İslamiadanın biletləri sürətlə satılır

 

Vətəndaşlarımız möhtəşəm tədbirə böyük maraq göstərir

 

“I Avropa Oyunlarının möhtəşəm açılış mərasimində iştirak etmişdim. Həmin gecə sanki sehirli bir film izlədik. İnanıram ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi də unudulmaz olacaq. Ona görə də bu Oyunların açılış mərasiminə bilet almağa gəlmişəm”. Bakı şəhər sakini Xəlil Qarayevin dedikləri şübhə yoxdur ki, 10 gündən sonra həqiqətə çevriləcək.

 

“Bakı-2017” biletləri - güzəşt və tələblər

 

Artıq “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi günlər və yerlər bəllidir. Oyunlarda iştirak etmək üçün bilet satışlarına mart ayının 19-dan etibarən start verilib. Biletlərin satışı şəhərdə yerləşən 12 şəhər bilet satışı məntəqəsində həyata keçirilir. Bu məntəqələrə “Park Bulvar”, “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, 5 “ASAN Xidmət” Mərkəzi, və Hökumət Evi, eləcə də Azərbaycan kinoteatrı və bəzi marketlərdəki köşklər daxildir. Bu köşklərin hər birində həftənin bütün günü səhər saat 11:00-dan axşam 21:00-a qədər bilet satışı həyata keçirilir.

Biletlərin qiymətinə gəldikdə isə, bütün Oyunlara görə məbləğ 2-5 manat arasında dəyişir. Yalnız Oyunların açılış və bağlanış mərasimlərinin qiymətləri fərqlidir. Açılış mərasiminə bilet alışının qiyməti kateqoriyalara görə 20-200 manat, bağlanış mərasiminə olan biletlərin dəyəri isə 10-100 manat arasındadır. Bununla belə, 16 yaşından aşağı olan uşaqlar 13 yarış sessiyalarına pulsuz girmək hüququna malikdirlər. Bu pulsuz biletləri şəhər bilet satışı məntəqələrindən və yarış obyektlərinin kassalarından doğum haqqında şəhadətnaməni, fiziki qüsurlu şəxslər üçün isə tibbi şəhadətnaməni göstərməklə əldə edə bilərlər. 16 yaşından aşağı olan uşaqlar yarışlara himayəçi şəxslə birgə buraxılacaqlar. Hər böyük yalnız bir uşağı müşayiət edə bilər. Pulsuz bilet üçün lazımi sənəd göstərilmədiyi təqdirdə yarış obyektinə keçmək mümkün olmayacaq. 2 yaşdan aşağı uşaqlar üçün bilet tələb olunmur. Valideyn, yaxud himayəçi şəxs onu qucaqda tutmalı və yarış obyektində başqa yerin tutulmamasına diqqət etməlidir.

Sözügedən məntəqələrdə bilet satışlarının necə təşkil olunduğunu və insanların bu Oyunlara necə maraq göstərdiyini görmək üçün bir neçə bilet satışı köşklərində olduq. Əvvəl onlayn satış barədə məlumat verək. Belə ki, istər yerli, istərsə də əcnəbi vətəndaşlar biletləri internet üzərindən onlayn şəkildə də (www.baku2017.com) əldə edə bilərlər. Bu halda ödəniş tam şəkildə və yalnız kredit kartı vasitəsilə edilməlidir. Bunun üçün azərbaycanlı tamaşaçılar üzrə 16 yaşdan yuxarı olan şəxslər etibarlı şəxsiyyət vəsiqəsi, əlaqə məlumatları, etibarlı kredit kartı (Visa, Visa Electron, MasterCard, Maestro), əcnəbi tamaşaçılar üzrə 16 yaşdan yuxarı olan şəxslər, səfər üçün etibarlı sənədlər, əlaqə məlumatları və etibarlı kredit kartına (Visa, Visa Electron, MasterCard, Maestro) malik olmalıdır. Onlayn alınan bütün biletlər tədbirdən öncə bilet alışının təsdiqi formasını təqdim etməklə götürülməlidir.

 

Açılış mərasiminə və gimnastika oyunlarına maraq böyükdür

 

“28 Mall” Ticarət Mərkəzi izdihamlı yer olduğundan ilk müşahidəmizə elə buradakı bilet satışı məntəqəsindən başladıq. İnsanlar bir-bir, iki-iki köşkə yaxınlaşır, satışı həyata keçirən əməkdaşlara müxtəlif suallar verirdilər. Bir azdan məntəqəyə yaxınlaşdıq. Paytaxt sakini Rauf Əliyev dostları ilə birgə Oyunların açılış mərasiminə bilet almaq istəyirdi. Müəyyən məbləğdə vəsait ödədikdən sonra gülər üzlə biletini aldı. Sonra İslam Həmrəyliyi Oyunları ilə bağlı gözləntilərini bizimlə paylaşdı: “Özüm idman həvəskarıyam, hər dəfə dünya çempionatlarının və olimpiya oyunlarının açılış mərasimlərini televiziya vasitəsilə izləyirəm. Etiraf etməliyəm ki, Bakıda keçirilən I Avropa Oyunları mənim üçün daha təntənəli oldu. Ona görə növbəti dəfə bu fürsəti qaçırmaq istəmirəm. Bilirəm ki, I Avropa Oyunları kimi, İslam Həmrəyliyi Oyunları da çox maraqlı olacaq. Həmin anları canlı şəkildə görməyə dəyər”. Raufun dostu da eyni fikirdə olduğunu dedibu Oyunların ölkəmiz üçün faydalı olacağını, xüsusən də milli mədəniyyətimizin, idman sahəsindəki uğurlarımızın inkişafında rol oynayacağını vurğuladı.

Bilet satışı məntəqəsinin əməkdaşları ilə söhbətimiz zamanı məlum oldu ki, indiyə kimi nə qədər bilet satıldığı bəlli olmasa da, alıcılar və maraq göstərənlər kifayət qədərdir. Xüsusən də gənclər daha çox müraciət edirlər.

 

“Məqsəd İslam ölkələrini birliyə səsləməkdir”

 

Park Bulvarda da Oyunların bilet satışı çox uğurla həyata keçirilir. Bilet almaq üçün köşkə yaxınlaşan şəhər sakini Rəşad Məmmədov İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçiriləcəyinə sevindiyini dedi. Çünki bu Oyunlar daFormula 1” və I Avropa Oyunları kimi tarixi bir hadisədir: “Güman ki, yarışların bir neçəsində iştirak edəcəyəm. Xüsusən güləşlə daha çox maraqlanıram. Ona görə də güləş yarışlarına biletlər almağı düşünürəm”.

Biletlərin daha çox satıldığı məkanlardan biri də “Gənclik Mall” Ticarət Mərkəzidir. Burada əcnəbi vətəndaşlar da tez-tez gözə dəyir. Xüsusilə yerli vətəndaşların Oyunlara olan marağı diqqətimizi çəkdi. Nailə Süleymanova adlı vətəndaş İslam Həmrəyliyi Oyunlarının açılış mərasimini səbirsizliklə gözlədiyini dedi: “Sevindirici haldır ki, artıq ölkəmiz beynəlxalq idman yarışlarına evsahiblyi edir. Bu mənada I Avropa Oyunlarını xüsusi qeyd etmək istəyirəm. Oyunların açılış və bağlanış mərasimləri hələ də yaddaşımızda xoş xatirə kimi canlanır. İndi isə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün İslam ölkələri bir arada cəmləşəcək. Bunun özü Azərbaycanın İslamaİslam ölkələrinə bir töhfəsidir. Şərt təkcə idman oyunlarını yüksək səviyyədə təşkil etmək deyil. Burada əsas bir məqsəd var: bu da İslam dünyasını birliyə, həmrəyliyə səsləməkdir. Bu istiqamətdə ölkəmizə uğurlar arzulayıram”.

Müşahidəmizə, eləcə də köşk əməkdaşlarının dediyinə görə, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı daha çox maraq açılış mərasiminə və gimnastika yarışlarınadır. Görünür, bunun da səbəbi I Avropa Oyunlarından qaynaqlanır. Çünki həmin dövrdə möhtəşəm açılış mərasimi və idmançıların maraqlı gimnastik hərəkətləri hələ də izləyicilərin xatirindədir.

 

Ümumilikdə 500.000 bilet satışı nəzərdə tutulur

 

İslam Həmrəyliyi Oyunlarının biletlərinə rəsmi bilet satışı məntəqələrindən və “Bakı-2017” saytından (onlayn) başqa, digər yerlərdə satışı qadağandır. Bununla bağlı qanun pozuntularına qarşı cəzalar da xeyli dərəcədə sərtdir. Buraya yarış biletlərinin həm saxtalaşdırılması, həm də qiymətinin süni qaldırılması daxildir. Düzdür, “Bakı-2017”nin Əməliyyat Komitəsi biletlərin “qara bazarda satılmasının qarşısını almaq üçün lazımi tədbirlər görür. Amma hər hansı bir spekulyasiyanın olacağı gözləniləndir. Çünki belə hadisələr bütün dünyada qeydə alınır.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları ilə bağlı 170-dən çox yarış sessiyası üçün təxminən 500 min bilet satışı nəzərdə tutulur. Sessiyalara bilet sifarişinin sayında müəyyən məhdudiyyətlər də ola bilər. Belə ki, biletə olan tələb təklif edilmiş bilet sayını üstələyərsə, mümkün qədər çox sayda adamın bilet əldə edə bilməsi və bilet bölgüsünün ədalətli aparılması üçün xüsusi sessiyalara bilet məhdudiyyəti qoyula bilər. Bilet sayına olan məhdudiyyət tədbirin növündən və biletə olan tələbdən asılı olaraq dəyişəcək. Hər bir fərdi hesab sahibi idman sessiyaları üçün maksimum 6, mərasimlər üçün isə 8 bilet (8 bilet açılış və 8 bilet bağlanma mərasimləri üçün) əldə edə bilər. Hər bir halda hər sifarişdə biletlərin ümumi sayı 40-dan çox ola bilməz. Əgər siz 40-dan çox bilet əldə etmək istəyirsinizsə, eyni hesab detallarından istifadə edərək biletləri ayrı sifarişlə əldə edə bilərsiniz.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 2 amy.- S. 1;8.