İnvestisiya üçün əlverişli region - Naxçıvan Muxtar Respublikası

 

30 Mart 2017

 

Naxçıvan Muxtar Respublikasına səfər edən hər bir şəxs öncə oradakı abadlıq işlərinə, insanların mehribanlığına, Duzdağ Fizioterapiya Mərkəzi kimi sağlamlıq ocağının yaradılmasına, daim mövcud olan səliqə-sahmana, nizam-intizama, Naxçıvan şəhərinin özünün heyrətamiz və cəlbedici görünüşünə, rayon mərkəzlərinə çəkilən avtomobil yollarına, hər həftə keçirilən iməciliklərə, universitet şəhərciyinin salınmasına məftun olur. Bu diyara sonuncu dəfə sovetlər dönəmində, səksəninci illərdə səfər etmişdim. Budəfəki səfərdən aldığım təəssürat əvvəlki ilə müqayisə olunmaz dərəcədə fərqli oldu. Özü də bu fərq təkcə sadaladıqlarımızdan ibarət deyil.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının (“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və s.) icrası, eləcə də həyata keçirilən davamlı islahatlar nəticəsində regionun iqtisadiyyatının möhkəm təməli yaradılmış və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilmişdir. Dövlət proqramlarının icrasının təmin edilməsində isə iqtisadi və sosial inkişafın lokomotivi sayılan investisiyaların həlledici rolu olmuşdur. İnstitusional islahatların həyata keçirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində muxtar respublika üzrə yalnız 2011-2015-ci illərdə 4 milyard 711,4 milyon manat əsas kapitala investisiya qoyulmuşdur. 2016-cı ildə 2010-cu illə müqayisədə əsas kapitala yatırılan investisiyalar 2 dəfə artmışdır. Son illər Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Naxçıvan MR-də 43 investisiya layihəsi maliyyələşdirilmiş, bütövlükdə sahibkarlara 17,3 milyon manat həcmində kreditlər verilmişdir. Son 6 il ərzində isə 5,3 milyard manat dəyəri olan yeni əsas kapital yaradılmışdır. Onu da qeyd edək ki, regionda qoyulan investisiyaların 55 faizə qədəri qeyri-dövlət sərmayələridir.

Əldə edilmiş uğurların təməlində dayanan amillərdən biri də muxtar respublikada inkişafa kompleks yanaşmadır. İnvestisiyaların iqtisadiyyatın bütün sahələrini əhatə etməsi, xüsusən bu zaman xidmət sahələrinin üstünlük təşkil etməsi təqdirəlayiq haldır. Məsələn, son beş ildə investisiyaların 60 faizə qədəri xidmət sektoruna və qeyri-istehsal infrastrukturunun inkişafına qoyulmuşdur. Bunun da hesabına 1,8 milyon kvadratmetrdən çox sahəsi olan yaşayış evləri, 10,2 min şagird yeri olan təhsil müəssisələri, çoxsaylı xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri və s. tikilib istifadəyə verilmişdir. Regionu fərqləndirən bir göstərici də muxtar respublikada 2015-ci ildə 2005-ci illə müqayisədə mənzil fondunun 1,6 dəfəyə qədər artaraq 13,5 milyon kvadratmetrə çatmasıdır. Bu isə orta ölkə göstəricisi ilə müqayisədə 2,2 dəfə çox olmaqla adambaşına 26,5 kvadratmetr ümumi yaşayış sahəsi deməkdir. Təsadüfi deyil ki, yaşayış evlərinin tikilib istifadəyə verilməsinə görə Naxçıvan MR ancaq Bakıdan geri qalır.

2017-ci ilin əvvəllərində Naxçıvana səfər edən ölkə başçısı İlham Əliyev demişdir: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. On üç il ərzində onüçüncü dəfədir ki, Naxçıvandayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir... Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Prezidentin bu sözlərinin arxasında konkret rəqəmlər, nəticələr dayanır: Naxçıvan MR-də yerli istehsal hesabına ərzaq təchizatı təmin olunmuş və etibarlı müdafiə sistemi yaradılmış, iqtisadiyyat şaxələndirilmiş və ölkənin məhsul (xidmət) istehsalında regionun payı 2015-ci ildə 2010-cu illə müqayisədə 1,5 dəfədən çox artaraq 4,9 faiz təşkil etmişdir. Nəticədə muxtar respublikada adambaşına məhsul (xidmət) istehsalı 2010-cu ildəki 3574 manatdan 2015-ci ildə 6806 manata çatmışdır ki, bu da digər 9 iqtisadi rayonun müvafiq göstəricisindən 2,5-3 dəfə çoxdur.

İqtisadi inkişafın keyfiyyət göstəricilərindən biri də regionun iqtisadi strukturudur. Son dövrlər Naxçıvan MR-də mütərəqqi struktur dəyişiklikləri baş vermiş, sənaye sektoruna xüsusi diqqət yetirilmişdir. 2003-2015-ci illərdə Azərbaycanda qeyri-neft emal sənayesində tikilib istifadəyə verilmiş yeni müəssisələrin 34 faizdən çoxunun Naxçıvan iqtisadi rayonunun payına düşməsi sıradan bir fakt deyil. Mövcud müəssisələrin fəaliyyətinin bərpası və ya yenidən qurulması, müasir texnologiyaların tətbiqinə əsaslanan yenilərinin yaradılması sənayenin inkişafına, onun ümumi məhsul (xidmət) istehsalında 30,3 faizlik payla ilk yeri tutmasına səbəb olmuş və bununla sənayenin aparıcı rolu təmin edilmişdir. 2010-cu illə müqayisədə 2015-ci ildə sənaye məhsulunun həcminin 2,7 dəfə artaraq 917 milyon manata çatması, muxtar respublikada 442 sənaye müəssisəsinin fəaliyyət göstərməsi məhz bunun nəticəsidir. Digər fakt: 2015-ci il Sumqayıt və Mingəçevir şəhərlərində sənaye məhsulu istehsalı 1990-cı ilin səviyyəsinin 13, Şirvanda 31, Gəncədə 60 faizini təşkil etmişdirsə, Naxçıvan Muxtar Respublikasında bu göstərici o dövrdəkindən 3,2 dəfə çox olmuşdur. Qeyd edək ki, respublika əhəmiyyətli şəhərlərdən ancaq Bakı 1990-cı ilin səviyyəsini üstələmişdir.

2016-cı ildə inkişafın ümumi göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi artaraq 2010-cu ildəki 1,2 milyard manatdan 2,5 milyard manata çatmışdır. Ümumi daxili məhsul istehsalının 70 faizdən çoxu istehsal sahələrinin payına düşmüşdür. Yerli istehsal müəssisələrinin istifadəyə verilməsinin nəticəsidir ki, hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla 344 növdə məhsula tələbat tamamilə yerli resurslar hesabına ödənilir.

Naxçıvan MR-də diqqəti cəlb edən yeniliklərdən biri də yaşayış məntəqələrində, o cümlədən kəndlərdə kənd və xidmət mərkəzlərinin yaradılmasıdır. Məqsəd əhaliyə kompleks xidmətlər göstərməkdir və buna nail də olunur. Muxtar respublikada əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər də davamlı olaraq görülür. Ötən illər ərzində Naxçıvan şəhərində, Tumbul, Bulqan, Qaraçuq və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi, Culfa rayonunun Gülüstan kəndində içməli su sistemi istifadəyə verilmişdir. Bundan başqa, Şahbuz və Culfa şəhərlərində, onlara bitişik ətraf kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Kəndlərdə istifadəyə verilən suvarma sistemləri isə əkin sahələrinin xeyli genişlənməsini təmin etmişdir. Eyni zamanda bu gün regionda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz olunmuşdur.

Blokada probleminin həlli Naxçıvan Muxtar Respublikası üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə bu istiqamətdə tədbirlər kompleks şəkildə və intensiv templə davam etdirilir. 2016-cı ildə Naxçıvan-Təbriz-Məşhəd dəmir yolunun istifadəyə verilməsi buna misal ola bilər. “Şimal-Cənub nəqliyyat dəhlizi” yaxın vaxtlarda işə düşdükdən sonra isə muxtar respublikanın ölkənin digər regionları ilə iqtisadi-ticarət əlaqələri tam bərpa olunacaq, Naxçıvan məhsullarının beynəlxalq bazarlara çıxışında dönüş yaranacaq. Bundan əlavə, Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri, yeni terminalın istifadəyə verilməsi sərnişin dövriyyəsini on dəfələrlə artırmış, Naxçıvan-Batumi-Naxçıvan avtomobil marşrutu fəaliyyətə başlamışdır.

Regionda təhsilin səviyyəsi xeyli yüksəlmişdir. Hər bir kənddə, yaşayış məntəqəsində yeni məktəb binaları tikilmiş, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hərtərəfli şərait yaradılmışdır. İndi nəinki Naxçıvan şəhərində, hətta ən ucqar dağ və sərhəd kəndlərində belə, müasir tədris avadanlıqları, sürətli internetə çıxış, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmuş məktəb binaları var. İstifadəyə verilən onlarla məktəb binası, idman obyekti, mədəniyyət müəssisəsi, salınan universitet şəhərcikləri bir məqsədə - ölkənin gələcəyinin təminatçıları olan istedadlı, bilikli, sağlam və vətənpərvər nəslin yetişməsinə xidmət edir. Bunun davamı kimi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni həkim ambulatoriyaları, feldşer-mama məntəqələrinin istifadəyə verilməsini də qeyd etmək istərdik. Bu tibb ocaqlarının hamısı müasir avadanlıqlarla təchiz olunmuşdur.

Muxtar respublikanın dayanıqlı inkişafı əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə də öz təsirini göstərmişdir. Belə ki, 2011-2015-ci illərdə regionda 21 min yeni iş yeri açılmışdır ki, bunun da 94 faizi daimi iş yerləri olmuşdur. Rəsmi statistikaya görə 2012-ci ildən Naxçıvan MR-də işsiz statusu verilmiş şəxslər qeydə alınmamışdır. Bu isə o deməkdir ki, Naxçıvan regionunda işsizlik problemi həll edilmişdir. Orta aylıq nominal əməkhaqqının məbləğinə görə də Naxçıvan iqtisadi rayonu birinci yerdədir. Digər iqtisadi rayonlarla müqayisədə bu göstərici Naxçıvanda 1,4-1,7 dəfə çox olmaqla 400 manat təşkil edir. Bunlardan əlavə, Naxçıvan iqtisadi rayonu adambaşına məhsul (xidmət) istehsalına, əhalinin gəlirlərinə, pərakəndə ticarət dövriyyəsinə və əsas kapitala investisiyalara görə də irəlidədir. Qeyd olunan sahələr üzrə göstəricilər Naxçıvan MR-də digər iqtisadi rayonlarla müqayisədə 1,4-3 dəfə yüksəkdir.

Son illər muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafı yerli istehsal məhsullarının xarici bazarlara çıxış imkanlarını xeyli yaxşılaşdırmış, xarici ticarət əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Nəticədə artıq neçə ildir regionun ticarət dövriyyəsi müsbət saldo ilə yekunlaşır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi və onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi əhəmiyyətli rol oynayır. Daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi də regionun ixrac imkanlarını artırır. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verir. Məsələn, 2016-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 457,4 milyon ABŞ dolları təşkil etmişdir ki, bunun da 92 faizi ixracın, 8 faizi idxalın payına düşmüşdür. Başqa bir fakt: 2015-ci illə müqayisədə muxtar respublikada ixracın həcmi dəfələrlə artmış, idxalın həcmi isə 61 faizədək azalmışdır. Bu isə yerli istehsalın inkişafı və nəticədə daxili bazarın xarici məhsullardan asılılığının azalması deməkdir.

Kiçik və orta sahibkarlığın inkişafı üçün Azərbaycanda ilk dəfə olaraq Naxçıvan şəhərində orijinal addım atılmışdır. Belə ki, istehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etmək, onların ixrac potensialını artırmaq, yerli məhsulların xarici bazarlara çıxışı ilə bağlı ticarət sövdələşmələrinin aparılması və yerli brendlərin yaradılması məqsədilə Naxçıvan MR İqtisadiyyat Nazirliyinin tabeliyində “Naxçıvan Məhsulları” MMC təsis edilmişdir. Dövlət müəssisəsi olan bu qurum kooperasiya əsasında süd məhsulları istehsalçılarının məhsullarının satışı ilə məşğul olur. Muxtar respublikanın Sahibkarlığa Kömək Milli Fondundan alınan güzəştli kreditin hesabına məhsulun qablaşdırılması və saxlanılması üçün normal şərait yaradılıb, istehsal sahələri müasir texnoloji avadanlıqlarla təmin edilib. Kiçik sahibkarların fəal istehsalat prosesinə cəlb edilməsi üçün bir çox məhsulların (pendir, baldırğan turşusu, bal, quru meyvə) istehsalı üzrə istehsalçılarla müqavilələr bağlanır, zəruri avans ödəmələri aparılır. Məhsul istehsalının bu şəkildə təşviqi kiçik istehsalçı subyektlər tərəfindən istehsal olunan məhsulların iri marketlərə çıxışına imkan yaradır və satış probleminin həllinə ciddi kömək edir. Bu da xammaldan hazır məhsula qədər olan prosesi dəyər zənciri əsasında birləşdirir. Eyni zamanda hazır məhsulların market və ticarət şəbəkələrində müasir ticarət qaydalarına uyğun satışının təşkili üçün onlar barkodlarla təmin edilir, tədarük olunan məhsulların saxlanması və keyfiyyətinə nəzarət məqsədilə laboratoriya analizləri aparılır. Marketinq tədbirləri çərçivəsində “Naxçıvan Məhsulları” MMC tərəfindən xüsusi tərtibatlı soyuducuların alınaraq iri marketlərdə yerləşdirilməsi, reklam işinin təşkili, avtonəqliyyat vasitələrinin alınması və bu işə təcrübəli ekspeditorların cəlb edilməsi ilə bağlı kompleks tədbirlər də həyata keçirilir. Həmçinin MMC tərəfindən muxtar respublikadan ixrac oluna biləcək perspektivli məhsullar müəyyən edilir, həmin məhsulların iqtisadi göstəriciləri və məhsuldarlığı araşdırılır. Məhsulların seçilməsində rəqabətədavamlılıq, ənənəvi və orijinal xüsusiyyətlərin olması, təbiilik və yüksək keyfiyyət kimi meyarlar diqqət mərkəzində saxlanılır. Eləcə də yerli məhsulların təşviqi və ixracı sahəsində xarici tərəfdaşlar, market şəbəkələri və logistik şirkətlərlə müxtəlif danışıqlar aparılır, mümkün əməkdaşlıq əlaqələri qurulur. Hesab edirik ki, bu diqqətəlayiq təcrübənin hökumət səviyyəsində digər iqtisadi rayonlarda da həyata keçirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı.

Naxçıvan Muxtar Respublikasının böyük sosial-iqtisadi inkişafını diqqətə çatdırmaqla yanaşı, bəzi meyilləri və tövsiyələri açıqlamağı da lazım bilirik. İlk olaraq regionun iqtisadi strukturunun təkmilləşdirilməsi sürətləndirilməlidir. Belə ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda xidmət sektorunun xüsusi çəkisi 60-65, aqrar sektorun payı isə 1,5-3 faiz olduğu halda, Naxçıvan MR-də ÜDM-in 28 faizi xidmət, 13 faizi aqrar sektorlarda istehsal edilir. Başqa sözlə, bu iki göstərici üzrə Naxçıvan MR inkişaf etmiş ölkələrlə müqayisədə 2-4 dəfə geri qalır ki, bunu da aradan qaldırmaq üçün regionun potensialı genişdir.

İkinci məsələ sosial xarakterlidir. 2015-ci ildə 2005-ci illə müqayisədə regionun məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı 1,2 min, əyani ümumi təhsil müəssisələrində isə şagirdlərin sayı 18,8 min nəfər azalmışdır, baxmayaraq ki, bu dövrdə əhalinin sayı 68 min nəfər artmışdır. Mühüm sosial əhəmiyyət kəsb edən bu məsələnin diqqətlə araşdırılmasına ehtiyac var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunmuş 2014-2018-ci illərdə regionun sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan hədəflərdən biri də dövlət büdcəsinə daxil olan yerli gəlirlərin ümumi daxili məhsulda həcminin və xüsusi çəkisinin artırılmasıdır. Rəsmi statistika göstərir ki, bu hədəfə nail olmaq üçün muxtar respublikada həyata keçirilən tədbirlər öz bəhrəsini verir. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin yerli gəlirləri 73,8 milyon manat olmuşdur ki, bu da 2010-cu ilə nisbətən 1,5 dəfə çoxdur. Buna baxmayaraq, 2010-cu ildə muxtar respublikanın dövlət büdcəsinin yerli gəlirləri ümumi daxili məhsulun 4,3, 2015-ci ildə isə 3 faizini təşkil etmişdir. Sənaye sektorunun, infrastruktur və xidmət sahələrinin inkişaf etdiyi Naxçıvan Muxtar Respublikasında gəlirlərin maliyyə uçotunda şəffaflığın daha da yüksəldilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi, fikrimizcə, yerli büdcə gəlirlərinin artımına müsbət təsir edən amillərdən biri ola bilər. Eyni zamanda regionun büdcə gəlirlərinin müəssisələrin real maliyyə potensialına adekvat planlaşdırılması (gəlirlərin əsaslandırma və digər iqtisadi göstəricilərlə əlaqələndirmə səviyyəsinin yüksəldilməsi) da vacibdir. Təkcə onu qeyd edək ki, bütünlükdə Azərbaycan üzrə qeyri-neft sektorunda yaranan ümumi daxili məhsulun hər manatından dövlət büdcəsinin gəliri 17-18 qəpik təşkil edirsə, Naxçıvan MR-də bu göstərici 2-3 qəpiyə bərabərdir.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin. Dövlət başçısının qəti mövqeyi belədir ki, regionların özünümaliyyələşdirmə prinsipinə keçməsinin təmin edilməsi mühüm strateji vəzifələrdən biridir. Ona görə də üçüncü məsələ dövlət büdcəsinin yerli gəlirlərini əhəmiyyətli dərəcədə artırmaqla muxtar respublikanın özünümaliyyələşdirməsini təmin etməkdir. Bizim araşdırmalarımız göstərir ki, muxtar respublikada bu problemin həllini təmin edən potensial mövcuddur.

Onu da qeyd edək ki, ölkə başçısının tapşırığına əməl edən regionların sayı ilbəil artır. Belə ki, 2015-ci ildə özünümaliyyələşdirən şəhər və rayonların sayı 7 olmuşdursa, cari il onların sayı 34-dür. Söz yox ki, Naxçıvan MR də tezliklə onların sırasına qoşulacaq. Çünki 2014-2018-ci illəri əhatə edən regionların sosial-inkişafına dair III Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasına aid tədbirlərin həyata keçirilməsi, eləcə də Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsində nəzərdə tutulmuş layihələrin reallaşdırılması regionun sosial-iqtisadi inkişafının daha geniş miqyasda və yeni keyfiyyət əsasında inkişaf edəcəyinə zəmin yaradır.

 

Tofiq HÜSEYNOV,

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı

 

 

Azərbaycan.- 2017.- 30 mart.- S. 3