Gücümüz həmrəylikdədir
Azərbaycan İslam
dünyasının ən möhtəşəm idman tədbirinə hazırdır
Dünən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Gücümüz həmrəylikdədir” mövzusunda konfrans təşkil olunub. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.
Qeyd edib ki, İlk Avropa Oyunlarından sonra daha bir mötəbər yarışın - sayca 4-cü İslamiadanın Bakıda keçirilməsi ölkəmiz üçün mühüm hadisədir. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. İnanırıq ki, yığmamız “Bakı-2017”də uğurla çıxış edərək Azərbaycanın idman tarixinə növbəti qələbəsini yazacaq.
Konfransda nitq söyləyən gənclər və idman naziri Azad Rəhimov isə “İslam həmrəyliyi ili” elan olunduğu Azərbaycanda IV İslamiadanın keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Deyib ki, regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə də uğurla evsahibliyi edəcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə verilən yüksək qiymətdir.
Arenaların mötəbər turnirə tam hazır olduğunu bildirən nazir deyib ki, 57 ölkədən 3 mindən çox atlet idmanın 20 növü üzrə qalib adı uğrunda mübarizə aparacaq ki, bu da İslamiada tarixində yeni bir rekorddur. Oyunların təşkilində birlik, sülh, hörmət və mükəmməllik 4 əsas dəyər olaraq qəbul edilir. Artıq mayın 1-dən idmançıların və nümayəndə heyətlərinin Atletlər Kəndində yerləşdirilməsinə başlanılıb. İnanıram ki, İslam Həmrəyliyi Oyunlarını da digər yarışlar kimi ən yüksək səviyyədə keçirməklə etimadı doğruldacağıq. 1000-ə yaxın rəsmi qonaq gələcək. Oyunlar üçün 500 mindən artıq bilet satışa verilib. Bütün işlər plan üzrə gedir.
İslam Həmrəyliyi İdman Federasiyasının və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə “İslam Həmrəyliyi Oyunları: mədəniyyət və inkişaf üçün körpü” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin diqqəti çəkən mühüm özəllikləri var. Bunlardan biri ondan ibarətdir ki, Azərbaycan həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən dünyanın yeganə ölkəsidir. Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında və eyni zamanda müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. İslam Həmrəyliyi İdman Federasiyasının məqsədi yalnız idman yarışlarını keçirmək deyil, bunun vasitəsilə həm də İslam mədəniyyətini yenidən dirçəltməkdir.
Daha sonra çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və başqaları bildiriblər ki, ölkəmizdə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirir. Bu, bir daha Azərbaycanın öz dəyərlərinə sadiq ölkə olduğunu göstərir. Beynəlxalq idman tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi İslam ölkələri arasında əlaqələrin yeni müstəvidə qurulmasına töhfə verəcək, böyük idman bayramı olacaq.
E.CƏFƏROV,
Azərbaycan.- 2017.- 2 may.- S. 9.