İlham Əliyev “ağ qızıl”ın
qara günlərinə son
qoydu
Yurdumuza bahar gəlib. Torpaq oyanır, çöllər, yamaclar zümrüd libasa bürünür. Alça, ərik, şaftalı ağacları başına əlvan çiçəklərdən çətir tutaraq təbiətin nazlı gəlini baharın pişvazına çıxır. Ancaq oyanan, canlanan yalnız təbiət deyil. Qayğıları, qarı, şaxtası ilə bizləri sınağa çəkən qışı arxada qoyan insanların da qırışığı açılır, üzlərinə təbəssüm qonur. Ürəklərin bolluq, bərəkət arzusu bahar selləri kimi coşub-çağlayır.
Ağcabədi kəndlisi də taleyini bağladığı torpağın görüşünə yenə min bir həvəslə çıxıb. Aranın bərəkət boğçası olan rayonun təsərrüfatlarında yaz-tarla işlərinə başlanıb. Hər zaman dövlətin dəstəyindən bəhrələnən rayon sakinlərinin halal zəhmətlə, alın təriylə yoğrulan arzuları yenə bolluğa, firavanlığa köklənib. Bol məhsula etibarlı bünövrənin məhz yaz-tarla işləri zamanı qoyulduğunu doğru-düzgün dəyərləndirən bölgə əhalisinin atdığı hər addım inamlıdır. Qeyri-neft sektorunun inkişafını prioritet vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair Saatlıda keçirilən respublika müşavirəsində demişdir: “Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki daha da fəal iş aparılacaqdır”.
Dövlət başçısının qarşıya qoyduğu vəzifələr, tapşırıq və tövsiyələr Ağcabədi rayonunda konkret fəaliyyət proqramı kimi qəbul edilir, bütün qüvvələr səfərbər olunaraq ölkənin ərzaq təhlükəsizliyinə sanballı töhfələr vermək uğrunda mübarizəyə yönəldilir. Aydın məqsədlə, inamla atılan hər addım bolluğa aparan yolu bir az da qısaldır, uğurlu nəticələr verir.
Pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Ağcabədi kəndlisinin bu sahədə zəngin təcrübəsi var. Hələ sovet dönəmində Ağcabədi respublikanın iri pambıqçılıq rayonlarından sayılırdı. Təəssüf ki, müstəqillik illərində bu gəlirli sahə uzun müddət unudularaq arxa plana keçdi. Xüsusilə AXC-Müsavat iqtidarının pambığa olan laqeyd münasibəti aqrar sektorda strateji əhəmiyyətə malik bu gəlirli sahəni, demək olar ki, iflic etdi. Yalnız keçən ilin aprelində Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadda keçirilən müşavirədə pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr bu sahənin dirçəldilməsinə start verdi.
Bu il martın 28-də Saatlıda keçirilən müşavirə isə sözügedən sahənin inkişafının davamlı olacağını sübut etdi.
Dövlət başçısının həmin müşavirədə pambığın şöhrətini qaytarmaq üçün başlanan tədbirləri davam etdirmək barədəki çağırışı bu dəfə də Ağcabədidə rəğbətlə qarşılandı. Keçən il rayonun kənd əməkçiləri 3661 hektar sahədə pambıq əkmişdilər. Havalar əlverişsiz keçsə də, çəkilən zəhmət hədər getmədi, 8852 ton pambıq istehsal olundu. Hər hektarın məhsuldarlığı 24,2 sentnerə çatdı ki, bu da ölkə üzrə yüksək göstəricilərdən biri idi.
Dövlət başçısı pambıqçılıq üzrə keçən il Azərbaycanda əldə olunan nailiyyətlərə Saatlı müşavirəsində belə qiymət vermişdir: “Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur... Keçən il qısa müddət ərzində... bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur”.
Dövlətin qayğısı, dönüş ilinin ilk uğurlu nəticələri Ağcabədi pambıqçılarına bu il də qol-qanad verib. Yol zirvəyə doğru, məqsəd bolluğadır. Cari il pambıq əkini sahələrini genişləndirərək 8000 hektara çatdırmaq nəzərdə tutulub. Bunun üçün keçən ilin payızından zəruri hazırlıq işləri görülüb. Mütəxəssislərin iştirakı ilə pambıq əkiləcək sahələr müəyyən edilib, torpaq sahibləri ilə maarifləndirici söhbətlər aparılıb. Tələb olunan aqrotexniki tədbirlər - dondurma şumu, qış aratı, sahələrə üzvi və mineral gübrələr verilməsi vaxtında və keyfiyyətlə həyata keçirilib.
Yaz-tarla işlərinə mütəşəkkilliklə başlandığı bu günlərdə səpin və becərmə texnikasının təmiri davam etdirilir, su arxları qaydaya salınır, suvarma qurğuları hazır vəziyyətə gətirilir. Artıq çiyid səpininə sayılı günlər qalır. Rayonda fəaliyyət göstərən pambıq zavodları builki səpində istifadə etmək üçün yüksək məhsuldarlığa malik pambıq sortlarının çiyidini aqrotexniki tələblərə uyğun olaraq dərmanlayıb səpin üçün hazır vəziyyətə gətirib.
Dövlət başçısı aqrar sektorun yeni inkişaf istiqamətlərini müəyyən etməklə yanaşı, zəruri qayğı və diqqətini də əsirgəmir. Keçən il əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə Ağcabədinin 14416 torpaq istifadəçisinə dövlət büdcəsindən 3665 min manat subsidiya verilmiş, təkrar əkinlərə görə 25.486 manat subsidiya ayrılmışdır. Dövlətin qayğısından danışarkən heyvandarlara göstərilən yardımı da qeyd etmək lazımdır. Rayonun təsərrüfatlarında süni mayalanma yolu ilə alınmış 2849 baş cins buzovun hər birinə 100 manat hesabı ilə subsidiya verilməsi üçün sənədlər Kənd Təsərrüfatı Nazirliyinin müvafiq komissiyasına göndərilmişdir. Kənd adamına qayğı və diqqətin bir göstəricisi də onlara müxtəlif təyinatlı kreditlərin verilməsidir. Rayon sakinləri 2016-cı ildə Ağcabədidə fəaliyyət göstərən bank filialları və bank olmayan kredit təşkilatları tərəfindən 4 milyon 107 min manat kredit almışlar.
Rayonda baramaçılığın da inkişafı diqqət mərkəzindədir. Keçən il rayonun kümçüləri 80 qutu ipəkqurdundan 3675 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək “Şəki ipək” ASC-yə təhvil vermişlər. Qazanılan nailiyyətdə Ağcabədi şəhər, Hindarx qəsəbə, Şənlik, Muğanlı, Şahsevən, Təzəkənd, Qaraxanlı, Sarıcalı kənd baramaçılarının payı daha çoxdur. Bu il rayonda barama istehsalını 15 tona çatdırmaq nəzərdə tutulub. Bu məqsədlə hazırlıq işləri görülmüş, etibarlı yeni baza yaradılmışdır. Tut ağacları aqrotexniki qaydalara uyğun olaraq budanmış və 73.700 ədəd yeni ting əkilmişdir ki, bunun da 50 min ədədi Çin Xalq Respublikasından gətirilmişdir.
Ümumiyyətlə desək, Ağcabədi kəndlisi üçün 2016-cı il uğurlu olmuşdur. Keçən il 815 hektar sahədə şəkər çuğunduru, 185,5 hektar sahədə kartof, 1184 hektar sahədə tərəvəz, 523 hektar sahədə bostan, 2603 hektar sahədə qarğıdalı və 1210 hektar sahədə soya əkilərək yüksək məhsul götürülmüşdür. Rayonun “sarı kəhrəba” ustalarının ölkənin ərzaq təhlükəsizliyinə sanballı töhfələr verməsi xüsusi vurğulanmalıdır. Keçən il təsərrüfatlarda 26.548 hektar sahədə taxıl əkilmiş, 95.827 ton məhsul istehsal olunmuşdur. Rayon üzrə hər hektardan orta hesabla 36,1 sentner məhsul götürülmüşdür. Kraunko MMC-nin dəmyə şəraitində əkdiyi 10.300 hektar sahədə orta məhsuldarlıq 29,5 sentnerə çatmışdır. Kəndlərdə buğda əkilmiş 10.674 hektar sahədən 48.897 ton olmaqla, hər hektardan 45,8 sentner məhsul götürülmüşdür. Bu nəticə respublika üzrə yüksək göstəricilərdən sayılır.
Azərbaycanda idxaldan asılılığın azaldılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, taxılçılığın və pambıqçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə rayonda dövlət fonduna aid 5800 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil etmək üçün iş aparılır.
Rayonda aqrar sektorun dinamik inkişafında “Aqrolizinq” ASC Ağcabədi regional aqroservis filialının da rolu böyükdür. Filial 71 traktor, 69 kombayn, 170 müxtəlif kənd təsərrüfatı maşınları ilə torpaq istifadəçilərinə xidmət göstərir. Keçən il filial 3100 hektarda şum, 3100 hektarda mala, 2500 hektarda səpin aparmış, 8000 hektarda taxıl biçini və 1750 hektarda dərmanlama işlərini həyata keçirmiş, məhsul istehsalçılarına güzəştli şərtlərlə 4068 ton mineral gübrə satmışdır.
İstehsal etdiyi məhsullarla maddi nemətlər bolluğu yaradan Ağcabədi kəndlisi paytaxt sakinlərini də yaddan çıxarmır. Keçən il rayonun sahibkarları və fermerləri tərəfindən Bakı şəhərinin Xətai rayonu ərazisində şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına 437,5 ton müxtəlif məhsullar göndərilmişdir.
Aqrar sektorun dinamik inkişafı, sürətli yüksəlişi ilə paralel rayon mərkəzinin, kəndlərin siması da dəyişib gözəlləşir. Yeni yollar çəkilir, körpülər salınır. Elektrik enerjisinin fasiləsiz verilməsi təmin edilmişdir. Bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. İçməli suya və suvarma suyuna tələbatın ödənilməsindəki problemlər həll olunur.
Digər quruculuq işləri də çoxdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhər 4 saylı uşaq bağçası körpələr evi inşa edilmiş, şəhər 6 saylı uşaq bağçası körpələr evi və Hacıbədəlli kənd uşaq bağçası - körpələr evi əsaslı təmir olunmuşdur. Şəhərin Ü.Hacıbəyov prospektində Bayraq muzeyi yaradılmış, 23000 nəfər əhalinin yaşadığı 17 kəndi birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun Kəhrizli kəndi ərazisindən keçən Qar-qar çayı üzərindəki körpü əsaslı təmir edilmiş, Minəxorlu kəndi ərazisində yeni körpü tikilib istifadəyə verilmiş, şəhərdə hotel kompleksi inşa olunmuşdur. Hazırda 640 şagird yerlik Hacılar kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Hindarx qəsəbəsində şəhidlərin adının əbədiləşdirilməsi üçün xatirə abidə kompleksi yenidən qurulmuş, ərazidə abadlıq işləri görülmüşdür. Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir.
Lazım QULİYEV,
Azərbaycan.- 2017.- 31 mart.- S. 1, 4.