GöyçayCavad qəzalarında erməni vəhşilikləri

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

Şamaxı qırğınları zamanı qəzanın malakan əhalisinin də dəstəklədiyi erməni hərbi birləşmələri yalnız şəhəri deyil, 110 müsəlman kəndini də yandırıb əhalisini qırdıqdan, yaxud qaçmağa sövq etdikdən sonra Bakı Soveti tərəfindən erməni və malakan kəndlərində sovet hakimiyyəti adı altında bir idarə sistemi yaradılmasına cəhd edilsə də, əslində, bölgəyə nəzarət tamamilə erməni silahlılarının əlinə keçir. Aprel-may aylarında bu qüvvələr artıq bütün ətraf qəzaların müsəlman kəndlərini hədəfə alır. Göyçay, Cavad, Ərəş, Nuxa qəzalarının yolları və müsəlman kəndləri mütəmadi olaraq ayrı-ayrı erməni hərbi dəstələri və erməni kəndlərindən edilən silahlı hücumlara məruz qalır, yerli cəmiyyətlərin az-çox təmin etdiyi əmin-amanlığa son qoyulur.

Göyçay qəzasının ən mühüm yaşayış və işgüzar mərkəzi sayılan Kürdəmir qəsəbəsi, eləcə də eyni adlı kənd ilk olaraq ermənilərin hücumuna məruz qalır. Qeyd edilməlidir ki, həmin dövr iri dəmiryol qovşağı olan Kürdəmir stansiyasının yanında 200 evdən ibarət böyük ticarət qəsəbəsi salınmışdı və burada Şamaxı, Göyçay, Kürdəmir və Bakının tanınmış tacirlərinin evləri və iri ticarət tikililəri - mağazalar, anbarlar, dükanlars. var idi. Stansiyadan 3 kilometr aralı yerləşən, Göyçay qəzasının ən böyük və zəngin müsəlman yaşayış məntəqəsi sayılan 2 min evlik Kürdəmir kəndinin əhalisi isə əsasən üzümçülük, bağçılıq və pambıqçılıqla məşğul idi. İstər ticarət mərkəzi kimi Kürdəmir qəsəbəsinin, istərsə də Kürdəmir kəndinin iqtisadi baxımdan vəziyyəti olduqca yüksək, əhalinin həyat tərzi isə çox firavan idi. Təsadüfi deyil ki, ermənilər ilk növbədə Kürdəmiri dağıtmağa, onun ictimai baxımdan daha fəal olan cəmiyyətini zərərsizləşdirməyə qərar verirlər.

Şamaxı qırğınlarından sonra özlərini müdafiə etmək üçün müəyyən hazırlıqlar görmüş Kürdəmir kənd əhalisi çoxsaylı silahlı erməni dəstələri qarşısında cəmi bir neçə saat davam gətirə bilir, daha sonra ailələri ilə birlikdə qaçmağa məcbur olurlar. Ermənilər rastlarına çıxan insanları öldürdükdən, evləri və təsərrüfatları talan etdikdən sonra erməni kəndlərinə çəkilirlər. Stansiyada və kənddə pusqular qoymuş və yaranmış vəziyyəti izləyən azərbaycanlılar, əsasən ailə başçılarının böyük əksəriyyəti bir neçə gündən sonra yenidən Kürdəmirə qayıdır, qarət və talan edilmiş evlərində yaşamağa və yerdə qalan əmlakı qorumağa çalışır. Bu hücumların davam edəcəyini anlayan azərbaycanlı xadimlərin Bakıdan, Gəncədən, Tiflisdən yardım almağa yönəlmiş addımları elə bir ciddi nəticə vermironlar yenidən öz qüvvələri ilə silahlanmağa və müqavimət göstərmək üçün hazırlığa başlayırlar. Bütün bu müddətdə qəzanın Azərbaycan kəndləri erməni kənd sakinlərinin silahlı hücumuna məruz qalır, Kürdəmirdən kəndlərə köməyə gedən 30-50 nəfərlik atlı dəstələr ermənilərlə atışmalara girərək azərbaycanlıları talan və qırğınlardan qorumağa çalışır.

İyun ayının ortalarında kürdəmirlilər Bakıdan dəmir yolu ilə erməni qoşunlarının gəldiyi haqqında məlumat alırlar. Gözlənilən hücumun qarşısını almaq üçün tüfəng və tapançalarla silahlanmış yerli sakinlər dəmiryol hərəkətini tənzimləyən vasitələri, qurğu və hətta körpünü yandıraraq ən azı vaxtı uzatmaq, qəsəbə və kəndlərdəki ailələrin qaçması üçün vaxt qazanmağa cəhd edirlər. Lakin güclü top atəşləri qarşısında nəzərdə tutulan müdafiə tədbirlərini başa çatdırmaq mümkün olmur.

İyun ayının 14-də Göyçay qəzasının kəndləri, o cümlədən Kürdəmir stansiyası və kəndi artıq “bolşevik qoşunları” adı altında və əsgər paltarında hərəkət edən erməni nizami dəstələrinin güclü hücumuna məruz qalır.

Əslində, iyunun 10-da Bakıdan hərəkət etmiş 12 minlik Qırmızı ordu həmin dövr Azərbaycan milli qüvvələrinin mərkəzi sayılan Gəncəyə istiqamət götürmüşdü. 1918-ci il 28 may tarixində öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakı şəhəri bolşevik-erməni qüvvələri tərəfindən işğal edildiyi üçün AXC hökuməti bu dövr Osmanlı dövlətindən hərbi yardım almaq barədə danışıqları artıq başa çatdırmışdı. Nuru paşanın rəhbərliyi altında 300 nəfərlik zabit heyəti Gəncəyə yetişərək Azərbaycan hərbçiləri ilə birlikdə Azərbaycan nizami ordu dəstələrinin formalaşdırılması və işğal olunmuş ərazilərin düşməndən azad edilməsi tədbirlərini hazırlayırdılar.

Azərbaycan-türk qoşunlarının hərbi əməliyyatlarını qabaqlamaq, Gəncəni ələ keçirərək “xan-bəy” hökuməti adlandırdıqları Azərbaycan milli qüvvələrini darmadağın etmək və bütün ölkə ərazisində sovet hakimiyyəti qurmaq məqsədilə hərəkət edən XI Ordu, əslində, fəhlə-kəndli sinfinin “təmsilçisi” kimi yol boyu yerləşən Azərbaycan yaşayış məntəqələrinin dinc, əsasən kəndli əhalisinə toxunmamalı idi.

Lakin yeni hakimiyyətin - Bakı Sovetinin, Şaumyan başda olmaqla, erməni rəhbərlərindən tamamilə başqa məzmunlu əmrlər alan və 70 faizi erməni əsgər və zabitlərindən ibarət olan bu ordu heç də “sinfimaraqlardan deyil, özmilli və düşmənçilik” maraqlarından çıxış edərək ayaq basdığı bütün Azərbaycan torpaqlarında kütləvi müsəlman qırğınlarına rəvac verir.

Kürdəmir sakinlərinin üç günlük müqavimətini qıraraq qəsəbəyə girən “əsgər geyimli” erməni dəstələri burada ağlagəlməz vəhşiliklər törədir, rəhm olunacağına ümid bəsləyərək evlərini tərk etməmiş şikəst və qoca insanlardan, uşaq və qadınlardan tutmuş rastlarına çıxan hər kəsi öldürür, diri-diri evlərində yandırır, azərbaycanlılara məxsus evləri, dükan, mehmanxana, dəyirman, anbar və digər ictimai binaları, tikililəri dağıdır, əmlaklarını qarət, təsərrüfatlarını talan edirlər. Kürdəmirdəki 2 məscid içindəki əmlakı ilə görünməmiş təhqirlərə məruz qalır, yerli imamın evi dağıdılaraq İslam dini tarixi və Quranın təfsirinə həsr edilmiş zəngin kitabxanası məhv edilir, Quranın səhifələri isə cırıq-cırıq edilərək erməni əsgərləri tərəfindən nalayiq məqsədlər üçün istifadə olunur.

Son nəticədə Kürdəmir kəndində 56 evdükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülklər dağıdılır, talan və qarət edilir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr alır. FTK-nın sənədlərində “rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında” Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir.

Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalır və insan tələfatı ilə üzləşirlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdi.

Qonşu Cavad qəzasının kəndlərinin aqibəti də eyni olur. Aprel ayının əvvəllərindən başlayaraq erməni silahlıları bolşevik bayrağı altında qəzanın müsəlman kəndlərinə hücumlar edərək sovet hakimiyyəti qurmaq bəhanəsi ilə kəndləri dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət edirdi. Əgər Göyçay qəzasında genişmiqyaslı qırğınlar törədən çoxsaylı erməni qoşunları qəzaya əsasən dəmir yolu vasitəsilə gəlirdilərsə, Cavad qəzasında erməni silahlı hissələri Hacıqabul stansiyasında qatardan enərək qayıq və bərələrdə Kür boyu hərəkət edir və ən əvvəl çaysahili Azərbaycan kəndlərinə girirlər. Təsadüfi deyil ki, ilk olaraq ermənilərin hücumuna Cavad qəzasının Ərəb-Şahverdi (Zubovka) və Hilə-Mirzəlikənd məntəqələri məruz qalır.

Gözlənilmədən sübh erkən toppulemyot atəşləri ilə Ərəb-Şahverdi kəndini mühasirəyə alan erməni əsgərləri sakinlərin təlaş və çaşqınlığından istifadə edərək heç kəsə aman vermədən mümkün qədər çox insan qırmağa çalışırlar. Özünü itirmiş kənd sakinləri təşviş içində kəndi tərk etməyə çalışaraq Kür çayına üz tuturlar. Özlərini bərəyə çatdıran və Kürün o biri sahilinə keçməyə macal tapan insanlar xilas olurlar. Lakin körpə uşaq və qocalarını öz arxasınca sürüyərək yolda qalan sakinlərin çoxu onları təqib edən erməni əsgərlərinin qurbanı olur. Ərəb-Şahverdi kəndinin Kür çayının ətrafındakı yarğanların birində gizlənən 37 sakini qadın və uşaqlarla birlikdə əvvəlcə xəncərlə doğranır, daha sonra güllə ilə öldürülür. Eyni vəhşiliklə kəndin özündə qalanqaçmağa macal tapmayan sakinlər də qətlə yetirilirlər. Kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etdikdən sonra ermənilər türk qoşunları gələnə qədər burada qalır, kənddən çıxarkən 44 evi tamamilə yandırır, qalan mülkləri isə dağıdırlar. Kənd məscidi də uçurulur, içindəki bütün əmlak və müqəddəs kitablar məhv edilir.

Hilə-Mirzəlikəndin də qaça bilməyərək bayraq qaldırmış 28 sakini - 17 kişi, 7 qadın və 4 uşaq erməni əsgərləri tərəfindən əvvəlcə güllələnir, sonra meyitləri yandırılır. Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndləri ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılır və yandırılır, əhalisi isə görünməmiş vəhşiliklərə və təcavüzə məruz qalır.

Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Erməni əsgərlərinin kəndə hücumu zamanı Sürəyya qucağındakı körpə qızı, 9 və 6 yaşlı iki qardaşı və digər həmkəndliləri - Ənnanə,Tubu və körpə qızı ilə birlikdə Qönçə adlı üç gənc qadın və Ağakişi İbadulla adlı qonşuları ilə kənddən qaçaraq kiçik təpələrin arxasında gizlənsələr də, təqibdən qurtula bilmirlər. Səkkiz erməni əsgəri onları yaxalayaraq gənc qadınları zorlamaq istəyir. Ağakişinin qadınları müdafiə etməsindən qəzəblənən ermənilər onlara durmadan atəş açır və hamının qan içində yıxıldığını görərək çıxıb gedirlər. Sol çiynindən, sağ əli və ayağından yaralanan Sürəyya az sonra özünə gəlir, qucağındakı körpəsinin, iki qardaşının və Qönçənin uşağının da sağ qaldığını, qadınların və Ağakişinin isə öldüyünü görür. Az sonra həmin ermənilər yanlarında dörd müsəlman kişi ilə yenidən qayıdırlar və kişiləri elə oradaca güllələyirlər. Daha sonra Sürəyyanın qucağındakı körpəni süngü ilə, qardaşlarını və Qönçənin uşağını isə güllə ilə vuraraq öldürürlər. Sürəyyanın ermənilərin ayağına düşərək onu da öldürmələri barədə yalvarışlarına ermənilər “səni sağ qoyuruq ki, müsəlman qardaşların səni bu vəziyyətdə görsünlər” deyə cavab verib gedirlər.

Fövqəladə Təhqiqat Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmişbaşqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsitibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil edirlər.

Azərbaycan qəzalarının düşməndən azad edilməsi yalnız 1918-ci ilin yayında bolşevik-daşnak Qırmızı ordu qoşunları ilə türk və azərbaycanlı hərbi hissələrdən ibarət Qafqaz İslam Ordusunun Göyçay qəzası ərazisində, Qaraməryəm kəndi yaxınlığında baş verən və hər iki tərəf üçün çox gərgin keçən döyüşlərdən sonra başlanır. Bütün ağırlığına və verilən itkilərə baxmayaraq, məhz Qaraməryəm vuruşları Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən müharibənin gedişini azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olur və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoyur. Göyçay ərazisində başlayan zəfər yürüşləri 1918-ci il sentyabrın 15-də müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad olunması ilə başa çatır.

1918-ci ilin payız aylarında Cavad qəzasının da yuxarıda adları çəkilən bir çox kəndləri azad olunur. Bu qəzanın qırğınlara məruz qalmış bir sıra digər yaşayış məntəqələri bolşevik, malakan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə saxlanıldığı üçün sonrakı aylarda Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində tədricən düşməndən təmizlənir.

Burada daha bir məqam nəzərə çatdırılmalıdır ki, AXC hökumətinin azərbaycanlı əhaliyə qarşı bolşevik bayrağı altında erməni quldur dəstələrinin törətdikləri qırğınları təhqiq etmək üçün 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında GöyçayCavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər bu sətirlərin müəllifi tərəfindən Parisdə, Əli Mərdan bəy Topçubaşovun arxivində aşkar edildikdə məlum olmuşdur ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin fotoşəkillərlə yanaşı FTK-nın Bakı, Şamaxı, Quba, GöyçayCavad qəzalarına dair istintaq materiallarının bir hissəsini də Fransaya, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə göndərmişdir. Beləliklə, GöyçayCavad qəzalarının yalnız Parisə göndərilən sənədləri - əsasən qırğınlara məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il faciələri haqqında məlumat əldə etmək mümkün olmuşdur. Parisə göndərilmiş materiallar arasında həmin qəzaların əhalisinə vurulmuş insanimaddi itkiləri əks etdirən aktların olmaması öldürülmüş insanların və dəymiş zərərin ümumi sayını və miqdarını müəyyənləşdirməyə imkan verməsə də, əldə edilən sənədlər Azərbaycanın regionlarında bolşevik bayrağı altında cinayətlər törədən erməni millətçilərinin əsas hədəfinin bütünlükdə Azərbaycan xalqı olduğunu bir daha sübut edir. Bölgələrdə dinc əhaliyə - mahiyyət etibarilə Azərbaycan kəndlilərinə qarşı həyata keçirilən soyqırımı aktları eyni zamanda həmin hadisələri istər öz zamanında, istərsə də bu gün guya sırf hakimiyyət uğrunda aparılan vətəndaş müharibəsi kimi qələmə verməyə yönəlmiş bütün iddiaların tam əsassızlığını göstərir.

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2017.- 31 mart.- S. 6.