İntellektual inkişaf strategiyasının müəllifi

 

Hər bir xalqın tarixində silinməz iz buraxmış böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri sanballı töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Bu günlərdə anadan olmasının 94-cü ildönümü təntənə ilə qeyd edilən müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür.

Mütərəqqi dünya gerçəklikləri ilə uzlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndərin Azərbaycana rəhbərliyi dövründə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır.

Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi sayəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmiş, respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, ali təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdı. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən çox gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksəkixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir vermişdir. Böyük strateq Azərbaycanda informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya və digər sahələr üzrə mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir.

Ötən əsrin sonlarında soyuq müharibənin başa çatması zəminində cərəyan edən proseslərin məntiqi nəticəsi olaraq dövlət müstəqilliyini bərpa etmək şansı qazananda Azərbaycan yenə də məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər dolanışıq üçün xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyev 1993-cü il sentyabrın 28-də ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Azərbaycan Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Təsadüfi deyildir ki, AMEA-nın 2015-ci ildə keçirilmiş 70 illik yubileyində dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev bu elm məbədinin qorunub saxlanılmasında ümummilli liderin tarixi xidmətlərini xüsusi xatırlatmışdır: “Ümumiyyətlə, ovaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur. Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir”.

Ümummilli liderin həmin illərdə irəli sürdüyü elm və təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin sürətlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Təhsil hüququ 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur. Ulu öndərin 30 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncamında isə müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların həyata keçirilməsi, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi kimi mühüm vəzifələr önə çəkilmişdir.

Böyük strateq Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Təhsil İslahat Proqramı”nın əsas mahiyyətini isə təhsil sistemində islahatların təkamül yolu ilə, mərhələlərlə aparılması, tarixən formalaşmış zəngin, mütərəqqi ənənələrin, təcrübənin qorunub saxlanılması, dünya təhsil sisteminin Azərbaycanın milli xüsusiyyətlərilə çuğlaşan prinsiplərinin tətbiqi məsələləri təşkil etmişdir.

Həmin dövrdən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşmiş, 1997-ci ilin 31 yanvarında ulu öndərin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq Elmlər Akademiyasının inkişafının yeni mərhələsi başlanmışdır. Heydər Əliyev Azərbaycan elmi qarşısında duran əsaslı problemlərə toxunmaqla onların aktuallığını əsaslandırmış, alimlərə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.

Ulu öndərin elmi-intellektual potensialın gücləndirilməsi sahəsində siyasətini inamla davam etdirən dövlət başçısı İlham Əliyev bu sahədə ardıcıl islahatlar həyata keçirir. Həyata keçirilən dövlət proqramları çərçivəsində regionlarda ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmiş, bu sahənin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Son 14 ildə ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı reallaşdırılmış, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədilə dövlət proqramları qəbul edilmişdir.

Son 14 ildə şəhər və rayonlarda 3000-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır. Təhsil və elm müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi prosesi də əhəmiyyətli dərəcədə genişlənmişdir. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” respublikada keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Son illər hər bir ölkənin uğurlu inkişafı ilk növbədə elmin, təhsilin, o cümlədən ali təhsilin inkişaf səviyyəsi ilə şərtlənir. Bu baxımdan Azərbaycanda gerçəkləşdirilən milli layihələr insana, onun həyatının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş sərmayələrdir. Dövlət inkişafın elə istiqamətlərini dəstəkləyir ki, onlar qabaqcıl texnologiyalardan istifadə və bu texnologiyaların sənayedə tətbiqi ilə bağlıdır.

Təhsillə yanaşı, ötən illərdə elmin də böyük inkişaf yolu keçdiyini əminliklə söyləmək mümkündür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanı əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu il tarixli “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, habelə 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 11 iyun 2011-ci il tarixli “2011-2013-cü illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncamlar qarşıdakı illərdə humanitar elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.

2016-cı ildə dövlət başçısı tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar mahiyyətcə iqtisadiyyatın elmi-innovativ əsaslarla inkişafını stimullaşdırır. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə bir sıra sahələrlə yanaşı, elmin, insan kapitalının inkişafı ilə bağlı qarşıda duran vəzifələr göstərilir.

2016-cı ilin yaddaqalan hadisələrindən biri də Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2016-cı il tarixli sərəncamı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbuludur. Ölkədə elmin inkişafının hüquqi əsaslarını müəyyən edən bu qanun elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi elm və təhsil strategiyasının uğurla reallaşdırılmasında böyük strateqin ideyalarını yaşadan Heydər Əliyev Fondunun da xidmətlərini xüsusi vurğulamaq lazımdır. Fonda uğurla rəhbərlik edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ötən illərdə regionlarımızda yüzlərlə yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Fond bu xeyirxah ənənəni ölkə hüdudlarından kənarda da davam etdirərək Pakistan, Rusiya və Gürcüstanda müasir tipli yeni məktəblərin inşasını üzərinə götürmüşdür.

Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binası, Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovsk şəhərində, habelə Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır

Fond təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən “Təhsil hamı üçün” proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkəmizdəki sistem xarakterli genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar kimi elm və təhsil ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur. Tamamilə əminik ki, Azərbaycanın Birinci vitse-prezidentinin faydalı təşəbbüsləri və əzmkar fəaliyyəti təhsil və elm sahələrində islahatların daha da sürətlənməsini təmin edəcəkdir.

Ümummilli lider Heydər Əliyev hər zaman deyirdi ki, elm, təhsil, bilik müasirlik, savad və gələcəyə açılmış qapılar deməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. Elmi əsaslara söykənən iqtisadi islahatların uğurlu nəticələri isə getdikcə hər bir vətəndaşın maddi rifah halında özünü daha qabarıq göstərir.

 

Həsən BAYRAMOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2017.- 2 may.- S. 5.