Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ilə görüşüb.

Vyaçeslav Makarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnuniyyətlə xatırlayaraq iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə qalxmasında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb. Qanunvericilik Məclisinin rəhbəri Sankt-Peterburqda 300 mindən çox azərbaycanlının yaşadığını və müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə təşəkkürünü bildirib. Vyaçeslav Makarov Azərbaycan ilə Sankt-Peterburq arasında iqtisadi əlaqələri genişləndirməyin, idxal və ixracın səviyyəsinin artırılmasının vacibliyini qeyd edib.

Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Vyaçeslav Makarovu təbrik edib. O bildirib ki, Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600 müəssisə, Cənubi Qafqazda ən çoxsaylı rus diasporu fəaliyyət göstərir. Ölkəmizdə rus dilində dövrü mətbuat çap olunur, 340-dan çox orta məktəbdə təhsil rus dilində aparılır. Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə iqtisadi sahədə sıx əməkdaşlıq edir, 20 regionla, o cümlədən Sankt-Peterburqla ikitərəfli sazişlər imzalanıb. Qarşılıqlı surətdə faydalı əməkdaşlığı davam etdirmək üçün möhkəm qanunvericilik bazası yaradılıb. Oqtay Əsədov Vyaçeslav Makarovu Azərbaycana səfərə dəvət edib.

Görüşdə Milli Məclis ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 29 mart.- S. 7.