Azərbaycanda
pambıqçılıq artıq bərpa edilib və bundan
sonra inkişaf yolu ilə gedəcək
Prezident İlham
Əliyevin yekun nitqi
- Bu il 22 rayonda pambıq əkiləcək. Mənə verilən son məlumata görə, əkin sahələri 136 min hektar olacaq. Rayonlar üzrə hektarların həcmi aşağıdakı kimidir. Mən istəyirəm bu rəqəmləri səsləndirim. Həm bunu ictimaiyyət, həm də zəhmətkeşlər bilsinlər ki, burada işləmək üçün çox böyük imkanlar yaranıb.
Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək. Bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur. Biz, əlbəttə, çalışmalıyıq ki, növbəti illər üçün əkin sahələrini genişləndirək.
Orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir. Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, əlbəttə ki, biz bir qədər vaxt itirdik. Eyni zamanda hava şəraiti imkan vermədi. Burada qeyd olundu ki, hətta yanvar ayında pambıq yığılırdı. Ancaq kütləvi surətdə yığım dekabr ayına qədər davam edirdi. Bu il, əlbəttə ki, bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da, əlbəttə ki, vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir. Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir. Qısa müddət ərzində görülən işlər bax bu gözəl nəticəyə gətirib çıxarıb. Bu, onu göstərir ki, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda hər şeyi etmək mümkündür. Biz Azərbaycanda pambıqçılığı artıq, demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik.
Bütün tarlalarda zəhmətkeşlər üçün yaxşı şərait yaradılmalıdır. Əkin sahələri artdıqca, əlbəttə, bütün lazımi infrastruktur, tədbirlər, tarla düşərgələri, hər şey yüksək səviyyədə təşkil edilməlidir ki, zəhmətkeşlər razı qalsınlar.
Biz itkiləri həm tarlalarda, həm də ki yollarda minimuma endirməliyik. Pambıq sahələrinə gedən yollar əsaslı təmir edilir. Ümumiyyətlə, ölkəmizdə kənd yollarının təmiri və tikintisi, yeni yolların salınması geniş vüsət alıb. Biz son illər ərzində bir çox layihələr həyata keçirmişik. Təkcə bu il 40-dan çox layihə icra edilir və bu layihələr yüzlərlə kəndi birləşdirən layihələrdir. Mən artıq giriş sözümdə qeyd etdim, Saatlı rayonunda bir kənd yolu layihəsi qalıb, o da icra olunandan sonra bir dənə də asfaltsız, təmirsiz kənd yolu qalmayacaq. Bütün rayonlarda da bu proqram icra edilir. Bu il və gələn il buna böyük vəsait ayrılıb və ayrılacaq. Burada biz kəndləri birləşdiririk. Bu, vətəndaşlar üçün böyük rahatlıq deməkdir. Eyni zamanda biz əsas əkin sahələrinə də yollar çəkirik ki, itkilər az olsun, yanacaq sərfiyyatı aşağı düşsün, fermerlər öz məhsullarını bazarlara, ya da emal müəssisələrinə daha qısa müddət ərzində çatdıra bilsinlər.
Qəbul məntəqələrində və pambıqtəmizləmə zavodlarında fasiləsiz elektrik enerjisi təmin edilməlidir. Eyni zamanda nasos stansiyalarına da fasiləsiz enerji verilməlidir. Bu gün Saatlıda açılışında iştirak etdiyim yeni yarımstansiyanın timsalında biz yeniləşən enerji təsərrüfatını görürük. Bütün bölgələrdə yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, dirəklər dəyişdirilir. Bir sözlə, fasiləsiz elektrik enerjisi həm əhaliyə, eyni zamanda iqtisadiyyata lazımdır. Xüsusilə pambıqçılıq sahəsi üçün fasiləsiz elektrik enerjisi mühüm əhəmiyyət daşıyır. Keçən il bu işlər yaxşı səviyyədə görülüb, bu il də ən yüksək səviyyədə təmin edilməlidir.
Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər.
Mən artıq qeyd etdim ki, keçən il pambığın qiyməti 9 qəpik artırıldı, 10 qəpik də subsidiya verilir. Bu, bir daha göstərir ki, dövlət bu sahəyə çox böyük əhəmiyyət verir. Eyni zamanda onu göstərir ki, dövlət, ümumiyyətlə, fermerlərə öz dəstəyini əsirgəmir. Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi artıq işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. İndi, demək olar ki, bütün əsas kənd təsərrüfatı sahələri, o cümlədən pambıqçılıq üçün subsidiyalar verilir.
Güzəştli şərtlərlə gübrələr verilir. Fermerlər gübrənin qiymətinin cəmi 30 faizini ödəyirlər. Güzəştli şərtlərlə yanacaq və kreditlər verilir. Mən artıq qeyd etdim ki, iqtisadiyyatın real sektoruna 2 milyard manat ən aşağı faizlə kreditlər ayrılıbdır. Bu, əsasən bölgələrə gedən vəsaitdir. Metodik tövsiyələr verilir, kənd yolları, magistral yollar salınır. Yəni bütün bu infrastruktur layihələri, bütün bunlar dövlət tərəfindən göstərilən dəstək və böyük maliyyə dəstəyidir. Bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar, fermerlər, işləyən vətəndaşlar daha çox pul qazansınlar və onların yaşayış səviyyəsi artsın. Bu il ancaq pambıq becərən 22 rayonda 200 min yeni iş yeri açılıb və növbəti illərdə bu rəqəm daha da artacaq. Odur ki, bütün aidiyyəti qurumlar, ümumiyyətlə, bizim gələcəkdə əmək resurslarımızla bağlı olan siyasəti həm təhlil etməli, eyni zamanda təkliflər verməlidirlər.
Mən artıq qeyd etdim ki, uğurlu iqtisadi siyasət, sabitlik, əmin-amanlıq nəticəsində Azərbaycanda əhali artır və artacaq. Biz gərək əmək resurslarımızdan səmərəli istifadə edək. Həm yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər görülür və eyni zamanda yaradılacaq proqnozlaşdırılan iş yerləri ilə bağlı biz əmək resurslarını səfərbər etməliyik ki, burada həm boşluq, həm əmək resurslarının çatışmazlığı yaranmasın, eyni zamanda, işsizlik də artmasın. Ona görə burada çox düşünülmüş siyasət aparılmalıdır və xüsusilə pambıqçılıqda sürətlə artan iş yerlərinin nəzərə alınması mütləq gündəlikdə olmalıdır.
Kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək.
Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək.
Pivot suvarma sistemləri ölkəmizə
gətirilib. Əvvəlki illərdə bəzi
rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə
etmişlər. Ancaq əlbəttə ki,
onların sayı bizi qane edə bilməz. Ona görə dövlət bu sahəyə də
öz dəstəyini göstərməyə başlayıb.
Pivot sistemləri dünyada ən müasir və ən səmərəli
suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı
bir neçə dəfə artıra bilər. Bu
sistemlərdən Azərbaycanda, əlbəttə ki, təkcə
pambıqçılıqda yox, başqa sahələrdə də
istifadə olunur və olunacaq. Bu sistemlər
böyük dönüş yaradacaq. Eyni
torpaqda məhsuldarlıq artdıqca, əlbəttə ki, həm
fermerlər, həm də dövlət ancaq xeyir götürəcək.
Nəzərə alsaq ki, kənd
təsərrüfatının inkişafı, xüsusilə
suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da
böyük planlarımız olacaq və var, biz pivot suvarma
sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bilirəm ki,
belə bir təşəbbüs artıq irəli
sürülüb. Buna dəstək vermək
lazımdır və dövlət qurumları dəstək
versinlər ki, tezliklə biz özümüz özümüzü
pivot sistemləri ilə təmin edə bilək.
Bütövlükdə əvvəlki
illərdə və son illər ərzində meliorasiya sahəsinə
ayrılmış böyük vəsait artıq öz nəticəsini
göstərir. Biz son illər ərzində 4
böyük su anbarını yaratdıq. Onlardan
Taxtakörpü və Şəmkirçay ən böyük
su hövzələridir. Göytəpə
və Tovuzçay su anbarları da istifadəyə verilib və
bunun nəticəsində on minlərlə yeni torpaqlar əkinə
cəlb olunur. İndi bütün işlər
görülür. Bu istiqamətdə
işlər davam etdirilməlidir və suvarma ilə
bağlı indi çox ciddi fəaliyyət proqramı
hazırlanır.
Əlbəttə ki,
kanalların təmizlənməsi, yeni kanalların çəkilməsi,
eyni zamanda əkin sahələrində pivot sistemlərinin
qurulması böyük məna daşıyır.
Eyni zamanda ölkəmizdə
pestisid istehsalı zavodunun yaradılması da çox vacibdir. Biz pestisidləri
xaricdən alırıq. Valyutanı xaricə
xərcləməmək üçün biz bunu daxildə təşkil
edə bilərik. Bildiyiniz kimi, ölkəmizdə
böyük gübrə zavodu tikilir. Gələn il fəaliyyətə başlayacaq və biz
özümüzü azot gübrələri ilə tam təmin
edəcəyik, eyni zamanda xaricə də ixrac edəcəyik. Pestisid istehsalı zavodunun yaradılması da zəruridir.
Mən artıq bu barədə
keçən müşavirədə də demişəm, bir
daha demək istəyirəm ki, bir neçə ildən sonra
bizə yeni pambıqtəmizləmə zavodları lazım
olacaq. Burada deyildi ki, İmişlidə yeni bir zavodun
tikintisi nəzərdə tutulur. Ancaq biz
zavodların tikintisini pambığın
proqnozlaşdırılan tədarükü ilə
uzlaşdırmalıyıq. Mənə
verilən məlumata görə, bizdə hazırda cəmi 22
zavod fəaliyyət göstərir və o zavodların emal
gücü 400 min tondur. Sovet vaxtında isə
zavodların emal gücü 900 min ton idi. O zavodların
bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir.
Əgər pambıqçılığı
götürdüyümüz sürətlə inkişaf
etdirsək, biz təqribən bir-iki ilə 400 min tona
çatacağıq. Ona görə indidən
bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək
Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl
qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik.
Bu il
görülmüş tədbirlər nəticəsində 150
min hektar suvarılmamış torpaqlara su çəkilişi
təmin ediləcəkdir. Bu, hesab edirəm ki,
tarixi nailiyyətdir. Bir il ərzində
bu qədər torpaq sahəsini su ilə təmin etmək
doğrudan da böyük nailiyyətdir. Bunu biz çox
operativ şəkildə, qısa müddətdə həll
etdik, həm “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar
Cəmiyyətinin xətti ilə, həm yerli icra
orqanlarının fəaliyyəti nəticəsində biz buna
nail ola bilmişik. Bu 150 min hektarın
böyük hissəsi pambıqçılıq
üçün nəzərdə tutulur və əlbəttə
ki, biz bunu etməsəydik, bugünkü rəqəmlərdən
danışa bilməzdik.
Biz işləri davam etdirməliyik. Mənə artıq gələn
il üçün təkliflər təqdim
olundu. İlkin hesablamalara görə, gələn il biz təqribən əlavə 90 min hektara
yaxın torpaqlara su çəkə bilərik. Bu
istiqamətdə işlər artıq başlayır və
mütləq bu, Dövlət İnvestisiya Proqramına
salınmalıdır. Bizim hələ ki
bölüşdürülməmiş ehtiyatımız var.
Biz bu il də vəsait əlavə edə
bilərik ki, gələn ilin əkin mövsümünə
yeni torpaqlara su gətirək.
Əlbəttə ki, biz bu
gün qarşımıza o qədər də böyük
olmayan hədəflər qoyuruq. Hektardan iyirmi sentner, əlbəttə
ki, çox aşağı göstəricidir. Bu gün olduğum pambıq tarlasında, mənə
verilən məlumata görə, onlar 40 sentner götürəcəklər.
Bu gün səsləndi, bəzi təsərrüfatlar
50 sentner götürür. Əlbəttə,
bu, böyük göstəricilərdir. Ancaq
sovet dövründə orta məhsuldarlıq 30-35 sentner idi.
Yəni biz buna çalışmalıyıq.
O vaxt hələ müasir suvarma sistemləri, müasir
traktorlar, kombaynlar yox idi. Ona görə bu,
mümkündür və biz həm əkin sahələrini
genişləndirməliyik, həm də məhsuldarlığı
artırmalıyıq.
Keçən il
51 min hektardan 90 min tona yaxın pambıq
yığılmışdır. Qeyd etdiyim kimi, bu il 136 min hektardan 270 min ton gözlənilir, bəlkə
də çox ola bilər. Ancaq mən istəmirəm ki,
qarşıya hansısa bir hədəf, yaxud da ki, plan qoyum. Əlbəttə ki, həyat, təbii şərait,
hava şəraiti bunu göstərər. Bunun
da böyük rolu var. Ancaq biz real imkanımızı bilməliyik
və çalışmalıyıq ki, işlər daha da
böyük səmərə ilə aparılsın.
Məndə olan məlumata
görə, pivot suvarması ilə çox rahat surətdə
hər hektardan təqribən 35-40 sentner pambıq
götürmək mümkündür. Hesab edirəm ki,
açıq suvarma yolu ilə 25 sentner də real rəqəm ola bilər. Hesab edirəm ki, biz 2020-ci ildə
açıq suvarma yolu ilə 140 min hektarda pambıq əkə
bilərik və təqribən 60-65 min hektar pivot sistemləri
ilə təmin oluna bilər. Əgər biz buna
nail olsaq, orta məhsuldarlıq 30 sentnerə çatacaq
və bu, il ərzində 600 min ton pambıq tədarükü
deməkdir. Bu, real rəqəmlərdir. Bu rəqəmlərə çatmaq
üçün dövlət öz üzərinə
düşən vəzifəni icra edəcək, nə qədər
lazımdırsa vəsait ayrılacaq, Dövlət İnvestisiya
Proqramında nəzərdə tutulacaq, əlavə texnika
alınacaq, yeni kanallar çəkiləcək. Sadəcə zəhmətkeşlər, fermerlər və
yerli icra orqanları buna hazır olmalıdırlar. Mən ona görə bu rəqəmləri bu gün
səsləndirirəm ki, siz buna hazır olasınız.
Ona görə yox ki, mən sizə indi plan
tapşırığı verirəm, xeyr, o dövr artıq
yoxdur. Amma biz hər şeyi gərək
düzgün planlaşdıraq və belə olan halda nəticə
daha da yaxşı olacaq. Nəticə
etibarilə biz 200 min hektarda pambıq yetişdirə bilərik
və bu işlərdə minimum 300 min insan işləyəcək
və hər gün pul qazanacaq.
Mən texnika ilə
bağlı bəzi rəqəmləri səsləndirmək
istəyirəm ki, siz də biləsiniz, Azərbaycan ictimaiyyəti
də bilsin.
Keçən il 1800 ədəd texnika, o
cümlədən 94 pambıqyığan kombayn və 300-ə
yaxın traktor alınmışdır. Bu il
3811 ədəd texnika, o cümlədən 209
pambıqyığan kombayn və 810 traktor sifariş edilib. Bu
texnikaların alınması üçün keçən il və bu il 150 milyon dollar vəsait xərclənib.
Bu, dövlətin
pambıqçılığa göstərdiyi real diqqətin
təkcə bir əlamətidir. Əgər
texnikanı, meliorasiya işlərini və digər lazımi tədbirləri
əlavə etsək, görərik ki, buna nə qədər
böyük diqqət göstəririk, bir məqsədlə
ki, insanlar daha yaxşı yaşasınlar.
Əlbəttə ki,
pambıqçılığın inkişafı ölkəmizə
əlavə gəlir gətirəcək. Ancaq istəyirəm
biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə
müqayisə edilə bilməz. Neft
satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir.
Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində
olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə
tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək.
Ona görə
pambıqçılığın inkişafı ilk növbədə
məşğulluğun artırılması və
insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin
yaxşılaşdırılması üçün
aparılır. Ona görə biz neftdən
əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat
daha da yaxşı dolansın, işləsin, pul qazansın,
halal zəhmətlə dolansın. Biz
yaxşı pul qazanmaq üçün imkanlar
yaradırıq. Ona görə
pambıqçılığın inkişafı Prezident kimi
mənim üçün ilk növbədə sosial layihədir,
ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən
layihədir.
Burada, əlbəttə ki,
pambığı becərən gəlir qazanır. Dövlət
ancaq burada maraqlıdır ki, ölkəyə daha çox
valyuta gəlsin. Amma bunu yenə də neft
və qazla müqayisə etmək, əlbəttə ki,
düzgün olmazdı. Ona görə bu
texnikanın alınması nəticəsində, əlbəttə
ki, məhsuldarlıq da, məhsulun həcmi də artacaq.
Bir məsələni də
qeyd etmək istəyirəm. Mənə verilən məlumata
görə, keçən il təqribən
pambığın 50 faizi əllə, 50 faizi isə texnika ilə
yığılıbdır. Əlbəttə
ki, texnika ilə yığım daha da səmərəlidir və
şirkətlər üçün daha da əlverişlidir.
Ancaq hesab edirəm ki, ilk növbədə biz bu
sahədə yenə də sosial amili nəzərə
almalıyıq. Əgər vətəndaşlar
əllə yığmaq istəyəcəklərsə və
daha çox insan buna cəlb olunacaqsa, şərait
yaradılmalıdır ki, nə qədər
mümkündürsə əllə yığsınlar.
Çünki əllə yığanda pul
qazanır, texnika ilə yığanda daha çox firmalar pul
qazanır. Məni maraqlandıran odur ki,
pambıqçılıqda işləyən vətəndaş
hər gün evinə pul aparsın. Ona
görə şərait yaradılmalıdır.
Çünki bilirəm, keçən il bəzi
yerlərdə vətəndaşlar hətta deyirdilər ki,
qoy texnika tarlalara çıxmasın, etiraz edirdilər, istəyirdilər
ki, özləri yığsınlar. Burada da
deyildi ki, yanvar ayında gedib yağışdan sonra
açılan qozaların pambığını
yığıblar. Nəyə görə?
Çünki bu, gəlir gətirir. Bu il də belə olmalıdır. İmkan
yaratmaq lazımdır ki, nə qədər
mümkündürsə, əl ilə, nə qədər
mümkün deyilsə, texnika ilə yığılsın.
Onda daha da ədalətli olacaqdır.
Pambıqçılığın
inkişafı, əlbəttə ki, Azərbaycanda
yüngül sənayenin də inkişafına böyük təkan
verəcək.
Keçən il Mingəçevirdə sənaye
parkının təməli qoyuldu. Orada 9 zavod
tikiləcəkdir, o cümlədən iplik zavodu. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə
başlamalıdır. Bu da çox
böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye
parkının fəaliyyəti nəticəsində ən
azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər
üçün bu, çox yaxşı göstəricidir.
Bilirsiniz ki, bəzi böyük şəhərlərdə
işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye
Parkının yaradılması bu baxımdan da çox əhəmiyyətlidir.
Eyni zamanda biz hazır məhsul
satacağıq, mahlıc, iplik yox. Çalışmalıyıq
ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda
özümüz üçün yer edək. Bir daha demək istəyirəm ki, mən
bütün həmkarlarımla təmaslarda bu məsələni
ön plana çəkirəm. Ticarət
dövriyyəsinin və Azərbaycan məhsullarının
ixracının artırılması məsələlərini
qoyuram ki, bizim üçün yeni bazarlar açılsın.
Ənənəvi bazarlar var və biz o bazarlarda
işləyirik. Biz yeni bazarlara
çıxmalıyıq. Ticarət evlərinin
yaradılması bu məqsədi güdür. İndi mən qeyd etdim, bir daha bildirmək istəyirəm
ki, yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada,
Çində, Birləşmiş Ərəb Əmirliklərində
ticarət missiyalarımız fəaliyyətə
başlayacaq. Hesab edirəm ki, indiki mərhələdə
bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda biz Avropa İttifaqı bazarlarına da
çıxmalıyıq, daha geniş
çıxmalıyıq. İndi də
ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə
deyil. Biz bu istiqamətdə də işləyirik.
Bütün bu
tapşırıqları yerinə yetirmək
üçün növbəti bir neçə ayda çox fəal
iş aparılmalıdır. Yerli icra
orqanlarının üzərinə böyük vəzifə
düşür. Keçən il də
onlar qısa müddət ərzində yaxşı işlədilər.
Çünki keçən il biz gecikdik,
sonra hava şəraiti, yağışlar imkan vermədi. Buna
baxmayaraq, keçən il üçün
yaxşı məhsul götürdük. Onlar bu il də bütün işləri lazımi səviyyədə
təşkil etməlidirlər. Qeyd etdiyim kimi, əmək
resurslarından səmərəli istifadə olunmalıdır.
Texnika ilə bağlı, əminəm ki,
problem olmayacaq. Texnika vaxtında tarlalara
çıxarılacaq. Tədarükçü
şirkətlər yerli icra orqanları ilə sıx əməkdaşlıq
etməlidirlər. Bizim mərkəzi və
yerli orqanlar da birgə işləməlidir. İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar
Cəmiyyəti, yerli icra orqanlarının nümayəndələri
birlikdə işləməlidirlər. Ümumi
rəhbərliyi və koordinasiya məsələlərini mən
Prezident Administrasiyasına tapşırıram. Keçən
il də mən Prezident Administrasiyasına
bu vəzifəni tapşırmışdım, onlar vəzifənin
icrası ilə bağlı yaxşı işlər
gördülər, bu il də belə olacaq. Əminəm ki,
görülən və görüləcək bütün
işlər nəticəsində bu il də
pambıqçılıqda yaxşı nəticələr
olacaqdır.
Sizə bol məhsul
arzulayıram.
Sağ olun.
Azərbaycan.- 2017.- 29 mart.- S. 6. 7.