Azərbaycan iqtidarı dövlət idarəçiliyinin
ən mükəmməl nümunəsini göstərir
Prezident İlham Əliyevin sədrliyi ilə
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsi keçirilib
Martın 28-də Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Dövlət başçısı müşavirədə giriş nitqi söylədi.
Azərbaycan
Prezidenti İlham Əliyevin giriş nitqi
- Biz bugünkü müşavirədə
ölkəmizdə pambıqçılığın
inkişafı ilə bağlı məsələləri
müzakirə edəcəyik. Bildiyiniz kimi,
pambıqçılığın inkişafı Azərbaycanda
prioritet sahə sayılır. Uzun fasilədən sonra
pambıqçılığa dair birinci müşavirəni
keçən il Sabirabad şəhərində
keçirdik. Bu il Saatlı şəhərində
keçiririk. Bu il ən çox pambıq
tədarükü Saatlı rayonunda gözlənilir. Pambıqçılığın rayonun
inkişafına çox böyük xeyri var. Eyni zamanda biz
pambıqçılıqla məşğul olan bütün
rayonlarda sürətli inkişafı görürük.
Əvvəlki illərdə
Saatlı rayonunun inkişafı ilə bağlı çox
böyük işlər görülübdür. Rayonun
infrastrukturu tamamilə yenidən qurulubdur. Elektrik
enerjisi ilə təminat böyük dərəcədə
yaxşılaşıb. Bu gün
açılışında iştirak etdiyim yeni
yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm
də bütün təsərrüfatlara fasiləsiz elektrik
enerjisini verməklə, əlbəttə ki, böyük bir
inkişafa yol açır. Eyni zamanda,
Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət
çəkirdi. Şəhərin cəmi
30 faizi su ilə təmin olunurdu, özü də gündə
2-3 saat. İndi isə fasiləsiz,
Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su verilir.
Mənə verilən məlumata
görə, qazlaşdırma 80 faizə çatıb və əminəm
ki, yaxın gələcəkdə Saatlıda bir dənə də
yaşayış məntəqəsi qazsız olmayacaq. Məsələ
belə qoyulubdur. Biz buna da nail
olacağıq. Saatlı rayonunun, demək olar
ki, bütün kənd yolları əsaslı təmir edilir,
tikilir. Əvvəlki illərdə bir
neçə önəmli kənd yolu layihəsi icra
edilmişdir. Birinin
açılışını bu gün etdik. Bir neçə kəndi birləşdirən daha bir
kənd yolu layihəsi var ki, o da yaxın zamanlarda icra ediləcək
və əhalinin istifadəsinə veriləcək.
Sosial obyektlərin tikintisi
uğurla gedir.
Müasir xəstəxana, Olimpiya Mərkəzi,
məktəblər, uşaq bağçaları, bir sözlə,
Saatlı rayonunun hərtərəfli inkişafı dövlət
proqramı əsasında uğurla gedir. Vaxtilə
qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları uğurla icra edilir və ölkəmizdə
yeni reallıqlar yaradıbdır. Bizim əsas vəzifəmiz
ondan ibarət idi ki, - bu gün də, əlbəttə, bu vəzifə
qarşımızda durur, - bütün infrastruktur layihələri
icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik
enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri
həll olunsun, kənd yolları, magistral yollar tikilsin və
bu, özlüyündə sürətli iqtisadi və sosial
inkişafa təkan verəcək. Belə də
oldu. Nəzərə alsaq ki, regionların
sosial-iqtisadi inkişafına dair artıq bir neçə
dövlət proqramı icra edilib, görərik ki, bu
proqramların çox böyük əhəmiyyəti var.
İnfrastruktur layihələri icra olunandan sonra biznes
üçün daha da yaxşı şərait
yaradıldı. Azərbaycan dövləti
bu istiqamətdə ardıcıl siyasət aparır,
sahibkarlığın inkişafı, biznes mühitinin
yaxşılaşdırılması, yeni ixrac
bazarlarının araşdırılması və o bazarlara
çıxmağımız ölkəmizin hərtərəfli
inkişafına gətirib çıxarıb.
Biz fəaliyyətimizi gələcəkdə
də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun
inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə
ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə
aşağı düşüb. Biz indi qeyri-neft
sektorunun inkişafına həm daha çox fikir verəcəyik,
həm də ki, daha da fəal iş aparılacaqdır.
Pambıqçılığın
Azərbaycanda qədim ənənələri vardır. Əsrlər
boyu xalqımız pambıqçılıqla məşğul
olubdur. Ancaq
pambıqçılığın ən sürətli və
uğurlu inkişaf dövrü ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə
rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda
1980-ci illərin əvvəllərində Azərbaycanda
pambıqçılıq sürətlə inkişaf edib.
Əgər biz statistikaya nəzər salsaq
görərik ki, ulu öndərin dövründə Azərbaycanda
pambıq tədarükü bir neçə dəfə
artıb. 1980-ci illərin əvvəllərində
800 min ton-1 milyon tona qədər pambıq tədarük
edilirdi.
Bu, əlbəttə ki,
respublikanın inkişafına səbəb olmuşdur. Məşğulluq
yüksək səviyyədə təmin edilirdi. Pambıqçılıqla məşğul olan zəhmətkeşlər
öz həyat şəraitini böyük dərəcədə
yaxşılaşdırmışdılar. Kəndlərimiz abadlaşdı, o vaxt Azərbaycana
böyük investisiya cəlb olundu. Əlbəttə,
biz o vaxt müstəqil dövlət deyildik və Azərbaycan
xalqı onu da unutmamalıdır ki, Sovet İttifaqının
tərkibində Azərbaycan iki respublikadan biri olmuşdur ki,
öz tələbatını özü ödəyirdi, eyni
zamanda ümumittifaq büdcəsinə də töhfə
verirdi. Qalan 13 respublika dotasiya ilə işləyirdi.
Bir daha qeyd etmək istəyirəm
ki, pambıqçılığın ənənələri
böyükdür. Əfsuslar olsun ki, ulu öndər Azərbaycandan
Moskvaya gedəndən sonra, bütün sahələrdə
olduğu kimi, biz pambıqçılıqda da tənəzzüllə
qarşılaşdıq. İldən-ilə diqqət
azalırdı, ildən-ilə pambıq sahələri
kiçilirdi və bu proses, əfsuslar olsun ki, son illərə
qədər davam edirdi.
Müstəqillik
dövründə. Əlbəttə ki, biz müstəqilliyin
ilk illərini yaxşı xatırlayırıq. Bu illər çox ağır keçirdi, dərin
siyasi, iqtisadi, hərbi böhran yaşanırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə
olmuş qüvvələr Azərbaycanı məhvə
aparırdılar, vətəndaş müharibəsi, kütləvi
itaətsizlik, dərin böhran hökm sürürdü.
Sənaye, kənd təsərrüfatı, demək
olar ki, tamamilə dağıdılmışdı. Bizim üçün ənənəvi olan
pambıqçılıq, üzümçülük məhvə
doğru gedirdi. Ancaq 1993-cü ildən
sonra ulu öndərin rəhbərliyi ilə vəziyyət
sabitləşməyə başladı. Əgər
statistik göstəricilərə nəzər salsaq görərik
ki, 1996-cı ildən sonra artıq Azərbaycanda hər il iqtisadi inkişaf başlamışdır.
Ancaq əfsuslar olsun ki, biz
pambıqçılıqda istədiyimiz nəticəyə
çata bilməmişdik. Bunun bir neçə səbəbi
var. Birinci səbəb - əlbəttə ki, müstəqilliyin
ilk illərində bizim kifayət qədər maliyyə
imkanımız yox idi. Burada əyləşən
vətəndaşlar, yoldaşlar bilirlər ki,
pambıqçılıq böyük investisiya tələb
edən sahədir. Bizim o vaxt
imkanımız yox idi. Olan
imkanlarımızı da biz ən təcili məsələlərin
həllinə yönəldirdik. Digər tərəfdən,
biz müstəqillik dövründə ərzaq təhlükəsizliyi
problemləri ilə üzləşmişdik. Çünki sovet vaxtında ümumittifaq sənaye-iqtisadi
kompleksi mövcud idi, Azərbaycanda üzümçülük,
pambıqçılıq, tütünçülük
inkişaf edirdi, meyvə-tərəvəz istehsalı
artırdı. Ancaq biz ərzaq məhsullarını
başqa respublikalardan - Rusiyadan, Ukraynadan, Belarusdan gətirirdik.
Yəni böyük bir asılılıq
mövcud idi.
Ona görə biz ilk növbədə
çalışırdıq ki, ərzaq təhlükəsizliyimizi
təmin edək. Bunu da, demək olar ki, maksimum dərəcədə
təmin edə bilmişik. Bu gün biz
özümüzü ətlə 100 faiz təmin edirik. Süd və süd məhsulları, toyuq əti ilə
təxminən 80-90 faiz təmin edirik. Sovet
dövründə bu, belə deyildi, biz tam asılı vəziyyətdə
idik. Müstəqillik dövründə Azərbaycanda
meyvə-tərəvəz istehsalı bir neçə dəfə
artmışdır və bu, bizim üçün
böyük ixrac potensialıdır, böyük ixrac
imkanlarımızdır. Ona görə biz
daha çox ərzaq təhlükəsizliyi məsələlərinə
diqqət göstərirdik. Texniki bitkilər
- pambıqçılıq, tütünçülük,
baramaçılıq isə bir qədər diqqətdən kənarda
qaldı və əfsuslar olsun ki, demək olar, biz bu sahələri
itirirdik. Onu da açıq deməliyəm
ki, pambıqçılığa dövlət dəstəyi
çox zəif idi.
Hesab edirəm ki, bu gün
pambıqçılığın inkişafı artıq
reallıqdır və 2016-cı il
dönüş ili olmuşdur. 2015-ci il, demək olar ki, bizim
müasir tariximizdə pambıqçılıqda ən pis il
olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük
edilmişdir. Keçən il qısa
müddət ərzində, - düzdür, bir qədər
vaxt itirdik, - bütün gücləri səfərbər edərək
biz dönüş yarada bildik. Çox ciddi tədbirlər
görüldü, texnika alındı, dövlət dəstəyi
göstərildi, imkan daxilində meliorasiya işləri
aparıldı. Keçən il biz 51
min hektarda pambıq əkmişdik və nəticədə 90
min tona yaxın məhsul götürülmüşdür. Yəni bu, 2015-ci illə müqayisədə
üç dəfə çoxdur.
Ancaq bu il biz daha
da ciddi hazırlaşmışıq. Bu il
bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə
təşkil edilmişdir. Bu gün mən
Saatlı rayonunun bir pambıq tarlasında oldum. Orada da
artıq biz səpinə rəsmi start verdik. Ən
müasir texnika alınıb, lazım olan bütün
avadanlıq, gübrələr, dərmanlar, hər şey
hazırdır. Əlbəttə ki, bu il
biz daha da böyük məhsul gözləyirik.
Bu il və
keçən il Dövlət İnvestisiya Proqramında
pambıqçılığın inkişafı ilə
bağlı böyük vəsait nəzərdə
tutulmuşdur. Kompleks tədbirlər
görülmüşdür. İlk
növbədə biz özümüzü texnika ilə təmin
etməli idik və bunu etdik. Keçən il və bu il Azərbaycana minlərlə yeni
texnika gətirilib. Keçən il 100-ə
yaxın pambıqyığan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş
edilib.
Meliorasiya işləri
uğurla aparılıb. “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyəti, eyni zamanda yerli icra
orqanları bu işlərdə fəal iştirak edirlər.
Biz meliorativ tədbirləri genişləndirərək
dövriyyəyə yeni əkin sahələrini əlavə
etdik. Hesab edirəm ki, bütün bu kompleks tədbirlər
nəticəsində bu il rekord nəticə
gözlənilir. Biz əkin sahələrini
böyük dərəcədə genişləndirdik.
Son məlumata görə, bu il 136 min
hektarda pambığın səpini gözlənilir və orta
məhsuldarlıq 20 sentner səviyyəsində
olmalıdır. Keçən illə müqayisədə
bu, artım deməkdir. Ancaq biz və
pambıqçılar bunu yaxşı bilirik ki, bu, bizi qane edə
bilməz. Sovet vaxtı məhsuldarlıq
daha da böyük idi. Nəzərə
alsaq ki, bu gün biz həm müasir texnika alırıq, həm
bütün digər tədbirləri ən yüksək səviyyədə
görürük, əlbəttə, gələcək illərdə
məhsuldarlıq daha da artmalıdır.
Pambıqçılığın
ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu,
ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur
ki, dünya birjalarında satılır. Ona görə
pambığın və mahlıcın satışı
üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə
ki, böyük üstünlükdür. Eyni
zamanda pambıqçılıq əməktutumlu kənd təsərrüfatı
sahəsidir. Keçən il
pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir.
Bu il bu rəqəm daha da böyük
olacaq. Bölgələrdə məşğulluğun
artırılması baxımından
pambıqçılığın çox böyük xeyri
var. Bunu artıq pambıq əkən bütün rayonların
ictimaiyyəti və vəzifəli şəxslər
yaxşı bilirlər, görürlər ki, bu gün bu
rayonlarda işləmək istəyən, ancaq hələ
işsiz qalan vətəndaş özü üçün
iş tapa bilər.
Dövlət, əlbəttə
ki, öz tədbirlərini görür. Onu da qeyd etməliyəm ki,
ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən
çox vətəndaş cəlb edilmişdir, 40 mindən
çox yeni iş yeri ancaq dövlət sektorunda
yaradılmışdır. Dövlət şirkətlərində,
dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən
çox vətəndaş artıq işlə təmin edilib.
Bu, təmir-tikinti işləridir, bu, yaşıllıqlara
qulluq etmək üçün nəzərdə tutulan iş
yerləridir. Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə
saxlamalıyıq. Bu gün dünya
miqyasında işsizliklə mübarizədə Azərbaycan
nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox
aşağı səviyyədədir və bu,
aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə işsizlik
artıq böhran həddinə çatır, eyni zamanda orada
demoqrafik böhran yaşanır. Bizdə
isə əhali artır. Əhali artdıqca biz yeni
iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət
göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır.
Bu, yaxın gələcəkdə tarixi nailiyyət
olacaq. Ancaq eyni zamanda bu, bizim
qarşımızda yeni vəzifələr qoyur. Biz
iş yerlərinin yaradılması ilə daim məşğul
olmalıyıq ki, işsizlik aşağı səviyyədə
olsun. Ona görə məşğulluq
üçün pambıqçılığın çox
böyük xeyri var.
Biz, əlbəttə ki,
keçən ildən başlayaraq
pambıqçılığa çox böyük dövlət
dəstəyi göstəririk. Bu gün biz
pambıqçılıqla bağlı ikinci müşavirəni
keçiririk. Bu müşavirələrin
keçirilməsi özlüyündə dövlət dəstəyinin
təzahürüdür. Eyni zamanda biz vətəndaşları,
fermerləri stimullaşdırmaq üçün çox
ciddi tədbirlər gördük. Pambığın
alış qiyməti keçən il 41 qəpikdən
50 qəpiyə qaldırılmışdır, eyni zamanda 10 qəpik
subsidiya verilir. Vətəndaşlar hər
gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən
pambıqçılığa çox böyük maraq
yaranıb. Bax bu, çox önəmli
amildir. Dövlət öz dəstəyini
göstərir və göstərəcəkdir. Biz pambıqçılığın
inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik
və xərcləyəcəyik. Ancaq əgər
vətəndaşlar tərəfindən bu sahəyə maraq
göstərilməsəydi, bizim işlərimiz
yarımçıq qala bilərdi. Ona
görə bax burada həm dövlət dəstəyi,
bütün dövlət qurumlarının, özəl
qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən
göstərilən dəstək tamamilə yeni bir vəziyyətə
gətirib çıxarır. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və
buna şübhə yoxdur. Əlbəttə ki,
biz gələcəkdə pambıqçılığı
daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət
alacaq və həm vətəndaşlara, həm dövlətə
bunun ancaq böyük xeyri olacaqdır.
Azərbaycanda dövlət həmişə
sahibkarlara kömək göstərir. Bu kömək və
yardım müxtəlif sahələrdə özünü
büruzə verir. Əlbəttə ki, ilk
növbədə mənim siyasi dəstəyim xüsusi əhəmiyyət
daşıyır. Mən hər il dəfələrlə
sahibkarlarla görüşürəm,
çalışıram ki, onların problemləri həll olunsun
və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə
yatırım, yəni sərmayə qoysunlar. Eyni
zamanda sahibkarlara böyük maliyyə dəstəyi göstərilir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə bugünə qədər 2 milyard manatdan çox
güzəştli şərtlərlə kreditlər
verilmişdir. Bu kreditlər
iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər
hesabına on minlərlə yeni iş yeri, yüzlərlə,
minlərlə yeni müəssisə yaradılıbdır və
bir sözlə, ölkəmizin qeyri-neft sektorunun
inkişafı üçün yeni imkanlar
açılıbdır. Məhz bunun nəticəsində
bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı
isə 3 faizdən çox artmışdır. Bu, iqtisadiyyatın real sektorunun - qeyri-neft sənayesinin
və kənd təsərrüfatının
inkişafının göstəriciləridir. Çünki neft sənayesinin inkişafı qiymətlərlə
tənzimlənir. Neftin qiyməti qalxarsa, əlbəttə
ki, göstərici də qalxacaq. Neftin
hasilatı qalxarsa, göstərici də qalxacaq, düşərsə,
düşəcək. Ona görə bu,
göstərici deyil. Bizim üçün
əsas göstərici qeyri-neft sektorunun və kənd təsərrüfatının
göstəriciləridir. Hər iki
göstərici çox müsbətdir. Hesab
edirəm ki, bu gün dünya miqyasında ən yüksək
inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir.
Bunu beynəlxalq mötəbər qurumlar da qeyd
edir. Onların arasında xüsusilə
Davos Ümumdünya İqtisadi Forumu ən mötəbər
dünya forumudur və onun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı dünya miqyasında öz rəqabətqabiliyyətliyinə
görə 37-ci yerdədir. Dünyada 200-dən
çox ölkə var. Bax biz bu parametrə görə 37-ci
yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir.
Bundan əlavə, biz keçən ilə nisbətən
3 pillə yuxarı qalxmışıq. Əlbəttə
ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və
bizi sevindirir. Ancaq əsas məsələ
ölkəmizdə gedən proseslərdir və bu proseslər
müsbət istiqamətdə gedir.
Azərbaycanda sabitlik təmin
olunur. Sabitliyin təminatçısı Azərbaycan
xalqıdır. Azərbaycan həm bölgədə,
həm dünyada öz siyasəti ilə seçilir. Azərbaycanda təhlükəsizlik tədbirləri
təmin edilir, ictimai proseslər müsbət istiqamətdə
gedir, vətəndaş həmrəyliyi möhkəmlənir,
iqtisadi inkişaf, regionların inkişafı sürətlə
gedir. Biz bu gün bir nümunə göstəririk
- ölkəni necə idarə etmək lazımdır? Bu nümunəni biz göstəririk və əlbəttə
ki, bu siyasət xalq tərəfindən də bəyənilir,
dəstəklənir. Bizim gələcək
planlarımızın reallaşdırılması
üçün bu, əsas amildir. Xalq-iqtidar
birliyi hər bir ölkənin uğurlu inkişafını
şərtləndirən əsas amildir.
Bizim uğurlu iqtisadi siyasətimiz,
regionların inkişafı və yeni təşəbbüslər,
islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin
edəcək.
Bu yaxınlarda bir çox sahələr üzrə
strateji yol xəritələri tərtib edilib, onlar dərc
olunub. İctimaiyyət artıq bunu bilir.
Hər bir sahə üzrə konkret proqramlar var,
biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik.
Növbəti illərdə əsas
vəzifələrdən biri qeyri-neft məhsulları
ixracının artırılmasıdır. Çünki
neft-qaz sahəsində hər şey müsbət istiqamətdə
gedir. Bizim böyük “Cənub qaz dəhlizi”
layihəsi uğurla icra edilir. Bu da tarixi
layihədir. Ancaq bizim əsas məqsədimiz
qeyri-neft ixracımızı artırmaqdır. Bax bunu etmək üçün kənd təsərrüfatının
ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan
söhbət getmir. Biz keçən il
tütünçülükdə də,
baramaçılıqda da ciddi dönüş yarada
bilmişik. Tütün istehsalı artır.
Biz artıq quru tütünün ixracı ilə
də ciddi məşğuluq, kontraktlar imzalanıbdır.
Üzümçülüyün
inkişafı sürətlə gedir, şərab məhsullarının
ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf
edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər
çox barama tədarük olunubsa, keçən il bu, 70 tona
çatıbdır, bu il daha da yüksək rəqəm
olacaq. Şəki İpək Kombinatının
işi bərpa edilib. Orada da subsidiyalar
verilir. Tütünçülükdə
də subsidiya verilir. İndi şəkər
çuğundurunun kütləvi əkini başlayıb.
Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha
çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammalı təmin etməliyik.
Bu da məşğulluq və ixrac potensialı
deməkdir. Ona görə qeyri-neft məhsullarının,
xüsusilə kənd təsərrüfatı məhsullarının
ixracı bizim üçün indiki inkişaf mərhələmizdə
əsas vəzifədir.
Biz bir neçə ölkədə
artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi
artıq dünyaya yayılıbdır. İndi
bütün siyasi təmaslarda, həmkarlarımla
görüşlər əsnasında ən vacib məsələ
məhz Azərbaycan məhsullarının ixracı məsələsidir.
Bu məsələni mən qaldırıram və
siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim
sahibkarlarımız üçün də yeni imkanlar
yaranır. Sahibkarlar özləri də fəal
olmalıdırlar, özləri yeni bazarlara
çıxmalıdırlar. Onsuz da Azərbaycan
dövləti bunu təşkil edir. Biznes forumları
keçirilir, hökumət nümayəndə heyətlərinin
tərkibində artıq iş adamları da həmişə
təmsil olunurlar. Onlar da fəal
olmalıdırlar, öz məhsullarını təbliğ
etməlidirlər, çalışmalıdırlar ki, bu
imkandan istifadə edib öz məhsullarını daha çox
xarici bazarlara satsınlar. Biz, əlbəttə
ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik
və bunu edirik.
Bir sözlə, artıq keçən
il ərzində
pambıqçılıqda əldə edilən müsbət
təcrübə gələcəyə nikbinliklə baxmaq
üçün böyük əsas verir. Bugünkü
müşavirədə pambıqçılığın
inkişafı ilə bağlı önəmli məsələlər
müzakirə ediləcək. Əminəm
ki, bu gün start verdiyimiz səpin kampaniyası uğurla
başa çatacaq və biz bol məhsul əldə edəcəyik.
Saatlı Rayon İcra Hakimiyyətinin
başçısı Siraqəddin
CABBAROV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Pambıqçılığın
inkişafı ilə bağlı növbəti müşavirənin
Saatlıda keçirilməsinə görə bütün
rayon əhalisi adından Sizə dərin minnətdarlığımızı
bildiririk. Bu tədbir rayonumuzun hər bir sakininin
yaddaşında tarixi hadisə kimi qalacaq.
Danılmaz həqiqətdir
ki, xalqımız həmişə Sizin əmək
adamlarına verdiyiniz yüksək qiymətin, göstərdiyiniz
əvəzsiz qayğının şahidi olub, bunu özlərinin
həyat səviyyələrinin yüksəlməsində
aydın hiss ediblər. Bu gün Sizin pambıq əkini sahəsində
əməkçilərlə görüşüb söhbət
aparmağınız, tövsiyə və məsləhətləriniz
hər birimizə qürur dolu anlar bəxş edib. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı
bildiririk.
Cənab Prezident,
pambıqçılıqdan danışarkən daim ulu
öndər Heydər Əliyevin respublikamıza rəhbərlik
etdiyi 1970-80-ci illərin uğurları, möhtəşəm
nailiyyətləri xatırlanır. Həmin illərdə
pambıqçılıq ən yüksək zirvəyə
çatmış, ölkədə bir milyon tondan artıq
pambıq istehsal edilmişdi. Ötən əsrin
80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində
bu sahənin tənəzzülə uğraması iri
pambıqçılıq rayonu olan Saatlıda da
özünü büruzə verib. Sizin aqrar sahənin
inkişafı ilə bağlı qəbul etdiyiniz qərarlar
və qarşıya qoyduğunuz vəzifələr bu sahənin
də inkişafına təkan verdi və
onun tarixi şöhrətini özünə qaytarmağa başladı.
Ötən il pambıqçılıqda əldə
olunan nəticələr bunun bariz nümunəsidir.
2016-cı ildə rayonda
pambıqçılıq sahəsində əsaslı
dönüş yaradılması ilə bağlı
tapşırıqlarınızın icrasına,
düzünü deyim ki, biz tam hazır deyildik. Amma biz bunu etməli
idik. Qarşımıza çıxan bütün
çətinliklərə baxmayaraq, cənab Prezident, Sizin
köməyiniz və dəstəyiniz sayəsində
pambıqçılarımız ötən il 8109 hektar sahədə
pambıq əkmişdilər ki, bu da 2015-ci illə müqayisədə
2 dəfə çoxdur. Ötən il becərmə və məhsulun
yığılması işlərinə 6 min nəfərə
yaxın işçi cəlb olunmuşdur ki, onlardan da 3500 nəfərdən
çoxunu gənclər təşkil edirdi. Pambıqçıların
fədakarlığı nəticəsində sahələrdən
12 min tondan çox pambıq toplanaraq emal müəssisələrinə
təhvil verildi.
Pambıq istehsalçıları 6
milyon manata yaxın real gəlir əldə ediblər ki, bunun
da 1 milyon 201 min manatı Sizin müvafiq sərəncamınızla
son məhsula görə istehsalçılara verilən
subsidiya olub.
Keçən təsərrüfat
ilinin təcrübəsi, pambıqçılığın
inkişafı ilə bağlı yaradılan hərtərəfli
şərait, müasir innovativ texnologiyaların tətbiqi, eləcə
də dövlət tərəfindən göstərilən
maliyyə və digər zəruri dəstək
istehsalçıları daha da ruhlandırıb, cari ildə
onlarda pambıq əkininə olan marağı daha da
artırıb.
Təsadüfi deyil ki, cari ildə fermerlər
ötən illə müqayisədə 2 dəfə çox,
yəni 17150 hektar sahədə pambıq əkəcəklər.
Ötən təsərrüfat ilindən fərqli olaraq, bu il aqrotexniki qaydalara əməl etməklə
işlərə vaxtında başlanılıb, artıq 16
min hektardan çox sahədə şum aparılıb.
Sizin
tapşırığınıza uyğun olaraq rayonda
pambıq əkiləcək sahələri suvarma suyu ilə təmin
edən 60 kilometrdən çox mövcud suvarma kanalları
müvafiq qurumlar tərəfindən yenidən qazılaraq
lildən təmizlənib ki, bu da istehsalçılar tərəfindən
böyük razılıqla qarşılanıb.
Bütün məsuliyyətimlə
qeyd etmək istəyirəm ki, ölkəmizdə artıq
böyük bir pambıqçılıq hərəkatı
başlayıb. Ulu öndər Heydər Əliyevin
dövründə olduğu kimi, pambıqçılıq
geniş vüsət alıb. İndi
artıq hər hansı bir təbliğata ehtiyac qalmayıb.
Bu da insanlarımızın güzəranının,
yaşayış səviyyəsinin və
işgüzarlığının artması deməkdir.
Çünki Sizin
tapşırığınıza əsasən
pambıqçılığın inkişafı
üçün dövlət tərəfindən hər
cür şərait yaradılıb. Sözsüz
ki, belə şərait pambıqçılığın
daha geniş inkişafına güclü təkan verəcək,
məhsuldarlıq isə daha yüksək olacaq. Saatlı pambıqçıları da yaradılan bu
şəraitdən bəhrələnəcək, cari ildə
hər hektardan 20 sentnerdən artıq olmaqla 35 min tondan
çox məhsul istehsal edəcəklər. Bu isə pambıqçılarımızın 15
milyon manatdan yuxarı real gəlir əldə etmələri
deməkdir.
Cənab Prezident, Sizin qeyd etdiyiniz
kimi, pambıqçılıq gəlirli sahə olmaqla
yanaşı, əhalinin məşğulluğu
baxımından da müstəsna əhəmiyyətə
malikdir. Bunu ötən təsərrüfat ilində
hər kəs yaxşı gördü. Bu il
rayonumuzda ötən ilə nisbətən
pambıqçılıqda çalışanların
sayı 10 min nəfəri ötəcək və bunun da 6 min
nəfərdən çoxunu gənclər təşkil edəcək.
Təqdirəlayiq haldır ki, kənd təsərrüfatının
müxtəlif sahələrinin, xüsusən də
pambıqçılığın inkişafı gənclərimizin
bu sahədə müxtəlif peşələrə yiyələnmələrinə
də maraqlarını yüksəldib. Belə ki, əgər
2014-2015-ci tədris ilində rayon peşə liseyini geniş
profilli traktorçu-maşinist, təmirçi-çilingər
ixtisasları üzrə 40 nəfər şagird bitirmişdisə,
2016-2017-ci tədris ilində həmin ixtisaslar üzrə
şagirdlərin sayı 60 nəfərə çatıb və
növbəti tədris ilində isə 100 nəfərə
yaxın şagirdin təhsil alması
planlaşdırılıb. Onu da qeyd edim ki, rayonda ali təhsilli kənd təsərrüfatı
mütəxəssislərinə, xüsusilə də
aqronomlara və bitkiçilik üzrə digər mütəxəssislərə
ehtiyac duyulur. Bu problemin aradan
qaldırılması üçün məzunların kənd
təsərrüfatı üzrə ixtisas seçmələrinə
üstünlük vermələri məqsədilə öncədən
ümumtəhsil məktəblərində şagirdlər
arasında təbliğat işləri aparılır. Lakin bu işlər bu sahədə yaranmış
kadr problemlərinin həlli üçün yetərli
deyildir.
Ölkəmizdə aqrar sahədə
baş verən canlanma, aqroparkların yaradılması,
torpaqdan səmərəli istifadə olunması və
torpağa düzgün aqrotexniki xidmətin təşkili
üçün bilikli, peşəkar kənd təsərrüfatı
kadrlarına tələbat xeyli artıb. Heç kimə
sirr deyil ki, hazırda bu sahədə ciddi kadr
çatışmazlığı vardır. Ona görə də bir çox hallarda xarici mütəxəssislərə
müraciət edilir. Bu isə məsələnin
həlli deyil. Kadr
çatışmazlığının aradan
qaldırılması üçün təxirəsalınmaz
tədbirlərin görülməsinə, xüsusən də
müasir texnoloji biliklərə yiyələnmiş
ixtisaslı gənc kənd təsərrüfatı mütəxəssislərinin
hazırlanması, onların yerləşdirilmə
coğrafiyasının müəyyənləşdirilməsi
məqsədilə yeni bir konsepsiyanın hazırlanmasına
ciddi ehtiyac duyulur. Yaradılmış
imkandan istifadə edərək, bu sahə ilə bağlı
aidiyyəti orqanlara xüsusi tapşırığın verilməsini
xahiş edirik.
Möhtərəm cənab Prezident,
Sizi əmin edirəm ki, pambıqçılığın
inkişafı ilə bağlı verdiyiniz
tapşırıqlara uyğun olaraq Saatlı rayonunda bundan
sonra da bütün ehtiyatlar, qüvvə və imkanlar səfərbər
ediləcək, qarşıya qoyulan vəzifələrin
icrasını həyata keçirmək üçün əzmlə
çalışacağıq.
Diqqətinizə görə
sağ olun.
* * *
Biləsuvar Rayon İcra Hakimiyyətinin
başçısı Mahir QULİYEV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə
iştirakçıları!
İcazə verin ilk növbədə
biləsuvarlıların, xüsusilə Biləsuvar
pambıqçılarının səmimi salamlarını
diqqətinizə və müşavirə
iştirakçılarına çatdırım.
Möhtərəm cənab Prezident! Sizin diqqət və qayğınız sayəsində
ölkəmizin bütün regionları kimi, Biləsuvar rayonu
da günü-gündən inkişaf edir və müasirləşir.
Aparılan abadlıq-quruculuq işləri, həyata
keçirilən infrastruktur layihələri böyük minnətdarlıq
hissi ilə qarşılanır. Sizin
çox böyük uzaqgörənliklə müəyyən
etdiyiniz və həyata keçirdiyiniz yeni iqtisadi kurs, bu kursun
əsas tərkib hissələrindən olan aqrar sahənin
inkişafı ilə bağlı həyata keçirilən
mühüm dövlət tədbirləri öz müsbət
nəticələrini verməkdədir.
Biz bunu artıq ölkəmizin
mühüm pambıqçılıq rayonlarından biri olan
Biləsuvarın timsalında çox parlaq şəkildə
görməkdəyik. Pambıqçılığın inkişafına dair
ötən il Sabirabad rayonunda keçirilən
ümumrespublika müşavirəsində verdiyiniz
tapşırıq və tövsiyələr rayonumuzun iqtisadi
inkişafının, əhalinin məşğulluğunun təmin
edilməsinə böyük təkan verdi. Bu
tapşırıq və tövsiyələrlə Siz bizə ən
doğru, ən düzgün yolu göstərdiniz. Biləsuvarlılar bu yolla gedərək artıq ilk
uğurlarını qazanmaqda, Biləsuvarın
pambıqçılıq rayonu kimi əvvəlki şöhrətini
qaytarmaqdadırlar.
Möhtərəm cənab Prezident, məlumat
üçün bildirmək istəyirəm ki, 2016-cı ildə
vaxtın azlığına, havaların əlverişsiz
keçməsinə baxmayaraq, əvvəlki illə müqayisədə
iki dəfə çox - 6074 hektar sahədə pambıq əkilməsi
təmin edildi və sahələrə yüksək aqrotexniki
qulluq göstərildi. Lakin ötən il
pambıq əkininin nisbətən gecikməsi və pambıq
yığımı üçün həlledici dövr olan
sentyabr-oktyabr aylarının tamamilə yağmurlu və hətta
şaxtalı keçməsi məhsuldarlığa öz təsirini
göstərdi. Buna baxmayaraq, pambıqçılarımız
yüksək əzmkarlıq nümayiş etdirərək, hər
hektardan orta hesabla 20 sentner olmaqla, ümumilikdə 12 min tondan
çox pambıq yığaraq tədarük məntəqələrinə
təhvil verdilər. Pambıqçılarımız
hava şəraiti ilə əlaqədar ümumi məhsulun 70
faizini əllə yığıblar ki, bu da günə 200-250
ton pambıq deməkdir. Sizin
pambıqçılığın inkişafına dair
verdiyiniz tapşırığın icrası nəticəsində
ötən il rayonumuzun 12 mindən
çox sakini işlə təmin olunub, pambıq tədarükündən
800 nəfər mülkiyyətçi 3 milyon manata yaxın gəlir
əldə edib. Bundan əlavə, 2016-cı ildə istehsal
olunan məhsula görə pambıqçılar 1,2 milyon manat həcmində subsidiya alıblar.
Rayon üzrə orta məhsuldarlığın
20 sentner olmasına baxmayaraq, Biləsuvar rayonunda
pambıqçılıq ənənələrini daim
yaşadan Lətif Cəfərov 26 hektar sahədən 146 ton
pambıq yığıb ki, bu da hektardan 56 sentner məhsul deməkdir.
Daha yüksək məhsuldarlığa nail olan Fazil Musayev,
Hikmət Kərimov kimi pambıqçıların da
adlarını bu gün fəxrlə çəkmək olar.
Zati-aliləri,
“Pambıqçılığın inkişafına dövlət
dəstəyinin gücləndirilməsi haqqında” 2016-cı
il 22 sentyabr tarixli sərəncamınızla
hər kiloqram pambığa görə istehsalçılara
subsidiyanın verilməsi, pambığın alış qiymətinin
artırılması, yüksək göstəricilərə
malik texnikanın alınaraq ölkəmizə gətirilməsi
pambıqçılığın inkişafında çox
mühüm stimul olub. Məhz bunun nəticəsidir ki, bu il Biləsuvar rayonunda ümumilikdə 11 min
hektar sahədə pambıq əkilməsi nəzərdə
tutulub. Pambıq əkiləcək sahələrdə
şum, mala işləri aparılıb, torpağın
çiyid səpininə hazır vəziyyətə gətirilməsi
üçün lazımi aqrotexniki tədbirlər
görülüb və görülməkdədir. Bu
diqqət və qayğıdan ruhlanan
pambıqçılarımız bu il 27
min tondan çox pambıq istehsal etməyi qarşıya məqsəd
qoyublar. Bu da təxminən 22 min iş yeri, 10 milyon manata
yaxın gəlir, 3 milyon manata yaxın
subsidiya deməkdir.
Möhtərəm cənab Prezident!
Dövlət fonduna aid torpaq
sahələrindən daha səmərəli istifadə etmək
barədə verdiyiniz tapşırığa uyğun olaraq,
rayonumuzda 17 min hektardan çox əkinəyararlı
qış otlaq sahəsinin təyinatının dəyişdirilərək
əkin dövriyyəsinə cəlb edilməsi işləri
başa çatdırılmaq üzrədir. Həmin torpaq
sahələrində yaradılacaq iki aqroparkda növbəli əkin
sisteminə uyğun olaraq buğda, pambıq, soya,
qarğıdalı, günəbaxan, yonca və sair kənd təsərrüfatı
bitkiləri yetişdiriləcək. Sizin
tapşırığınızla yeni torpaq sahələrinin
ümumi əkin dövriyyəsinə qoşulması, həmin
ərazilərə suvarma suyunun çəkilməsi,
mövcud kanal və arxların lildən təmizlənməsi
rayonumuzda aqrar sahənin inkişafına böyük təkan
verəcək.
Möhtərəm cənab
Prezident, biz rayonumuzda pambıqçılığın
inkişafını yeni iqtisadi kursunuzun tələblərinə
uyğun şəkildə qurmağa
çalışırıq. Belə ki, Biləsuvar
rayonunda pambıqçılığın inkişafı digər
kənd təsərrüfatı sahələrinin, xüsusilə
taxılçılığın, heyvandarlığın
azaldılması hesabına aparılmır. Məlumat üçün bildirmək istəyirəm
ki, Biləsuvar rayonunda ötən ilin müvafiq dövrü
ilə müqayisədə taxıl əkini sahəsində və
mal-qaranın baş sayında azalma olmayıb. Lakin pambıqçılığın
inkişafına göstərdiyiniz qayğıdan ruhlanan bəzi
sahibkarlar daha rentabelli olan bu sahəyə maraq göstərməyə
başlayıblar.
Möhtərəm cənab Prezident,
icazə verin çıxışımın sonunda Sizi əmin
edim ki, respublikamızda aqrar sahənin, eyni zamanda
pambıqçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğunuz mühüm vəzifələrin
uğurla yerinə yetirilməsində
pambıqçılarımız fəal iştirak edəcək,
bu şərəfli işə öz layiqli töhfələrini
verəcəklər.
Diqqətinizə görə
minnətdaram.
* * *
“Gilan Holdinq”in Gilan kənd təsərrüfatı
qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz
CAMALOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə
iştirakçıları!
Zati-alilərinizin rəhbərliyi
ilə aparılan uğurlu siyasət nəticəsində
qısa müddətdə ölkəmiz regionun lider dövlətinə
çevrilib.
Sizin təşəbbüs və
tapşırıqlarınızın icrası olaraq son illər
ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar,
sahibkarlıq fəaliyyətinin təşviq edilməsi,
sahibkarların fəaliyyəti üçün münbit
şəraitin yaradılması istiqamətində atılan
addımlar, imzalanan fərman və sərəncamlar artıq
öz bəhrəsini verməkdədir. Kənd
təsərrüfatının, o cümlədən
pambıqçılığın inkişaf etdirilməsi ilə
bağlı qəbul etdiyiniz müdrik qərarlar və
verdiyiniz tövsiyələr sayəsində ölkəmizdə
pambıqçılığın sürətli
inkişafı üçün əlverişli şərait
yaradılıb.
Hörmətli cənab Prezident,
respublikada 2016-cı ildə 50 min hektardan artıq, o cümlədən
“MKT İstehsalat Kommersiya” MMC üzrə 30 min 522 hektar sahədə
pambıq əkini üzrə çıxış
alınmışdı. Havaların əlverişsiz,
xüsusilə oktyabr ayının yağmurlu keçməsinə
baxmayaraq, Prezident Administrasiyasının dəstəyi, aidiyyəti
dövlət qurumları, şirkət və fermerlərin birgə
səyi nəticəsində respublika üzrə kondisiya
çəkidə 90 min tona yaxın, o cümlədən cəmiyyətimiz
üzrə 57 min 300 ton xam pambıq tədarük edilmişdi.
Tədarük edilmiş xam
pambıqdan 55 min 622 ton artıq emal olunub, 21 min 598 ton
mahlıc, 26 min 376 ton çiyid, 803 ton köməkçi məhsullar
alınıb. Bundan əlavə, cəmiyyətin
istehsal müəssisələrində pambıq ipliyi, rafinə
pambıq yağı və jmıx istehsal olunur.
2016-cı il mövsümü üzrə
istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil
olmaqla, 22,5 milyon ABŞ dolları dəyərində
mal satılıb ki, bunun da 16,4 milyon ABŞ dolları
ixracın payına düşür. Hazırda məhsulların
istehsal və satılması prosesi davam edir.
Möhtərəm cənab
Prezident, pambıqçılara göstərdiyiniz
qayğı və diqqət bu gün öz bəhrəsini
verməkdədir. Belə ki, pambıq əkininə
ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq
olunan güzəştlər, Kənd Təsərrüfatı
Nazirliyinin “Aqrolizinq” ASC vasitəsilə gətirilən
texnikaların güzəştli şərtlərlə
satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli
kreditlər sahənin inkişafına bilavasitə müsbət
təsirini göstərir.
Cari mövsümdə cəmiyyət
tərəfindən 814 hektar buğda, 1166 hektar arpa əkilib,
soya əkini üçün 6 min 500 hektar və pambıq əkini
üçün hədəf olaraq 70 min hektar nəzərdə
tutulur. Bu məqsədlə 10 min 800
pambıqçı fermerlə müqavilə
bağlanılıb, 68 min hektar sahədə şum
aparılıb, 30 min hektar sahədə arat edilib, fermerlərə
2 milyon manat avans verilib və pambıq səpininə
hazırlıq işlərinə başlanılıb.
Rayonlar üzrə əməliyyat
planı və aqrotexniki xəritələr hazırlanıb. 1500 ton lifli,
1100 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük
edilib və tələbat tam ödənilib. 10 min ton
ammonium-nitrat, 1495 ton AFK, 536 ton ammofos gübrəsi tədarük
edilib, əlavə olaraq 7 min 500 ton ammonium-nitrat və 670 ton
bitki mühafizə vasitələri sifariş olunub. Proses davam
edir.
“MKT İstehsalat Kommersiya” MMC
hazırda 2 min 995 ədəd texnika, o cümlədən 108
kombayn, 387 traktor, 2 min 500 ədəd müxtəlif təyinatlı
qoşqular vasitəsilə fermerlərə xidmət göstərməkdədir.
Bundan əlavə, cəmiyyət tərəfindən
“Aqrolizinq” ASC-yə 2 min 750 ədəd texnika sifariş edilib.
Xam pambığın 15 qəbul
məntəqəsində tədarük, 12 pambıqtəmizləmə
zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə
və zavodların əsaslı və cari təmirinə
başlanılıb.
İmişlidə yeni pambıqtəmizləmə
və Şirvanda yağ istehsalı
zavodlarının qurulması nəzərdə tutulur.
İmişlidə 6 min hektar sahədə müasir suvarma
sistemlərinin qurulması istiqamətində iş
aparılır. Bu məqsədlə
İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən 5 milyon manat
dövlətin güzəştli krediti ayrılıb və
cari ildə pambıqçılığın inkişafı
üçün əlavə 5 milyon manat güzəştli
kreditin verilməsi planlaşdırılır.
Qeyd etmək istərdik ki, bu
vaxta qədər pivot tətbiqli müasir təsərrüfatların
yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin
SKMF tərəfindən ayrılmış 23 milyon manat güzəştli
kreditlərdən istifadə edilib.
Cari mövsümdə “MKT
İstehsalat Kommersiya” MMC tərəfindən sahələrdən
140 min ton xam pambığın toplanması gözlənilir. Tədarük ediləcək
xam pambığın emalından 53 min 200 ton mahlıc, 70 min
ton çiyid, 2 min 100 ton köməkçi məhsullar,
çiyidin emalından isə 8 min ton rafinə edilmiş
yağ və 48 min ton jmıx alınması
proqnozlaşdırılır.
Hörmətli cənab Prezident,
ölkəmizin bütün pambıqçıları, o
cümlədən çoxsaylı kollektivimiz adından bizə
göstərdiyiniz xüsusi diqqət və qayğıya
görə Sizə təşəkkür edir və zati-alilərinizi
əmin edirik ki, qarşıya qoyduğunuz bütün
tapşırıqların tez bir zamanda və keyfiyyətlə
həyata keçirilməsi üçün bütün səylərimizi
bundan sonra da səfərbər edəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
* * *
Beyləqan Rayon İcra Hakimiyyətinin
başçısı Vaqif ABDULLAYEV çıxış edərək
dedi:
- Respublikamızda sosial-iqtisadi
inkişafla bağlı aparılan uğurlu siyasət,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
torpaqlardan səmərəli istifadə edilməklə ölkənin
ərzaq təhlükəsizliyinin təmin olunması, yeni
iş yerlərinin yaradılması, ən başlıcası
isə insanların həyat şəraitinin
yaxşılaşdırılması sahəsində
qarşıya qoyduğunuz vəzifələr ali
məqsədlərə xidmət edir və bu baxımdan
bugünkü müşavirə çox böyük önəm
daşıyır.
Cənab Prezident, Sizin
pambıqçılığın yenidən inkişaf
etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar
biz beyləqanlıların ürəyincə oldu. İnsanlarımız qarşıya qoyulan vəzifələrin
məsuliyyətini dərindən dərk edir, göstərilən
qayğını, etimadı yüksək qiymətləndirirlər.
Tapşırığınızın icrasını təmin
etmək məqsədilə icra hakimiyyətinin təşkilatçılığı
ilə rayonda bütün qüvvələr səfərbər
olunub, icra nümayəndələri və bələdiyyə
orqanları, keçmiş təsərrüfat işçiləri
bu işə cəlb edilib, pambıq əkini ilə məşğul
olan şirkətlərlə əlaqəli iş qurulub,
onların təklifləri dinlənilib. Nəticədə
2016-cı ildə rayon üzrə ötən illə
müqayisədə 1,9 dəfə
artıq, yəni 3958 hektar sahədə pambıq əkilib. Əkinin gec başlanması və əlverişsiz
hava şəraitinə baxmayaraq, hər hektardan orta hesabla 20
sentner məhsul yığılıb.
Pambıq sahələrinin əkilib-becərilməsində
və məhsulun toplanmasında rayonun 7900-dən çox
sakini işlə təmin edilib və onlar 4,8
milyon manatdan çox qazanc əldə ediblər. Bundan əlavə,
Sizin sərəncamınız əsasında
onlara 787 min manat subsidiya verilib. Bu da adambaşına
orta hesabla 100 manat təşkil etməklə insanların məşğulluğu
üçün çox əhəmiyyətlidir.
Cənab Prezident, Siz yaxşı
bilirsiniz ki, Beyləqan rayonu sovetlər dövründə
respublikanın ən iri pambıqçılıq
rayonlarından biri olub. Ulu öndər
1969-1980-ci illərdə Beyləqan rayonuna çoxsaylı səfərlər
edib, zəhmət adamları ilə görüşüb,
onların qayğıları, problemləri ilə
maraqlanıb, beyləqanlıları halal zəhmətlə
yaşayan əməksevər insanlar adlandırıb.
1980-ci ildə rayonumuzda 80,3 min ton pambıq
istehsal olunmuşdu, bu da respublika göstəricisinin təxminən
10 faizini təşkil edirdi.
Rayon ərazisində
pambıq istehsalı ilə məşğul olan “MKT İK” və
“CTS AQRO” MMC-nin pambıq emalı zavodu fəaliyyət göstərir. Həmin
müəssisələr pambığın əkilib-becərilməsi
üçün torpaq mülkiyyətçiləri ilə
qabaqcadan müqavilə bağlamaqla, müəyyən
edilmiş qaydada onlara hektara uyğun olaraq kredit formasında vəsaitlərin
ayrılmasını vaxtında təmin ediblər.
Pambığın becərilməsində
əvvəllər texnika çatışmazlığı
olsa da, Sizin tapşırığınıza əsasən
“Aqrolizinq” vasitəsilə rayonumuza texnikalar gətirildi, əkin
prosesində olan problemlər aradan qaldırıldı.
Cənab Prezident, Sizin ötən il
noyabr ayının 12-də Beyləqana səfəriniz
zamanı innovativ texnologiyalara əsaslanaraq rayonumuzda
yaradılan “Qarabağ-Taxıl” MMC-nin təsərrüfatlarında
soya və qarğıdalı əkinlərinə baxış
keçirməniz, təşkilatımızın üzvləri
ilə görüşünüz kənd və qəsəbələrimizə
yeni nəfəs gətirib, kənd zəhmətkeşlərində
böyük coşqu və yüksək əhvali-ruhiyyə
yaradıb.
Digər kənd təsərrüfatı
məhsulları istehsalının azalmasına yol verilmədən
rayonumuzda bu il 8500 hektar sahədə pambıq əkilməsi nəzərdə
tutulur ki, bu da ötən illə müqayisədə 4500
hektar çoxdur. Pambıq əkilən
torpaqların hamısı suvarılan torpaqlardır. Həmin
sahələrin 2223 hektarı dövlət fonduna, 1056
hektarı bələdiyyə fonduna, 1060 hektarı qış
otlaqlarına, 4161 hektarı isə xüsusi mülkiyyətə
aid olan torpaqlardır. Bu il pambıq əkiləcək
torpaqların böyük əksəriyyətinin xüsusi
mülkiyyətdə olması onu göstərir ki,
insanların bu sahəyə marağı böyükdür və
birbaşa onların güzəranının
yaxşılaşdırılmasına xidmət edəcək.
Eyni zamanda cari ildə pambıqçılığın
inkişafı ilə əlaqədar rayonumuzda 19 mindən
çox yeni iş yeri açılacaq.
Artıq gələcək əkinlər
üçün hazırlıq işlərinə
başlanılıb, sahələrdə şum və arat işləri
aparılıb, səpinqabağı mala çəkilməsi
işləri davam etdirilir. Bu il əkinin
vaxtında aparılması, görülən hazırlıq
işləri, pambıqçılığa marağın
artması bizə ümid verir ki, cari ildə orta hesabla hər
hektardan azı 20-25 sentner pambıq götürək.
Rayonumuzda kənd təsərrüfatının
dinamik inkişafını təmin etmək məqsədilə
növbəli əkin sistemi tətbiq olunur. Növbəli
əkində pambığa, taxıla və soyaya daha geniş
yer verilir. Bu da fermerlər
üçün sərbəst seçim şəraiti
yaradır, həm də yüksək məhsuldarlıq əldə
olunmasına kömək edir. Ən vacibi
isə, bunlar sakinlərimizin məşğulluğunu, eyni
zamanda gəlirlərini artıracaq, güzəranlarını
yaxşılaşdıracaq.
Möhtərəm cənab
Prezident, qarşıya qoyduğunuz vəzifələr şərəfli
olduğu qədər də məsuliyyətlidir. Bu, hər kəsdən
yeni yollar aramağı, öz işində dönüş
yaratmağı tələb edir. Rayon əməkçiləri
adından Sizi əmin edirəm ki, kənd təsərrüfatı
sahəsində yüksək məhsul istehsalına nail olacaq, əhalinin
məşğulluğunu təmin edəcək və
qarşımıza qoyduğunuz bütün vəzifələri
sona qədər uğurla yerinə yetirəcəyik.
Diqqətinizə görə çox
sağ olun.
* * *
Bərdə Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İSAYEV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident!
Dünyada iqtisadi
böhranın yaşandığı, ölkəmizin
yaxın ətrafında qanlı toqquşmaların baş
verdiyi indiki dövrdə Sizin müdrik siyasətiniz nəticəsində
xalqımızın dinc həyatı, ölkə
iqtisadiyyatının inkişafı təmin edilib.
Bu gün Sizin böyük uzaqgörənliklə
irəli sürdüyünüz qeyri-neft sektorunu, o cümlədən
kənd təsərrüfatını inkişaf etdirmək
konsepsiyası sahibkarlığın güclənməsinə,
ölkənin ərzaq təhlükəsizliyinə, yeni iş
yerlərinin yaradılması və beləliklə,
insanların həyat şəraitinin
yaxşılaşdırılması kimi ali
məqsədlərə xidmət edir.
Əvvəl Sabirabadda, bu gün isə
Saatlıda keçirilən bu müşavirə ulu öndərin
xalqın, dövlətin mənafelərinə xidmət edən
ənənələrini dönmədən davam etdirdiyinizi,
onun siyasi kursuna sədaqətimizi göstərməklə
yanaşı, uzun illər əli torpaqdan soyumuş kənd
adamlarının özünə, dövlətə, cənab
Prezident, Sizə olan inamını bir daha artırır. Məhz bu inamın nəticəsidir ki,
respublikamızın hər yerində olduğu kimi, Bərdə
rayonu da kənd təsərrüfatında yeni inkişaf
dövrünü yaşayır. Xüsusilə
pambıqçılıqda çox böyük ənənələri
olan Bərdədə bu sahənin inkişafının daha
geniş vüsət alması üçün bütün
qüvvələr səfərbər edilib.
Cənab Prezident, aqrar sahədə
dönüş ili kimi yadda qalan 2016-cı
ildə kənd təsərrüfatının digər sahələri
ilə yanaşı, Sizin təsdiq etdiyiniz yol xəritəsinə
uyğun olaraq rayonda pambıqçılıq və
baramaçılığın inkişafına ciddi önəm
verilib.
Digər kənd təsərrüfatı
məhsulları istehsalının azalmasına yol verilmədən
ötən təsərrüfat ilində rayonda 2015-ci ildəkindən
2,6 dəfə çox - 3300 hektar sahədə
pambıq əkilib. Sizin hər hektardan azı 20 sentner məhsuldarlığa
nail olunması barədə təklifinizə pambıqçılarımız
böyük məsuliyyətlə yanaşıb, əkinin
gecikməsinə, havaların əlverişsiz keçməsinə,
müəyyən texnika çatışmazlığına
baxmayaraq, ötən mövsümdə
rayonda hər hektardan orta hesabla 23 sentnerdən yuxarı - 7 min
ton kondisiya çəkidə pambıq istehsal olunub.
Pambıqçılığın
inkişafı sahəsində görülmüş tədbirlər
nəticəsində 2015-ci ilə nisbətən 2016-cı ildə
rayonda kənd təsərrüfatı məhsulu
istehsalının həcmi 5,8 faiz artaraq
156,4 milyon manata çatıb.
Cənab Prezident, icazənizlə bir
faktı qeyd edim. Bildiyiniz kimi, ötən il
havalar yağmurlu keçdiyindən yığım
mövsümündə ay yarım sahələrə girmək
mümkün olmadı. Ancaq buna baxmayaraq, yanvar
ayının 15-dək, pambıqçıların dili ilə
desək, pambıq son qozasına qədər
yığılıb təhvil verildi. Bu,
pambıqçılıq tarixində bəlkə də ilk
belə hadisə idi. Pambıqçılıqla
məşğul olan 22 rayonun hər birində belə olub.
Budur, cənab Prezident, göstərdiyiniz yolun
düzgünlüyünə, son nəticəyə inam və
məsuliyyət.
Pambıqçılığın
inkişaf etdirilməsi hesabına keçən il 5500 nəfər
işlə təmin olunub, sakinlərimiz 4,5
milyon manatdan çox qazanc əldə ediblər. Bundan əlavə,
Sizin sərəncamınız əsasında
onlara 700 min manat subsidiya verilib.
Sevindirici haldır ki, vaxtilə
iş dalınca şəhərlərə üz tutmuş minə
yaxın gənc pambıqçılıqda yeni iş yerləri
açıldığından kəndə, öz ailələrinə
qayıdıb. İcazə verin bu ailələrin
də minnətdarlığını Sizə
çatdırım.
Cənab Prezident, ötən
müşavirədəki tapşırığınıza
uyğun olaraq 2017-ci ildə rayonda 2016-cı ildəkindən
2,8 dəfə çox, yəni yüksək münbitliyi olan
8510 hektar sahədə pambıq əkilməsi
planlaşdırılıb və artıq 1455 nəfər
istehsalçı ilə müqavilə bağlanıb.
Pambıq əkiləcək həmin sahələrdə
şum və arat işləri tam başa
çatdırılıb və hazırda səpinə
hazırlıq işləri gedir.
Cari ildə
pambıqçılığın inkişafı sayəsində
rayonda 20 minə yaxın yeni iş yeri açılacaq.
Bu il daha münbit torpaqların əkilməsi,
əkinə optimal müddətdə başlanılması,
görülən hazırlıq işləri, ötən ilin
təcrübəsi, ən başlıcası isə,
pambıqçılığa olan maraq onu deməyə əsas
verir ki, cari ildə orta hesabla hər hektardan azı 20-25 sentner
pambıq götürmək mümkündür.
Cənab Prezident, danılmaz həqiqətdir
ki, kənd təsərrüfatında, xüsusilə
pambıqçılıqda əvvəlki infrastrukturun
dağılması və bu gün yeni texnologiyanın tətbiq
olunması bu sahədə ixtisaslı peşə sahiblərinə
çox böyük tələbat yaradıb. Ötən
təsərrüfat ilində ixtisaslı çilingər,
mexanizator və sair peşə sahiblərinə ehtiyac
olduğunu gördük.
Son dövrlər aqrar sahədə,
xüsusilə pambıqçılıqda olan bu
sıçrayış yerlərdə digər sahələrin
inkişafı ilə yanaşı, gənclərin texniki
peşələrə marağını da artırıb. Bərdə Texniki Peşə
Liseyinə təkcə geniş profilli
traktorçu-maşınçı ixtisası üzrə
keçən il əvvəlki illərdəki 15-20 nəfər
əvəzinə 40 nəfər tələbə qəbul
olunub, bu ilə isə həmin ixtisas üzrə qəbul
proqnozunda 80 nəfər nəzərdə tutulub. Cənab
Prezident, rayonda pambıqçılığın genişləndirilməsi
ilə yanaşı, tapşırıq və tövsiyələrinizə
uyğun olaraq digər strateji əhəmiyyətli bitkilərin
əkin sahələri azalmayıb, əksinə, torpaqların
əkin dövriyyəsinə cəlb edilməsi hesabına bir
qədər də artıb. Cari ildə
2016-cı ildəkindən 1500 hektar çox dənli bitkilər
əkilib. Bu il rayonda əlavə
olaraq iki min hektar şəkər çuğunduru əkilməsi
və iki min hektar da Qarabağ Aqrar Sənaye Parkına verilməsi
üçün torpaq sahəsi ayrılıb.
Zati-aliləri, icazə verin Sizin rəhbərliyinizlə
qurub-yaratmaq əzmi ilə yaşayan bərdəlilər
adından Sizi əmin edim ki,
tapşırığınıza uyğun olaraq bundan sonra da
rayonda aqrar sahənin inkişafı, xüsusilə pambıq
istehsalının artırılması üçün
bütün qüvvələrimizi səfərbər edəcək,
rayonun pambıqçılıqda ulu öndər
dövründəki şan-şöhrətinin geri
qaytarılması üçün var qüvvə ilə
çalışacağıq.
Sağ olun.
***
“CTS Aqro” MMC-nin baş direktor əvəzi
Arif İBRAHİMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə
iştirakçıları!
Bu gün kənd təsərrüfatının
çox mühüm sahələrindən biri olan
pambıqçılığın inkişafına diqqət
və vaxt ayırdığınıza görə pambıq
istehsalçıları adından Sizə minnətdarlığımızı
bildiririk.
Azərbaycan Respublikasının
Konstitusiyasına dəyişikliklər edilməsi,
vitse-prezidentlik institutunun yaradılması, ölkə daxilində
və beynəlxalq aləmdə böyük nüfuza malik
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə
təyin olunması bütün ölkə vətəndaşları
kimi, bizim kollektivin üzvləri tərəfindən də bəyənilir
və hər birimizi yeni uğurlara həvəsləndirir.
Cənab Prezident, Siz 2017-ci il yanvarın 26-da keçirilən “2014-2018-ci
illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr
olunmuş konfransda qeyd etmişdiniz ki, hər il “Kənd Təsərrüfatı
İli” olmalıdır. Eyni zamanda,
vurguladığınız kimi, “Biz
pambıqçılıqla daha ciddi məşğul
olmalıyıq, çünki bu, həm insanları işə
cəlb edir, həm də onların sosial vəziyyətinin
yaxşılaşdırılmasına kömək etməklə
ölkəyə valyuta gətirən əsas strateji məhsullardan
biridir”.
Ölkədə
pambıqçılığın inkişafını təmin
etmək məqsədilə “CTS Aqro” Məhdud Məsuliyyətli
Cəmiyyəti tərəfindən 2016-cı il
mövsümündə Saatlı rayonu da daxil olmaqla,
respublikanın 18 rayonunda 17 min 353 hektarda, o cümlədən
2 min 796 hektarı Cəmiyyət torpaqlarında, 14 min 556
hektarı isə 1 254 fermerlə bağlanmış müqavilələr
əsasında pambıq əkilib. Pambığın əkilib
becərilməsinə görə fermerlərə “Aqrarkredit”
Qapalı Səhmdar Cəmiyyətinin vəsaitləri
hesabına 4,9 milyon manat, Sahibkarlığa Kömək Milli
Fondunun vəsaiti hesabına 2,3 milyon manat kredit, “CTS Aqro” Məhdud
Məsuliyyətli Cəmiyyəti tərəfindən isə
1,5 milyon manat məbləğində vəsait ayrılaraq
texnikalara xidmət göstərilib və mal-materialların
alınması təmin edilib. 2016-cı ildə havaların əlverişsiz
keçməsinə baxmayaraq, fiziki çəkidə 34,3 min ton, kondisiya çəkidə isə 29
min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki
illə müqayisədə iki dəfə çoxdur.
Hesablamalara görə, tədarük
edilmiş 29 min ton xam pambığın emalından
alınacaq məhsulların satışından təxminən
17,3 milyon ABŞ dolları və 3,6 milyon manat əldə ediləcək.
Bugünədək satılmış məhsul müqabilində
Cəmiyyətin hesabına 7,6 milyon ABŞ
dolları və 2,2 milyon manat vəsait daxil olub.
Cəmiyyətin tabeliyində 6
pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi,
Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatı
və Şirvan Pambıq Emalı Zavodunda yerləşən
yağ emalı sexi fəaliyyət göstərir. Qeyd etmək
lazımdır ki, Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatında
2 min 227 hektar sahə müasir tələblərə cavab verən
pivot qurğularından ibarət suvarma sistemi ilə təmin
edilib ki, bu da yüksək məhsuldarlıq əldə etməyə
imkan yaradır.
Bugünədək “Aqrarkredit”
Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 814
fermerə 8,4 milyon manat kredit verilib, Cəmiyyət tərəfindən
isə 183 min manat dəyərində texnikalarla xidmət
işləri və mal-materialların alınması təmin
olunub. Hazırda 2500-dən artıq fermer tərəfindən
26 min 094 hektar sahədə pambıq əkini ilə əlaqədar
müraciətlər daxil olub, Cəmiyyətin öz
torpaqları ilə birlikdə 27 min 345 hektarda şum, 14 min 435
hektarda arat və 4760 hektarda mala işləri aparılıb.
Fermerlərin toxumluq
çiyidə olan tələbatının 380 tonu daxili
imkanlar hesabına lifli çiyidlə, 520 tonu isə xaricdən
alınan lifsiz toxumla təmin olunacaq. Qeyd etmək
lazımdır ki, lifsiz toxumluq çiyidin 515 tonu qardaş
Türkiyə Respublikasından, 5 tonu isə Yunanıstandan
alınıb.
Möhtərəm cənab
Prezident, görülən tədbirlər sayəsində
2017-ci ildə 28 min hektar sahədə pambıq yetişdirilməsi
nəzərdə tutulur ki, bu da 30 min nəfərə
yaxın insanı işlə təmin edəcək. Bu işlərin
aparılması üçün 60 milyon manatdan çox vəsait
tələb olunur ki, bunun da 11 milyon manatını Cəmiyyət
öz vəsaiti hesabına, 49 milyon manatını kredit
hesabına təmin edəcək. Kreditləşmənin
bir hissəsini “Aqrarkredit” QSC-nin, qalan hissəsinin
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına həyata keçirilməsi nəzərdə
tutulur.
Cəmiyyətin mülkiyyətində
843 ədəd müxtəlif kənd təsərrüfatı
texnikası var. Lakin pambıq əkini sahələrinin
artması ilə əlaqədar “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyətinin xətti ilə keçən il 254 ədəd
yeni texnika alınıb, bu il isə daha 545 ədəd yeni,
müasir müxtəlif kənd təsərrüfatı
texnikasının alınması barədə sifariş
verilib.
Pambığın becərilməsində
istifadə ediləcək kimyəvi preparatlar isə “Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyətinin xətti ilə
güzəştli qiymətlərlə ammonium-nitrat və
fosfor gübrələrinə olan tələbat müəyyənləşdirilərək
sifarişlər verilib.
Sizin 2016-cı il
sentyabrın 22-də imzaladığınız
pambıqçılığın inkişafına dövlət
dəstəyi haqqında sərəncamınıza əsasən,
hər ton xam pambığa görə istehsalçılara
100 manat subsidiya verilməsi göstərişinizdən sonra əməktutumlu
sahə olan pambıqçılığa fermerlərin
marağı daha da artıb və ölkədə
pambıqçılıq yüksələn xətlə
inkişaf edir. Qeyd etmək lazımdır ki, həmin sərəncamın
icrası olaraq, ümumilikdə bizim Cəmiyyət üzrə
təhvil verdikləri 25 min ton xam pambığa görə
fermerlərə 2,5 milyon manat subsidiya vəsaiti ayrılıb.
Fürsətdən istifadə
edərək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti
orqanlarının rəhbərlərinə pambıq
istehsalına göstərdikləri köməyə və dəstəyə
görə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, ölkədə
pambıqçılığın daha da inkişaf etdirilməsi
məqsədilə aşağıdakı məsələlərin
həllinə kömək göstərməyinizi xahiş
edirik:
- pambıq əkini
üçün münbit-massiv torpaq sahələrinin
ayrılması və meliorativ tədbirlərin genişləndirilməsi;
- pambıqçılıqda
sənaye əsaslı toxumçuluğun yaradılması;
- ölkə
daxilində emal müəssisələrinə satılan
pambıq mahlıcının ƏDV-dən azad olunması;
- kənd təsərrüfatı
sahələrinin risklərdən müdafiəsi məqsədilə
xüsusi Kənd Təsərrüfatı Sığorta
Fondunun yaradılması.
Sizi əmin edirik ki, 2017-ci ili uğurla başa vuraraq “ağ
qızıl”ın şöhrətinin özünə
qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə
təşəkkür edirəm.
* * *
Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim MƏMMƏDOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Tərtər torpağı
çox məhsuldar və bərəkətlidir. Həm
torpağın xüsusiyyətləri, həm də rayonumuzun
iqlim şəraiti pambıq əkini üçün əlverişlidir.
Yazın gəlişi, təbiətin
oyanışı ilə əlaqədar insanlar cari ildə də
qarşımızda qoyduğunuz vəzifələrin yerinə
yetirilməsinə həvəslə başlayıblar.
Böyük
pambıqçılıq ənənəsinə malik olan Tərtərdə
1983-cü ildə 11 min hektar sahədə 43 min ton “ağ
qızıl” yetişdirilmişdi. Həmin dövrdə
ulu öndər Heydər Əliyev bir neçə dəfə
rayonumuzda olmuş, əməkçilərlə pambıq sahəsində
görüşmüş, onların problemləri ilə
maraqlanmışdı. Sahələrin fasiləsiz suvarma
suyu ilə təmin edilməsi üçün ulu öndərin
tapşırığı ilə “Sərsəng” və
“Madagiz” su anbarları inşa olunmuşdu ki, bu da rayonumuzda
pambıqçılığın inkişafına
böyük təkan vermişdi. Bu su anbarları
əhalinin həm məşğulluq problemini həll edir, həm
də maddi rifah halının yüksəldilməsində
mühüm rol oynayırdı. Vaxtilə Tərtərdə
bu sahədə adları tarixə düşən əmək
qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi
Qəhrəmanı adına layiq
görülmüşdü. Lakin ötən əsrin
90-cı illərinin əvvəllərində vəziyyət
tamamilə dəyişdi. Bunun əsas səbəblərindən
biri erməni qəsbkarlarının “Sərsəng” və
“Madagiz” su anbarlarını işğal etməsi nəticəsində
rayonda ciddi su qıtlığının yaranması oldu.
Sovet dönəmindən qalmış texnika tədricən
yararsız hala düşdü və
pambıqçılıqda əl əməyi artdı. Kiçik torpaq sahibkarları aqrotexniki tədbirlərə
vaxtında əməl edə bilmədilər.
Hazırda həmin su mənbələri
işğal altında olsa da, Sizin tərtərlilərə
göstərdiyiniz xüsusi qayğı nəticəsində
təkcə son 4 ildə rayonumuzda əkin sahələrinin
suvarma suyuna olan tələbatını ödəmək məqsədilə
46 subartezian quyusu qazılıb, 15 subartezian quyusu isə bu il
istifadəyə veriləcək.
Pambıqçılığın
inkişafına dair tapşırığınıza
uyğun olaraq, 2016-cı ildə vaxtın azlığına və
əlverişsiz hava şəraitinə baxmayaraq, 1035 hektar sahədə
pambıq əkilib və hər hektardan 22,5 sentner olmaqla, 2334
ton məhsul toplanıb. Bu da 2015-ci illə
müqayisədə 3 dəfə çoxdur. 2016-cı ildə rayonda pambığın becərilməsinə
və yığılmasına 200 nəfər daimi, 2 min nəfər
isə mövsümi işə cəlb olunub. 2016-cı
ilin aprel hadisələrinə baxmayaraq, torpaqdan ayrılmayan
sakinlərimiz vətəni qorumaqla bərabər, bol məhsul
yetişdirib və torpağın əsl sahibinin kim olduğunu mənfur ermənilərə
göstəriblər. Necə deyərlər,
torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən
isə, qorumağa dəyməz. Bu gün
Siz həmin torpaqları qarış-qarış geri
alırsınız.
Möhtərəm cənab Prezident,
ötən il aprel hadisələri zamanı, ən
ağır anlarda Sizin və birinci xanım Mehriban
Əliyevanın rayonumuza səfərləriniz, təmas xətti
ilə 200 metrlik məsafədə yerləşən
Qapanlı kəndində dağılan evlərə
baxış keçirməyiniz, kənd sakinləri ilə
görüşünüz və səmimi söhbətləriniz
bir daha göstərdi ki, xalqın arxasında dağ kimi duran
və qayğılarını çəkən Prezidenti var.
Səfərdən dərhal sonra müharibədən zərər
çəkmiş evlərin bərpası üçün
Prezidentin Ehtiyat Fondundan vəsait ayırmağınız bunun
bariz nümunəsidir. Bərpa işlərinin
qısa müddətdə başa çatması və hər
cür şəraitə malik evlərlə təmin
olunmaları sakinlərimizin böyük sevincinə səbəb
oldu.
Elə bu ovqatla da cari ildə
kənd təsərrüfatının bütün sahələrində,
xüsusən pambıqçılıqda daha yüksək
göstəricilərə nail olmaq məqsədilə yaz-tarla
işlərinə başlamışıq. Pambıq
istehsalçılarına subsidiyanın verilməsi,
pambığın alış qiymətinin
artırılması, texnika
çatışmazlığının aradan
qaldırılması pambıqçılığa
münasibəti köklü şəkildə dəyişib.
Bu diqqət və qayğınızdan ruhlanan
sakinlərimiz 2017-ci ildə 3 min hektarda pambıq əkilməsinə
hazırlıq görüblər. Pambıq
əkilməsi nəzərdə tutulan sahələr müəyyənləşdirilib,
xəritəsi hazırlanıb, vaxtında şum və
qış aratı aparılıb. Sahələr
səpin üçün tam hazır vəziyyətdədir.
Ərazidə fəaliyyət göstərən
“MKT Qarabağ” və “CTS Aqro” MMC şirkətləri 790 nəfər
mülkiyyətçi ilə müqavilə bağlayıb.
Pambıqçılarımız bu il 3 min
hektar sahədən 7 min ton pambıq istehsal etməyi
qarşıya məqsəd qoyublar. Bu da 6 min nəfər
üçün iş yeri və 4,2 milyon
manat gəlir deməkdir. Pambıqçılığın
keçmiş şöhrətinin geri qaytarılması
insanların məşğulluğunun təmin olunması və
müasir Azərbaycan kəndinin yeni firavan həyatı deməkdir.
Məlumat üçün bildirmək
istəyirəm ki, 2016-cı ildə rayon üzrə ümumi
məhsul buraxılışının həcmi 46,4 faiz artaraq
181,6 milyon manat, əhalinin gəlirləri 7,6 faiz artaraq 205,5
milyon manat, əhalinin hər nəfərinə düşən
gəlirlər 6,6 faiz artaraq 2575,7 manat, kənd təsərrüfatı
məhsullarının həcmi 8,2 faiz artaraq 49,8 milyon manat
olub.
Möhtərəm cənab
Prezident, çıxışımın sonunda Sizi Tərtər
sakinləri adından bir daha əmin etmək istəyirəm
ki, düşmənlə üz-üzə mərdliklə
dayanan tərtərlilər əmək cəbhəsində də
bütün tapşırıqlarınızı layiqincə
yerinə yetirəcəklər.
Diqqətinizə görə çox
sağ olun.
* * *
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
ƏHMƏDZADƏ çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Kənd təsərrüfatının
ayrı-ayrı sahələri üzrə əsası ulu
öndər tərəfindən qoyulmuş respublika
müşavirələrinin səfərbərlik və
böyük yüksəliş yaradan, bol məhsul
istehsalını təmin edən müsbət nəticələri
Sizin 2016-cı ildə kənd təsərrüfatı,
xüsusilə pambıqçılıq sahəsində
dönüş ili olması barədə
tapşırığınıza əsasən vaxtın
azlığına, toxum, gübrə, pestisidlər, texnika sahəsində
olan çətinliklərə, əlverişsiz hava şəraitinə
baxmayaraq, yüksək məhsul istehsalına nail olunması
belə müşavirələrin əhəmiyyətini bir
daha təsdiqləyir və bizim hamımızı
qarşıya qoyulmuş vəzifələrin həllinə səfərbər
edir.
Ölkədə kənd təsərrüfatı
məhsulları istehsalının artırılması, əkin
sahələrinin dövriyyəyə verilməsi, normal
suvarmanın təmin olunması, xüsusilə pambıqçılıq,
taxılçılıq, tütünçülük,
üzümçülük, baramaçılıq və
heyvandarlığın inkişaf etdirilməsi
üçün qarşımızda qoyduğunuz mühüm
vəzifələrin vaxtında və keyfiyyətlə icra
edilməsi məqsədilə səhmdar cəmiyyət tərəfindən
bütün lazımi tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident,
ötən il 51 min hektar sahədə
pambıq əkilib. Bu sahələrin 29 min
hektarı suvarma şəbəkəsi olan suvarılan
torpaqlar, 23 min hektarı isə əvvəllər əkin
altında qismən istifadə olunmuş dövlət fond və
bələdiyyə torpaqları olub. Görülmüş
tədbirlər nəticəsində bu sahələr suvarma
suyu ilə təmin olunub, su təminatında çətinliklər
olmayıb və yüksək məhsul əldə edilib.
“2017-ci ildə pambıq
istehsalının təşkili ilə bağlı Tədbirlər
Planı”na əsasən, pambıq əkiləcək
sahələr, onların su təminatı və meliorativ vəziyyəti
müəyyənləşdirilib. Məlumat üçün
bildiririk ki, pambıq əkini nəzərdə tutulan
rayonların ümumi suvarılan sahələri 908 min hektar
(ondan 541 min hektarı meliorasiya olunmuş sahələr), o
cümlədən əkin sahələri 750 min hektar təşkil
edir. Etibarlı su mənbəyi ilə təmin
olunmuş bu torpaqlardan səmərəli istifadə etməklə
pambıq istehsalının artırılması
mümkündür.
Yerli icra hakimiyyəti strukturları
ilə dəqiqləşdirilmiş məlumatlara əsasən,
respublikanın 25 rayonu üzrə təxminən 136 min hektar
sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 39 min hektarı dövlət fondu,
26 min hektarı bələdiyyə və yerdə qalanı isə
pay torpaqlarıdır. Hazırda bu sahələrin 116 min
hektarında şum və 55 min hektarında arat
aparılıb.
Səhmdar cəmiyyətin
bütün torpaqqazan texnikaları (1642 ədəd) suvarma və
kollektor-drenaj şəbəkələri üzərinə
köçürülüb, şəbəkələrin lildən
təmizlənməsi üzrə plan-qrafik tərtib edilib,
işlərin icrası ciddi nəzarətə
götürülüb. Suvarmaya hazırlıq məqsədilə
pambıqçılıq rayonlarında 4561 kilometr suvarma
kanalları, 460 kilometr kollektor-drenaj şəbəkəsi lildən
təmizlənib, suvarma kanalları üzərində 500-dən
artıq hidrotexniki qurğu təmir edilib.
Möhtərəm cənab Prezident,
Sizin tapşırıqlarınızın icrası olaraq
Yuxarı Mil və Neftçala kanallarında tikinti işlərini
cari ildə davam etdirməklə Ağcabədi rayonunda 2700
hektar və Neftçala rayonunda 4300 hektar yeni suvarılan torpaq
sahələrinə suvarma suyunun çatdırılması təmin
ediləcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı
kəndlərinin 2 min hektar əkin sahələrinin su təminatının
yaxşılaşdırılması üçün 2017-ci
ildə Kür çayı üzərində nasos
stansiyasında hidrotexniki avadanlıqların
quraşdırılması və “H” kanalının tikintisi
işləri davam etdirilərək may ayının 1-dək əkin
sahələrinin bir hissəsinə suvarma suyunun verilməsi təmin
olunacaq.
Saatlı, İmişli və Biləsuvar
rayonlarında yerləşən təxminən 40 min hektar
qış otlaq sahələrində yaradılacaq iri təsərrüfatların
suvarma suyu ilə təmin edilməsi üçün Araz
çayının yeni qolunun inşa olunmuş hissəsinin
davamı olaraq suburaxma qabiliyyəti 35 kubmetr/saniyə olan 54,2
kilometr uzunluğunda kanalın tikintisi üzrə layihə sənədləri
hazırlanıb və artıq işə
başlanılıb.
Goranboy və Samux rayonları ərazisində
yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi
layihəsi üzrə Şəmkir maşın kanalından
Goranboy və Samux rayonlarında 4500 hektar əkin sahələrinə
4 kubmetr/saniyə suyun verilməsi məqsədilə layihə
işləri həyata keçirilib və işlərə
başlanılıb.
Sudan İstifadəedənlər
Birliklərinin İnkişafına Dəstək Layihəsi
üzrə Dünya Bankının krediti və Azərbaycan
hökumətinin payı üçün ayrılmış vəsait
hesabına Ağcabədi, Goranboy, İmişli, Saatlı və
Beyləqan rayonlarında 13 min 836 hektar torpaq sahəsinin su təminatı
və meliorativ vəziyyəti
yaxşılaşdırılacaq.
Sizin müvafiq sərəncamlarınıza
uyğun olaraq, pambıqçılıq rayonlarında 126
subartezian quyusu qazılıb, 11 quyuda isə qazma işləri
mayın 1-dək başa çatdırılacaq. Əkin sahələrinin su
təminatının yaxşılaşdırılması məqsədilə
pambıqçılıq rayonlarının istismar idarələrinə
16 ədəd yeni torpaqqazan texnika, 25 ədəd müxtəlif
nəqliyyat vasitəsi, 482 subartezian nasosu, 21 səyyar nasos
stansiyası, 140 nasos, 171 elektrik mühərriki və digər
avadanlıqlar ayrılıb.
2017-ci ildə rayon icra hakimiyyətlərinin
təklifləri əsasında səhmdar cəmiyyətin layihə
institutu tərəfindən Ağdaş (15 min 800 hektar), Salyan
(5 min hektar), Kürdəmir (10 min 650 hektar), Hacıqabul (4 min
800 hektar), İmişli (3 min hektar) və Samux (2 min hektar)
rayonlarının ümumilikdə 41 min 250 hektar sahələrinə
suvarma suyunun çatdırılması üçün
müvafiq meliorasiya tədbirlərinin aparılması üzrə
layihə-smeta sənədləri hazırlanaraq rayon icra
hakimiyyətlərinə təhvil verilib.
Qarşıya qoyulmuş vəzifələrin
yerinə yetirilməsi üçün istismar tədbirlərinə,
elektrik enerjisi xərclərinin ödənilməsinə,
xüsusi təyinatlı texnika, nasos və avadanlıqların
alınmasına əlavə vəsaitin ayrılmasına
kömək göstərilməsinə ehtiyac var.
Möhtərəm cənab
Prezident, Sizi əmin edirik ki, səhmdar cəmiyyətin
kollektivi qarşıya qoyulmuş vəzifələrin
vaxtında və layiqincə yerinə yetirilməsi
üçün bundan sonra da bütün bacarıq və
imkanlarından istifadə edərək daha səylə
çalışacaq.
Diqqətinizə görə
minnətdaram.
Azərbaycan.-
2017.- 29 mart.- S. 4, 5, 6.