Tariximizə işıq salan sənəd

 

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı erməni vandalizminə verilən ilk dolğun hüquqi-siyasi qiymətdir

 

Qonşu dövlətlərin ərazilərinə göz dikən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar.

Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini “milli mübarizə” amalına çevirərək dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim “erməni məsələsi”ndən öz məqsədlərinə uyğun şəkildə istifadəyə çalışmışlar.

 

Milli yaddaşımızın qorunmasına xidmət edən fərman

 

Mart ayının 31-i respublikamızda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da, bir növ, proqram sənədidir. Fərmanda göstərilir ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd edilir ki, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib bu torpaqlarda erməni dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur”.

2010-cu ildə Gürcüstan tarixçisi Quram Marxuliyanın rus dilində “Ermənilər Ermənistan axtarışında” kitabı nəşr olunub. Tarix elmləri doktoru, professor Boris Kvarastxeliyanın kitaba yazdığı ön söz “erməni məsələsi”ni öyrənmək, bütün dövrlərdə olduğu kimi, indi də onun “aktuallığı”nı anlamaq, bilmək baxımından olduqca maraqlıdır: “...Əsas məqsəd “erməni məsələsi” adlanan məsələni olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır”. Müəllif saxta, uydurma Ermənistan tarixinin dolaşıq, əyri-üyrü cığırları ilə hərəkət edərək Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasındakı hadisələr və onunla əlaqədar baş verən tarixi proseslər barədə erməni alimlərinin köhnə stereotiplərini vurub dağıdır.

 

Mart soyqırımı - erməni vandalizmi

 

1905-1907-ci illərdəki Rusiya inqilabı zamanı yaranan qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədərək 75 azərbaycanlı kəndini talan etdilər. Həmin inqilabdan sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam edirdi. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin “böyük Ermənistan” iddiası üçün şərait yaratdı.

1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalinin həmin ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhali köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, sonra Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.

1917-ci ilin dekabrında da Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə divan tuturdular. Nəticədə 1918-ci ilin martınadək İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdu.

Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə “Türkiyə Ermənistanı” yaratmaq səlahiyyəti verilmişdi. Birinci Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.

1918-ci il martın 30-da səhər tezdən erməni bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilmişdi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək törədilən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində xalq cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələri tərəfindən törədilən dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Ermənilər isə dünyaya səpələnmiş diaspor təşkilatları vasitəsilə, habelə Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət vermişlər.

 

Terror Ermənistanda dövlət siyasətidir

 

Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin əsasında da məhz bu ərazinin müəyyən bəhanələrlə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi dayanır. 1988-ci il fevralın 20-də ermənilərin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qeyri-konstitusion qərar verməsi, eləcə də SSRİ rəhbərliyinin bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmağa çalışması ilə Azərbaycan zorla hərbi münaqişəyə cəlb edilmişdir.

Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror aktlarının başlıca hədəfi də təcavüzkar separatçılıq vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Ermənistanın soyqırımı və terror siyasəti nəinki Qafqaz bölgəsində sabitliyi pozur, eləcə də Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan və b. dövlətlərin milli maraqlarını təhdid edir. XX əsrdə Azərbaycan ərazilərinin ilhaqı məqsədilə terrorizmi və separatizmi özünə başlıca vasitə kimi seçən və dövlət səviyyəsində dəstəkləyən ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistana və Qarabağ separatçılarına gedib çıxan 373 terror aktı törətmişlər. Nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların əksəriyyətini qadınlar, uşaqlar və qocalar təşkil edir. 1988-ci ildən etibarən bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrində erməni separatçıları tərəfindən törədilən və minlərlə dinc insanın - müsəlmanın, türkün məhvi ilə nəticələnən çoxsaylı terror aktlarına yanaşmada “ikili standartlar” ciddi narahatlıq doğurur.

Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi” və digər terror təşkilatlarının fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq vermiş, yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, maliyyə dəstəyi göstərmişlər. 1983-cü ilin iyun ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 50-dək insanın yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu V.Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

“Məşhur” terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs olunmuş M.Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş, terror fəaliyyətini davam etdirməsi üçün Dağlıq Qarabağa göndərilmiş, Xocavənd döyüşlərində məhv edilmişdir.

1992-ci il fevralın 26-da ermənilər Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çoxlu sayda azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsı ilə nəticələnmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir. Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər dinc, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

 

Soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır

 

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş hərəkətlərə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların sağlamlığına və ya əqli qabiliyyətinə zərər vurma, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, qrupun qəsdən tam və ya qismən fiziki məhvinə gətirib çıxaracaq həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, uşaqları bir insan qrupundan zorla başqasına keçirmə. Bunlardan hər biri hadisənin soyqırımı kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından 1918-ci ilin mart hadisələri, habelə Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin 1996-cı il 31 may tarixli “Genosid siyasətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunu da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu qanunla respublikamız BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli Konvensiyasına qoşulmuşdur. Milli Məclisin Xocalı faciəsinin 15 illiyi ilə bağlı qərarında isə ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı və terror siyasəti yürütdüyü birmənalı qeyd olunmuşdur: “Xocalı faciəsi son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər”.

31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər daha çox görülüb. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Quba şəhərində belə bir kompleksin inşası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır.

Heydər Əliyev Fondunun milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündəki fəaliyyəti də ermənilərin apardığı məkrli təbliğatın qarşısını alır. Bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusu və onların CD, DVD variantlarının bir çox ölkələrdə paylanılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biridir.

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları Avropanın 15 dövlətində keçirilən anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Zəngin faktlar və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Müasir dövrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir. Əks təqdirdə terror təhlükəsi daha ciddi nəticələrə gətirib çıxara bilər. Son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər də Ermənistanın işğalçılıq siyasətini pisləyərək münaqişənin respublikamızın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında həllinin vacibliyini önə çəkiblər. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev isə ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın güc variantından istifadə edəcəyini bəyan edib.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 31 mart.- S.1, 5.