diqqətə
çatdırıb ki,
hər il bu ölkənin KİV-lərində respublikamız
haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi
elan edilir və ilin yekununda
mərkəzdə müsabiqənin
qaliblərinin mükafatlandırılması
mərasimi keçirilir.
Təqdim olunan kitablar və Azərbaycan Mədəniyyət
Mərkəzi tərəfindən
həyata keçirilən
“Kitab layihələri”
haqqında ətraflı
məlumat verən S.Abbasov qeyd edib ki, ölkələrimiz
arasında mədəni-ədəbi
əlaqələrin dərinləşdirilməsi
sahəsində aparılan
elmi araşdırmalar
səfirliyimiz tərəfindən
daim dəstəklənir.
Belə ki, ötən il özbək alimi, professor Saodat Muxammadovanın tərtibçisi olduğu
“Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri”
kitabı çapdan çıxıb. Nəşrin əsas üstün cəhəti Azərbaycan şairlərinin şerlərinin
özbək dilində,
özbək şairlərinin
şerlərinin isə
Azərbaycan dilində
tərcümələrindən nümunələrin verilməsidir.
Bundan əlavə, “Özbək-Azərbaycan,
Azərbaycan-özbək” danışıq
kitabçası, Xalq
Yazıçısı Anarın
seçilmiş əsərlərindən
ibarət “Mən, sən, o və telefon” kitabı Daşkənddə çap
edilib. Özbəkistanın
xalq şairi Camal Kamalın tərcüməsində Azərbaycanın
dahi şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş
əsərin ayrı-ayrılıqda
özbək dilinə
tərcümə olunması
ilə bağlı müvafiq razılıq əldə edilib. Artıq iki əsər – “Sirlər xəzinəsi” və “Leyli və Məcnun” özbək dilinə tərcümə olunub.
Son üç ildə
mərkəzin təşəbbüsü
ilə “XX əsr Azərbaycan şeiriyyəti
antologiyası”, “Azərbaycan
mədəniyyəti qardaş
Özbəkistanda”, “Azərbaycan
yazıçılarının hekayələri”, “Müasir
özbək və Azərbaycan poeziyasının
xüsusiyyətləri”, Nizami
Gəncəvinin “Maxzanu-ul
asror” (“Sirlər xəzinəsi”), “Ozarbayjoning
madaniy merosi: Kulturnoe naslediye Azerbaydjana”, Məhəmməd
Füzulinin “Kalb kovhari”,
“Türk dillərində
Bəxtiyar Vahabzadənin
90 şeiri” kitabları,
Nizami Gəncəvinin
“Xəmsə”si, Müasir
Azərbaycan şairlərinin
şeirləri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” monoqrafiyası,
Yunus Oğuzun “Sultan
Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, gənc yazar Pərvin Nurəliyevanın
“Qar yağacaq” hekayələr kitabı özbək dilinə tərcümə edilərək
çap olunub. Tanınmış özbək tarixçi-publisisti
Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən
Qarabağadək” və
“Qarabağ: ideyalar müharibəsi” kitabları
rus dilində çap olunub. Ş.Salamovun
kitablarının ilk təqdimatı
da Prezident Kitabxanasında keçirilib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar
komitəsinin sədri
Siyavuş Novruzov, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq Yazıçısı
Anar, Milli Məclisin deputatı Elman
Nəsirov, Mədəniyyət
və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin
müdiri Vasif Eyvazzadə, yazıçı-publisist
Yunus Oğuz, Ş.Salamov və digər çıxış
edənlər ölkəmizin
Özbəkistandakı səfirliyi
tərəfindən Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində həyata
keçirilən təşəbbüsləri
yüksək qiymətləndiriblər.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, xalqlarımız
arasında mədəni
əlaqələrin genişlənməsində
belə layihələrin
əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, təqdim edilən “Azərbaycan ədəbiyyatı
özbək dilində”
layihəsi ölkələrimiz
arasında elmi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə layiqli töhfədir. Özbəkistanda qazanılmış bu gözəl təcrübə
digər ölkələrdəki
səfirliklərimiz üçün
də yaxşı örnək olacaq.
Sonda “Daşnaklar Fərqanədən
Qarabağadək” sənədli
filmi nümayiş olunub.
Azərbaycan.- 2017.- 30 mart.- S. 5.