Mərhəmət və
sülh marafonu
Leyla Əliyevanın
təşəbbüsü ilə keçirilən və 13 mindən artıq insanın iştirak etdiyi “Bakı Marafonu-2017” İslamiada
ərəfəsində möhtəşəm
idman tədbiri oldu
Azərbaycanın dünyada
təbliği və zəngin dəyərlərimizin
tanıdılması baxımından
Heydər Əliyev Fondunun xüsusi rolu var. Fond respublikamızın
beynəlxalq nüfuzunun
artırılması ilə
bağlı tədbirlərin
həyata keçirilməsini,
ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasını, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekoloji sahələrə
aid proqram və layihələrin hazırlanıb
gerçəkləşməsini qarşıya məqsəd
qoyub.
Belə layihələrdən
biri də fondun təşəbbüsü
ilə bu il növbəti
dəfə təşkil
edilən marafon yarışıdır. İdmanın inkişafına dəstək
göstərmək, sağlam
həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya
gətirmək məqsədi
daşıyan belə
tədbir artıq ikinci ildir ölkəmizdə
təşkil olunur.
Budəfəki yarışda iştirak
üçün ümumilikdə
13 mindən çox şəxs qeydiyyatdan keçmişdi.
Məlumat üçün qeyd edək ki, marafon
qaçışı idman
yarışlarının kütləvi
növlərindən biridir. Bu yarış növü
1896-cı ildən olimpiya
oyunlarında kişilər,
1984-cü ildən etibarən
isə qadınlar arasında yüngül atletika proqramına daxil edilib. Bu qaçışın təşkil edilməsi ideyasını ilk dəfə
1896-cı ildə fransız
filoloq Mişel Breal irəli sürüb. Təşəbbüsü müasir olimpiya oyunlarının əsasını
qoyan Pyer de Kuberten və digər yunan təşkilatçılar da
dəstəkləyiblər. İlk marafon qaçışında
məsafəni 3 saat
18 dəqiqəyə qət
edən Harilaos Vasilakos qalib olub. Marafon qaçışını idman azarkeşləri çox sevirlər. Ona görə də yüngül atletika üzrə yarışlar
məhz marafon qaçışının keçirilməsi
ilə bitir.
Bu gün dünyanın hər yerində keçirilən
məşhur marafon yarışları müxtəlif
yaş kateqoriyalarından
olan insanları start xəttinə toplayır.
Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil
olunub. Tam marafon
yarışının məsafəsi
42 kilometr, yarımarafonun
məsafəsi isə
21 kilometrdir. Marafon yarışları
idman tədbiri olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.
Paytaxtımızda ilk marafon yarışı ötən
il mayın 1-də təşkil edilib. Yarışın başlandığını bildirən atəşi olimpiya çempionu, stend atıcılığı
üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb.
Yarımarafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.
Aprelin 30-da isə sayca ikinci dəfə “Küləyə qalib gəl” şüarı altında növbəti “Bakı Marafonu-2017” təşkil
edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri yarımarafon Dövlət Bayrağı
meydanından start götürüb
və Bakı Olimpiya Stadionunda başa çatıb. Marafonun məsafəsi 21 kilometr təşkil edib.
Dövlət rəsmiləri, ictimai-siyasi
xadimlər, tanınmış
mədəniyyət və
incəsənət adamlarının,
idmançılar, ictimaiyyət
nümayəndələri və
tələbələrin də
qoşulduğu marafondan
toplanan vəsait valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəyə yönəldiləcək.
Marafonda Azərbaycan vətəndaşları
ilə yanaşı,
1000-dən çox xarici
vətəndaş da iştirak edib. Eləcə
də İsveçrə,
Hindistan, Çex Respublikası, Meksika, Braziliya, Birləşmiş
Ərəb Əmirlikləri,
Ukrayna və Malayziyanın Azərbaycandakı
səfirləri, Koreya,
İraq, Belarus, Özbəkistan,
Qazaxıstan, Tacikistan
və Türkmənistanın
ölkəmizdəki səfirliklərinin,
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin,
Böyük Britaniyanın
Azərbaycana Birgə
Yardım (UAFA) təşkilatının
və “BP Azərbaycan”
şirkətinin təmsilçiləri
yarışa qoşulub.
Marafonda həmçinin ABŞ, Böyük
Britaniya, Almaniya, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları
da iştirak ediblər.
Yarış Dənizkənarı Milli
Park, Yusif Səfərov
küçəsi, daha
sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək
Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marşrut boyu
hər iki kilometrdən bir yaradılmış yardım
məntəqələri marafonçuları
su, sanitar qovşağı və ilkin tibbi yardımla
təmin edib.
Marafonu davam etdirə bilməyənlər, iştirakçıları
dəstəkləməyə gələnlər və digərləri finiş xəttinə xüsusi avtobuslarla çatdırılıblar. Marşrut boyu
ümumilikdə dörd
avtobus dayanacağı
fəaliyyət göstərib.
Yekunda kişilər arasında Türkiyə vətəndaşları
Veysi Aslan 1-ci, Üzeyir Söyləməz
2-ci, rusiyalı Vladislav
Demyanov isə 3-cü
yerə layiq görülüblər. Qadınlar arasında
isə finişə Türkiyə vətəndaşı
Yayla Kılıc birinci, ukraynalı Valentina Poltovska ikinci və iranlı Parisa Arab üçüncü çatıb.
Sonda Bakı Olimpiya Stadionunda “Bakı
Marafonu-2017”nin qaliblərinin mükafatlandırılması mərasimi
olub.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.- 2 may.- S. 7.