Göyçay və Cavad qəzalarında
erməni vəhşilikləri
31 Mart Azərbaycanlıların
Soyqırımı Günüdür
“Hələ qırğınlardan
çox əvvəl, ermənilər bizimlə düşmənçilik
edir və deyirdilər ki, onlar bizə padşahlıq edəcəklər
...”;
“Ermənilər sərxoş olanda lovğalanaraq ağızlarından qaçırırdılar ki, buraya daşıdığımız silahları müsəlmanlar üçün hazırlayırıq, biz bütün müsəlmanları hörümçək toru kimi əhatə etmişik, gün gələcək, biz onların üzərinə cumaraq məhv edəcəyik...”;
“Ermənilər bizi həm ölümlə, həm də müflis etməklə hədələyirdilər, deyirdilər ki, biz heç yerə qaça bilmərik, yalnız dənizə tökülə bilərik...”;
“Erməni zabitləri bizə açıq bildirirdilər ki, bu yerlərdə bir müsəlman belə qalmamalıdır. Onlar tez-tez təxribata əl atır, ruslarla bizim aramızda savaş yaratmaq istəyirdilər...”;
“Ermənilər tərəfindən bizə qarşı milli düşmənçilik var idi və onlar müsəlmanları qırmaq üçün yaxşı təşkilatlanmışdılar”;
“Onlar bizə açıq-aşkar nifrət edir və bizim torpaqlarda özlərinin müstəqil dövlətlərini yaratmaq istəyirdilər”.
Bu sətirlər 1918-ci ilin payızında Bakı quberniyasının Göyçay və Cavad qəzalarının sakinləri - əsasən savadsız, siyasətdən uzaq azərbaycanlı kənd əhalisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına (FTK) verdikləri şahid ifadələrindən götürülüb. Özü də bu ifadələr ermənilərin öz hədələrini artıq həyata keçirdikdən, yəni həmin insanların kəndləri yandırıldıqdan, evləri talan edildikdən, təsərrüfatları dağıdıldıqdan, minlərlə dinc, günahsız əhali, o cümlədən qadınlar və uşaqlar öldürüldükdən sonra verilib. “Ermənilər”, yaxud “onlar” dedikdə isə azərbaycanlı kəndlilər öz yaxın qonşularını - həmin qəzaların erməni kəndlərinin əhalisini, həmçinin qatar-qatar Bakıdan və Tiflisdən gələn erməni əsgərlərini nəzərdə tuturdular.
Haqqında danışılan qırğınlar 1918-ci ilin yaz-yay aylarında baş vermişdi. Həmin vaxt bu yerlərdən çox-çox uzaqlarda Birinci Dünya müharibəsi öz sonluğuna yaxınlaşır, imperiyalar dağılır, yeni dövlətlər yaranır, artıq mövcud olmayan Rusiya imperiyasında müxtəlif siyasi partiyalar hakimiyyət uğrunda, ayrı-ayrı xalqlar isə öz hüquqları yolunda mübarizə aparırdılar. Və elə həmin vaxt “dənizdən dənizə” dövlət xülyası ilə yaşayan bir millətin nümayəndələri yaşadıqları ölkələrin siyasi həyatında müharibə və inqilablar nəticəsində yaranmış qarışıqlıq və böhrandan istifadə edərək hər nə yolla olursa-olsun, öz mifik ideyalarını həyata keçirməyə - “Böyük Ermənistan”ı yaratmağa çalışırdılar.
Bu ideyanın reallaşdırılmasına yönələn, onilliklər boyu düşünülmüş və xırdalıqlarına qədər planlaşdırılmış əməliyyatlar Kiçik Asiya və Cənubi Qafqaz ərazilərində aparılmalı, Osmanlı Türkiyəsi, Azərbaycan və Gürcüstan torpaqlarını əhatə etməli idi. Lakin 1914-cü ildən - Birinci Dünya müharibəsi başlanandan öz planlarını addım-addım həyata keçirən erməni millətçiləri 1918-ci ilin əvvəllərində özləri üçün heç də arzu edilən nəticələrə nail olmamışdılar. Əsrlərlə Osmanlı dövlətində yaşayan və bu ölkənin siyasi, iqtisadi və ictimai həyatında daim yüksək mövqelər tutmuş ermənilər müharibə başlanan kimi vətənlərinə xəyanət edib Rusiya tərəfində vuruşsalar da, müharibənin gedişində baş verən əsaslı dəyişikliklər onların bu ərazilərdə dövlət yaratmaq planlarını xeyli çətinləşdirmişdi. 1915-ci il olayları - Osmanlı dövlətinin cəbhə bölgələrindəki erməni əhalisini ölkənin içərilərinə köçürməyə başlaması nəticəsində 1916-1917-ci illərdə 450 minə qədər erməni Osmanlı ərazilərini tərk edərək Cənubi Qafqaza üz tutmuşdu. Qafqaz cəbhəsindən qaçan erməni hərbi hissələri və “Daşnaksütyun” partiyasının silahlı birləşmələri ilə birlikdə onlar əsasən Azərbaycan ərazilərində - İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağ torpaqlarında - yüzlərlə müsəlman kəndlərini darmadağın etmiş və yandırmış, yerli dinc azərbaycanlı əhalini öz ata-baba torpaqlarından qovmuş, qətlə yetirmiş, əmlaklarını qarət və talan etmişdilər. Məqsəd azərbaycanlılara məxsus əraziləri onun sakinlərindən boşaldaraq burada məskunlaşmaq və gələcək erməni dövlətinin ərazi məsələsini həll etmək idi.
FTK-ya verdikləri ifadələrdən göründüyü kimi, müharibə cəbhələrindən və böyük şəhərlərdən uzaqlarda yaşasalar da, Göyçay və Cavad qəzalarının əsasən savadsız və ya az savadlı kəndli əhalisi də baş verən hadisələrin mahiyyətini anlayır və məruz qaldıqları qırğınların səbəbkarları kimi məhz ermənilərin adını çəkirdi. İstər yerli, istərsə də gəlmə ermənilərin törətdikləri dəhşətli qanlı faciələri müsəlmanlara qarşı “milli düşmənçilik” hissi ilə izah edən və hətta onların son məqsədini - “müstəqil dövlət yaratmaq” - açıqlayan Azərbaycan kəndliləri yalnız bir suala cavab verə bilmirdilər: cəmi bir neçə onillik qabaq onların torpaqlarına köçüb gəlmiş, bütün bu müddətdə yerli əhalidən yalnız mehriban qonşuluq münasibətləri görmüş ermənilərin azərbaycanlılara qarşı milli düşmənçilik və ədavət hissi nədən yaranmışdı və nə üçün ermənilər öz müstəqil dövlətlərini azərbaycanlıların əzəli torpaqlarında yaratmaq istəyirdilər?
1918-ci ildə Bakı və Yelizavetpol (Gəncə) quberniyalarının kütləvi qırğınlara məruz qalmış Bakı, Şamaxı, Quba, Şuşa kimi ictimai, iqtisadi və mədəni mərkəzlərindən fərqli olaraq Göyçay və Cavad qəzaları ərazisində iri şəhərlər yox idi. Qəza mərkəzləri kimi Göyçay və Salyan yalnız 1916-cı ildə şəhər statusu almışdılar. Bakı, Şamaxı, Şuşa kimi erməni icmasının fəal olduğu iri şəhərlərdən, yaxud ermənilərin daha çoxsaylı və kompakt yaşadıqları İrəvan, Qarabağ, Zəngəzur qəzalarından fərqli olaraq Azərbaycanın əsasən aran torpaqlarını əhatə edən Göyçay və Cavad qəzalarında erməni kəndlərinin və erməni əhalisinin sayı da çox deyildi.
Məsələn, həmin dövr Göyçay qəzasında (indiki Göyçay, Kürdəmir, Ağsu, Ucar (qismən) rayonlarının ərazisi) yaşayan 134 098 nəfər əhalinin 112 624 nəfəri azərbaycanlı, yalnız 17 207 nəfəri erməni idi. Qalan əhalinin 3296 nəfəri rus (əsasən molokan), yəhudi (815) və Qafqaz xalqlarının (153) nümayəndələrindən ibarət idi.
Cavad qəzasının (indiki Salyan, Sabirabad, Hacıqabul (qismən), Şirvan, Neftçala, Biləsuvar (qismən), İmişli, Saatlı, Zərdab) 162 305 nəfər ümumi əhalisinin 135 128 nəfəri azərbaycanlı, 26 128 nəfəri rus və yalnız 984 nəfəri erməni idi.
Beləliklə, hər iki qəzada yerli azərbaycanlı əhali 4-5 dəfə çoxluq təşkil edirdi. İlk nəzərdə əhalinin milli nisbəti azərbaycanlıların bir neçə ay müddətində tamamilə erməni silahlı birləşmələrinin hücumuna və təzyiqinə məruz qalması, görünməmiş vəhşiliklərə və zülmlərə düçar olması, insani və maddi itkilər verməsi kimi acınacaqlı bir həqiqəti anlaşılmaz edir. Lakin istər həmin qəzaların yerləşdiyi ərazinin coğrafi-iqtisadi xüsusiyyətləri, istərsə də bu qəzalara edilən hücumların vaxtı və şəraiti müsəlman əhalisinin əvvəlcədən qırğınlara məhkum olduqlarını göstərir.
Belə ki, Zaqafqaziya dəmir yolunun Göyçay qəzası ərazisindən keçməsi artıq yolboyu yerləşən stansiyaları və eyni adlı kəndləri - Sığırlı, Kərar, Kürdəmir, Qarabucaq, Müsüslü, Pirkənd, Bərgüşad, Ucar - Birinci Dünya müharibəsi başlanandan arası kəsilmədən hərəkət edən qatarların, xüsusilə hərbi və yük eşelonlarının “sərnişinlərinin” hücumlarına məruz qoyurdu. Bu dəmir yolunun ən mühüm qovşaq-nəqliyyat məntəqələrindən biri sayılan Kürdəmir stansiyası və eyni adlı kəndin sakinlərinin FTK-ya verdikləri ifadələrdən məlum olurdu ki, yerli ermənilərin müsəlmanlara münasibəti hələ 1918-ci il qırğınlarından çox əvvəl, erməni əsgərlərinin Birinci Dünya müharibəsi cəbhələrinə yollandığı zamandan dəyişməyə başlamış, Rusiyada çar monarxiyası devriləndən sonra isə xüsusilə kəskin hal almışdı. Cəbhəyə yollanan erməni əsgərləri dəmir yolu boyu stansiyalarda, o cümlədən Kürdəmirdə hər cür özbaşınalıqlar edir, müsəlmanlara məxsus dükan və mağazalardan istədikləri malları pulunu ödəmədən götürür, müqavimət gördükdə silah işlədir, müsəlmanların özlərinə və əmlaklarına xəsarət yetirir, kişilərin papaqlarını, bəzən özlərini qatardan atır, onları yer üzündən silməklə hədələyirdilər. 1916-cı ilin payızında Rusiya ordusu Qalisiya (indiki Qərbi Ukrayna) cəbhəsində almanlarla döyüşdə məğlub olaraq geri çəkilərkən erməni drujinalarının daxil olduğu qoşun hissələri Qafqaz cəbhəsinə göndərilməyə başlayır. Bu proses 1917-ci il Rusiyada fevral və oktyabr hadisələrindən sonra xüsusilə sürətlənir. Zaqafqaziya dəmir yolunun Azərbaycan ərazilərində yerləşən bütün stansiyaları Qafqaz cəbhəsinə yollanan əsgər dolu eşelonların hücumlarına məruz qalır. Silahlı erməni əsgərləri arasında fərarilik halları güclənir, “Daşnaksütyun” partiyasının və erməni milli komitələrinin yerli təşkilatları həmin əsgərləri hər biri ən azı üç silahla bu qəzaların, eləcə də qonşu Şamaxı qəzasının erməni kəndlərində toplaşmağa və “qarşıdakı böyük əməliyyatlara” hazırlaşmağa təhrik edir. Azərbaycanlı əhali ermənilərin məqsədyönlü şəkildə silah topladığını və erməni kəndlərinə daşıdığını müşahidə edir. Kürdəmirdə yerləşən çar ordusu hərbi qarnizonu 1917-ci il fevral inqilabından sonra dağıldıqdan sonra ermənilər qarnizonun silah-sursat anbarını ələ keçirməyə nail olurlar. Şamaxı və Kürdəmirdəki Azərbaycan milli komitələrinin nümayəndələri bu hadisədən xəbər tutub həmin anbardan silah oğurluğunun qarşısını almağa çalışsalar da, buna yalnız qismən nail olurlar. Kürdəmirdə erməni Aqriyevin konyak zavodunda baş verən kiçik bir partlayışdan sonra məlum olur ki, bu zavodda patron və güllə buraxılır, spirt adı ilə gətirilən çəlləklərdə isə barıt və silah daşınır. Zavodda hazırlanan və yığılan silah və sursat isə artıq açıq şəkildə ətrafdakı erməni kəndlərinə paylanır. 1917-ci il Rusiyada bolşevik çevrilişindən sonra artıq öz silahları ilə birlikdə cəbhədən qayıdan erməni əsgərləri Sığırlı, Qarabucaq, Kərar, Kürdəmir stansiyalarında qatardan düşərək müxtəlif yollarla kütləvi şəkildə Şamaxı və digər qonşu qəzaların erməni kəndlərinə yollanır. Şamaxı qəzasının Mədrəsə kəndi erməni hərbi birləşmələrinin baş qərargahına çevrilir.
Az sonra Kürdəmir və digər qəsəbə məntəqələrində, yaxud qarışıq kəndlərdə yaşayan erməni əhali birdən-birə öz evlərini satmağa, Bakıya və ya erməni kəndlərinə köçməyə başlayır. Bütün bunlar ermənilərin ən ciddi surətdə hərbi əməliyyatlara hazırlığından xəbər versə də, qəzaların müsəlman əhalisi, onlara edilən hədələrin müqabilində belə bu silahların onlara qarşı yönələcəyinə hələ də inanmaq istəmir.
Yalnız 1918-ci il martın sonlarında, Bakıda və Şamaxıda eyni vaxtda başlanan qırğınlardan sonra ermənilərin məqsədləri artıq tam aydınlığı ilə üzə çıxır. Şamaxıya ilk hücumdan sonra şəhəri tərk etmiş sakinlərin böyük bir hissəsi Kürdəmirə və Göyçay qəzasının ətraf kəndlərinə pənah gətirir. Şamaxıya hücumun dördüncü günü Gəncədən şamaxılıların köməyinə gələn İsmayıl Xan Ziyadxanovun atlı dəstələri erməniləri izləyərkən Kürdəmirdə zavod sahibi erməni Aqriyevin evində 1350 ədəd tüfəng aşkar edir və onların bir hissəsi yerli sakinlərə paylanır. Lakin Bakıdan S.Lalayevin və T.Əmirovun başçılıq etdiyi 3 minlik hərbi birləşmələrin ağır silah-sursat karvanları ilə Şamaxıya hərəkət etdiyi barədə məlumat alan İsmayıl Xan qüvvələr nisbətinin qeyri-bərabər olması qarşısında itki verməmək üçün şəhəri tərk etməli olur və Şamaxı sakinlərinə də şəhərdən çıxmağı tövsiyə edir. Altı mindən artıq müsəlman əhali İsmayıl Xanın dəstələri ilə birlikdə ətraf qəzalara və kəndlərə dağılır. Lakin sonrakı üç günün sakit keçməsi ev-eşiklərini tələsik tərk etmiş şamaxılıların bir hissəsini aldadır. Üç mindən artıq insan təhlükənin sovuşduğunu düşünərək geri qayıdır. 1918-ci il 9-10 aprel tarixlərində Şamaxıya edilən ikinci hücum şəhərin tamamilə yandırılıb dağıdılması, şəhərdə qalmış bütün əhalinin, o cümlədən qadın, uşaq və qocaların hamısının vəhşicəsinə öldürülməsi ilə nəticələnir.
Bu
hadisələr qonşu qəzaların əhalisinə
ciddi xəbərdarlıq olur.
(ardı var)
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
tarix elmləri doktoru, professor
Azərbaycan.-
2017.- 30 mart.- S. 6.