1905-1906-cı illərdə azərbaycanlılara
qarşı törədilmiş soyqırımı “İrşad” qəzetinin səhifələrində
1905-ci ildə Rusiyada və onun istila etdiyi ölkələrdə baş verən gərgin siyasi hadisələr xalqımız üçün xüsusilə ağır oldu. Türk-müsəlman əhalisinin milli özünüdərkindən, öz haqqını, hüquqlarını tələb edəcəyindən ehtiyat edən çarizm Zaqafqaziyada hakimiyyətini qorumaq üçün milli münaqişəni alovlandırdı. Fürsətdən istifadə edən erməni millətçiləri, quldur “Daşnaksütyun” partiyasının üzvləri məkrli planlarını qəddarlıqla həyata keçirməyə başladılar.
Həmin ilin 17 dekabrında, “İrşad” qəzeti nəşrə başlayanda ermənilərin millətimizə qarşı törətdikləri soyqırımı barədə hər gün yeni-yeni xəbərlər yayılırdı. Bu milli qırğınlarda çar hökuməti açıq-açığına ermənilərin yanında idi. Bundan daha da cəsarətlənən ermənilər qarşılarına çıxan azərbaycanlı olan hər kəsi - qocaları, cavanları, uşaqları, qadınları amansızlıqla qətlə yetirir, obalarını talan edir, evlərinə od vururdular. Sağ qalanlar doğma yurd yerlərini tərk etmək məcburiyyətində olurdular.
Erməni-türk münaqişəsi haqqında yazılara “İrşad”ın səhifələrində geniş yer verilirdi. İrşadçılar məsələyə böyük həssaslıqla yanaşırdılar. Onlar hadisələrin səbəblərini və səbəbkarlarını o günlərin oxucularına tanıdarkən həm də tarix yazdıqlarını yaddan çıxarmırdılar. “İrşad”ın yazarları artıq ağır faciələri göz önündə olan və səngimək bilməyən erməni-türk münaqişəsi barədə həqiqətlərə yer verməklə bərabər, problemdən çıxış yollarını da göstərməyə çalışırdılar.
XX əsrin əvvəllərində baş verən milli münaqişədə çarizmin müstəsna “xidmətləri” olduğunu, hökumətdən hər cür yardım alan ermənilərin heç nədən çəkinmədiklərini də irşadçılar real faktlarla diqqətə çatdırırdılar. Ü.Hacıbəyli yazırdı: “Biz hökumətin ermənilər ilə bir yerdə müsəlmanları qırdığını görüb də belə güman ediyoruz ki, ermənilər hökuməti aldadıblar. Halbuki ermənilərə aldanan biz özümüzük. Hökumət isə öz politikasını işlədir. Fəqət bizim yuxarıda zikr edilən gümanımıza səbəb əvvəla ermənilərin hiyləkarlıqlarının bizə yəqinliyi və saniyən hökumətin açıq-açıqdan tərəfdarlığıdır.
Çünki bizim xəyalımıza gəlmiyibdir ki, hökumət bizə xəyanət edə bilər... Sadədil müsəlmanlar!.. İştə məlum olur ki, hökumət biz müsəlmanların sədaqətinə qarşı hər gunə xəyanət etməkdə heç bir şeydən çəkinmiyor. Buna dəlil odur ki, Şuşada olan zülm xüsusunda bizi danışmağa qoymuyorlar, dilimizi bağlıyorlar. Buna dəlil odur ki, Qafqazın bir guşəsi olan Qarabağın yepiskopu Aşot nam keşişin sözü ilə Qoloşçapovu Şuşaya göndərib də bütün Qafqazın Şeyxülislamının iltimasına qulaq vermiyib, o zalımı geri çağırmıyorlar və müsəlman tərəfindən olan etiraz və protestləri biəncam qoyurlar...” [Ü.Hacıbəyli: “Şuşa qırğınına dair”, “İrşad” qəzeti, 23 iyul 1906, ¹ 172].
Ü.Hacıbəylinin “Şuşa qırğınına dair” adlı həmin məqaləsində təsvir edilən o dövr Qarabağının tarixi mənzərəsi olduqca acınacaqlıdır: “Görünür ki, Qarabağın müsəlmanları qətliamə məhkum olubdurlar. Onları öldürürlər, yandırırlar, qarət edirlər. Bir dəm nəfəs almağa aman vermirlər.
Bu qətliamı icra etməgə göndərilmiş general Qoloşçapov vəzifeyi-zülmkaranəsini ifa etməkdə heç bir qüsur göstərmiyor. “Mədəniyyətli” ermənilər öz fikri-səqimlərini əmələ gətirməkdən ötrü yaxşı fürsət tapıbdırlar. Onlar iş görürlər. Gah provakatoru əldə alət ediyorlar, gah özləri provakatorun əlində alət olurlar və əksəriyyən provakator ilə bir yerdə iş görürlər”.
Ü.Hacıbəyli haqlı olaraq yazırdı ki, erməni-türk münaqişəsi, onun dəhşətli nəticələri ümumilikdə Qafqaz regionu üçün böyük bəlaya çevrilmişdir: “Ağır bir daş olub Qafqazın başına düşmüş bu erməni-müsəlman qırğını böylə davam edəcəkdirsə, görünür ki, gözəl vətənimiz ölüm, itim, qan ocağı olub bilaxir inqirazə üz qoyacaqdır. Qafqazda bu ixtişaş heç bir kəsi gərək şad etməsin. Bunun nəticələri bilaistisna hamıdan ötrü təhlükəlidir. Bu qanlı vuruşmaların son fəlakətli günləri hamının diriligini zəhərliyəcəkdir. Bunu hər kəs özünə gərək yəqin etsin və yəqin edib də görsün ki, bütün Qafqaz əhlinin bu erməni-müsəlman qırğınına qarşı ümumiyyət etibarı ilə göstərdigi qeydsizlik nə fəlakətli nəticələrə səbəb oldu və olacaqdır” [Ü.Hacıbəyli: “Qeydsizliyin nəticəsi”, “İrşad” qəzeti, 19 iyul 1906, ¹ 169].
1906-cı ilin fevralında Tiflisdə erməni-müsəlman sülh məclisi toplandı. Böyük ümidlər bəslənilən erməni-müsəlman məclisindən sonra qırğınlara son qoyuldumu? “İrşad” qəzetinin səhifələrindəki yazılardan oxuyuruq ki, vəziyyət bundan sonra da mürəkkəb olaraq qalır, ermənilər yeni faciələr törədirdilər. Şuşanın həmin faciəli günlərini Ü.Hacıbəyli belə təsvir edirdi: “Qarabağda, Şuşa şəhərində “sülh” olubdur. Hər kəs öz “işinə” məşğuldur. Məsəla: hakimin “işi” odur kimə hökm edib cəmaəti qırdırsın. Şuşa hakimi haman bu “işə” məşğuldur. Qoşunun “işi” odur ki, top və tüfəng atıb evləri darbadağın etsin. Şuşa qoşunu haman bu “işə” məşğuldur. Şəhər kişilərinin “işi” odur ki, evi-eşigi darbadağın olanda, qovm-qardaşı qırılanda əlini qoynuna qoyub naəlaclıqdan məzlum-məzlum durub baxsınlar. Şuşa şəhərinin kişiləri haman bu “işə” məşğuldurlar. Şəhərin arvadlarının “işi” odur ki, əri, qardaşı, oğlu öldürüləndə başını açıb, saçını yolub, şaxsey təpib ağız desinlər. Şuşa şəhərinin arvadları haman bu “işə” məşğuldurlar” [Ü.Hacıbəyli: “Ordan burdan”, “İrşad” qəzeti, 18 iyul 1906, ¹ 168].
Bəs, həmin vaxt İrəvanda vəziyyət necə idi? Ü.Hacıbəyli yazırdı: “İrəvanda dəxi “sülh və məsalət” bərqərardır, belə ki, hərçəndi müsəlmanlardan hər gün, günün günorta çağı bir-ikisini durduğu yerdə öldürürlərsə də, yenə də arada ədavət və düşmənçilik yoxdur. Buna da səbəb İrəvanın “sülh və saziş” komisyonu olubdur. Belə ki, bu komisyon bir gün keyfinin duru vaxtında söhbət üçün yığışıb deyibdir ki, gəliniz “barış oyunu” çıxaraq. Müsəlman cəmaəti bu “oyun”a uşaq kimi sevinib haman da bir “barışıq oyunu” çıxardıblar və bir qədər zarafat və lətifə sözlərdən sonra dağılıb bunu qərar qoyubdurlar ki, əgər o tərəfin adamı bu tərəfin adamından birisini öldürsə, heç işiniz yoxdur. Qatili tapıb tənbihə etmək lazım degil, qoyun özü bilsin! Ona görə “barış oyunu”nun sabahı günü ermənilər də “atəşbazlıq oyunu” çıxardıb, bu “oyun”a bir qədər rəng vermək üçün o saət bir-iki müsəlmanı da vurub öldürdülər ki, hamının xoşuna gəlsin və hamı da oyundan razı qalsın... Əlbəttə, hamı razı qalıb “oyunbaz”lara afərin oxuyubdurlar...”
“İrşad” qəzetində dərc olunmuş məqalələrdən də aydın görmək olur ki, XX əsrin əvvəllərində ermənilərin türklərə qarşı törətdikləri faciələrin ardı-arası kəsilmirdi. Erməni terroru Azərbaycanın əksər ərazilərini əhatə etmişdi. Daha bir bölgədə - Gəncədə baş verən hadisələri Ə.Ağaoğlu belə qələmə alıb: “Biçarə Gəncə! Bu keçən ildə vaqe olan erməni-müsəlman iğtişaşı şəhər əhalisində əsla halət qoymayıb!” [Ə.Ağaoğlu: “Mədrəsə və ruhaniyyə”, “İrşad” qəzeti, 23 may 1906, ¹ 120].
“Sevindilərmi?” adlı məqaləsində Ü.Hacıbəyli bildirirdi: “Şuşadan çəkilmiş teleqramlar şəhərin müdhiş və təhlükəli halını bildirirlər agentstvonun müsəlman ziddinə yazan və müsəlman başına gələn zülmləri həmişə gizlətməgə çalışan Tiflis agenti dəxi insaf məqamına gəlməyə bilmiyib yazıyor ki, şəhərin müsəlman hissəsi topa tutulubdur. Xüsusi müxbirimiz Ağdamdan yazıyor ki, şəhərdən əvvəlcə on iki və sonra da igirmi top səsi eşidildi. Şəhər dörd tərəfdən yanmaqdadır!..”
“Kömək məqamidir, qardaşlar!!” başlıqlı yazısında Ə.Ağaoğlu Qarabağ müsəlmanlarına zülm edildiyini bildirərək yazırdı: “Lakin ən böyük müsibət, ən yuzun yandırıcı cəfa və zülm Zəngəzur uyezdinin cəmaətinə oldu.
...Zəngəzur uyezdi dağıstan olduğundan dağlar arasında vaqe müsəlman kəndləri hər tərəfdən ermənilər ilə əhatə olunan şuriş əsnasında daşnaksütyunların və kazakların güllə və toplarından nə kömək gələcək yerləri oldu və nə qaçacaq bir məkanları”.
Zəngəzurda kəndlərin yerlə yeksan olduğunu, bacaranların ailəsini götürüb qaçdığını, bacarmayanların - qadın, uşaq, qoca, cavan - hər kəsin xəncərdən keçirildiyini, güllə qurbanı olduğunu qeyd edən Ə.Ağaoğlu qaçıb canlarını qurtaranların ölənlərə həsrət çəkdiklərini yazırdı. Çünki onlar birdəfəlik xilas olmuşdular, qalanlar isə hər dəqiqə, hər saniyə ölürdülər. Yurdlarını, evlərini, qohumlarının çoxunu itirən bu biçarələrin “daha ziraət etməgə də çarələri yoxdur” - deyə bildirən Ə.Ağaoğlu haray çəkirdi: “...İştə bu gün, qardaşlar, kömək vəqtidir!! Və ən əvvəlinci kömək gərək Zəngəzur əhalisinə olsun”. Ə.Ağaoğlu soydaşlarını bir-birinin dərdinə yanan, yardım göstərən ermənilərdən nümunə götürməyə səsləyirdi.
“Qarabağın övza və əhvalı” adlı məqaləsində isə o, 1906-cı ilin sentyabrında doğulub böyüdüyü Şuşa şəhərinə gedən yolları erməni yaraqlılarının bağladığını kədərlə bildirirdi: “On yeddi gün Ağdamda qalıb Qarabağda olan əhvalatı və general Qoloşçapovun rəftar və əmalinə dürüst xəbərdarlıq hasil edib azim olduq.
O günədək Ağdam ilə şəhərin əlaqəsi bağlı idi demək olar. Fəqət sahib-mənsəblər və qoşun böyügləri gəlib-gedirdilər. Qeyrilər isə cürət edib Əsgərandan keçə bilmiyordular.
Şəhərə azim olmadan qabaq general Qoloşçapova teleqraf ilə xəbər verdik və təhlükəni gözümüz qabağına alıb yola düşdük”.
Ə.Ağaoğlunun qeyd etdiyimiz məqaləsində bir fakta da rast gəlirik: ermənilər Xocalını XX əsrin əvvəllərində də yerlə yeksan etmişdilər. O, yazırdı: “Yetişdik Xocalı deyilən postxanəyə. Bu postxanənin adı yovuqluqda bir il bundan əqdəm mövcud olan müsəlman kəndinin adından əxz olunub. Lakin bu gün həman kənddən bir əsər də qalmıyıb, yurtları böylə itmiş. Kəndi ermənilər talan etmişlər”.
Problemlərdən biri də bu idi: baş verənlər dünyaya olduğu kimi deyil, ermənilərin xeyrinə çatdırılırdı. Çünki ermənilər və onların tərəfdarları daha fəal təbliğat aparırdılar. Bu məsələdə, şübhəsiz ki, ən çox canfəşanlıq göstərən ermənilərin özləri idi. Onlar yalandan, böhtandan çəkinmirdilər. Buna misal olaraq yenə Ü.Hacıbəylinin yazdıqlarına istinad edək: “İştə ermənibaz qəzetələrdən “Qafqaz” böylə yazıyor ki, Şuşada İrəvan qapılarının dalında Qarabulaq kəndində müsəlmanlar bir erməni öldürübdürlər! Mən onu-bunu bilmiyoram, ancaq bunu diyirəm ki, Şuşada İrəvan qapıları ilə erməni Qarabulaq kəndinin arası əqəllən əlli verstdir və bu ara böyük və uca dağlar ilə doludur. İndi belə məlum olur ki, haman ermənini öldürən müsəlmanların tüfəngləri öylə bir uzaq sürən imiş ki, qabaqda qalxan kimi duran dağları deşib-keçib və əlli verst yol gedib ondan sonra Qarabulaqda bir erməniyə dəyib öldürübdür! Öylə isə, görünür ki, müsəlmanların bu tüfəngləri tazə çıxma imiş, yoxsa “Qafqaz” özü də yaxşı bilir ki, hərgah bu cürə tüfəng onlarda olsaydı, o surətdə “pəhləvan” Kuropatkin Port-Arturda oturub bu cürə tüfəng ilə yapon paytaxtı Tokionu çoxdan güllələmiş olardı”.
1905-1907-ci illərdə Zaqafqaziyada baş verənlərə erməni-türk qarşıdurmasına nə ad vermək olar? Ü.Hacıbəyli bu suallara ən doğru cavabı, fikrimizcə, “İrşad” qəzetində verirdi: “Bu şuriş degil. Buna ixtişaş adı qoymaq olmaz. Bu davadır şərr baqaidə icra olunan bir müharibədir ki, burada bir tərəfin məqsədi digər tərəfi məhv və nabud, digər tərəf isə özünü axırıncı qan damcısını qalanadək müdafiə etməkdir”.
Qeyd edək ki, “İrşad” qəzetinin əsas məqsədi yalnız müxtəlif janrda yazılmış əsərlər vasitəsilə millətin başına gətirilən faciələr, erməni daşnaklarının qəddarlığı, çarizmin siyasi oyunları və digər problemlər haqqında oxucuları məlumatlandırmaq deyildi. İrşadçılar ermənilərin törətdikləri sıyqırımının qarşısının alınması, sülh bağlanılması istiqamətində böyük işlər görürdülər. Bu qəzetin baş redaktorunun adı doğma millətinin müdafiəçisi kimi həm ermənilərə, həm də çar məmurlarına yaxşı məlum idi. Ə.Ağaoğlu təkcə kəsərli sözü, iti qələmi ilə mübarizə aparmırdı. Millətinin ağır günlərində o, “Difai” özünümüdafiə təşkilatı yaratdı. Bu təşkilat ermənilərin və çarizmin zülmlərindən cana doyan müsəlmanların haqqı uğrunda mübarizəyə qalxanları sıralarında birləşdirdi.
Təəssüfedici məqamlardan biri də budur ki, biz öz tariximizdən ibrət almağı bacarmırıq. XX əsrin əvvəllərində baş verən faciələr elə həmin yüzillikdə dönə-dönə təkrar olundu və sonunda torpaqlarımızın ermənilər tərəfindən işğal olunması, soydaşlarımızın yurdlarını, doğmalarını itirmələri ilə nəticələndi. “İrşad” qəzetində Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə və başqalarının yazılarında verilən faktlara, uzaqgörənliklə gəldikləri nəticələrə, bizə, yəni öz gələcək nəsillərinə xəbərdarlıqlarına əhəmiyyət verməməyimizin cəzası ağır oldu. Soydaşlarımız XX əsrdə dönə-dönə erməni soyqırımına məruz qaldı.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2017.- 30 mart.- S. 6.