Saatlı rayonunda çoxmənzilli
binaların əsaslı təmiri ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Saatlı rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş, əsas kapitala yönəldilmiş vəsait 23,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 27,4 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Rəsm Qalereyası, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binası inşa edilmiş, rayon Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, Saatlı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 29 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 32 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Saatlıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 50 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart
2017-ci il
Azərbaycan.-
2017.- 31 mart.- S. 2.