Azərbaycan parlamentinin AŞPA və Rusiya Dövlət Duması ilə əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb.

Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Oqtay Əsədov Pedro Aqramuntun AŞPA-nın sədri kimi Azərbaycana səfərini xatırlayıb və onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə yaxşı məlumatının olduğunu qeyd edib.

Görüşdə qeyd olunub ki, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələr genişlənir. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.

 

x x x

 

Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilə də görüşüb. Görüşdə Azərbaycan parlamenti ilə Dövlət Duması arasında əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sentyabrında Azərbaycana səfəri ilə bağlı məsələləri də müzakirə ediblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 29 mart.- S. 7.